Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb
20 iyun 2025
# 14:00

Kulis.az Günel Novruzun "Məhkəmə salonlarında bitən illüziyalar..." yazısını təqdim edir.

Bu yaxınlarda Ulucay Akifin “Boşanmaların əsas səbəbi nədir?” adlı yazısını oxudum. Müəllifin bu mövzuya cavab olaraq əsas arqumenti yanlış seçimlər oldu. Bir çox maraqlı məqamları açıqlasa da, yanlış seçimlərin səbəblərinə daha dərindən toxunmayıb. Bəs niyə kişilər və qadınlar bu qədər yanlış seçimlər edirlər?

Kişilərin səhvləri bəzən daha açıq və güclü şəkildə təzahür edir. Kişilər çox zaman münasibət və sevgi məsələlərində impulsiv qərarlar verir – yəqin ki, hormonal olaraq... Ən sadə halda, cəmiyyət, xüsusən, qadınlar, kişilərdən daim güc və iqtidar gözləyirlər.

Məsələn, bəzi kişilər yalnız fiziki cazibə və ya sosial statusları səbəbindən, ya da bir bibi ya da xala məsləhəti ilə qadınları seçirlər. Lakin bu, çox vaxt yanlış seçimlərə səbəb olur, çünki belə əlaqələr dərin və davamlı olmur. Kişilər çox vaxt öz emosional ehtiyaclarını açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Güclü və əzmkar görünmək istəyərkən, həqiqi hisslərini gizlədirlər və nəticədə özlərinə uyğun olmayan bir həyat yoldaşı seçirlər. Ən çox istədikləri, idealizə edilmiş bir qadındır, amma reallıq bambaşqadır. Kişilər bibi və xala tövsiyəsi ilə ailə qursa da, sonralar emosional ehtiyaclarını ödəmək üçün başqa qadın axtarırlar.

Qadınların yanlış seçimləri isə bəzən cəmiyyətin gözləntiləri ilə sıx bağlıdır.

Cəmiyyət qadınlardan "sevgi" və "ailə" kimi anlayışlara xidmət etmələrini gözləyir. Bu gözləntilər qadınları, bəzən öz hisslərini və ehtiyaclarını kənara qoymağa vadar edir. Cəmiyyət, əsasən də, kişilər, qadınlara ailədə “fədakar qurban” rolunu yükləyir. Onların ailədə hər zaman səbirli, dözümlü olmaqları, fiziki, psixoloji və iqtisadi təzyiqlərə boyun əymələri gözlənilir. Bu isə qadınları çox vaxt öz arzularını və istəklərini ikinci plana atmağa məcbur edir.

Qadınlar bəzən, sadəcə, ana roluna bürünüb, həm özünün, həm də ərinin emosional və fiziki ehtiyaclarını unudur.

Çox vaxt həyat yoldaşına, sadəcə, “dost” və ya “sevgili” olmağın vacibliyini gözardı edirlər.

Sonradan isə evdən uzaqlaşmış həyat yoldaşını geri qaytarmaq ümidiylə ya falçı-baxıcı qapılarında ağac kimi bitirlər, ya da evdə kişinin gününü göy əskiyə bükürlər.


Yaxud da bəzi boşanan qadınlar “mükəmməl” bir kişini tapmaq arzusuyla gözlərini bağlayıb özlərinə uyğun olmayan insanlarla əlaqələr qurur, həyatlarında dəstək və sevgi gözləyir. Amma nəticə "heç nə" olanda və bu ehtiyacları qarşılanmayanda növbəti xəyal qırıqlığı baş verir. Çox erkən yaşlarda - romantik hisslərə əsaslanıb, “bütün həyatımı bu insana həsr edəcəyəm” fikri ilə qərar verənlər də sonradan səhv etdiklərini başa düşürlər.

Kişilər və qadınlar arasında yanlış seçimlərin səbəbləri çox vaxt oxşar olsa da, cəmiyyətin fərqli gözləntiləri və rol təzyiqləri onların seçimlərinə müxtəlif şəkildə təsir edir. İnsanlar özləri də bəzən yetkin düşüncədən uzaq, idealizə edilmiş münasibətlər və ya şəxslər üzərində qurmağa meyllidir. Onlar sevgi, yaxınlıq və dəstək tapmaq istəyirlər, amma bu istəyin arxasında çox zaman ehtiyaclar, qorxular və gözləntilər durur.

Əlavə olaraq, insanlar bəzən tələskənlik, maddi düşüncələr, ailə təzyiqləri və cəmiyyətdəki stereotiplər kimi amillər səbəbindən yanlış seçimlər edirlər. Psixoloji olaraq yetkinləşməmiş və xaraktercə bir-birinə uyğun olmayan insanlar arasında qurulan ailələrin ömrü çox vaxt ya məhkəmə salonlarında, ya da digər travmatik şəkildə sona çatır.

Yanlış seçimlərin kökündə çox zaman kənar təzyiq, ənənəvi gözləntilər və şəxsi mənəvi-emosional boşluqlar dayanır.

Həm kişilər, həm də qadınlar öz ehtiyaclarını və duyğularını kənara qoyaraq, sosial normalara uyğun hərəkət etməyə çalışırlar. Amma hər iki tərəf də öz içindəki həqiqəti və özünü anlamağa çalışmalıdır.

Romantizmdən daha çox, real, güclü və səmimi əlaqələrə yönəlmək lazımdır. Həm kişilər, həm də qadınlar yalnız özlərini tanıyandan və dərk edəndən sonra, öz ehtiyaclarına və duyğularına uyğun seçimlər etməlidirlər.


Əks halda, bu ölkənin vəkilləri və hakimləri daim boşanma məsələləri ilə məşğul olacaq...

# 355 dəfə oxunub

Oxşar xəbərlər

Roma Papası süni intellektə qarşı

Roma Papası süni intellektə qarşı

18:30 20 iyun 2025
Meloni Makrona niyə göz süzdürdü? - Replika

Meloni Makrona niyə göz süzdürdü? - Replika

17:56 20 iyun 2025
“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

17:00 20 iyun 2025
İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

16:10 20 iyun 2025
Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

15:30 20 iyun 2025
Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not

Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not

13:58 20 iyun 2025
#
#
# # #