"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi
31 yanvar 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Hüseynbala Mirələmovun "Dünya sənin, dünya mənim..." hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Akademik Nizami Cəfərov:


Hüseynbala Mirələmov ilk hekayələrindən özünü bu janrın ustası kimi tanıtmış, povestləri, romanları, dram əsərləri ilə məşhurlaşandan sonra da maraqlı hekayələr qələmə almışdır. Bəlli olduğu kimi böyük şairimiz Məmməd Arazın dillər əzbəri olan misralarından alınmış “Dünya sənin, dünya mənim...” hekayəsi görkəmli yazıçının yazıçının yaradıcılıq üslubunun yeni uğurlu məhsuludur ki, burada həmin üslub üçün səciyyəvi ən az üç mühüm xüsusiyyəti fərqləndirmək lazım gəlir: avtobioqrafik səmimiyyət, sosial-mənəvi dəyərlərə ehtiram və insan taleyi (həyatı!) barədə fəlsəfi ümumiləşdirməyə cəhd.

Mən bu hekayənin süjeti, obrazları, tonlarının harmoniyası haqqında bəhs etmək istəmirəm. Bütün bunlar sıradan bir oxucu üçün də aydındır… İdeyaya gəldikdə isə onu deyə bilərəm ki, təcrübəli (və istedadlı) yazıçı bədii olduğu qədər sosial konflikti son dərəcə humanistcəsinə həll edir. Hamımıza tanış olan nankorluq, namərdlik və nakişilik kimi çox zaman müxtəlif motivlərlə pərdələnən sosial-əxlaq xislətin mahiyyətinə nüfuz edir. Əbülfəz müəllimin simasında bu xislətə ucadan – ləyaqətli bir mövqedən baxmağın örnəyi verilir, “badə yoldaşları”nın timsalında isə namərdlik və nakişiliyin sosial dayaqlarının çürüklüyü göstərilir…


Professor İslam Qəribli:

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun Məmməd Arazın məşhur şeirinin bir misrasının ilk sözlərini "Dünya sənin, dünya mənim" başlıq kimi seçdiyi hekayəsini birnəfəsə, bir dəfə yox, bir neçə dəfə oxudum. "Gəlimli gedimli, son ucu ölümlü dünyada" insan xarakterinin zəmanəyə uyğun olaraq buqələmun xarakterinə çevrilməsinə son zamanlarda oxuduğum heç bir əsərdə həcmcə kiçik, məna və mündəricə baxımdan çox böyük olan bu hekayədəki bədii həllinə rast gəlməmişəm. Real və həm də olduqca real hadisənin əks olunduğu bu əsər, hesab edirəm ki, nankorlara, kişilikdən dəm vurub, əslində nakişi, çörəyi dizi üstündə olanlara vurulan sərt şillədir.

Hekayənin qəhrəmanının məclisə gəlişindən sonra bəhanəli, bəhanəsiz stolu tərk edənlərin hərəkətlərində, əslində qeyri-adi heç nə yoxdur. Hazırkı, qarmaqarışıq zəmanəmizin gözüqıpıq, ürəyidar, nütfəsi napak olan adamcığazlarından bundan betərini də gözləmək olar. İşıqlı obraz kimi əsərə daxil edilmiş Əbülfəz müəllim kimi kişilərin varlığı ilə "dünya yaxşılardan xali deyil" fikrini oxucusuna təlqin edən müəllif, əslində həyatın bir anının təsviri ilə insanı mənliyini qorumağa, uca Rəbbini unutmamağa, insan kimi yaşamağa çağırır.

Professor Elman Quliyev:


Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “ Dünya sənin, dünya mənim” avtobioqrafik hekayəsi qeyri-insani maraqlarla əsl insani dəyərlərin üz-üzə dayanması ( həm də şərti olaraq toqquşması) fonunda mahiyyətin açıqlanması baxımından xarakterikdir. Hekayədə yazıçının problemə insan və zaman kontekstində yanaşması nəticəsində yaşadığımız cəmiyyətdə üzləşdiyimiz, rast gəldiyimiz hadisələr milli- etik çərçivədə (sosial - psixoloji tərzin aparıcılığı şəraitində ) dəyər qazanır.

Açıq etiraf etmək lazımdır ki, təhkiyə prosesində yazıçının səmimi və ədalətli mövqeyinə oxucu şübhəsiz yanaşır. Çünki yazıçı eyni insanların vaxtilə böyük vəzifələrdə çalışan şəxsə vəzifəsinə görə bir cür, vəzifə səlahiyyətlərindən uzaqlaşdıqdan sonra başqa cür - “ bağda ərik var idi…” qeyri- insani düşüncə yanaşması münasibətlərini bir tərəfdən cəmiyyətimizin bu günkü reallıqları kimi verir, digər tərəfdən ona qarşı barışmazlıq nümayiş etdirir. Bu şəraitdə yazıçı təkcə həmin insanların xarakterlərini açmır, həm də onları ifşa edir. H. Mirələmov hekayədə tarix müəllimi obrazı vasitəsilə insanlığın əsl dəyər və mahiyyətini açıqlayır. “ Dünya sənin, dünya mənim” hekayəsində cilddən- cildə girən insanların hərəkətləri daxili narahatçılıq yaratsa da, tarix müəlliminin iştirakı ilə səhnələşən situasiyalar bunun əksinə olaraq milli- mənəvi mükəmməliyimizin nəticəsi kimi yer alır.

Çinarə Aytmatova: (Çingiz Aytmatovun nəvəsi)

Bu hekayəni oxuyarkən təkcə bir toy səhnəsinin yox, bütöv bir həyat mərhələsinin hesabatını görürük. Məşhur yazıçı Hüseynbala Mirələmov insanın vəzifə ilə, mövqe ilə, güclə münasibətini incə müşahidə və dərin psixoloji təhlillə təqdim edir. Əsərdə göstərilir ki, insanın ətrafı çox vaxt onun kimliyinə yox, tutduğu kürsüyə bağlı olur və kürsü əldən çıxan kimi “dostluqlar” da səssizcə dağılıb gedir. Bu mənada hekayə tək bir taleyin yox, bütöv bir cəmiyyətin mənəvi portretidir.

Mənim babam, Türk dünyasının böyük yazarı Çingiz Aytmatovun Hüseynbala Mirələmovla yaxın dostluğu da təsadüfi deyildi: onları birləşdirən məhz insan taleyinə, mənəvi dəyərlərə, vicdan məsələsinə eyni həssas yanaşma idi. Mənə xoş olan odur ki, bu hekayədə də Aytmatov yaradıcılığına xas olan universal bir həqiqət açılır: nankorluğun, namərdliyin və yaltaqlığın milliyyəti olmur. Belə insanlar harada yaşamasından, hansı dili danışmasından asılı olmayaraq, eyni mənəvi boşluğu daşıyırlar.

Əbülfəz müəllim obrazı hekayədə mənəvi dayaq nöqtəsi kimi çıxış edir və oxucuya xatırladır ki, sədaqət və mərdlik vəzifəyə yox, insana bağlı olmalıdır. “Dünya sənin, dünya mənim, dünya heç kimin” ideyası isə əsərin fəlsəfi yekunudur: dünya heç kimə qalmır, amma insanın ləyaqəti və etdiyi yaxşılıq onunla qalır.

Professor Yaqub Babayev:


Şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyim istedadlı yazıçı Hüseynbala Mirələmovun “Dünya sənin, dunya mənim...” hekayəsini oxudum. Həcmi kiçik, məna və ideya tutumu böyük olan bu hekayə mənə dərin təsir bağışladı. Burada sənətkar cəmiyyətə, insanlara məxsus həyat həqiqətlərini təsirli bir dillə bədii mətnə çevirmişdir. Hekayəni oxuyanda Uinston Çörçilin belə bir məşhur sözü yadıma düşdü: “İnsanların sədaqəti onlar pulu görənə qədərdir”.

Hekayədə mənəviyyatını, şərəfini, ləyaqətini, insanlığını pula, sərvətə, vəzifəyə satan, birinə işi düşəndə onun qarşısında əyilib torpağı öpməyə hazır olan, işi düzələndən sonra ilan kimi başını qaldırıb ona yaxşılıq edəni çalmağa çalışan insanların ümumiləşmiş bədii obrazı yaradılmışdır. (Təəssüf ki, cəmiyyət belələri ilə doludur!) Hekayənin əsas ideya leytmotivini mən belə dəyərləndirərdim: Zahirdə (üst qatda) dünya yaltaqların, tülküxislətlərin, vicdanını və ləyaqətini itirmişlərin, nəfsin qulu, köləsi olanlarındır. Ancaq həqiqətdə (alt qatda) isə belələri vicdanın, insanlığın, şərəfin, mənəvi ucalığın kölələridirlər. Dünya (və onun sərvəti, həvavü həvəsləri, zahiri parıltısı və nəşəsi) bu cür dönüklərə, sədaqətsizlərə, yaxşılıq qədri bilməyənlərə tənə edən bir ibrət, rişxənd məkanıdır. Bu əsər şərəfsiz dünyanın şərəfsiz övladları barədə qələmə alınmış bir təəssüfnamədir.

Yazıçı-publisist Bəxtiyar Qaraca:


Hekayədə insan münasibətlərində tez-tez rast gəlinən ağrılı bir həqiqət, acı bir gerçəklik — vəzifə ilə ölçülən “sədaqət”, namərdlik, nankorluq kimi xüsusiyyətlər qələmə alınıb. Toyun keçirildiyi gözəl, şən bir məkanda paradoksal bir vəziyyət təsvir edilir: zahirdə hamı deyir-gülür, bayramdır, daxildə isə tənhalıq və mənəvi boşluq. Müəllif əsərdə vəzifədən gedən insanın təkliyini, ətrafının necə səssizcə seyrəldiyini ustalıqla, incə psixoloji detallarla oxucuya təqdim edir. Tarix müəllimi hekayəyə müdriklik və fəlsəfi dərinlik gətirir, hadisələri ümumbəşəri müstəviyə çıxarır.

Onun Yuli Sezar və Brut nümunəsində söylədikləri nankorluğun zaman və məkan tanımadığını, tarixin bu cür xəyanətləri heç zaman unutmadığını göstərir. Hekayənin dili sadədir, axıcıdır, hər detal məna baxımından yüklüdür. Toyda qəhrəmanın tarix müəllimiylə rəqsi isə ən təsirli səhnələrdəndir: İnsan bütün mənəvi sarsıntılara, ağrılara baxmayaraq hələ də ayaqdadır, ayaq üstdədir.

Əsərin əsas ideyasını simvolizə edən “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrası oxucunu həyata, insanlara və münasibətlərə daha ayıq, daha təmiz gözlə baxmağa çağırır. Bir sözlə, acı bir reallıqla üz-üzəyik: Oxuduqca bir hiss adamı tərk eləmir – bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək...


# 149 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Xalq artistinin oğlunu  döyən saxlanıldı

Bakıda Xalq artistinin oğlunu döyən saxlanıldı

12:37 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu döydülər

Bakıda Xalq artistinin oğlunu döydülər

11:18 31 yanvar 2026
Onlar da narkotikə görə saxlanıldılar

Onlar da narkotikə görə saxlanıldılar

11:00 31 yanvar 2026
Prezidentin qızı “Azərbaycan otağı”nda

Prezidentin qızı “Azərbaycan otağı”nda

10:26 31 yanvar 2026
Yıldız Tilbenin vəkilindən Vəfa Şərifovaya  CAVAB

Yıldız Tilbenin vəkilindən Vəfa Şərifovaya CAVAB

22:05 30 yanvar 2026
Fatih Ürek vəfat etdi

Fatih Ürek vəfat etdi

21:56 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər