İndi də adam olublar, uşaq əkib-doğurlar

Mehdi Dostəlizadə

Mehdi Dostəlizadə

7 yanvar 2022
# 10:30

Kulis.az Mehdi Dostəlizadənin "T.T.M." yazısını təqdim edir.

Tərbiyəçinin özü də tərbiyəli olmalıdır.

Karl Marks


Bir dəfə dəhlizdən sinfə girib müəllimə “salam, necəsiz?” dedim. Müəllim ağzımın üstündən şapalaq vurdu. Həyəcanlandım, biabır oldum, yediyim şillənin səbəbini soruşmağa cəsarətim də çatmadı. İndiki ağlım olsa, bəlkə, yenə susub başımı aşağı salardım, bu vacib deyil. Vacib olan odur ki, görəsən, müəllim indi də mənə şillə vurardı?

“Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən video yayılıb”. Qabağıma belə bir xəbər çıxdı. Videoya baxdım, direktor iki şagirdi qabağına alıb şillələyirdi. Tüküm də tərpənmədi. Belə hallarla çox rastlaşmışam deyə, artıq mənə təəccüblü gəlmir. Dəfələrlə şillələnən, qapazlanan, fiziki şiddətə məruz qalmasa da, psixoloji şiddətlə üzləşən şagirdlər, tələbələr görmüşəm. Di gəl ki, hər yerdə kamera yoxdur, olsa da qeydə düşən bütün kadrlar yayılmır. Təəccüblənmədiyim şeyi dedim, gəlin indi təəccübləndiyim şeydən danışım.

Xəbərin altına yüzlərlə insan şərh yazmışdı, öz “dəyərli” fikirlərini ictimaiyyətlə bölüşmüşdü. Həmin şərhlərdən bir neçəsini sizə təqdim edirəm:

“Bu nə səviyyəsizlikdir edirsiniz? Müəllim birinə söz deyən kimi çəkib paylaşırsınız”.

“Vurub vurub da, indiki uşaqları şillə ilə yox, taxta ilə döymək lazımdır”.

“Müəllim şilləsinin yerində gül bitər”.

“Əcəb eləyib! Məktəbdə meymunluq edəni çırpmaq lazımdır!”.

“Yaxşı edib, tərbiyə verir də! Hərə birini doğub atıb məktəbə, müəllimələrin üstünə”.

Demək olar ki, bütün şərhlərin əsas fikri “əcəb edib”dən ibarət idi. Məzəlisi odur ki, şillə-qapazla tərbiyə olunmağın azarkeşliyini edənlər şərhlərdə “ş” hərfinin əvəzinə “w” yazır, ən adi qrammatik qaydaları pozurdular. Məktəbdə başları qapaz yeməyə qarışıb deyə, əlifbanı öyrənməyə vaxtları olmayıb. İndi də adam olublar, uşaq əkib-doğublar, qapaz estafetinə biçarə tifillərini də qoşmaqdan çəkinməyiblər. Uşaqları da öz tayları olacaq, necə ki, bu avamlar “əlif zəbər ə, bey zəbər bə” üsulu ilə tərbiyə olunmuş ata-babalarının tayıdırlar.

Azərbaycanda bir çox müəllimin psixoloji vəziyyəti acınacaqlıdır. Səhəri xoruzun ban səsinə səs verib boğazını cırmaqla açan adamın halı, onsuz da, başqa cür ola bilməzdi. Düzdür, adam əsəbiləşər də, hirslənər də, qışqırar da, bağırar da, bu hər bir insanın ən təbii haqqıdır. Amma məktəbdə yox. Uşaqların qarşısında heç yox. Uşaqların üstünə heç-heç yox. Birinci sinifdən başlayaraq 5-6 yaşında uşaqlarla anqırmaqdan başqa metodla danışa bilməyən adamlar həmin uşaq 15-16 yaşına çatıb vəhşilik edəndə deyirlər ki, tərbiyəsizdir, ailə tərbiyəsi görməyib, avaradır və s. Ümumiyyətlə, uşaqlarla işləməyi bacarmayan, onu əsəbiləşdirən hallara dözüm göstərə bilməyən adam hansı haqla insan istehsalında iştirak edir? Bu iş çox çətin, məsuliyyət tələb edən işdir, təhsil cəmiyyətin onurğa sütunudur. Təhsili həvalə etdiyimiz adamlar özlərini idarə edə bilmirlər. Onların özləri hələ böyüməyiblər, uşaqlıqda müəllimlərindən yedikləri şillələrin intiqamını indi öz şagirdlərindən alırlar. Bəli, məktəb insan fabrikidir, orda vətəndaş yetişir. Bu ruhi xəstələrin yetişdirdiyi vətəndaş nə olacaq? Avara, vəhşi, qanmaz bir məxluq.

Yadımdadır, hansısa müəllimimiz tez-tez deyirdi ki, “biz məktəbdə oxuyanda elə bilirdik müəllim yemək yemir”. Yəqin ki, müəllimin müqəddəsliyini vurğulamaq üçün bu söhbəti danışırdı. İndi üstündən illər keçib, bəlkə də, o müəllim ölüb, xəbərim yoxdur. Mən isə əminəm ki, müəllimlər doğrudan da yemək yemir. Onlar acından qışqırırlar.

# 5925 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər