Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.
“Səkkiz”in birindən sonra
İnsanlar Hikmət Rəhimova inanır...
Artıq ikinci dəfədir, onun rejissoru olduğu ekran işinin premyerasında iştirak edirdim və premyeraya toplaşan izdiham bu inanmaq məsələsinin müəyyən hissəsini təşkil edir, göstəricilər sırasındadır.
Hikmət Rəhimov usta akyorlar cərgəsindədir. Onun yaş qrupuna mənsub teatr-kino simaları arasında rahatlıqla “usta” deyə biləcəyimiz çox az sənət adamı var. İnsanların dəqiq təyinatını verməkdən çəkinmək lazım deyil.
Bizim cəmiyyət olaraq sənət meyarları məsələsində mərhələ aşmağımız üçün əsas təkanverici amillərdən biri də qibləgahlardan, ilahiləşdirilmiş nəsnələrin daşlaşmış əzəmətindən qorxmayıb cari vəziyyətdə hər şeyi öz adı ilə çağırmağımızdır.
Hikmət Rəhimovun “Yuğ” yolundan keçdiyi onun xarakter, tip yaratma prosesində aydın sezilir.
İnsan psixologiyasının dərin qatlarına enib onun ekrana, səhnəyə gələn tərəflərini büruzə vermək məsələsində Hikmət Rəhimovu qazanc əldə etmiş sənətkar hesab etmək olar.
Gələk “Səkkiz”in birinci seriyasına. Çoxseriyalı ekran əsərinin ümumi mövzusu, bədii həlli, ekranizasiyanın nə dərəcədə uğurlu olub-olmaması barədə birinci seriyadan sonra nəsə yazmaq çətin məsələdir. Yəqin ki, peşəkar kinoşünaslar, tənqidçilər öz münasibətlərini yubandırmayacaqlar.
Amma bir qələm adamı kimi Hikmət Rəhimovun rejissor kimi nə istədiyi barədə fikirləşmişəm.
Hikmət Rəhimov güzgü olmaq istəyir. Bu güzgü məsələsi müxtəlif dövrlərdə – XX əsrin tənqidi realizmindən üzü bəri özünü müxtəlif formalarda göstərib. Sovet ədəbiyyatının bəzi dövründə bu qanad bir o qədər pərvazlanmasa da, 60-cı illərdən sonra müxtəlif üslub və mövzularla yenidən canlanıb.
Bəs indi modernizm, postmodernizm və daha post, post nə bilim, nə “izm” dövründə nə dərəcədə effektivdir, nə dərəcədə lazımlıdır bu yol, bu xətt? Cavab vermək elə də asan deyil. Sənət çoxxətli, çoxrəngli, çoxsəslidir. Bütün yaradıcılardan minimalizmlik, səssizlik, şifrələnmiş nəsnələr gözləmək də doğru deyil.
Bəlkə, elə indi də kimsə bizi danlamalıdır, üstümüzə qışqırmalıdır...
Maraqlıdır, “Səkkiz” serialının birinci seriyasında bir çox obrazın prototipi zalda əyləşmişdi, mən onları tanıyırdım. “Səkkiz”ə baxdıqca deyirdim, bax, bu obraz filankəsdir, bu zalda əyləşib, bu biri bəhmənkəsdir, o da burdadır... Güzgü...
Hikmət Rəhimovu insan kimi həyatda narahat edən, onun psixoloji vəziyyətində gərginlik yaradan məsələlər onun rejissor kimi yaradıcılığında özünü göstərir. Və o, çalışır ki, biz güzgü qarşısında dayanıb özümüzə baxaq.
Hikmət Rəhimov faktları təqdim edir. Hadisəni göstərir. Bu məqamda kiçik haşiyə çıxıb bir mətləbi çatdırmaq istəyirəm. Bəzən kiminsə hekayəsini, yaxud daha iri həcmli – uzun hekayəni, hətta romanı oxuyarkən, görürsən, fakt mövcuddur, hadisə baş verir. Bəs müəllif? Müəllif harada dayanıb? Müəllif özü nə demək istəyir? Qənaəti hansı mətləblərdə gizlənib? Mətni də əhvalatçılıqdan çıxaran həmin müəllif qənaəti və onun təzahürüdür.
Hikmət Rəhimov bütün yaradıcılığı, təxəyyül və ifadə tərzi ilə hadisələri təbii, canlı, həyatda olduğu kimi göstərməyə çalışır. Psixoloji qatlarla tamaşaçının düşüncəsinə nüfuz edir. Onun gələcək ekran işlərində müəllif fikrini, qənaətini daha aydın görməyi arzulayıram.
O ki qaldı Audiovizual Şuranın ARB telekanalına üç saatlıq qadağasına. “Səkkiz” serialının birinci seriyası ARB-də yayımlanıb və söyüşlü səhnələrə görə Şura ARB-yə üçsaatlıq efiri dayandırmaq cəzası tətbiq edib.
Bəli, efirdən söyüş səsləndirmək olmaz.
Bəli, cəmiyyət buna hazır deyil.
Amma dünəndən bu qadağa ilə bağlı paylaşımlara yazılan rəyləri oxuyuram. Fikirləşirəm, görəsən, efirdən söyüş səsləndirilməsinə narahat olan adamlar, həmin seriyadakı obrazların prototiplərinin cəmiyyətdə var olmasına görə də eyni qədər narahatdılarmı?
Efirdə söyüş səsləndirilməsinə görə həyəcan təbili çalanlar səhərdən axşama qədər bu xalqın zövqünü məhv edən, düşüncəsini zəhərləyən, bayağılaşdıran, bayağılığa məhkum edən şəxslərə görə də eyni təlatümlər keçirirlərmi?
Bir təəssübkeş aidiyyəti qurum çıxıb onların ağzının üstündən üçsaatlıq yox a, ondəqiqəlik vura bilirmi?
Yox...
Odur ki, demək, efirdə hər qələti eləmək olar, söyüş söymək yox.