Məktəbli qızın alnına söyüş yazan kimdir?

Məktəbli qızın alnına söyüş yazan kimdir?
20 fevral 2024
# 12:27


Kulis.az Ömər Xəyyamın “Məktəblinin alın yazısı” adlı yeni köşəsini təqdim edir.

Əsəbiləşib o qızları da, tiktoku da, üstəlik, o qızların valideynlərini də söyərsən, lap ürəyin soyumaz, məktəbi də, məktəbdəki müəllimləri də qınayarsan.

Mən o qızın alnındakı yazını təhsil sisteminin məktəbli qızların alnına möhürlədiyi yazı hesab edirəm, həm də xoşladığımız kimi, üstünə yumurta vurulmuş…

Təhsil ayrıca sistem olsa da, ümumi sistemin bir parçasıdır, üstəlik birbaşa əxlaq məsələsidir.

Prosesin adını təlim-tərbiyə qoysaq da, təhsil tərbiyəsi əxlaqi kodeksdir.

Valideynin uşağa verdiyi təhsil tərbiyəsi tədris prosesində cilalanaraq əxlaqa çevrilir. Dolayı yolla təhsil şagird yox, bilavasitə xalqın özünü yetişdirən sistemdir.

Təhsil sistemimizin ən böyük problemi əzbərçilikdir. Və əzbərçilik prinsipilə işləyən sistem əxlaq normalarının aşınmasına zəmin yaradır.


Beləliklə, şagird öyrəndiklərini sorğulaya, analiz/realizə edə bilmir. O, kitabdakıları, müəllimin dediklərini kopyalayır, ancaq bilgini təhlil edə, təhlil etdiyini tətbiq edə bilmir.


Ötürülmüş informasiyanın qulaqdan, yaxud gözdən diləcən ömrü var: Eşidir, əzbərləyir, görür, əzbərləyir və sonra haman informasiyanı olduğu kimi istehsal edir.

Beləcə müəllimin informasiya ötürücülüyü funksiyasını uğurla davam etdirir. Əlbəttə, bu sistemin faydalı iş əmsalı sıfırdır.

Günü-gündən artan oxumuş cahillərin mahiyyəti məhz informasiyanı özününküləşdirə, bilgini təhlil süzgəcindən keçirə bilməməsidir.

Təhsil sisteminin çatışmazlıqları haqqında xeyli yazmaq olar, əlbəttə.
Ancaq unutmayaq: oxumuş cahillərin istehsalında istifadə edilən əsas məhsul valideynlərin təhsil tərbiyəsizliyidir.

Uşağın təhsil tərbiyəsi məktəbəqədərki prosesdir və təhsilin özü qədər önəmlidir.

Övladlar birinci məhz təhsil tərbiyəsi imtahınından “kəsilir”lər, daha doğrusu, uşaqlara ilk kəsir evdə - valideynlər tərəfindən yazılır.

Hələ təhsil tərbiyəsi almayan uşaq anasının qucağından – isti yuvasından zorla oyandırılır, əl-üzü yuyulur; təxminən, özü ağırılığında olan çantasını da zərif çiyinlərinə alıb informasiya ötürücülüyü ilə məşğul olan, “kadın üçün ən yaxşı iş elə müəllimlikdir” prinsipi ilə məktəbə müəllimə düzəldilmiş (məhz düzəldilmiş!) qadınların qarşısına - əllərini əllərinin üstünə qoyaraq tutuquşuluq etməyə gedir.


Bax beləcə biz məktəblini təhsildən bezdiririk, onun komfort zonasına “məktəb” (yaxud bağça) adlı yad ünsür daxil olur və uşaq haman yad ünsürün prinsiplərinə ya valideynin xətrinə, yaxud vərdiş halında əməl etməyə başlayır.

Yəni şüursuz şəkildə. Vacibliyini, mahiyyətini bilmədən. İnstiktiv, sintetik, mexaniki öyrəncilik…

Məktəb onun “məktəbə gedim, tez böyüyüm” arzusunun əsas pilləsinə çevrilir. Eləcə gedir-gəlir: “Nə olar-olar…”


Sonra da valideynin istəyilə universitetə daxil olur, diplomdan ötrü növbəti instiktiv, sintetik mərhələ başlayır. Sonra evlilik… və tezliklə mexaniki izdivacdan növbəti əzbərçinin qığıltısı eşidilir…


Faydalı iş əmsalı olmayan proses təkrarlanır, təkrarlanır, təkrarlanır…


İnstiktiv, vərdiş halında gerçəkləşən, şifahi-əzbərçi sistemi müdrik xalq adınalayiq şəkildə qiymətləndirir: “Sənə diplom verənin böyüyünü…”


Əsas problemlərdən biri də odur ki, belə yazıları təhsil tərbiyəsinin nə olduğunu bilməyən uşaqlar oxumurlar, belə yazıları oxuyub qavramaq və tətbiq etməkdən ötrü də təhsil tərbiyən olmalı, öyrəndiyini analiz/realizə edibən tətbiq etməyi bacarmalısan.

Yoxsa belə yazıları oxuyan, özünü müdrik xalqın nümayəndəsi hesab edən valideyndən ötrü, müəllif tüləyin biridir.
Vəziyyət bu cürdür. Ol səbəb də məcburən nənəmköhnəlikdən, təffəkkürünə qılaf yapmış nimdaş düşüncələrdən üzümüzü məktəbə yönləndiririk. Əminik ki, onlar uşaqlarına təhsil tərbiyəsi verməyəcəklər. Ümid qalır məktəbə. Məktəb də ki...

...Hə… və beləcə təhsil tərbiyəsi görmədən məktəbə göndərilən gül balalar çevrilib olurlar “vorzakonka”, “varavayka” .


Mexaniki prosesin qurbanları qaragüruhun tələsinə düşürlər. Çünki o düşünmür: əzbərlədiyini deyir, gördüyünü göstərir, eşitdiyini danışır.


Düşüncə/analiz/realizə sistemi qapadılmış məktəbli, tutalım, “tiktokun”, kriminala meylli “makasinli”, “çeçenka” sinif yoldaşlarının ötürdüyü informasiyanı təkrarlayır.


Bilirəm, ümumi danışanda əsəbiləşirsiniz. Yox, əlbəttə, bu sınaqdan özünü qoruyan, bu “imtahandan” kəsilməyən, sistemin zəhərləmədiyi istisnalar da var.
Fəqət mövzumuz azyaşlılar arasında yayılmış müasir infeksiyadır.
Səbəbləri araşdırırıq.
Və təəssüf ki, dönüb-dolanıb yenə valideynlərə gəlirik.


Və deyim, biləsiniz, belənçi övlad tərbiyəsiz valideynin yox, əxlaqsız valideynin yetirməsidir.

Əxlaqlı valideyn tərbiyəsiz, tərbiyəli valideyn əxlaqsız ola bilər.

Məsələn, övladına tərbiyə təhsili verməyən valideyn əxlaqsızdır, ancaq araşdırsan, görərsən ki, haman valideyn söyüş söymür, uşağını döymür, qırmızı işıqda gözləyir...


O qızın alnına o sözü yazan o biri qız kimdir? – soruşsanız, - O qızın alınına o sözü yazan, o qızın başında yumurta qıran o biri qız əxlaqsız valideynin, eləcə informasiya ötürücülüyü ilə məşğul olan, şifahi-əzbərçilik aşılayan, xalqın aydın günlərə, rifaha yox, şagirdin bir qismət çörəyə çatmağına çalışan tərbiyəli təhsil sisteminin övladıdır – deyərəm.

Birinci cümlədə yazdım ki, o qızın alnındakı sözü təhsil sisteminin məktəbli qızların alnına möhürlədiyi yazı hesab edirəm. Ona görə ki, belə hallar olmayan sistemin nəticəsidir.


Təhsil sistemi olmayan ölkənin, təhsil tərbiyəsinin nə olduğunu bilməyən valideynlərin övladlarının alın yazısı məhz o qızın alnından oxundu: Biri sındı, aşağılandı, ciddi travma aldı... – Bu və ya digər formada özünü təsdiq etməyə çalışacaq...

Olsun ki, o bu sınaqdan yaxşı çıxar, fəqət çıxmasa özünü təsdiq etmək üçün özündən çıxacaq, alın yazısı taleyinə çevriləcək, o biri də - belə görünür ki, tamamilə əxlaqsız, üstəlik, tərbiyəsiz mühitin yetişdirməsidir – sınaqdan alnı açıq çıxmasa, sınaqdan alnı yazılı çıxacaq – başqa birinin alnına yazdığı yazının taleyini yaşayacaq...

Ümid edirik, belə olmaz, fəqət belə olmaması üçün nə etmək olar?


Kimi cəzalandırmalı? Valideynimi, uşağın özünümü...
Bəs necə cəzlandırmalı?
Məktəblilərin qarşısında alçaltmaqlamı?
Çətin tərbiyə olunan uşaqların kaloniyasınamı göndərməli?
Valideynindən, mühitindən təcridmi etməli?
Yoxsa psixoloji/profilaktik söhbət?
İnzibati yolla?
Yaxşı bu cəza üsullarının bir faydası olacaqmı? Ki, bütün bu variantlarla uşağı daha da aqressivləşdirə, onun qisas eşqiylə böyüməyinə səbəb də ola bilərik...


Hər halda azyaşlıların təlim-tərbiyə məsələsi qlobaldır, bəşəri məsələdir və xeyli əlaqədar proqramlar tərtib edilir, araşdırmalar aparılır.

Nəticə aydındır, səbəblərini də öz qənaətlərimə əsasən qeyd etdim, fəqət nəticənin cəzasını kim, necə kəsməlidir, - bunu bilmirəm.

Ümid edirəm ki, heç olmasa bu yazını oxuyan, özünü müdrik xalqın nümayəndəsi hesab edən əziz valideynlər uşaqlarını məktəbə göndərməmiş onlara təhsil tərbiyəsi verəcək.

# 8722 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #