Kreditlə bahalı telefon alanlar - Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

18 noyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Həyat həqiqətlərinin fabulası ətrafında” adlı yeni yazısını təqdim edir.

And olsun Alim Qasımovun canına, bu yazını gecə səhərəcən yuxuda yazmışam, səhər gəlib kompüterə köçürmüşəm.

Özü də yazacağım əhvalat həqiqətdir. Babam danışıb. Yalançıyamsa, babamın yalançısı olaram. Babam deyirdi ki:

Şəlalələri hörük, qayaları qaş, gölləri göz kimi kəndimizdə belə bir dəli var idi; adına “dəli Abas” deyirdilər. Bütün günü harada olursa, olsun, dövlətdən gizlənirdi, ona elə gəlirdi ki, sovet imperiyası işini-gücünü buraxıb onu izləyir. Heç vaxt öz evində yatmazdı, günlərlə zəmilərdə, kolluqlarda gizlənərək, guya onu izləyən dövlətin izini azdırardı. Heç vaxt adam arasına çıxmaz, hamının gedib-gəldiyi kənd yolunda görünməzdi.

İmperiyanın xəyalı onu qarabaqara izləyən bir kabusa çevrilmişdi və bu siyasi-ictimai gizlənqaç oyununda Abas tək-tənha idi. İmperiya ilə Abasın münasibətini o zamanlar sarı qutularda, üstündə fil şəkli olan Hindistan çayı korlamışdı. Belə ki, Abas gənc yaşlarında varlanmaq üçün bu çayın qeyri-qanuni yolla alverinə girişmiş və bundan duyuq düşən imperiya öz “dələduz” vətəndaşını 3-4 illik qazamat həyatı ilə cəzalandırmışdı.

Yatıb çıxandan sonra Abas hamıdan, hər şeydən şübhələnirdi; arvadından tutmuş Allaha qədər. Buna görə də bütün günü boynundan asdığı əl radiosunda xəbərlərə qulaq asır, özü haqqında yuxarıların nə danışdığını bilmək istəyirdi. Kənddə söz-söhbət gəzirdi ki, ona qazamatda iynə vurublar, elə bir iynə ki, insanı dəli edir, ağlını zədələyir.

Nəhayət, Abas insanlar arasında yaşamaqdan biryolluq imtina etdi və dağda bir tülkü kanını qazıb özünə mağara düzəltmək qərarına gəldi. Yuvanı qazarkən qarşısına nəhəng bir daş çıxmışdı; nə qədər qazırdısa, oyurdusa daşı yerindən tərpədə bilmirdi. Bütün günü ağır çəkiclə daşı döyəcləyirdi, xeyri yox idi, daş qabırğasının qalın yerinə salıb qopmaq bilmirdi. Daşla Abas arasında əməlli-başlı müharibə gedirdi; Abas daşa onun hətta dağda, tülkü kanında yaşamaq xoşbəxtliyini çox görən bir düşmən kimi baxırdı. O, daşdan, elə bil, nəyinsə - taleyininmi, imperiyanınmı qisasını alırdı.

Bəs bu adam nə yeyib-içirdi?

Deyim: oğlanları hər gün ona dəstərxana bükülmüş soğandan, qatıqdan, çörəkdən-zaddan gətirirdilər. Abas çeynəyə-çeynəyə hərdən qayğılı-qayğılı, hərdən də kin-küdurətlə gözlərini daşa zilləyir, heç kimlə kəlmə kəsmirdi.

Günlərin bir günü Abas daşı yandırmaq qərarına gəldi, əlinə balta alıb qaratikan kollarını doğradı sürüyüb daşın həndəvərinə yığdı və daşa od vurdu. Abas lap Prometeyin tanrılardan oğurlayıb gətirdiyi od kimi daşın ətrafında qaladığı ocağın sönməməsi üçün gecə-gündüz əlləşir və ovaxtlar bizim anlamadığımız dildə öz-özünə deyinə-deyinə qapqara hisin içində daşın başına hərlənirdi. Elə ki təpələrin hansındansa toz qalxır və maşın səsi eşidilirdi o, daşı yana-yana qoyub kolluqlara tərəf götürülürdü, ta maşının səsi və tozu çəkilənə qədər.

Bir neçə dəfə oğlanları onu dilə tutub evə aparmaq istəsələr də, Abas doğma övladlarından da şübhələnmiş, burada hökumətin barmağının olmasından duyuq düşərək evə qayıtmaqdan qəti imtina etmişdi.

Nəhayət, günlərin bir günü sovet imperiyası dağıldı və bu arada gözlənilməz bir hadisə baş verdi; dəli Abas da qəfildən kənddən yoxa çıxdı, izini-tozunu görən olmadı. Sanki ərşə çəkildi.

Onların hər ikisindən babamın kəndinə dağın döşündəki kolluqda, baxanda güclə sezilən yanıb qaralmış bir daş qaldı.

***

Diqqətli oxucular, yəqin, fikri veriblər ki, son zamanlar yazılarımda qışqırmır, kimisə tənqid etmirəm. Niyəsə son zamanlar sakitləşmiş, Mirzə Cəlil estetikasından çıxmışam. Gözlərimin qanı çəkilir. Daha çox adi həqiqətlər üzərində düşünür, sadə reallıqları qəbul edir və bunları oxucuya necə asan yolla çatdıracağımı götür-qoy edirəm.

Onu deyirdim ki, həqiqətlər çox sadədir. Sizə bir neçə həyati həqiqət deyim, görəcəksiniz ki, hər şey, doğrudan da, necə sadədir. Həyat adidən adidir. Damarı tutmaq məsələsi var. Damarı ki tutdun, vəssalam, yaşa bilərsən.

Üstəlik, yeni bir şey öyrənmişəm. Əgər səbirsiz, qəzəbli, gərgin, dilxor əhvaldayamsa və nəsə pis bir iş görəcəyəmsə, kiminsə qəlbini qıracağamsa, kiminsə üstünə qışqıracağamsa, kimisə incidəcəyəmsə, 5 dəqiqə gözləyirəm. Öz-özümə deyirəm ki, “yaxşı, bilirəm kiminsə üstünə qışqırmaq, kiminsə qəlbini qırmaq istəyirsən. Amma 5 dəqiqə gözlə sonra edərsən”. Beləcə 5 dəqiqə oturub gözləyirəm və çox maraqlıdır ki, 5 dəqiqədən sonra həmin pis hərəkəti eləmirəm. Cəmi-cümlətani 5 dəqiqə gözləməyin hesabına oluram ağıllı insan. Mütləq yoxlayın siz də.

Həqiqətlərin sadəliyindən danışırdıq. Yazıya dəxli olmasa da, niyəsə Paolo Giordanonun “Sadə ədədlərin tənhalığı” kitabı yadıma düşdü. Oxumağınızı məsləhət görürəm. Qəşəng kitabdır.

Bəli, sadə həqiqətlərə, həyatın adiliyinə dair üç misal çəkim.

Həqiqət 1. Adam gərək iddialı olmasın.

Bu sadə həqiqəti dərk edəndən və ona riayət edəndən sonra olursan kamil bir insan. Adamın ən böyük düşməni onun iddiasıdır. İndi bəzi adamlar deyər ki, Şekspir yazırdı ki, Allah olmaq istəyirdim, şair oldum. Gərək iddian böyük ola ki, yaxşı bir məqama çata biləsən.

Boş söhbətdir. Şekspirin başını buraxmaq lazımdır.

O boyda Sədi Şirazi deyir ki,

Buluddan dəryaya düşdü bir damla,
Onu utandırdı sahilsiz dərya.
Dedi, dərya olan yerdə nəyəm mən?
Dəryanın qoynunda heç bir şeyəm mən.

Damla kiçikliyin boynuna aldı,
Bir sədəf damlanı qoynuna aldı.
Vaxt keçdi o damla bir inci oldu,
Dilbər gözəllərin sevinci oldu.

Yəqin, bunu izah etməyə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. İnsan damladır və sahilsiz dərya onu utandırmalıdır. Balacalığını qəbul edib, utanan damlanı sədəf qoynuna alar. Damla dönüb sədəfin içində mirvari olar. Bəh, bəh, necə möhtəşəm kəlamlardır.

Həqiqət 2: Adam gərək ac olanda, yemək yesin.

Bəzi adamlar var ki, ac olanda yemək yemirlər. Elə şey yoxdur. Bu sadə həqiqəti qəbul etmək lazımdır. Adam acanda yemək yeməlidir.

Həqiqət 3: Adam gərək ayağını yorğanına görə uzatsın.

Əgər insan ayağını yorğanına görə uzatmasa, ağır faciələrlə üzləşə bilər. Hazırda heç kim bu sadə həqiqətə riayət etmir, etmək istəmir. Çətin bir şey yoxdur. Ayağını yorğanına görə uzatmalısan. Yoxsa ayaqların qalar çöldə, gülməli vəziyyətə düşərsən. İmkanın çatmırsa, kreditlə bahalı telefon alma, imkanın çatmırsa kreditə girib evə “kuxna mebeli” yığdırma. Nəyə imkanın çatırsa, onu elə. Potensialın nəyə aman verirsə, o işin dalınca get. İmkanın Nitşe, Şopenhauer, Volter, Didro oxumağa çatmırsa, oxuma. İmkanın çatdığın müəllifləri oxu. Məsələn, Seymur Baycan, Fərid Hüseyn, Kənan Hacı və s. İmkanın çatan müəllifləri oxumasan, karikatura kimi görünəcəksən. Həyatın əsas qanunlarından biridir. Adam öz potensialını hesablaya bilməsə, bədbəxt olar.

Tutaq ki, adam bir binanın başından digər binanın başına tullanır. Əgər öz sürətini, tullanmaq potensialını düzgün hesablamasa, tullandığı binanın qırağına yox, ortasına düşmək istəyirsə, hədəfdən yayınıb, düşəcək yerə, canı çıxacaq.

Yazı çox uzandı. Gərək əvvəldə danışdığım hekayəti heç yazmazdım. Dəxli yox idi söhbətə. Amma daha yazdım. Növbəti yazılarda da sadə həyat həqiqətlərindən bir neçəsini sizə çatdıracağam.

Sonda isə başlığa çıxarmaq üçün bunu qeyd edirəm.

İslam dininə ərəblərin özündən də çox etiqad edən həmyerlilərimiz hesab edir ki, Babək İslama qarşı döyüşdüyü üçün, ən azı, kafirdir. Məncə, bu kökündən yanlış düşüncədir. Babək müharibə apardığı iyirmi il ərzində, bəlkə də, heç bilməyib ki, ərəblər nə istəyirlər, nə üçün gəliblər, özləri ilə nə gətiriblər. Sadəcə, onun yurduna, torpağına, ailəsinə soxulmuşdular. Onun özünü edamla, yurdunu talanla, arvadını, qızını qul etməklə hədələmişdilər, nizəni burnunun ucuna dirəmişdilər. Mənim aləmimdə Babək vətəni istənilən gəlmə kitab-dəftərdən, gəlmə işğalçı mədəniyyətdən uca tutmağın simvoludur. Yoxsa gündə biri qoltuğuna bir blaknot vurub gələcək ki, sənə mədəniyyət gətirmişəm, keç bu tərəfə, qoy yeməyin, siftəsini mən yeyim. Belə vətənmi olur, belə məmləkətmi olur?

Babəkin məğlubiyyəti, Azərbaycanın qələbəsidir.

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

# # #