O romanlar kimə lazımdır ki? - Rəvan Cavid yazır

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

11 may 2022
# 15:00

Kulis.az Rəvan Cavidin "Pepsi-Kola estetikası" yazısını təqdim edir.

İmtina. İmtina etmək... İnsan olmaq yaradıcılığınızın təməl probleminə çevriləndə siz ondan (insan olmaqdan) qurtulmaq, ya da yeni insan olmaq (postinsan kimi yox) ehtirasını sinənizə çəkdiyiniz ağır payız havasıyla bərabər, yazı olaraq barmaqlarınızın ucundan çıxarmaq istəyirsiniz. Sonsuz düz xətləri andıran həyatınızı "mətn" adlanan yerdən - nöqtədən qırırsınız. Beləliklə, o nöqtədən geridə qalanlardan qurtulmuş olursunuz, o nöqtədən sonra gələnlərdən imtina etmiş sayılırsınız. İstəmirsiniz. Sizi gözləyəcəklərin sizi xoşbəxt edəcəyi yəqininə inanmaq zamanı aldatmaqdan başqa bir şeyə çevrilməyəndə siz qırdığınız nöqtədən yeni bir xətt çəkir və həyatınızı oradan davam etdirirsiniz. Başqalarına qeyri-müəyyən, sizə müəyyən olan bir dünya absurd dünyadır. Siz o dünyanın içərisindən istənilən qədər sizi xoşbəxt edəcək mətnlər, ya da hadisələr çıxarırsınız. Çünki orada heç nə məntiqə hesablanmayıb. Siz bütün fiqurların yerini dəyişsəniz belə, orada çox gözəl bir incəsənət nümunəsi yaranacaq. Absurd incəsənət. Absurd ədəbiyyat. Absurd kino. Sizin istədiklərinizin baş verdiyi səhnələr.

Bəs imtina ilə absurd arasındakı hansı yaxınlıq var?!

Məsələ, sizin özünüzü absurd dediyimiz həqiqətin içərisinə atarkən bütünlükdə həqiqi olan hər şeydən qopmağınızdır. Sizin olan hər şeyi burada qoyursunuz. Onlar sizə absurdun içərisində lazım olmayacaq. Daha doğrusu, onların dəyəri sıfırlanacaq.

İşinizdən, ailənizdən, çevrənizdən, zamandan, məkandan imtina edib özünüzü yazı masasına bağlayır və sırayla düzülən bütün xatirələri sorğu-suala çəkirsiniz. Heç nə qazanmadan. Sizin qazandıqlarınız axı sizi xoşbəxt etməyə də bilər. Necə ki, Martin İden xoşbəxt ola bilmədi.

İnsan daim ziddiyyət içində yaşayan varlıqdır. Dünyada heç bir canlı bu qədər çox düşünmür. Zəkanın məhz insana verilməsi, onun şüurlu yaradılması milyard illər sonra ağır bir yükə çevriləcəkdi. Ağ qoç, yoxsa qara qoç? İşıq gələn tərəf, yoxsa qaranlıq, it hürən? Yaşanan bütün hadisələrin sonu iki seçimdə bitir; ya xoşbəxt olacaqdılar, ya da bədbəxt. Məsələ bu ziddiyyətlərin doğurduğu tərəddüd hissidir. Seçim edərkən keçirdiyimiz o mübhəm həyəcan. Bütün mövcudiyyətimizdən qopub ya keçmişə, ya gələcəyə özümüzü atmağımız. Düşünürük, daha əvvəl necə olmuşdu, ya sonra nə olacaq? Müasir insanın xarakteristikalarını saysaq, öz ulularından nə ilə fərqləndiyinə baxsaq, şübhəsiz, getdikcə lakonikləşən, hisslərdən arınmaqda olan və texnikanın hakim olduğu dünyada onun gün boyu keçirdiyi tərəddüd hissini ilk sırada qeyd edəcəyik. İçimizdə yaşadığımız, özümüzlə daim mübahisədə olan hisslər qarmaşasında nəyi seçsək, peşman olacağıq. Bu peşmanlığı çəkməmək üçün nələrdən imtina etmədik?

Absurdizm yaradıcının ənənəvi sənət müstəvisindən imtinası ilə yarandı. Absurd həqiqətin məlum olan versiyası deyil, düşünülmüş şəkildəyişməsidir.

İkinci Dünya müharibəsilə hər şey dəyişdi. Dəyişdi və ədəbiyyata çevrildi. Adamlar on-on beş il əvvəl hesabladıqları xoşbəxtliyi alman qırıcılarının səsində itirdilər. Dünyanın o başından bu başına bombalar atıldı. Cəbhələr Yer kürəsinin mərkəzi oldu. Müharibə bitəndə yazmaq üçün sadəcə tüstülər, dəmir parçaları, bayraqlar, yanmış simalar qalmışdı. Hər şeyi olduğu kimi yazmaq bir az da kədərli ola bilərdi. Dünyanın ümidsizliyə qapıldığı bir vaxtda bunu etmək cinayət idi. Ondansa heç olmamış, heç olmayacaq nələrsə qələmə alınmalı idi. Detallar seçilməli idi. Onlarda ilişib qalmalı idi kitab oxuyanlar. Ayağının birini cəbhədə itirən əsgər divanda kitab oxuyanda tapmalıydı onu. Ya da elə hiss etməliydi ki, adamlar uça bilir. Oğlu şizofren olan ana belə bir xəstəliyin Tanrı vergisi olduğuna özünü inandırmalıydı. Kasıblar pulu lazım olan qədər saymalı idilər. Varlılar kasıblar olan dünyanın mövcudluğuna inanmamalıydılar. Absurd olardı, deyilmi? Elə də oldu. Ədəbiyyatın və kinonun absurd həyatı buradan başladı.

Reallıqlar insanlar üçün öz dəyərini çoxdan itirmişdi. Ötən əsrin 60-cı illərində "Post-truth" düşüncəsi də absurd cərəyanın inkişafına təsir etdi.

Qərb mədəniyyəti uzun sürən klassik realizm, intibah dövrü və ondan sonrakı bütün dövrlər üçün xəyali və ümidli seçim olaraq qalacaq romantizmin cəngində olanda avropalılar yeni məhsullar istehsal və istehlak etməklə məşğul idi. Hər saniyə nə isə istəyirdilər. Yeni qablaşdırmada, yeni dadda, yeni qoxuda, yeni rəngdə. İstər varlı təbəqə, istər orta, istərsə də yoxsul təbəqənin seçim imkanları genişləndikcə özünü daha önəmli, daha sıradan olmayan hiss edirdi. Amma xammal eyni idi və bu, istehsalçıları tədirgin edirdi. "Qazlı su" adında milyonlarla şüşə buraxılırdı. Alıcılar bu şüşələri sadəcə rənglərinə və formalarına görə fərqləndirir, bu da bazarın mühüm amillərindən biri olan rəqabət mühitini "öldürürdü". Bəzi şüşələr, ümumiyyətlə, satılmır, bəziləri isə uğurlu satış nəticəsi göstərirdi. Məsələn, sənət müstəvisində musiqi misalı ilə bunu aydın görə bilərik. Yüzlərlə dahi bəstəkar, onların yaratdığı ecazkar (burda şişirtmə də var) musiqilər, simfoniyalar və sairlər nə qədər mükəmməl səslənsə də, həmin zamanlara xas olan zadəgan məclislərini yormağa başlayırdı. İnsanlar rəqs etmək istəyirdi. Yeni, modern və daha həyəcanlı nümunələr yaratmaq lazım gəldi. Bu halı aradan qaldırmaq və daha uğurlu istehsal və istehlak prosesini yaratmaq üçün "adlar" kəşf olundu. Brendlər, markalar, reklamlar, reklam mətnləri və simvolları yarandı. İndi rəflərdə təkcə "Coca-Cola" yox, "Pepsi" də var idi. Və ya təkcə Parisin işıqlı gecələrini təmsil edən simfoniyalar yox idi, həm də küçələrdə minlərlə insanı bir araya gətirən rok albomları satılırdı. Bu dövrdən, yəni markaların məşhurlaşdığı dövrdən əvvəl nə oldusa, hamısının önünə klassik sifəti əlavə olundu. Uzaqlaşdığımız dövr, əslində, bir o qədər də keçmişdə qalmayıb.

Absurd mətnlər də ədəbiyyatı çeşidləndirdi. Çeşidlənmiş ədəbiyyat isə yeni "bazarı" yaratdı. Bu günün müəllifləri "öz piştaxtalarında" yeni dövrün düşüncəsini formalaşdırırlar. Və bu düşüncə nə modern, nə postmodern, nə də metamodern düşüncə pilləsində qərar tutub. Absurd ədəbiyyat və yaranan cərəyanlar yeni estetik mərhələnin başlanğıcı olacaq.

# 313 dəfə oxunub

Oxşar xəbərlər

# # #