Nahar süfrəsindəki parçalanmış bədən

Nahar süfrəsindəki parçalanmış bədən
10 oktyabr 2023
# 14:00

Kulis.az Rəşad Səfərin "Dünyanın bütün gecələri" adlı yeni yazısını təqdim edir


Görünür, hələ uzun müddət günlərimizi ölümlə, qanla, müharibələrlə keçirəcəyik.

Bəlkə də, öncəki cümlədə ən nikbin ifadə “uzun müddət”dir.

Fəlakətlərin tarixi üçün sonsuzluq anlayışı daha uyğundur, nəinki hansısa müddət.

Birinin başlaması üçün o birinin bitməyinə səbri çatmayan müharibələr və fəlakətlər silsiləsi indi başqa mərhələyə keçib. Dünyanın harasında müharibə, terror, zəlzələ və başqa fəlakətlər olsa, parçalanmış bədənlər bir neçə dəqiqəyə nahar süfrəmizə "verilir"r.

Daha bizimçün müharibələr, fəlakətlər sadəcə axşam xəbərlərində gedən “İordan çayının qərb sahilləri” haqqında iki cümləlik mətn və on beş-iyirmi saniyəlik görüntülərdən ibarət deyil. Nə də ekranın dibindən sakitcə süzülüb keçən “Bağdadda terror hadisəsi baş verib, ölü və yaralılar var”,

“Yaponiyada zəlzələ olub, sunami gözlənilir” kimi xəbər lentləridir.

İndi bizimçün müharibələr, fəlakətlər səhərlər tam açılmamış gözlərimizi zillədiyimiz lənətəgəlmiş telefonların ekranlarından çağlayan və ətrafa tökülən dəhşətli görüntülərdir. Başsız bədənlər, qulaqsız başlardır, dəqiqələr sonra yüzlərlə insanı öldürəcək bomba atəşfəşanlıqlarıdır. Çoxdandır görmədiyimiz bir tanışın şəhid olduğu “döyüş filmi”dir. Üstünə qalaqlanmış betonların arasından saçları cücərmiş qız uşaqlarının şəkilləridir.

Artıq müharibələrin dəhşətini, görünməz tərəflərini görmək üçün filmlərin çəkilməsini, romanların yazılmasını illərlə gözləməyə gərək yoxdur. On beş dəqiqə səbr et, hər şeyi bütün çılpaqlığı ilə görəcəksən. Çox uzaq keçmişdə deyil, on-on beş il öncə brutal müharibə romanlarında bədəndən ayrılıb kənara düşən qollar, ayaqlar, başlar haqqında təsvirləri oxuyarkən, ya da qəddarlığı olduğu kimi göstərməyə çalışan yapon filmlərinə baxarkən qusma həddinə çatırdım. Müharibə hekayələrində, romanlarında ağır döyüşlərdəki qorxunun və təsadüfən sağ qalmanın əzabları məndə özündən sonra günlərlə davam edən kədər buraxırdı.

Amma elə bu sabah, bu mətni yazmazdan bir neçə saat öncə bir yandan insan sallaqxanasının yüksək keyfiyyətli görüntülərini izləyərkən, hətta arada “zoom” edib daha yaxından baxarkən, bir yandan da tort dilimi ilə çay içirdim. Öz vəhşi qəddarlığıma görə özümü mütəmadi qınayıram.

Təbiət və təbiətimiz nəyi tələb edirsə etsin, savannalardan çox uzun zaman öncə ayrıldığımızı unutmamalıyıq. İnsanı kütləvi öldürməyin fiziki olaraq bu qədər asan olduğunun hər gün, hər saat xatırladılması və buna bu qədər rahat öyrəşməyimiz Yer adlı kürəyə olan-qalan ümidləri də sıradan çıxarır.

Dünyanın heç vaxt cənnət bağı olmadığını və ola bilməyəcəyini anlayacaq qədər həyat tərcübəm və bilgim var. Demək istədiyim şey, qəddarlıqlara bu qədər sadə faktlar kimi baxdığımızdır. İndi artıq səbəblər gizli olsa da, nəticələr hamıya aşkardır. Amma aşkarlığın bu qədəri bizi daha həssas yox, daha qəddar edir. Və belə bir dövrdə sənət özünün ən gücsüz mərhələsini yaşayır. Görüntülər, məlumatlar humanizmin ən böyük alətlərindən biri olan sənətin süzgəcindən keçib gəlmir. Birbaşa üzərimizə tökülür və ən heyvani duyğularımıza, min bir zülmlə gizlətməyə çalışdığımız ibtidai instinktlərimizə xitab edir.

Əvvəllər müharibələrin dəhşətini birbaşa yaşamayan, döyüşlərdə nələrin baş verdiyini öz gözləri ilə görməyən insanları ayıltmaq, onlara gerçəkliyi çatdırmaq üçün humanist sənətçilər dəridən-qabıqdan çıxırdılar. Ən çətin şərtlərdə belə romanlarla, hekayələrlə, məktublarla həqiqi vəziyyəti göstərməyə çalışırdılar. İndi kimi ayıltmağa ehtiyac var? Kimə nəyi daha gerçək formada göstərə bilərsən? Tarixdə heç vaxt hər şey bu qədər aşkar olmayıb.

Lakin təkamüldə hər canlının müxtəlif silahları olduğu kimi, insanlığın silahlarından birinin sənət olduğuna yenə də inanıram. İstər sözlərlə, istər notlarla, istərsə də görüntülərlə olsun.

Bizi dünyanın bütün sabahlarının gec, ya tez, mütləq gələcəyinə inandıran, daha yaxşı dünyanın var ola biləcəyini usanmadan söyləyən yeganə insanlıq dili sənətdir.

Nitşenin söylədiyi kimi, sənət ona görə var ki, həqiqət bizi öldürməsin. Bütün kataklizmlərdən sonra sənət başqa bir nəfəslə ayağa qalxır. Yəqin, bu da onun özünəməxsus intiqamıdır. Sənətin, sadəcə, bir əyləncə, süni, müvəqqəti mövzulardan ibarət bir təbliğat vasitəsi olmadığını anlamağımız, qədrini bilməyimiz üçün böyük fəlakətlərdən keçməliyik.

# 4320 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər