Kulis.az “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Uzaq düşən qaşqay türkləri” yazısını təqdim edir.
Güney Azərbaycan bölgəsində əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil etməkdədir, amma türklər sadəcə bu bölgədə deyil, İranın digər bölgələrində də varlıqlarını sürdürməkdədirlər. Güney Azərbaycandan uzaq düşməklərinə baxmayaraq, nüfuz sayı baxımından və Azərbaycan türkləri ilə həmrəylik göstərdiklərinə görə, son illərdə diqqət çəkənlərdən biri də qaşqayı türkləridir.
(Qaşqay milli paltarı və papağı geyinmiş qaşqay uşaq)
Kimdir qaşqayı türkləri?
Qaşqayı türklərinin qədim tarixi haqqında bu günədək geniş akademik araşdırma aparılmayıb. Buna görə də, fərqli dövrlərin tarixi qaynaqlarında onların haqqında ortaya qoyulmuş fikirlərin nə qədərinin doğru olması şübhə altındadır. Məsələn, mənbələrdən bəzilərinə görə, bu elin qədim yaşayış yeri Türküstan və Özbəkistan olub və yaşadıqları torpaqların yaxınlığında Qaşqa adlı çay mövcud imiş. Nəticə eitbarı ilə bu qaynaqlara istinad edənlər bu elin adının həmin çayın adından alındığına inanırlar. Lakin, unutmayaq ki, tarixin səhifələri belə nağıllarla doludur və bunları sübut etmək üçün bir çox faktor lazımdır.
(Qaşqayı qadın geyimləri)
XIX əsrdə Nasirəddin Şah Qacarın dövründə yaşayan Mirzə Məhəmməd Cəfər Xurmurci adlı bir tarixçi yazdığı “Həqayiq əl-Əxbar” kitabında qaşqayıların Fars Əyaləti Atabəylərinin dövründə Qıpçaq düzündən bu əyalətə gəldiklərini iddia edir.
Məşhur tarixçi Məhəmməd Xandəmir (1475-1534) də “Həbib əs-Siyər” adlı məşhur kitabında “Qaşqa” sözünün Türküstanda Səmərqənd və Buxara yaxınlığında yerləşən bir bölgə adı olduğunu və əhalisinin türk əsilli olduğunu iddia etmişdir.
Fransız tarixçisi və etnoloqu Pyer Oberlinq “Fars Əyalətinin qaşqayı köçəriləri” kitabında yazır: “Şah İsmayıl Səfəvinin dövründə qaşqayı olan Əmir Qazi Şahlunun tabeliyində olan insanlar şiəliyi yaymaq üçün Fars torpağına gələrək bölgədəki digər köçərilərlə birləşərək qaşqayı tayfasını yaratmışlar”.
Qeyd etdiyimiz kimi, tarixi mənbələrdən bəziləri qaşqayı elini, sonralar Hindistana, İraqa və nəhayət, indiki vətənlərinə, yəni Şiraz və İsfahan ətrafına köçən Qıbçaq düzü türkmənlərinin bir hissəsi hesab edirlər. Qıpçaq türklərinin bir hissəsinin Azərbaycanda yerləşdiyi bizə məlumdur. Necə ki, dünya şöhrətli azərbaycanlı arif, eyni zamanda, böyük şair Ruminin (Movləvi) müəllimi və mürşidi olaraq da bilinən Təbrizli Şəms qıpçaq türklərindən olmuşdur. Bu sözü qəbul edərsək, qaşqayıların bu gün Azərbaycan torpaqlarından kənarda qalmış olsa da, Səfəvi dövlətinə qədər Azərbaycan torpaqları sayılan Şərqi Anadolu və Şimali İraqdan indiki yerlərinə köçdüklərinə dair fikir qura bilərik. Əslində gənc qaşqayı araşdırmaçıları da buna bənzər bir fikir ortaya qoyurlar. Demək, onlar da Şərqi Anadolu və Şimali İraqdan indiki yerlərə köçdüklərinə inanırlar. Ancaq onların bəziləri qaşqayı sözünü qayı sözüylə əlaqədar görüb, özlərini Osmanlı İmperiyasının qurucuları olan Oğuz elinin Qayı boyu ilə eyni kökdən bilirlər.
“Qaşqayı” sözünün “Qayı” sözü ilə əlaqədar olduğuna inananlara görə, Oğuz xanın nəslindən olan Qayı döyüşlərdə və fəthlərdə qüvvələrini sağ cinah, sol cinah və avanqard (Qaşqay) qanadına bölürmüş. “Qaş” sözü Türk dilində alın mənasında da işlənir.
Daha sonralar qəzəbinə uğramış olsalar da, qaşqayılar Nadir şah Hindistana qoşun çəkdiyi zaman onunla birlikdə döyüşlərə qatılmışlar. Ancaq qaşqayı tarixinin parlaq səhifələri XX əsrin əvvəllərində yazılıb. O illərdə qaşqayılar ən məşhur elxanları Solət əl-dövlənin əmri altında ingilis işğalçılarına qarşı çox ciddi və cəsarətli müqavimət göstərdilər. Buna görə, ingilislər İranda Rza şah Pəhləvini hakimiyyətə gətirdikdən sonra qaşqayı elindən intiqam almağa çalışdılar. Mərkəzi hökumətlə qaşqayıların arasında qanlı vuruşma neçə ay davam edib. Tehran hökuməti savaşda qaşqayıları məğlub edə bilmədiyini anlayınca hiyləgər üsullara əl atıb. Qaşqayı elxanı Solət əl-dövləni Məclis vəkili olaraq təyin edib, amma sonralar onu həbsə atıb və bir müddət sonra da öldürüb. Rza şah Pəhləvinin qaşqayı türklərinə qarşı işlədiyi cinayətlər hələ də yaddaşlarından silinməyib. Rza şahın ordusu qaşqayı qadınlarına toxunmaqdan belə çəkinməmiş, hətta qaşqayı atlarını da güllələyib öldürmüşdülər. Qaşqayı türkləri, elə soydaşları və dildaşları olan Güney Azərbaycan türkləri kimi, Rza şahın oğlu Məhəmməd Rza Şah dövründə də ağır təzyiqlərə və basqılara məruz qalıblar.
Qaşqayı elxanı Solət əl-dövlə həbsdəykən öldürüldükdən sonra bu el Solət əl-dövlənin böyük oğlu Nasir Xanın başçılığı altında pəhləvi hökumətinə qarşı ciddi toqquşmalara girişib, ancaq sonda həm Nasir Xan, həm də qardaşı Xosrov Xan İranı tərk edib sürgündə yaşamaq məcburiyyətində qalıblar. 1979-cu ildə İran İslam İnqilabı ərəfəsində iki qardaş İrana qayıdıblar və Nasir Xan yenidən qaşqayı elinə rəhbərlik edib. İllərdir pəhləvi hökuməti ilə mübarizə aparan qaşqay eli İran İslam Respublikasının qurulmasından qısa müddət sonra başa düşdü ki, hakimiyyət dəyişikliyinə baxmayaraq, Tehran hökumətinin qeyri-farslara, xüsusən də qaşqayılara qarşı siyasəti, dəyişməyib. Bunun üçün onlar bu dəfə də yeni rejimə qarşı, yəni İran İslam Respublikası hökumətinə qarşı savaşa qalxdılar. Şiraz İnqilab Məhkəməsi Nasir Xan və onun qardaşı Xosrov Xan üçün qiyabi ölüm (edam) hökmü çıxarıb. Nasir Xan gizlicə İranı tərk edib Türkiyə vasitəsilə Amerikaya köçmək məcburiyyətində qaldı, amma qardaşı Xosrov Xan tutularaq güllələndi.
Şirazda bu gün şəhərin ən gözəl turistik yerlərindən biri hesab edilən Erəm parkı əslində İslam İnqilabından sonra zorla müsadirə edilən Qaşqay elxanlarına məxsus idi
Qaşqayı elinin son durumu
Xosrov Xan Qaşqayın edamı İranda Qaşqayı elinin siyasi varlığına və fəallığına sıxılmış olan son güllə oldu. Elə həmin ildə Güney Azərbaycanda Müsəlman Xalq Partiyasının sıxışdırılması və qanlı şəkildə ortadan qaldırılması ilə Azərbaycanda uzun müddət sükut hökm sürdüyü kimi, Xosrov Xanın edam edilməsi ilə də uzun illər Qaşqayı elində sükut hökm sürdü. Lakin nə Güney Azərbaycan türklərinin, nə də qaşqayı türklərinin susqunluğu həmişəlik oldu. 1990-cı illərdə Güney Azərbaycanda güclənən milli hərəkat öz kimliklərini qorumaq, dillərini, tarixlərini, mədəniyyətlərini mühafizə etmək baxımından qaşqayı türklərinə də təsir göstərib. Belə ki, təxminən 10 il sonra qaşqayı türkləri arasında da oxşar fəaliyyətin başlamasının şahidi olduq.
Bu gün Azərbaycan milli hərəkatının fəalları ilə qaşqayı fəalları arasında çox yaxın və səmimi münasibətlər mövcuddur. Qaşqayı türkləri müxtəlif vəsilələrdə dəfələrlə Güney Azərbaycan türklərinə dəstək olub, Güney Azərbaycan türkləri isə həmişə qaşqayı türklərinə dəstək verməyə çalışıblar. Elə ötən ay qaşqayı türkləri Şirazda qaşqayı milli geyiminin başqa bir etnik qrup adı ilə qeydiyyata alınmasına etiraz olaraq toplaşanda onların şüarlarından biri də “Azərbaycan, dəstək, dəstək” olub. Güney Azərbaycan türkləri isə bu çağırışa qayğısız qalmayıb, öz dəstəklərini bildiriblər.
Son söz:
Təxminən 4 milyonluq əhalini təşkil edən qaşqayı türkləri, xüsusilə son illərdə Güney Azərbaycan milli hərəkatının təsiri ilə öz dillərini, mədəniyyətlərini, tarixlərini, kimliklərini qorumaq üçün hərəkətə keçiblər. Qaşqayı şair və yazıçıları da Güney Azərbaycanın şair və yazıçıları kimi öz mədəni-tarixi kimliklərini qoruyub saxlamaq və yaşatmaq üçün təsirli əsərlər yaratmağa çalışırlar. Mərkəzi hökumətin Qaşqayı türklərini assimilyasiyaya uğratmaq cəhdlərə baxmayaraq, onlar hələ də öz dillərində danışır, mədəni-mənəvi varlıqlarını qoruyur. Qaşqayı türkləri coğrafi baxımdan Güney Azərbaycan türklərindən uzaq düşsələr da, Azərbaycana olan sevgi və məhəbbəti təqdirəlayiqdir.
Qaşqayının geyimi, qaşqayının qalası
Bu yazıda qaşqayı türklərinin soy-kökləri və tarixi yurdları haqqında bir-birindən fərqli fikirlər qələmə alınmış olsa da, onlar ən çox Azərbaycan türkləri ilə yaxındırlar. Qaşqayı türklərinin danışıq şivəsi də Azərbaycan türkcəsinə yaxındır. Belə ki, bir Azərbaycan türkü ilə qaşqayı türkü heç bir çətinlik çəkmədən rahatlıqla bir-birlərini başa düşə bilirlər. Azərbaycan türkləri ilə qaşqayı türkləri arasındakı bənzərliklər təkcə dildə deyil, ifa elədikləri musiqi və dastanlarda da özünü göstərir. APA