Paltarlarını soyunub ağaca çıxanlar – Zamin Hacı yazır...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

6 yanvar 2022
# 09:00

Kulis.az Zamin Hacının “Əlibasdır epoxası” adlı yazısını təqdim edir.

Bəlkə, 10-15 ilin söhbətidir, ancaq heç yadımdan çıxmır: “Elmlər Akademiyası” metrosu tərəflərdə küçədən keçirdim, birdən gözümə qəribə yazı sataşdı. Mağazanın önündə malları düzmüşdülər və orada boz karton kağızın üzərinə əyri-üyrü hərflərlə “əlibasdır” yazılmışdı. Ani olaraq yerimdə donub qaldım. Bunun nə demək olduğunu, hansı məna verdiyini başa düşmürdüm. Fantaziya qurdu beynimdə sürətlə qıvrılırdı: “Bəlkə, hansısa dini məhsuldur? Əli adıyla başladığı üçün. Ya da Əli Kərimlini siyasi cəhətdən basdırmağa dəvətdir. Kimdir axı bu Əli, nə günahın yiyəsidir?”. Sonra mallara baxdım, dükanın tikinti istiqamətli olduğunu görəndə, necə deyərlər, aydınlanma yaşadım. Satıcı orada alebastr adlanan, gipsə oxşar mineral tikinti materialı satırmış!

Təzəlikcə bir jurnalist həmkarım redaksiyada başına gələnləri danışanda o dükanı xatırladım. Orada texniki heyətdə çalışan əməkdaş “canlı yayım” ifadəsini “callı yanım” kimi yazırmış. Öncə bunun texniki yanlış olduğunu fikirləşiblər, lakin təkrar-təkrar rastlaşanda şübhələniblər. Əməkdaşdan səbəbini soruşublar, cavab belədir, ləzzət aparın: “Bəs necə yazılmalıdır ki?”.

Bəli, biz sözlərin yanlış yazıldığı, ancaq düz başa düşüldüyü qəribə texnogen epoxaya girməkdəyik. Sosial şəbəkələrdə, mesencerlərdə sözləri düzgün yazan adama rast gələndə sevinirik. Hətta bəziləri var, t9 proqramıyla mübahisəyə girişir: “Mən hər dəfə kəççim yazıram, bu düzəldib kəndçim eləyir. Telefonun başı xarab olub”. Anekdot deyil, inanmırsınızsa telefon ustalarından soruşun. Onlara telefonun əlifbasını düzəltmək üçün belə müraciətlər edənlər var.

İnsafən, bu tək bizim milli problem deyil. Bütün dünyada sözləri düz yazmağı yadırğayan nəsil yetişməkdədir. Tik-tok gəncliyi üçün bütün informasiyalar, lazım olan bilgilər 15 saniyəlik videolardan ibarətdir. “Vatsap”da səs yazısı yayılan hansısa avara dünyaca ünlü informasiya agentliyinin yazılı bülletenindən daha artıq nüfuz qazanmaqdadır.

İnsanın indiki mədəniyyət, kültür, sivilizasiya, tərəqqi səviyyəsinə çatmağında yazının rolu əvəzedilməzdir. Bilikləri nəsildən nəslə ötürmək üçün yazı vacib idi. Şifahi olaraq bilik ötürmək riskli, çətin, səmərəsizdir. İndi biz yazını, əlifbanı unutmağa doğru gedirik. Ondan sonra paltarı soyunub ağaca çıxmaq elə də çətin olmayacaqdır, hərçənd, bunu hazırda yaşayanlar vardır.

Təbii şəklimizə qayıdırıq, pis deyil. İnsan yazı ilə GMO məhsula çevrilmişdi, zayı çıxmışdı, kökünü unutmuşdu. Bəyəm biz anadan olanda əlimizdə qələm-dəftər vardı? Yox idi. Özü də fikir versəniz, alebastrı əlibasdır yazanlar çağdaş dünyamızda daha xoşbəxt, qayğısızdır. Onlar Yeni ilin gəlişinə də cibi boş intellektuallardan çox sevinir, göyə fişəng atırlar. Həmin fişəngləri əldə etmək üçün yarmarkalarda gizli dükanlara baş vurur, həyatlarını riskə atır, polislə savaşırlar.

Dünya xalqlarının, demək olar, hamısının dilində bir hecalı sözlər var. Filoloqlar, antropoloqların fikrincə, bu sözlər ən ilkin sözlərdir. İnsan danışmağa başlayanda məhz bu sözlərdən başlayıb. Su, od, Ay, Gün, mən, sən, o, ət, əl, göz, üz, ad... Özünüz də diqqət eləsəniz, bunlar ən zəruri sözlərdir. Bunlara ad qoymadan nitqə başlamaq olmazdı. Hər halda, ilk insanın danışmağa “konstruktiv müxalifət” və ya “elektrikləşdirmə” kimi sözlərlə başlayacağını zənn etmək çətindir. Yəqin biz də yavaş-yavaş uzun sözləri unudacağıq. “Ok”, “tşk”, “ha-ha” kimi sözlər, smayliklər qalacaq. Hələ 100 il qabaq İlf və Petrov “12 stul” əsərində Adamyeyən Elloçka personajını yaratmışdılar. Elloçkanın leksikonu, söz ehtiyatı cəmi 30 sözdən ibarətdir. Bu 30 sözlə Elloçka bütün həyatını yola verə bilir, ev-eşikdə, dükan-bazarda ünsiyyət yaradırdı. Onun “adamyeyən” ləqəbi isə Mumbo-yumbo vəhşi qəbiləsinin 300 sözlük lüğətindən on dəfə az sözlə keçinmək bacarığına görə qazanılmışdır. Məsələn, Elloçkanın lüğətindən bəzi sözlər: “ulya” – əzizləmə formasında hər kəsə aid olaraq; “oho” – təəccüb, ironiya, nifrət, razılıq, sevinc və sairə mənasında; “ho-ho” – vəziyyətdən asılı olaraq sevinc və razılıq da bildirir, nifrət və narazılıq da. Elloçka ərinin hesabına yaşayır, ancaq pal-paltar almaq, bazarlıq etmək (istehlak xəstəliyi) haqda düşünür, dar dünyagörüşlü, meşşan təbiətli, gözəl görünüşlü, eyni zamanda bir növ sarsaq qadındır. O indi yaşasaydı, böyük ehtimalla instaqram fenomenlərindən olardı. Milyonlarla izlənmə, reklamlar-zad da öz yerində...

Yazını çağdaş rus şairi Moşe Şanin-in “Qadağan” şeiriylə bitirirəm (tərcümə mənimdir):

Qadağan

Öncə Ğ hərfi qadağan edildi
Sonra İ hərfi qadaan edildi
Sonra L hərf qadaan edld
Sonra Q hərf qadaan edd
Sonra H hərf adaan edd
Sonra F ərf adaan edd
Sonra D ər adaan edd
Sonra A ər aaan e
Sonr R ə n e
Son N ə ne
So Ə e
S O e
S e
Ssss!
-

# 2813 dəfə oxunub

Oxşar xəbərlər

"Kəpənəyin dili ilə”  kitabının təqdimat mərasimi keçirildi

"Kəpənəyin dili ilə” kitabının təqdimat mərasimi keçirildi

19:12 24 noyabr 2025
30 il tamada işləyən Xalq artisti - Əjdər Həmidov niyə iki dəfə intihara cəhd etmişdi?

30 il tamada işləyən Xalq artisti - Əjdər Həmidov niyə iki dəfə intihara cəhd etmişdi?

18:26 24 noyabr 2025
Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub

Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub

18:03 24 noyabr 2025
O, erməni müğənnini qucaqlamaya da bilərdi, amma... - Biz əfəndi olaq!

O, erməni müğənnini qucaqlamaya da bilərdi, amma... - Biz əfəndi olaq!

17:02 24 noyabr 2025
Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq

Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq

16:20 24 noyabr 2025
Meksika mədəniyyətinin  siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

15:48 24 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər