Kulis.az Hekayə müzakirəsi layihəsindən Orxan Saffarinin “Zavuçun pişiyi” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Aqşin Yenisey
Hekayəni Umberto Ekonun gözü ilə oxudum və sonda bir sual verdim: bu hekayədə müəllifin niyyəti nə idi, mətnin niyyəti nədir və oxucunun niyyəti nə olacaq? Hər üç sualım cavabsız qaldı. Əslində, hər bir yazıçı bu ərgənlik dövrünü keçməlidir, ya yaşayaraq, ya yazaraq. İçi mən qarışıq yazıçılarımız bu mərhələni yazaraq keçir, çünki yaşayaraq keçmək imkanlarımız bizdən asılı olmayan səbəblərə görə məhduddur. İngiltərədə parlament yeni yarananda bütün deputatlar söyüş söyürdülər. Söymək o qədər adi hal almışdı ki, bəzən nəzakətli danışanlara xüsusi rəğbətlə baxırdılar. Söyüş mühitində fərqlənmək üçün nəzakətli danışmaq get-gedə dəb halını aldı. İngilis parlamenti özünün ərgənlik çağını belə adladı. Bu hekayə Orxan üçün bir mərhələdir, ona görə ciddi tənqidə ehtiyac duymuram. Çünki vaxtı gələndə özü-özünü daha sərt tənqid edəcək.
İlham Əziz
Bir istədim fikir bildirməyim, sonra içimdə yüngülvarı titrəşmə oldu. Orxanın hekayəsini andeqraund hesab edirəm. Bizdə bu tip mətnlər olmur, olanda da açıq-saçıqlıq mətnə xidmət eləmir, əksinə mətn o açıq-saçıqlığa qul olur. Bu hekayə fərqlidir, tamdır, içindəki “oynaşmalar” adamı vurmur. Cəsarətli mətn deyəndə biz bunu nəzərdə tuturuq. Nə edirsən, et, amma mətnin atmosferi korlanmasın, içindəki sənət qığılcımları alışa bilsin. Kifayət qədər özünə inamlı hekayədir, görürsən ki, süjet müəllifdən qorxmur, arada onun özünü də adlayıb keçir. Orxanın hekayələri aşağı-yuxarı bu fəsildəndi, özü kimi “kobud”du, ancaq mayası təmizdi. Belə hekayələr də olmalıdır, lazımdır. Sonluq mətndə hər şeyi yerbəyer edib, xüsusi sığal çəkib. Təbrik edirəm, mən bəyəndim, cəzasını da Allah versin…
Təvəkkül Boysunar
Bu dil, bu mövzular Orxan Saffarinin üslubuna yad deyil. Amma bu hekayənin "Hüznsov depressiya" kitabındakı hekayələrdən daha zəif olduğunu düşündüm. O hekayələrdə poetik ab-hava, yaradıcılığın əsas mənbəyi olan və yaşantıdan, ilhamdan irəli gələn hiss duyğular var idi. Burda isə onların dozası çox aşağıdır. Səbəb, yəqin, odur ki, o hekayələrdən fərqli olaraq burda müəllif, hadisəni danışmağa daha çox maraq göstərib. Belə demək mümkünsə, baş qəhrəmanın otağa girərkən gördüyü o mənzərə bir növ müəllifi də çaş-baş salıb. Müəllifə uğurlar arzu edirəm.
Əgər hekayəni təkrar haradasa çap etmək istəsə, aşağıdakı iki cümlədə redaktə səhvlərini aradan qaldırmağı tövsiyə edərdim:
Deyəsən, mənə o inanan tək qadın elə o zavuç oldu.
Mənə məktəb koridorunda öpüşməyi, partanın yataq kimi istifadə etməyi, bir sözlə, nə varsa hamısını Yelena öyrətmişdi.
Orxan Həsəni
Sorokinin "Boş dərs" hekayəsini xatırladım. Məktəb və seks. Məncə, hekayəni daha yaxşı yazmaq olardı! Orxan Saffarinin hekayələri üçün oxşar bir əlamət var: tələskənlik. Müəllif yeriyə-yeriyə, aram-arxayın, vaxtında gedib çıxacağı yerə qaça-qaça çatmaq istəyir. Buna görə çox zaman müəllifdə olan bəzi məziyyətlər onun cibindən beləcə düşüb itir. Hekayədə müəllifin ürəyi çırpınır, amma eşqdən yox, təngnəfəslikdən. Elə bil qatar gedir, hamı vaqonlara doluşur, bircə o, piyada qalır, adamlar da pəncərədən boylanıb onunla vidalaşırlar. Orxana demək istəyirəm ki, tələsməyə lüzum yoxdur. Bir qatar gedər, başqası gələr.
Daha sonra onu vurğulamaq istəyirəm ki, rus və rus dilli xanımların seksual obyekt kimi görülməsinə, qabardılmasına artıq dur demək lazımdır. Kulis.az-ın rəhbərliyindən xahiş edirəm ki, müəllifi iki-üç aylıq Rusiyaya ezam yollasınlar. Rəvan Cavidin Türkiyədən yazdığı reportajların Rusiyadan yazılmasının harası pisdir? Yelenaların, Annaların vətənində müəllifin hər gün yeni-yeni hekayələr yazacağını, onun ədəbi istiqamətinin büsbütün müəyyən olacacağını, qələminin itilənəcəyini düşünürəm. Gənc bir yazıçının taleyini dəyişmək sizin əlinizdədir.
Əli Zərbəli
Hekayədə bəyəndiyim və bəyənmədiyim (yaxud, mənim yazı tərzimə yaxın olmayan) bir neçə nöqtəni qeyd edim.
Hekayənin dili biraz kələ-kötürdür. Təhkiyədə “tez-bazar” bir temp var. Məndə elə təəssürat yarandı ki, sanki, dostumuz hekayəni yazıb və dərhal yayımlayıb, mətnin dəm almalı olduğunu (və təbii ki, redaktəsini) gözardı edib. Təhkiyədəki nahamarlıqlara misal olaraq, bəzi cümlələrin düzgün qurulmamasını, bəzən mətnin içində rus sözlərinin istifadəsini (dastoynu, malako) göstərmək olar. Bəzi ifadələrə baxaq.
“pişiyə baxmaqdan gözümü çəkib”, “ehtiraslandığım yarımçıq kalqotkasını görməklə” və s.
Bəyəndiyim şeylərdən biri o oldu ki, belə bir heyrətdoğuran, “travmatik” hadisə verilib və bəzən fokus bilərəkdən başqa bir detala - pişiyə yönəlib. Qəhrəmanın hadisəni unutması yaxud unutmaq istəməsi, ancaq hər dəfə pişiyi görəndə hər şeyi yenidən xatırlaması detalı maraqlı idi.
Bir də, müəllif cəsarət göstərib, bu tip “açıq-saçıq” bir mətnlə çıxış edib. Açıq-saçıq yazmaq çox risklidir, çünki “necə” yazmaq məsələsi gözardı olunsa , mətn asanlıqla bu açıq-saçıq detalların içində çirklənə bilər. Açıq-saçıq yazan ancaq mətnlərini hələ də sənət səviyyəsində saxlayan yazıçılar var. (Flip Rot, Lyosa və s.) Burda əsas məqam dil, üslub, stil məsələləridir. Düşünürəm ki, dostumuz da bu hekayəni daha zəngin, daha orijinal, hətta bəlkə az-maz məzəli də edə bilərdi.
Orxana uğurlar arzu edirəm!
Rəvan Cavid
Nə yalan deyim, Saffarini son vaxtlar yenidən kəşf edirəm. Hekayələri çox canlıdır. Əlbəttə, yaşadığı mühitin və hadisələrin izindən getməyi hər yazıçı bacarmır. Ümumiyyətlə, Saffarinin hekayələrində bəyəndiyim şey xatırlayıb yazmaqdan çox yazıb xatırlaya bilməyidir. Bu tip hekayələrdə xatirat və əhvalatçılıq montaj olunur. Dostumuz bu montajı əla bacarıb. Yersiz bircə cümlə də yoxdur. Jarqonlarıyla, təsviriylə, hadisə birmənalılığı ilə bütöv mətndir.
Çağdaş Avropa nəsrinin monofonik təhkiyəsi ilə ənənəvi polifoniklik bir-birinə keçirilib. Qeyri-ciddi görünən şey isə təhkiyəçinin danışdıqları ilə məzə tutmasıdır. Bu, Orxanın köşə yazılarında da hiss olunur. Hekayənin fonunda bir qustarlıq var, eynən danışdığı mühitin qustarlığı kimi.
Mən hekayədən həzz aldım. Uğurlar!