Everesti fəth etmək nəyimizə lazımdır? - 100 min dollara qədər...

Everesti fəth etmək nəyimizə lazımdır? - 100 min dollara qədər...
24 may 2025
# 12:00

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

Son günlərin əsas qəhrəmanı Everest və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəmandır. Daha sonra deyildi ki, yox, Everesti fəth edən azərbaycanlı qadın o deyil, Elmira Aslanova olub. Mənim üçün fərqi yoxdur, çünki söhbətimin məğzi başqadır.

Nədənsə, alpinistlər tez-tez bizə sərt təbiət halları ilə üz-üzə gələn, öz həyatını hansısa ad naminə riskə atan, zirvələri fəth edən iradəli insanlar kimi tanıdılır. Ancaq bu obrazın arxasında gizlənən bəzi suallara cavab tapa bilmədiyimizi düşünürəm.

Bu risklər, həqiqətən də, zəruridirmi? Yoxsa, biz sadəcə özümüzü zirvələrə daşımaq istəyirik?

Bunun başqa adı nədir? Məsələn, alpinistlər deyir ki, alpinist olmayan şəxslər onları anlaya bilməz. Bəlkə, doğrudan da, belədir? Ona görə də biz onları anlaya bilmirik?

Hər il yüzlərlə insan Everest və digər yüksək zirvələrə qalxmaq üçün uzun və baha başa gələn ekspedisiyalara qoşulur. Onların da çoxunun rekord qırmaq və sosial şəbəkələrdə diqqət çəkmək üçün bu yolu seçdiklərini düşünürəm. Məsələn, dərindən düşünəndə deyə bilərik: Axı nə ehtiyac var? Hə, çıxdın, sonra? Axı bu, həm də çox təhlükəlidir. Təəssüf ki, bu “zirvə yarışı” bəzən ölümlə də nəticələnir. Halbuki hər riskin bir məsuliyyəti olmalıdır. Nədir bunun məsuliyyəti? İnsan özünə niyə belə bir ölüm seçsin?

- Mərhum necə ölmüşdü?

- Heç... zirvəni fəth edəcəkdi, təpəsi üstə dəydi yerə.

Beləmi olmalıdır? Adam niyə ora qalxıb özünü hava çatışmazlığına salsın? Özü-özünü niyə belə boğsun?

Görəsən, doğrudan da, alpinistlər “təbiəti sevdikləri üçün” dağlara çıxır?

Everest zirvəsi yer səthinin dəniz səviyyəsindən ən yüksək məsafəyə çatdığı nöqtədir. Alpinistlər burda donduran küləklərə məruz qala bilər. Çünki küləyin orta sürəti saatda 160 kilometrdir.

Everestə zirvə cəhdi edən alpinistlər 8,000 metr (26,000 ft) yüksəklikdən sonra "Ölüm zonası"na daxil olur və bu zonada hündürlük artdıqca yaşamaq üçün çətinliklərlə üzləşirlər. Loru dildə desək, canlarıyla əlləşirlər.

Temperatur çox aşağı səviyyəyə düşür, nəticədə havaya məruz qalan hər hansı bir bədən hissəsinin donması baş verir. Sağ qayıdanda belə bunun sonra daha pis fəsadları ola bilər. Çünki temperatur çox aşağı olduğu üçün bəzi bölgələrdə qar donur və sürüşərək düşməklə ölüm və ya yaralanma baş verə bilər.

Ölüm bölgəsinin təhlükəli təsiri o qədər böyükdür ki, alpinistlərin əksəriyyəti Cənub Aşırımından zirvəyə getmək üçün lazım olan 1.72 kilometr (1.07 mil) məsafəni getmək üçün 12 saat vaxt sərf edirlər.

İndiyə kimi 500 nəfərə yaxın insan Everest naminə həlak olub. Amma buna baxmayaraq, bu yüksəklik yenə də hər kəsi özünə cəzb edir.

Elə bil, zirvə dil açıb deyir ki, hey, mənə bax, bəlkə, qalxıb özünü öldürəsən?!

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman bildirib ki, “Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, - o bildirib.

Bu nə dəhşətli açıqlamadır? Bir qadın zərif əllərini niyə bu günə qoysun?

Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:

“Everesti fəth etmək 60 mindən 100 min dollara qədər başa gəlir”.

Everesti fəth etmək üçün Nepal hökümətindən icazənin qiyməti 11 min dollardır. Bu, sadəcə, icazənin qiymətidir. Ekspedisiya paketinin qiyməti isə 30-60 min dollar arası dəyişir. Şəxsi bələdçi və Şerpa (daşıyıçı) üçün 5-10 min dollar, geyim 5-10 min dollar... Digər xərcləri sadalamıram...

Bəziləri üçün bu fəth, şəxsi rekordun zirvəsi, bəziləri üçün isə ruhun azadlığı hesab olunur.

Bəli, Everestə qalxmaq asan deyil. Fiziki hazırlıq, psixoloji dayanıqlılıq və illərin təcrübəsi tələb olunur.

Ən acınacaqlısı isə odur ki, bəzi insanlar sadəcə adlarını "Everesti fəth edənlər" siyahısına yazdırmaq üçün öz həyatlarını və bəzən bələdçilərinin həyatlarını riskə atırlar.

Məni ən çox düşündürən sual isə odur ki, Everestə qalxanlar bu gün nəyin uğrundadır?

Axı bu nə məqsəddir belə?

Daha acınacaqlı olan odur ki, bəzi insanlar bu səyahətə nə fiziki, nə də mənəvi baxımdan hazır olmadan yola çıxırlar. Onların bu “macəra arzusu” bəzən təkcə öz həyatlarına deyil, bələdçilərin, xüsusilə də, yerli şerpa xalqının həyatına da təhlükə yaradır.

Sual olunur;

Dağlara qalxmaq, həqiqətən də, yüksəlməkdirmi?

Adam lap istəyir desin ki... Nə deyəsən?

# 540 dəfə oxunub

Oxşar xəbərlər

Yad et məni, aşiqanə yad et! - Günün şeiri

Yad et məni, aşiqanə yad et! - Günün şeiri

16:05 24 may 2025
Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

15:10 24 may 2025
"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?

"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

13:50 24 may 2025
Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

12:25 24 may 2025
Tbilisidə xalça sərgisi

Tbilisidə xalça sərgisi

11:30 24 may 2025
# # #