Kulis.az Malik Atilayın "Müştərisinə görə yazılan tamaşa" adlı yeni yazısını təqdim edir.
İnsanlar yorğun-arğın işdən çıxıb evlərinə tələsir. Metrolar, avtobuslar, manatlıq taksilər. Küçələrdə onminlərlə, evlərdə onminlərlə fərqli adam. Bir tikə Allah verəndən yeyib, bir-iki kəlmə kəsəndən sonra televizor qarşısına yığışan ovuc içi boyda ailə.
Kanallar bir-birini əvəz edir, bəli, sonda lazım olan yerdə pult evin atasının sərt əllərindən xilas olub divanın dirsəkliyindəki yerinə qayıdır. Mavi ekranda bığıburma bir kişi səhnəyə çıxıb qışqıra-qışqıra komediya ilə uzaqdan yaxından əlaqəsi olmayan verilişlərinin növbəti seriyası üçün "müştərilərə" gözaydınlığı verir. Burada heç bir səhv yoxdur, bu adamların sərgilədikləri tamaşacıqların izləyicisi yox, müştərisi olur. Axşam işdən yorğun gələn adamlara öz səviyyəsizliklərini satırlar. Onları da qınamıram, aşıq gördüyünü çalar deyiblər.
Qınamıram, teatr deyildikdə yerə yıxılıb ağnamaqdan, film deyildikdə isə dilimizdəki sözlərin Türkiyə türkcəsindəki yanlış anlaşılmalarından yaranan bişmiş toyuğun güləcəyi zarafatlardan başqa bir şeyə baxmayan bu adamlardan Hüseynqulu Sarabski olası deyildi ki...
Sözün mus-musunu bir yana qoyub Mustafasına keçid edə bilərik.
Birinci pərdə.
Səhnənin arхası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və basqa səhnə sеyləri. Aktyorlar “Gavə” qiyafələrində oraya-buraya gеdirlər.
Üzr istəyirəm, bu pərdə o pərdələrdən deyil...
Qayıdaq bizim bayaqdan haqqında danışmağa çalışdığımız pərdəyə. Səhnənin ortasında bir azdan edəcəyi hərəkətləri görməsən, avtobusda görsən, yer verəcəyin əzəmətdə bir kişi, nə dediyi başa düşülmədən, elə hey deyinir. Sonradan deyinən kişinin arvadı səhnəyə çıxır. Kök, maksimum dərəcədə çirkin, danışdığını bilməyən , ən adi etik qaydalardan məhrum təsvir edilən ailə atası. Xub, mən sizinlə razı belə ailələr heç də az deyil, siz də indi reallığı yansıtmaq istəyirsiz. Axı , ay qardaş, ay sənin ssenari yazdığın notbukun klaviaturasına Səyavuş Aslanın "Hicran" tamaşasında israrla soraqladığı dovğa tökülsün. Bunun reallıq olduğunu bilirik, bizə reallığın gülməli tərəfini göstər, çünki əgər hər iki tərəfin də qışqırıb bir-birinə ağzına gələni deyən, sonda yandan keçən baxımlı qadına söz atılmasının gülməli, hətta daha da dəhşətlisi komediya olduğunu düşünürsüzsə, düşünməyin. Sizi and verirəm Çexovun "birinci səhnədə divardan silah asılıbsa o silah açılmalıdır" cümləsindəki silaha, etməyin belə.
Birinci səhnəni belə geridə qoyub, keçirik ikinci səhnəyə. Kresloda uzanan bəli, məhz uzanan müdir, müdirin qarşısında əsə-əsə yaltaqlıq edən işçi, dikdabanları taqqıldadaraq içəri girib müdirə masaj təklif edən katibə. Ay qardaş, ay ssenarist sən bunu yazarkən hansı saytlarda gəzirdin? Siz həqiqətənmi, Azərbaycan işçisini müdirin hər sözündə əsib yaltaqlıq edən, katibələri pozğun, müdirləri də heç nə bilməyən, bir qadının iki xoş sözünə əriyib gedən axmaq, öz həyat yoldaşına isə "evdəki" deyən ibtidai insan kimi görürsüz? Yaxşı, sizi keçdim, axı zalda bu başverənləri izləyən "müştəri", siz işçi ya da müdir deyilsiz ? Yoxsa öz əksinizi görürsüz orada? Mən yenə sizinlə razı, bunlar reallıq payı olan şeylərdi, bunları göstərərək sarkazm edə bilərsiz, (ki, inanmıram sarkazmın nə olduğunu biləsiz) amma hərdən başqa bir şey göstərməyə də çalışasnız, bəlkə?
İşdən yorğun gələn evin atası fərqində olmadan bir saat ərzində təhqir edildikdən sonra yuxuya getdiyi divanda üstünü örtən yoldaşının üzünə dəyən nəfəsi ilə oyanır. Bunlar sənin yerinə işə getməyəcək , qardaşım, bundansa yat, dincəl...