Fikrin Bəktaşi: "Kinematoqrafiyamızın hansı yolla inkişaf edəcəyi məlum deyil" - Müsahibə

Fikrin Bəktaşi

Fikrin Bəktaşi

28 aprel 2022
# 15:00

Müsahibimiz hüquqşünas, Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi Fikrin Bəktaşidir.

- Fikrin bəy, bu günlərdə mədəniyyətin müxtəlif sahələrində Qarabağ müharibəsinin nəticələri ilə bağlı əhəmiyyətli işlərin görülməməsi müzakirələrə səbəb oldu. Sizcə, niyə indiyədək nəzərəçarpan işlər görülməyib?

- Qarabağın işğaldan azad olunması həyatımızın ən vacib hadisəsidir. Düz buyurursuz ki, bu mövzuya kifayət qədər diqqət ayrılmır. Bəzən belə təəssüratım yaranır ki, sanki ölkə başçısından və əsgərlərimizdən başqa bu qələbəyə heç kim inanmırdı. Yoxsa, bu qələbəyə cəmiyyət daha hazır olardı, əsərlər yaranardı. Mədəniyyət nazirliyi bir çox işlərin görülməməsində məhz yaradıcı şəxslərin nələrisə etməməsini bəhanə gətirir. Amma nazirlik də, öz tərəfindən bazar araşdırmasını apara bilərdi, əhalinin ehtiyaclarını müəyyənləşdirə, ssenari bazasını yarada bilərdi, nəticədə əsərlər yaranardı. Hollivudda ssenari qıtlığı yoxdur, istənilən mövzuya dair hazır layihələr var ki, onların ekranlaşdırılmasını ən qısa zamanda gerçəkləşdirmək mümkündür. Hollivud gələcəkdə belə baş verə biləcək hadisələrlə bağlı filmlər istehsal edir, cəmiyyəti dəyişikliklərə hazırlaşdırır. Biz isə iki il öncə əldə etdiyimiz qələbəyə hələ bundan sonra hazırlaşacağıq.

Son illər məmurların dilindən düşməyən “Qarabağ mövzusu”nda filmlər istehsal edilirdi. Belə filmlər isə bir qayda olaraq patriotikdir. Amma vətənpərvərlik filmləri yalnız müharibə kadrları ilə dolu olmamalıdır və yalnız zəfər günündə baxılmaq üçün çəkilməməlidir. Film bəşəri dəyərləri özündə əks etməlidir ki, həmişə baxımlı olsun. Vətənpərvərlik filmi deyəndə, insanda ailəsinə, xalqına, vətəninə sevgini formalaşdıran film başa düşülməlidir. Belə filmlərin beynəlxalq istehsal standartları var. Bizdə isə son 30 ildə bu mövzuda istehsal olunan filmləri elə çəkiblər ki, onlara nəinki zəfər günündə baxmayacağıq, hətta bəzilərini bundan sonra ümumiyyətlə baxışa qadağa etməli olacağıq. Mədəniyyət Nazirliyi belə halların qarşısını almalı, ölkədə istehsal olunan filmlərin mövzu və janr balansını qorumalıdır. Nazirliyin vəzifəsi həssas sahələrin, kinoda isə janrların, mühafizəsini təmin etməkdir. Pandemiya dövrünədək istehsal edilən filmlərə nəzər salsaq, görərik ki komediya filmləri ümumi istehsal həcminin çoxluğunu təşkil edirdi, bu da əhalinin zövqüylə bağlı idi. Belə halda, dövlət dərhal digər sahələrin (janrların) inkişafını qoruyucu tədbirlərlə saxlayır, bu sahələrin məhv edilməsinə imkan vermir. Bunun üçün müvafiq stimullaşdırma tədbirləri həyata keçirilir, misal üçün, nazirlik həmin janrlarda müxtəlif müsabiqələr təşkil edir, həmin janrda kino layihələrinə dəstəyin minimal həddini artırır və ya dövlət sifarişi ilə kino istehsal edir.

Nazirlik isə bunu indiyədək etməyib, çünki bacarmayıb, işin mahiyyətini hiss etməyib. Nəticədə bu gün tamaşaçını başqa janra yönəltmək artıq çətinləşir, başqa janrda film istehsalı ilə məşğul olmaq istəyənlər də artıq həvəsdən düşüb. Bu mənada nazirlik həm mövzu, kontent və tərkib, həm də tamaşaçı (yaş, cins, bölgə və s.) baxımından tarazlığın qorunmasını təmin etməlidir.

- Ümumiyyətlə, mədəniyyətdə keyfiyyət dəyişikliyi yaratmaq üçün hansı islahatların keçirilməsi zəruridir?

- Mədəniyyət sahəsində keyfiyyət dəyişikliyini yaratmaq üçün müasir standartları tətbiq etmək lazımdır. Əsasən də idarəetmə standartlarını. Vaxtilə, kino sahəsində keyfiyyətin yüksəlməsi məqsədilə, dövlət proqramı qəbul edildi, orda ardıcıl tədbirlər planı öz əksini tapmışdı. Onun hazırlanmasında iştirak etmişəm və hələ 2007-ci ildə “Yeni dalğa” prodüser mərkəzi adından mərhələli islahatların aparılmasını öz təkliflərimizdə qeyd etmişdik. Nəticədə, verdiyimiz təkliflərin hamısı proqramda öz əksini tapdı. Proqramda nəzərədə tutulmuş tədbirlər planı vaxtında, ardıcılıqla icra edilsəydi, biz regionda kino sahəsində liderə çevrilə bilərdik. Bizdə isə ardıcıllıq pozuldu, tədbirlər planının icrası sonuncu mərhələdən başladı. Ssenari bazasını və yaradıcı heyət formalaşdırmaq, qanunvericilik və struktur islahatlarını aparmaq əvəzinə, müasir kinoteatrlar inşa edildi, sonra isə kino fondu üçün bina inşa edildi və pul qurtardı. Amma, təəssüf, bu sahənin idarəedilməsi və qanunvericilik bazası dəyişmədi, kinostudiya təmir edilmədi, kamera və çəkiliş avadanlıqları isə yeni komanda tərəfindən son iki ildə yeniləndi, kinostudiya bazasında kino istehsalı mərkəzi yaradılması isə ümumiyyətlə baş vermədi. Bu, problemin bir hissəsidir. Digər tərəfdən, keyfiyyətə ən çox təsir edən faktor peşəkarlıqdır. Bu sahədə gənc peşəkarların sayı artmalıdır. Bu da, filmin istehsalının hər bir mərhələsində baş verməlidir. Və nəhayət, kino sahəsində müvafiq standartlar da tətbiq edilməli, beynəlxalq təcrübələr gətirilməli və onlara riayət olmasına nəzarət gücləndirilməlidir. Bunların əldə edilməsinin ən asan yolu isə birgə istehsaldır ki, biz buna həm hazır, həm də açıq olmalıyıq. Qonşu Gürcüstanda xarici film istehsalçıları öz işini rahat təşkil edir və orada çoxlu sayda kino sahəsində ixtisaslaşmış mütəxəssis var. Bizdə isə, 2018-ci ildə müddəti bitmiş proqramın əvəzinə yeni dövlət proqramı yoxdur və milli kinematoqrafiyamızın hansı yolla inkişaf edəcəyi aydın deyil. Yeni Dövlət proqramına və yeni tədbirlər planına ehtiyac var və onun hazırlanması da mütləq kino sahəsində çalışan hər bir şəxsin iştirakı ilə müzakirə olunmalı və icrasına nəzarət edilməlidir.

- Amma ötən həftə dövlət başçısı Kino Agentliyinin yaradılması haqda fərman imzaladı...

- Kino Mərkəzinin yaradılması və kino sahəsinin daha müasir idarəedilməsi son 15 ildə gündəmdədir. Kino ictimaiyyətinin müxtəlif nümayəndələri bunu səsləndirirdilər, mən isə son 10 il ərzində nazirlikdə görüşlərdə iştirak etmişəm və təkliflər təqdim etmişəm. 2017-ci ildə hazırladığım təkliflər özündə Kino Mərkəzi, Kino Fondu (kino layihələrinin maliyyələşmə mexanizmi) və Kino İnstitutunu (indi Kino Fondunun bazasında) ehtiva edirdi. Təkliflərdə Kino İnstitutunun vəzifələri, yerli və dünya kinematoqrafiya irsinin öyrənilməsi, müasir kinematoqrafiyanın inkişaf tendensiyalarının təhlili və elmi araşdırmaların həyata keçirilməsidir. Bu təkliflər qəbul edilmədi, əvəzində nazirliyin yeni komandası ilə birlikdə keçən ilin əvvəlində paket şəkildə Agentliyin təsis sənədlərinin və kino konsepsiyanın hazırlanmasında iştirak etmişəm və demək olar ki, təkliflər tam olaraq keçən ilin aprelində hazır idi. Burda əsas prinsip müstəqil və şəffaf idarəetmə, daxili bazarın, janr müxtəlifliyinin qorunması, yaş həddi üzrə kontentin istehsalı, yayımlanması, beynəlxalq şəbəkələrdə aktiv iştirak, beynəlxalq layihələrin keçirilməsinə dəstək (birgə istehsal, festival və s), yerli kadr potensialının gücləndirilməsi və diversifikasiyasıdır (əsas və köməkçi, texniki heyət və s.). Bunların hamısı bir hədəfdir, ona çatmaq isə uzun prosesdir. Səlahiyyətlər dəqiq müəyyənləşməli, beynəlxalq fəaliyyət strategiyası, kino layihələrinin və təşəbbüslərinin maliyyələşmə qaydaları hazırlanmalıdır. Qeyd etdiyim kimi, bunun daha tez yaradılması gözlənilirdi, amma Fərmandan göründüyü kimi, onun icrası və rəhbərliyin təyin edilməsi ən azı növbəti 2-3 ayda baş verəcəkdir. Bu isə o deməkdir ki, kino indiki struktur və oturuşmuş təcrübələrlə idarə ediləcəkdir. Öz təcrübəmdən onu deyim ki, ilin sonuna kimi heç bir dəyişiklik olmayacaq.

- Bəs qonşu ölkələrdə bununla bağlı hansı təcrübələr var?

- Avropa kino sənayesi ciddi bazar olduğundan, Avropada Hollivud və digər ölkələrin filmlərindən öz bazarını qorumaqdan ötrü fundamental işlər aparır. Bu təkcə proteksionist tədbirlərindən ibarət deyil, eyni zamanda, mövzular, janrlar və istehsalın təşkilində daim islahatlar aparılır, satış, sərgiləmə müştərək həyata keçirilir. Bir qayda olaraq, hər hansı bir qurum yaranmadan öncə, onun dünyadakı analoqu nəzərdən keçirilir, səlahiyyətləri təhlil edilir, inteqrasiya, əməkdaşlıq imkanları qiymətləndirilir. Bu gün, Avropada fəaliyyət göstərən Kino Mərkəzləri (İnstitutlar) beynəlxalq şəbəkələr təsis edir və hər biri öz adına, vəzifəsinə uyğun fəaliyyət göstərir. Misal kimi, EFP (European Film Promotion) AB-nin kino mərkəzləri şəbəkəsidir ki, bura 38 AB üzv dövlətinin kino mərkəzi və ya institutları üzvdürlər. EFP-nin əsas məqsədi Avropa filmlərinin təbliğatı və tanıtımı, satışının stimullaşdırılması, maliyyələşdirilməsinə dəstəkdir. Dövlət Proqramının tədbirlər planının 2.6.-cı bəndində 2009-cu ildə Azərbaycanın Eurimage Avropa kino fonduna üzvlüyü nəzərdə tutulurdu. Bugünə kimi bunun baş verməməsinin sadə səbəbi var – nazirliyin müvafiq strukturu, prosedurları və maliyyələşdirmə qaydaları Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlığa tam olaraq imkan vermir. Bunun üçün, yeni struktur yaratmadan belə, müvafiq qanunvericiliyin yenilənməsi və şəffaf prosedur qaydalarının tətbiq edilməsi kifayət edirdi. Bizdə isə Mədəniyyət Nazirliyində Yeni Agentliyin yaradılması ilə bərabər nazirlikdə şöbənin saxlanılması Avropadakı Kino Mərkəzlərinin müstəqillik prinsiplərinə ziddir. Zənnimcə nazirliyin köhnə “kino” yeni “audiovizual” şöbəsi Kino Agentliyinin fəaliyyətinə və verəcəyi qərarlara tam nəzarət edəcək. Bu isə kino sahəsində bir çox problemlərin öz həllini tapmaması və gözlənilən çevikliyin olmaması ilə nəticələnəcək. Yəni, ad dəyişsə də problemlər olduğu kimi qalacaq.

- Hər halda, nəticəni gözləyək... Fikrin bəy, son 3 ildə Azərbaycanda tammetrajlı filmlər istehsal edilsə də, onların nümayişi yoxdur. Nazirliyin istehsal olunan filmi göstərməmək ixtiyarı varmı?

- Əgər istənilən bir film dövlət maliyyəsi ilə istehsal edilirsə, o qeyd-şərtsiz nümayiş olmalıdır. Nümayiş olunmursa, ya filmin materialları zaydır (bunlar ya bərpa edilir və ya təkrar çəkilir) və ya filmin son variantı senzuradan keçməyib. Dünya kinematoqrafiyasında senzura deyilən bir şey yoxdur, yalnız yaş məhdudiyyətləri var. Digər tərəfdən, müharibənin, eləcə də sosial, irqi, milli, dini üstünlüyün təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini əks etdirən və ya zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş filmlərin dövlət hesabına istehsalına, yayımına icazə verilmir. Filmi istehsala buraxmazdan əvvəl ssenarinin seçim müsabiqəsi keçirilməlidir. Müsabiqə sənədlərində isə ssenarilərin seçim meyarları dəqiq müəyyənləşməlidir. Əgər ssenarinin seçim meyarlarına cavab verməsi onun dövlət hesabına istehsala buraxılmasına imkan verirsə, o qeyd-şərtsiz nümayiş olunmalıdır. Digər tərəfdən, istənilən kino istehsalçısı, gələcəkdə belə halların olmaması üçün sınanmış əsərlərə müraciət etməlidir. Sınanmış əsər dedikdə, ssenarilərin müxtəlif formalarda geniş auditoriyaya çatdırılması, ssenarilərin ictimai müzakirələrinin aparılmasıdır. Qərbdə bir qayda olaraq, roman və ya pyes əsasında səhnələşdirilən, sonradan ekranlaşdırılan əsərlər daha uğurlu olur. Misal kimi, “Harry Potter” 450 mln nüsxədə çap olunub, geniş müzakirə edilib və tənqidçilər tərəfindən qiymətləndirilib. Əsər tamaşa, teleserial və s. formalarda istehsal edilərək geniş auditoriyanı filmə hazırlayıb. Əsas meyar əsərə artan maraqdır. Bu, yeni təcrübə deyil, Eldar Ryazanovun bir çox filmi kitab formatında yayılandan və teatr tamaşasından sonra ekranlaşdırılıb. Son illər bizdə bir çox filmin rəflərdə qalmasının səbəbi qeyri-şəffaf seçim və sınanmamış əsərlərin əsasında filmlərin istehsalıdır. Bəzi tarixi hadisələrin, ədəbi əsərlərin əsasında, görkəmli şəxslərin həyatı ilə bağlı dövlət sifarişli və 100% dövlət büdcəsi hesabına filmlər istehsal edilir. Burada dövlət sifarişinin verilməsinin məqsədi müəyyən ictimai ehtiyaclarının vaxtında qarşılanmasıdır. Əgər, əhalinin Qarabağ mövzusuna ehtiyacı varsa və dövlət başçısı buna vəsait ayırırsa, demək buna öncədən hazırlıq işləri aparılmalı, seçimlər isə şəffaf qaydada, obyektiv meyarlarla, açıq rəqabət şəraitində aparılmalıdır.

- İndiyədək bir neçə film istisna olmaqla, digər filmlərin büdcəsi açıqlanmır. Dövlət maliyyəsinə çəkilmiş filmin büdcəsi kommersiya sirri hesab oluna bilərmi? Yoxsa hesabatlılıq prinsipi gözlənilməlidir?

- Mədəniyyət Nazirliyi dövlət büdcəsi hesabına istənilən satınalmanı və ya maliyyələşməni keçirirsə bu, tam şəffaf olmalı, müqavilə tərəfi və dəyəri barədə məlumatlar ictimaiyyətə açıqlanmalıdır. Burada ümumi müqavilə dəyəri hər hansı bir məxfi məlumatı özündə əks etmir və kommersiya sirri deyil. Amma filmin istehsalı ilə bağlı bəzi xərclər kommersiya sirri hesab edilə bilər, bu da əsasən yaradıcı heyətin qonorarları və aktyorların mükafatlandırılmasıdır. Çox yaxşı bir suala daha açıq cavab vermək istərdim. Bir qayda olaraq, kino industriyası ən qabaqcıl təcrübələrdən istifadə edir və bu təcrübələr təkcə texnologiyaların istifadə edilməsi ilə məhdudlaşmır. ABŞ və Avropa təcrübəsində, kino sahəsində hətta kommersiya filmləri belə büdcənin ümumi xərclər maddələrini bəyan edirlər. Bu, həm birgə istehsalla əlaqədardır; belə ki, qeyri-şəffaf tərəfdaşla heç kim müştərək istehsal etməyəcək. Birgə istehsal isə istehsal xərclərini aşağı salmaq və satış bazarlarında zəmanətli kino prokatı əldə etmək imkanını yaradır. Bununla da, kino istehsalçıları hər kino layihəsi üçün audit keçirirlər, məlumatları açıq edirlər. Eyni zamanda, bu onunla əlaqədardır ki, bir neçə film festivalında (misal kimi ABŞ Kino akademiyası) filmin uğurunun qiymətləndirlməsində bilet satışı meyarından (box office) istifadə edilir. Bizdə belə təcrübə nə dövlət istehsalında, nə də özəl istehsalda var. Boxofficemojo deyilən internet səhifəsində tanınmış filmlərin büdcəsi və gəlirləri barədə məlumatlar yerləşdirilir. Ən çox satılan filmlərin arasında birinci yer “Avatar” filmi tutur. Filmin ümumi büdcəsi 237 mln, ümumi gəliri isə 2.9 mlrd dollardır. Bir çox film istehsalçısı istehsal büdcəsini və gəlirləri barədə məlumatı açıq etməyi, həmin siyahıda film barədə məlumat yerləşdirməyi özünə şərəf bilir.

- Amma bir qayda olaraq, dünya praktikasında aktyorların da qonorarları açıqlanır. Üstəlik, əgər dövlət büdcəsindən film çəkilirsə, qonorar verilirsə, məncə onların da açıqlanması maliyyə şəffaflığına xidmət edəcək. Ümumiyyətlə, qonorar sistemi necə tənzimlənməlidir?

- Burada tam açıq olsun deyə yerli və xarici təcrübələrimi bölüşmək istərdim. ABŞ təcrübəsindən danışsaq, aktyorlarla müqavilələr agentlər vasitəsilə bağlanılır. Aktyor sonda təbii ki, öz gəlirlərini bəyan edir, amma bu bəzən illik gəlir formasında olur. Filmin büdcəsində aktyorlar bəndində qeyd edilən məbləğlər isə agentlə birlikdə olan ümumi məbləği əks edir və bəzən, bu kommersiya sirri olaraq qalır. Bəzən aktyorlar öz qonorarının açıqlanmasını istəmir, bu da özünü daha yuxarı qiymətlə bazarlamaq niyyəti ilə bağlıdır.

Bizdə isə dövlət büdcəsi hesabına kino istehsalında qonorarlarla bağlı çətinliklər var. Belə ki, Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli № 38 saylı Qərarın 5-ci bəndinə əsasən “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”-nda (10 nömrəli əlavə) filmlərin istehsalı ilə bağlı qonorarın minimum və maksimum həddi müəyyən edilmişdir. 2021-ci ildə mən bu Qərara düzəlişlərin edilməsi ilə əlaqədar müvafiq təklifləri Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Təklifimdə qeyd edilir ki, Azərbaycan Respublikası Ədəbi və bədii əsərlərin qorunması haqqında 1886-cı il 9 sentyabr tarixli Bern Konvensiyasına (1979-cu ildə dəyişdirilmiş 1971-ci il 24 iyul tarixli Paris aktı) 27 Noyabr 1998-ci ildə qoşulmuşdur. Bern Konvensiyasının 11(bis) və 13-cü maddələrinə əsasən müəllifin mükafatlandırlması qaydaları müəllif müqaviləsi ilə müəyyən edilir, bu mümkün olmadıqda dövlət tərəfindən müəllif mükafatlandırılmasının minimum həddi müəyyən edilir. MDB və Avropa dövlətlərində mövcud təcrübəyə əsasən Bern Konvensiyasının qeyd olunan maddələrinin icrası ilə əlaqədar müəllif mükafatlandırılmasının minimum həddi konkret məbləğlə deyil, faiz nisbi ilə müəyyən edilir. Beləliklə, mən tərəfdən qeyd olunan Qərarın 10 nömrəli əlavəsində, minimum hədd faizlə müəyyən edilməsi , maksimum həddin isə ümumiyyətlə qərardan çıxarılması təklif edilmişdir.

Gördüyünüz kimi, bizdə bir standart yoxdur, amma dövlət büdcəsi hesabına maliyyələşən filmlərə minimal və maksimal qonorar həddi müəyyən edilir. Bu da yüksək qonorarların ödənilməsinə və beləliklə dövlətin sosial funksiyalarını icra etməyə imkan vermir.

- Fikrin bəy, daha bir məsələyə münasibətinizi öyrənmək istəyirəm. Ötən il Mədəniyyət Nazirliyi Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatını etdi. Nə komissiyasın rəhbəri İlkin Məmmədlinin müsahibəsində, nə rəsmi saytda qurumun fəaliyyəti, yerli kinoistehsalının formalaşmasında hansı rolu oynayacağı haqda detallı informasiya əldə etmədim. Film Komissiyası sahəsində beynəlxalq təcrübələrlə bağlı geniş məlumatınız var. Bununla bağlı bilgilərinizi bölüşməyinizi istərdim.

- British Council-in keçirdiyi layihədə yerli ekspert kimi iştirak etmişəm və Film Komissiyaları barəsində təhlil aparmaqla yanaşı, hesabat və təkliflər paketini Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Latviya, Çexiya və Litva təcrübələrinə əsaslanaraq müvafiq ərizə və müraciət formalarını və xərclənən vəsaitin geriyə qaytarılmasının “cash rebate” faiz dərəcələri ilə bağlı təklifləri də Nazirliyə təqdim etmişəm. Mənim təkliflərim elə masa üstündə qaldı. Amma nazirliyin məsul şəxslərindən ibarət heyət, dərhal mənim təkliflərimdən sonra, getdiyim ölkələrə film komissiyalarının təcrübəsini təhlil etmək məqsədi ilə səfər etdilər və öz peşəkarlığını yüksək səviyyədə göstərdilər; ölkəyə heç bir təklif gətirmədən qayıtdılar. Film Komissiyaları bir qayda olaraq, xarici filmin istehsalına təşkilati dəstək məqsədini daşıyır. İlk təcrübələr ABŞ-da başlasa da, sonradan dünyanın bir çox dövlətində geniş yayılmağa başladı və hazırda da bir çox dövlətin kino istehsalının inkişafına müsbət təsir göstərir. Film Komissiyaların da şəbəkəsi var. Hər bir dövlətdə, xüsusilə Avropada bu 1-2 nəfərdən və ya şəhər bələdiyyəsində və ya kino mərkəzində şöbədən ibarət olan bir qurumdur. Film Komissiyası dünyanın heç bir yerində inhisarçı deyil, özü istehsalla məşğul deyil və ümumiyyətlə xarici film istehsalçısı ilə yerli film istehsalçısını əlaqələndirir. Film komissarları beynəlxalq kino festivallarında öz dövlətlərini və ya Film Komissiyaları şəbəkəsindən olan üzvləri təmsil edir, məlumatlar verir və istehsalçıları ölkəyə yönəldir. Bir qayda olaraq, xarici film istehsalçıları ölkə iqtisadiyyatına pul, sərmayə gətirir və bu səbəbdən, qəbul edən ölkələrdə xərclənən pulların bir qisminin geriyə qaytarılması (cash rebate) mexanizmləri tətbiq edilir. Avropada bu faiz ümumi xərclənən vəsaitin 20-35% təşkil edir. Şərtlərdə isə, layihənin mədəni testdən keçməsi, minimal və maksimal xərc həddinə cavab verməsi, yerli kadrların istifadəsinin minimal həddi və s. qeyd edilir. Bəzi dövlətlərdə milli bayrağın, milli mədəni irs nümunələrinin, baş rollarda yerli aktyorların oynaması xarici istehsalçıya əlavə 5% verir.

Bizdə yaranan mövcud qurum Dublyaj studiyasının bazasında yaradılıb və faktiki olaraq xarici film istehsalçılarına göstəriləcək xidmətlərdə inhisarçılıq edir. Bu isə beynəlxalq təcrübəyə ziddir. Film komissiyası yerli kiçik prodüserlərin güclənməsinə və davamlı maliyyəyə malik olmasına xidmət edir. Çexiyada yüzlərlə prodüser şirkətləri yalnız xarici film istehsalçısına təşkilati xidmətlər göstərir. Bizdə yaranan struktur isə Azərbaycanfilm kinostudiyasının infrastrukturundan istifadə etməklə bir ildə maksimum 2-3 filmin istehsalını təşkil edə biləcək. O şərtlə ki, Azərbaycanfilm kinostudiyasında film istehsalı olmasın. Amma, eyni vaxtda Azərbaycanfilm-in də istehsalı olarsa mövcud yanaşma ilə ya Filmkomissiyası belə xidmətləri göstərməkdən imtina edəcək və ya yerli prodüserlərə müraciət etməli olacaqdır. Belə risklər varsa, deməli bu yanaşma səhvdir və onu tamamilə aradan qaldırmaq lazımdır.

Dublyaj Studiyası birbaşa dublyaj ilə məşğul olmalıdır. Bu da çox vacib məsələdir; qonşu Gürcüstanda son 5 il ərzində dövlət tərəfindən bütün filmlərin gürcü dilinə tərcümə edilməsi həyata keçirilir. Nəticədə həm dil qorunur həm də inkişaf edir, aktyor potensialı güclənir və səsyazma studiyaları və texnologiyaları inkişaf edir. Xarici dildə filmlərin nümayişi isə xüsusi rüsum və vergilərin tətbiq edilməsi ilə həyata keçirilir və bu vəsait yerli film istehsalına və dublyaja yönəlir. Filmlərin dublyajını dövlət hesabına həyata keçirilməsi dilimiz və ölkəmiz üçün vacibdir.

- Fikrin bəy, kino haqqında qanun hələ də yenilənməyib. Bir ara bu qanun üzərində işləyirdiniz. Konkret hansı təklifləri irəli sürmüşdünüz? Və niyə qanun qəbul olunmadı?

- Kino haqqında mövcud qanun müasir tələblərə cavab vermir, müasir tənzimləməni təmin etmir. Ümumiyyətlə, mövcud qanun qəbul olunanda belə öz dövrünün tələblərinə cavab vermirdi. Köhnə qanun da kino sahəsində inhisarçılığı yaratdı, özəl sektorun və özəl prodüser şirkətlərinin yaranması və inkişafını xeyli ləngitdi. Azərbaycan Kinosu dövlət proqramında qanunvericiliyin təkmilləşdirilməsi 2009-cu ildə nəzərdə tutulmuşdur. Bu fəaliyyət üzrə heç bir iş görülmədi, və Nazirliyə dəstək olmaq məqsədilə mən 2010-cu ildə qanun layihəsini yazıb Nazirliyə göndərdim. Nazirliyin Kino şöbəsi bir çox təklifi layihədən çıxardı, sonda isə ümumiyyətlə qanunvericiliyin təkmilləşdirilməsi prosesini dayandırdı. Yazdığım qanun layihəsində yeniliklər çoxdur, milli film konsepsiyası, milli ekran vaxtı, istehsalın və distribusiyanın dövlət tənzimləməsi, film komissiyaları, festivallara aid ayrıca bölmə və s. Qanunla yanaşı, Vergi Məcəlləsinə və Gömrük Tarifi haqqında Qanuna da dəyişikliklər layihəsi də Milli Məclisə təqdim edilmişdir ki, bu da sərmayələrin qoyuluşunu və maddi-texniki bazanın müasirləşməsinə xidmət edəcəkdir. Layihə hazırda Milli Məclisdədir, amma daha müasir tələblərə cavab verməsi üçün Qanun layihəsinə bir çox təkliflərim var ki, filmin istehsalı və distribusiyasını tam əhatə edən mexanizmləri özündə ehtiva edir. Ümumiyyətlə, mədəniyyət və xüsusilə kino sahəsində aparılan islahatlar Agentliyin yaradılması ilə bitməməlidir. Azərbaycanfilm Kinostudiyasının bazasında Kino Parkının yaradılması ilə bağlı təkliflərim var, bu da parkda rezident statusu almış kino şirkətlərinə müddətli vergi güzəştlərinin verilməsi qaydasını müəyyən edir. Kino Parkı yaradılarsa və orada müasir tələblərə cavab verən idarəetmə sistemi qurularsa, bir çox kino xidmətlərinin yaradılması mümkün olacaq, yeni ixtisaslar və peşələr yaradılacaq, rəqəmsal laboratoriyaların yaradılması gerçəkləşəcək, nəticədə ixrac qabiliyyətli kino xidmətlərinin həyata keçirilməsi də mümkün ediləcəkdir və s.

- Təzəlikcə, mediada Mədəniyyət Nazirliyinin teatr kollektivlərinə geyimlərlə bağlı müəyyən şərtlərin tətbiqi haqda xəbərlər yayıldı. Düzdür, nazirlik belə bir şey olmadığını dedi. Bütün hallarda yaradıcı kollektivə belə qadağalar tətbiq olunarsa, onun hüquqi əsaslanması necə ola bilər?

- Son günlər, Mədəniyyət Nazirliyi gündəmdə qalmağı bacarır (gülür). Düşünürəm, belə bir şərtlər yoxdur və bu bir zarafatdır. Ümumiyyətlə, belə məlumatların yayılması yaxşı hal deyil və nazirlik birbaşa məsul olduğu işin nəticələri ilə gündəmdə qalmalıdır. İstənilən halda, belə bir əmrlər Nazirlik tərəfindən verilməzdən öncə, onlar hərtərəfli işlənməlidir və orada müəyyən edilmiş qaydalar və tətbiq edilən istənilən qadağalar əsaslandırılmalıdır. Bununla bağlı bir misal gətirmək istərdim, 2013-cü gün Türk Hava Yollarının rəhbərliyi parlaq dodaq boyasına rəsmi qadağa tətbiq edildiyini açıqladı, xüsusilə, stüardessaların dodaq makiyajında ​​qırmızı və parlaq çəhrayı çalarlardan istifadə etməyə qadağa tətbiq edildi. Türk hava daşıyıcısının rəsmisi səbəbi onda göstərdi ki, stüardessalar Türkiyənin və Aviaşirkətin simasıdır. Onların görünüşü mümkün qədər təbii olmalıdır, qıcıq yaratmamalıdır. Bu da onlara işində daha peşəkar olmalarına, sərnişinlərlə adekvat ünsiyyət qurmalarına, və səyahət edənlər tərəfindən düzgün qəbul olunmalarına xidmət edəcəkdir.

- Amma yaradıcı mərkəzlərdə dress kod işin keyfiyyətinə necə təsir göstərə bilər? Rejissorun, aktyorun məşqi dress kodda etməsini təsəvvür edəndə gülməli mənzərə yaranır. Teatrın imici onu ortaya qoyduğu keyfiyyətli məhsul olmamalıdırmı?

- Yaradıcılıq mərkəzində aktyorlara “dress code” tətbiq etmək ideyası belə yanlışdır. Belə sualla gözümün önünə kino festivallarında və ümumiyyətlə ciddi beynəlxalq tədbirlərdə qırmızı xalçada özünü təqdim edən və tədbirə yaraşıq verən məşhur ulduzlar gəlir. Təsəvvür edin, hər bir sima (misal üçün Monica Belucci) məşhur brendləri sərgiləyir, həm geyimi ilə, həm də aksessuarları ilə. Bu reklamverənə, aktyora və onun agentinə və onun iştirak etdiyi tamaşaya əlavə gəlir deməkdir. Dünyada teatrlar məşhur, baxımlı, tanınan və izlənilən sənətçilər üzərində rəqabət aparır, aktyor vasitəsilə davamlı olaraq pul qazanır və teatr infrastrukturunu işlək vəziyyətdə saxlayır. Teatrın imici yalnız və yalnız onun tamaşalarıdır. Aktyoru “dress kod”la məhdudlaşdırmaq keyfiyyətə xələl gətirən amillərdəndir, bu da sonda tamaşaçını, xüsusilə həmin aktyorun pərəstişkarlarını teatrdan uzaqlaşdıra bilər, sonda uduzan təkcə teatr deyil, ümumiyyətlə mədəniyyət sənayesidir.

# 5027 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #