Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı

19 noyabr 2021
# 09:00

Kulis.az “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı ilə müsahibəni təqdim edir.

– “Ədəbi proses” məfhumu altında nə başa düşürsünüz?

– Ədəbi əsərlərin yaradılması, ədəbi ictimaiyyətə təqdim edilməsi, onların yaxşı və ya mənfi mənada reaksiya doğurması, müzakirələrə səbəb olması – proses əsl anlamında budur. Əlbəttə, “ədəbi gündəm” anlayışı da var ki, onu bizdə süni şəkildə yaratmağa çalışanlar daha çoxdur. Hərçənd mən bunun da əleyhinə deyiləm. Çünki ədəbiyyat naminə və ədəbiyyat üçün göstərilən istənilən çaba dəstəklənməlidir. Sadəcə, bizdə ya zəif əsərlərin ətrafında yazıçının dostları, tanışları tərəfindən ajiotaj yaradılır, ya da statuslu yazıçıların əsərləri ətrafında hay-küy qaldırılır. Halbuki məqsəd başqa olmalıdır. Nəyi gündəmə çevirməyə çalışırsınızsa, çalışın, süni şəkildə hansı əsərin ətrafında ajiotaj yaratmaq istəyirsinizsə, istəyin, ədəbi prosesin mərkəzində yenə də yaradılan, təqdim olunan və oxunan – təbii ki, o da əgər oxunursa – əsər durur. Oxu prosesini tənzimləmək isə çox çətin məsələdir. Əgər ortada, həqiqətən də, dəyərli bir mətn yoxdursa, əldə qalan yenə də böyük bir sıfır olacaq. Mən 90-cı illərin sonlarından etibarən ədəbi prosesi böyük həvəslə izləmişəm, hətta ən aktiv üzvlərindən biri olmuşam. Müzakirələr, polemikalar, fikir ayrılıqları, ədəbi çəkişmələr, yeni yaranan ədəbi qruplar, manifestlər və s. Bunların hamısı haqqında yazırdım, müzakirələr təşkil edirdim, müsahibələr alırdım, tənqidi maqələlər də öz yerində... Maraqlı, ziddiyyətli proses idi AYO-çular. Amma bu gündən baxdıqda müzakirələrin də, mübahisələrin də fonunda yenə də əsərin qaldığını görürəm. O da ya var, ya da yox. Söhbət budur. Və elə düşünməyin ki, mən təkcə bədii mətndən danışıram. Eyni fikir tənqidi mətnə də aiddir. Müsahibəyə də aiddir, müzakirəyə də... Bu, zəncirvari bir reaksiya kimidir. Bir-birini yaradır, bir-birini tənzimləyir və bir-birini tamamlayır. Və təbii ki, ədəbi orqanlar, qəzetlər, saytlar, tənqidçilər, jurnalistlər bu prosesin tənzimlənməsində, hərəkətə gətirilməsində, inkişafında əhəmiyyətli rol oynayıblar və oynayırlar. Məsələn, “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”nin, “Kult.az”ın bu istiqamətdə gördüyü işlər danılmazdır. Əsas odur ki, bunun üçün edilən cəhdlər var.

– Azərbaycanda hazırda ədəbi prosesin öldüyünü deyənlər var, bu tezislə razısınızmı? Razı deyilsizsə, fikirlərinizi necə əsaslandırardınız?

– Ədəbi proses ədəbiyyat var olduqca nəfəs alan bir orqanizmdir. Ona “öldü” deməklə ölməz, “susub” deməklə susmaz. Sadəcə, prosesin canlandıran, silkələyən əsərlərin yaranması zaman ala bilər. Yaradılan əsərlər elə bir effekt gücünə malik olmaya bilər. Bu da istər-istəməz kənardan süstlük ab-havası təsir bağışlayır. Və sizi inandırıram ki, bu “öldü” söhbəti elə haqqında danışdığım 90-cı illərdə də var idi. Mən ədəbi tənqidə gəldiyim ilk illərdən “tənqid yoxdur” deyib hay-küy salırdılar. Əlbəttə, bunun səbəblərindən biri də “şapalaq effekti”ilə tənqidi oyatmaq idi. Bu da vardı. Hətta “o tənqidçidir”, “bu publisistdir, tənqidçi deyil” söhbətləri də gedirdi. Nə qədər tənqidçi vardı ki, prosesdən bu mənasız söhbətlərə görə uzaqlaşdı. Bütün bunlar adi haldır. Olmalıdır.

Tənqid nədir? Sergey Çuprinin “Tənqid – tənqidçilərdir” adlı bir kitabı var. Fikrin özü dəqiq fikirdir. Bəli. Tənqid, həqiqətən də, tənqidçilər deməkdir. Azərbaycan ədəbiyyatında sayı hər zaman az olan, amma böyük ədəbi yük daşıyan, hamının özünə borclu bildiyi tənqidçilər... Bu gün də varlar, yazırlar, tənqid edirlər. Bunun özü elə tənqidin ölümü haqqında fərziyyələri puça endirmirmi? Sadəcə, hər zaman olduğu kimi, prosesdən uzaqlaşanlar var, prosesə yeni qoşulanlar var, davam gətirənlər var, gətirməyənlər var, başqa sahəyə – xüsusilə də ədəbiyyat tarixi və ədəbiyyatşünaslığa adlayanlar var... Bu da təbiidir. Çünki tənqid ağır sahədir. Onun davamlı işlək sahə olması daha böyük çətinlik yaradır. Daim oxumalısan, izləməlisən və yazmalısan. Bunu etmək çox çətindir. Hətta məsələn, bəyənmədiyin bir əsəri oxuduğunuzu təsəvvür edin. Özünü məcbur edirsən – çünki ən azından, o əsərdən xəbərin olmalıdır. Bu heç də asan məsələ deyil. Ümumiyyətlə, zövq almaq üçün deyil, yazmaq üçün, söz demək üçün mütaliə ağır prosesdir.

– Bu gün ədəbi söhbətlərdə, yazılarda tez-tez "dünya səviyyəli əsər" ifadəsinə rast gəlirik. Sizinçün bu cür əsərlərin kriteriləri nədir? Sizcə, son 20 ya 10 ildə azərbaycanlı yazıçı və şairlər “dünya səviyyəli” əsərlər yaza biliblərmi?

– “Dünya səviyyəli əsər” anlayışı son zamanlar rast gəlinən bir anlayış deyil ki. Hər zaman olub və hər zaman da olacaq. Kriteriyası da yüksək bədiilik, sənətkarlıq, orijinallıq, özünəməxsusluq, bənzərsizlikdir. Azərbaycan ədəbiyyatında hər zaman belə əsərlər yazılıb və yazılacaq da. İsa Hüseynovun “İdeal”, Yusif Səmədoğlunun “Qətl günü”, Aydın Talıbzadənin “Əbuhüüb”, Elçinin “Ölüm hökmü”, “Baş”, Anarın “Gözmuncuğu”, “Ağ qoç, qara qoç”, Kamal Abdulla “Yarımçıq Əlyazma”, Şərif Ağayarın, Zahid Sarıtorpağın bir çox romanları... Bunlar tam bir rahatlıqla dünya səviyyəli əsərlər adlandırmaq olar. Hələ mən Seyid Hüseynin hekayələrini, Elçinin, Əlabbasın, Fəxri Uğurlunun, Orxan Fikrətoğlunun... hekayələrini, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Musa Yaqubun, Məmməd İsmayılın şeirlərini, güclü poeziyamızı demirəm. Afaq Məsudun hekayələrini demirəm. Bunlar orijinal, özünəməxsusluğu olan mətnlərdir. Amma sizi inandırıram ki, bədii, estetik cəhətdən güclü əsərin yazılması hələ məsələnin bir tərəfidir. Onun yaxşı tərcüməçisi və təqdimatçısı da olmalıdır. Yalnız bu zaman əsər dünya səviyyəli əsər olmaq şansı əldə edir.

Bəli, Azərbaycanda dünya səviyyəli əsərlər hər zaman yaradılıbdır. Sadəcə, onun sahibi olan qüvvələr yoxdur. Onu yüksək səviyyədə tərcümə və təqdim etməyi bacaran nəşriyyatlar, qurumlar, buna zaman və maliyyə sərf etmək istəyənlər yoxdur. Bu həm biznes deməkdir, həm də təəssübkeşlik hissi tələb edən bir fəaliyyətdir. Amma bizdə də kərəm əhlində zər yoxdur, zər əhlində də kərəm. Məncə, bu dövlət nəzarəti və məqsədyönlü bir siyasət tələb edən məsələdir. Hətta adlarını çəkdiyim o qurumların özlərinin fəaliyyəti belə məqsədli və sistemli şəkildə təşkil və təmin edilməlidir. Nə qədər ki, bu proses şəxsi təşəbbüslər və ən pisi, şəxsi maraqlar fonundan çıxmayıb, biz dünya səviyyəli əsərlərimiz və müəlliflərimiz olduğunu kimsəyə sübut edə bilməyəcəyik. İlk növbədə də, özümüzə.

– Azərbaycanda ədəbi tənqidin indiki vəziyyətindən razısınızmı? Ədəbi tənqiddə nələr çatışmır?

– Ədəbi tənqid də canlı prosesdir və ədəbi prosesi canlı, işlək vəziyyətdə tutan əsas qüvvədir. Ədəbiyyatla bərabər, təbii ki... Tənqid imzaları ilə mövcuddur. Gələnlər var, uzaqlaşanlar var, gündəmə ayaq uydurub qalmağa çalışanlar var. Şəxsən mən bu gün aktiv tənqidlə məşğul deyiləm. Haradasa, iki ildir. Səbəb yaradıcılığımın başqa istiqamətləri ilə məşğul olmağımdır. Dərslik yazıram, ağır işdir. Doktorluq işimi tamamlamağa çalışıram – ağır işdir. Bir nəşriyyatın baş redaktoruyam – bu da ağır işdir. Ona görə də yalnız aradabir məqalə yazmağa imkan tapıram.

Sizə deyim ki, ədəbi prosesin canlı qalması üçün tənqidçinin gördüyü iş Sizif əməyidir. Qədir-qiyməti də bəlli olmaz. Hər halda, mən belə gördüm.

Azərbaycanda tənqidin indiki vəziyyəti məni də qane etmir. Başqaları ilə bağlı demirəm, elə özümlə bağlı deyirəm, çünki aktiv tənqiddə əvvəlki kimi iştirak edə bilmirəm. Qoy özümü də tənqid edim. Amma səbəb nə olursa olsun, yazmamağıma baxmayaraq, prosesi izləyirəm. Haqqında yazmaq istədiyim əsərlər və müəlliflər var. Buna sevinirəm.

O ki qaldı çatışmazlığa... Ədəbi tənqidimizdə, məncə, imza çatışmazlığı var. Tənqidçi obyektivliyi çatışmazlığı var. Və ya obyektiv tənqidçi çatışmazlığı... Nüfuz çatışmazlığı var... Heç nə ilə alına bilməyən nüfuz... Bu gün tənqidimizdə Yaşar Qarayev, Arif Əmrahoğlu, Vilayət Quliyev kimi imzaların çatışmazlığı var... Bir cümləsi bir elmi məqalə ağırlığında olan tənqidçi imzalarının... Məsələn, elə tənqidçilərimiz var ki, eyni fikri bir çox əsər haqqında rahatlıqla təkrarlaya bilir. Yaxud hansısa statuslu yazıçı haqqında (ola bilər, dost olan bir yazıçı haqqında) əsərinin layiq olmadığı fikirlər yaza bilir. Bunu təsadüfi biri yazsa, yenə də üstündən keçmək olur. Amma istedadlı, reputasiyası olan tənqidçi yazanda şəxsən mən qəbul edə bilmirəm. Barışa bilmirəm. Bilirsiniz, tənqid də bədii yaradıcılıq kimidir. Onun da orijanıllığını qorumaq lazımdır. Ona da xəyanət etmək olmaz. Onun da dəyərinin, çəkisinin, ağırlığının qorunmaya ehtiyacı var.

– Hansı xarici tənqidçilərin yazılarını oxuyursuz və onların özəllikləri, bizə xas olmayan cəhətləri nədir?

– “Voprosı litaraturı” jurnalını hər zaman mütaliə etməyə çalışıram. Rus ədəbiyyatşünaslığı və tənqidinə daha çox bələdçiliyim var. Təbii ki, rus dilinə görədir. Sergey Çuprinin, Dmitriy Bıkov, Şklovskiy, Andrey Nemzer, Lev Danilkin... Bunların məqalələrini oxumuşam... Amma daha çox ədəbiyyatşünaslardır ki, onları mütaliə edirəm. Xüsusilə M.Baxtin, Kojinov, Y.Borev, V.Yemelin, İ.İlyin, M.Xrapçenko, M.Epşteyn... Amma davamlı olaraq oxuduğum və ya hər zaman izlədiyim konkret bir tənqidçi yoxdur. Sadəcə, müşahidələrim əsasında deyə bilərəm ki, oxşar prosesləri yaşayırıq. Oxşar mərhələlərdən keçirik. Və ən maraqlısı da budur ki, istər bədii mətn olsun, istər tənqidi, istərsə də elmi – bizdə elə müəlliflər var ki, ideya, fikir, hətta mətn plagiatlığı edirlər, amma unudurlar ki, mütaliə zamanı bunları tutmaq o qədər də çətin məsələ deyil. Amma nə yazıq ki, bununla tənqidçi də olanlar var, yazıçı da, hətta alim də...

Söhbətləşdi: Alpay Azər

# 3024 dəfə oxunub

Oxşar xəbərlər

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
#
#
# # #