Zavuçun pişiyi - Orxan Saffarinin yeni hekayəsi

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

17 yanvar 2023
# 09:00

Kulis.az Orxan Saffarinin "Zavuçun pişiyi" hekayəsini təqdim edir.

...Heç bilmədim, onda qapını niyə döyməmişdim? Heç vaxt belə olmamışdı. Əvvəlcə qapını tıqqıltatmalı, ən yaxşı halda bir neçə saniyə gözləyib açmalı idim.
Qapını qəfil açanda isə elə ömrümün sonuna qədər görməməli və bilməməli olduğum bu mənzərə ilə qarşılaşdım:

- "Vot eta!"

Tərbiyəvi işlər üzrə "zavuç" İdman müəllimi Xəyyama minet edirdi. Bu, mənim üçün əsl əyləncə idi.

"Tərbiyəvi işlər üzrə zavuç minet edirdi" məsələsinin, "tərbiyə" hissəsi ilə çox sonralar xeyli zarafat edəcəkdim. Hadisənin adının da "minet" olmasını heç o vaxtlar bilmirdim. Onda mənim üçün "müəllimin arxada da gözü var, o hər şeyi görür və bilir" miflərinin hamısı dağılmışdı.

Deyəsən, bir vaxtların məşhur kriminal bölgəsində yerləşən məktəbdə oxumaq, ordakı hadisələr, məktəbin pilləkinlərində boş trammal qabları, vurulmuş iynələr, cırılmış prezervativlərlə qarşılaşmaq, hələ ta uşaq yaşlarından qarşına iki yol qoyur: Buranı bitirib, narkoman, avara, məhbus da ola bilərsən, onlara qoşulmayıb, beş kişidən biri də.

Bütün bunlara isə şahid olan o zavuçun pişiyi...

Rus əsilli, əsl adı Anna olsa da, hərdən-bir qadın müəllimlər tərəfindən Aynurə deyilən zavuçun pişiyi, bu məktəbi mənimlə eyni bitirmişdi. Daha dəqiq, onunla eyni taleyi yaşamışdıq. Bilmirəm indi o pişik sağdı, ya yox, amma onu unutmamışam.

*
- Tez gir içəri, tez! - idman müəllimi Xəyyam qapıya tərəf qaçıb, cəld arxadan kilidlədi. Görünür, ehtiras necə güc gəlibsə, bağlamaq da yadlarından çıxıb.

Yəqin, içəri girən kimi bir-birlərinə yapışıblar - çox sonralar hadisənin bu cür başladığını düşündüm. O da, deyəsən, "XNXX.com"-da "school sex" bölməsindəki porno videolara baxandan sonra. Orda da qapıdan içəri girən kimi sevişməyə başlayır, qapı filan yaddan çıxır, axırda da tutulurdular.

Qırmızı saçlı, al yanaqlı, 50 yaşı haqlasa da, gözəlliyini itirməyən bu rus müəllimə də, həyəcanla paltarını düzəldirdi.

Onun "malako" rəngli alt paltarını, ehtiraslandığım yarımçıq kalqotkasını görməklə, uşaqlıq arzularımdan birinə çatmışdım. İçi mən daxil hamımızın gizli-gizli pillənkənləri qalxanda altdan yuxarı süzdüyümüz zavuçun gündəyməzində demə bunlar var imiş.

*
Xəyyam müəllim gənc idi. Üzündə saqqal belə çıxmırdı. Təxminən, şagird görüntüsü var idi. O vaxtlar soruşmaq ağlıma gəlmirdi, indi də ağlım kəsmir ki, axı o niyə idman müəllimi olub? Ağ "Prado" sürür, bütün müəllimlərdən yaxşı paltar geyinir, hal-qəziyyədən də bilirdin ki, elə belə adam deyil. Müəllim olmağa da ehtiyacı yoxdu. Heç bizə dərs də keçmirdi. Deyirdi, kef edin. Yaş fərqlərimiz o qədər çox olmadığından, yəqin ki, onun da içində qalan uşaqlıqdan dolayı dostluq eləməli olmuşduq. Məktəbin bütün avaraları ilə onlar kimi davranırdı. Gözümüzdə ən "dastoynu" müəllim idi. Bu dostluqlar hətta müəllimlər arasında da qınanılırdı. Amma müəllim dostumuz Xəyyamın vecinə deyildi. Ona direktor da heç nə deyə bilmirdi. Aramız o qədər yaxşı idi ki, biz ondan qardaş kimi pul da istəyirdik. İndi-indi mənə hayan olur ki, elə bir çox qadın müəllimlərin, 10-11-ci sinif qızlarının da ondan xoşu gəlirdi. Di gəl, şagirdlərə heç vaxt pis gözlə baxmırdı. Belə hərəkətləri yaxşı oğlana yaraşdırmırdı. Onsuz da, bir dəfə Hərbi müəllimi 11-ci sinif şagirdinə sataşdığına görə, yaxşıca döyülüb biabır da olmuşdu.

Biz 10-cu sinifdə artıq ona öz aramızda adı ilə müraciət edir, özümüzə böyük qardaş bilir, onun gətirdiyi nəşələrdən ya otağında, ya məktəbin dalında, ya da podvalın pilləkənlərində qullab-qullab vurub, zırlanırdıq. O, nəşəni ancaq "dastoynu" uşaqlara gətirirdi. Özü də mütləq bizimlə zırlanırdı. Nəşə çəkmək üçün idman dərsini necə həvəslə gözləyirdik...

*
- Narahat olma, tixa-tixa - Xəyyam müəllim yarı rus, yarı azərbaycanca danışa-danışa, həyəcanlanan zavuçu sakitləşdirməyə, gördüyüm bu mənzərənin burda da qalacağına onu inandırmağa çalışırdı. Xüsusi ilə məndən danışıb deyirdi ki, ağzı bütövdü. Bilir ki, bunu hardasa desə, onun üçün də problem olar. Özüm də şokda idim deyə, başımı aşağı salıb, üç gözlü qızdırıcının yanında xumarlanan pişiyə baxırdım.

Tərbiyəvi işlər üzrə zavuçumuz bu pişiyi hər gün özü ilə dərsə gətirir, gedəndə də aparırdı. O, pişiyə evdə valideynlik, məktəbdə də müəllimlik edirdi. Pişik pişikliyi ilə bizdən daha ağıllı, tərbiyəli idi. O daha çox şagird idi, nəinki biz. Heç vaxt evlənməyən, anasından və pişiyindən başqa heç kimi olmayan Anna müəllim, bizdən məktəbli formasını tələb edəndə, pişiyi üçün də tikdirmişdi. Bizə necə yanaşırdısa, pişiyinə də o cür yanaşırdı. Biz hamımız onun gözündə elə bu pişik kimi idik. Anna müəllim o qədər sakit, həlim qadın idi ki, əsəbi şəkildə belə şikayət edəndə, üzümüzə gülümsəyib sakitləşdirirdi.
Bəlkə də, gördüyüm bu hadisə Rusiyada normal sayılırdı. Hətta məktəblərində də. Çünki biz o vaxtlar dildən-dilə eşidirdik ki, Rusiyada bakirə məktəbli tapmaq, bizim məktəbdə əlaçı tapmaq kimi bir şeydir.

Uzun danışıqlardan sonra zəng vuruldu. Nəhayət, pişiyə baxmaqdan gözümü çəkib, özüm də dilə gəldim. Anna müəllim ilə kişi kimi danışıb, bütün bu olanların aramızda qalacağına söz verdim. Olanları normal qarşıladığıma onu inandırdım. Onsuz da, artıq böyük oğlan idim. Bığ yerim çoxdan tərləmişdi, bir neçə ay sonra məktəb dili ilə desək, azad həyata qədəm qoyacaqdım. Qəribədi, o da mənə inandı. Zavuçun mənə olan bu inamı, xoşuma gəlmişdi. O vaxtlar özümü buna görə böyük kişi sayırdım. Deyəsən, mənə o inanan tək qadın elə o zavuç oldu.

Söz verdiyim kimi, bu hadisəni axıra qədər heç bir şagirdə deməmişdim və heç kim onları qəribə şəkildə süzmürdü.

O pişiyi unutmadım. Məktəbi bitirənə yaxın, son aylarda bu hadisə yavaş-yavaş yadımdan çıxırdı. Di gəl, pişiyi görəndə xatırlayırdım.

İndiyə qədər də bu hadisəni kiməsə demədiyimə inana bilmirdim. Belə şeylər aramızda xəbərçilik də sayılmazdı. Bəlkə də, böyüdüyüm mühit məni fərqli düşündürürdü, o səbəbdir ki, bunu tərbiyəvi işlər üzrə zavuçun tərbiyəsizliyinə bağlamır, məktəb belə olsa, bu şeylərin normal olduğunu düşünürdüm.

O vaxtlar rus sektorundan sevdiyim Yelenaya qarşı da Xəyyam kimi idim. Onda bizim gözümüzdə onlar sadəcə, qəhbə idi. Mənə məktəb koridorunda öpüşməyi, partanın yataq kimi istifadə etməyi, bir sözlə, nə varsa hamısını Yelena öyrətmişdi.

Son zəngə kimi mən Yelenanı, Xəyyam da Anna müəllimi sevdi. Bizim bu sevgimizə isə pişikdən başqa heç kim şahidlik etmədi. Anna müəllimin məktəbə pişik gətirməyi ara-sıra lağ yeri olsa da, onun təbiətini, ailə vəziyyətini nəzərə alırdılar deyə, direktor da heç nə demirdi. Bir də görürdün, pişik qəfil dərsə girir, koridorda qarşına çıxır, bufetdə quyruğunu bulaya-bulaya gəzir, itəndə də gedib müəllimlər otağından tapılırdı.

Son zəngə kimi Anna müəllim mənə heç nə demədi. Hərdən dərs vaxtı koridorda rastlaşanda, başını aşağı salıb, sakitcə keçirdi. Həmin an özümü direktor kimi hiss edirdim. Elə bilirdim, bütün şəraiti mən yaratmışam. Amma zavuçun məni danışdırmamağı, bu cür həya-abır etməyi işlərimi çətinləşdirirdi. Nəsə söz deməli, hansısa müəllimdən şikayət etməli olanda da sözümü Xəyyama deyirdim ki, o da ona desin. Pilləkənin altında, məktəbin dalında nəyşələnəndə, sonuncu tüstünü dartıb, üzümü Xəyyama tuturdum:

- Bu qancığı da görürsən də. Üzümə baxmır.

*
Son zəng. İnsan izdihamı, sevincək şagirdlər, kövrək valideynlər, artıq yazılmağa başlayan ağ köynəklər, Yelena ilə qurduğumuz xəyalların son günü...

Çünki bu gecədən sonra lotu oğlanlıq edib, onu bir daha axtarmayacaqdım. İndi nə etdim-etdim.

Bizi son dəfə sinifə, parta arxasında oturmaq üçün məktəbə buraxdılar. Hamı sinifə girəndə, mən də Yelena ilə girməyə yer axtarırdım. Bu gün ancaq sevişmək üçün gəlmişdim. Hər yerdə şagirdlər, müəllimlər, valideynlər var idi. Hara gedək? Tualet? Yox. Sinif? Olmaz. Pilləkənin altı? Uşaqlar nəyşə çəkir. Məktəbin dalı? Trammal atıb, qazlı su içirlər.

Bircə variant qalırdı.

Vot eta!

Anna müəllimin otağı...

Allahdan qapı açıqdı və orada heç kim yoxdu.

- Yelena, gəl bura.

- Ora priçom? Gəlib görərlər.

- Qorxma, mənlikdi.

Bir neçə dəqiqəlik çək-çevirdən sonra onu otağa saldım. Qapını içəridən bağlayıb, Yelenanın yazılı köynəyinin düymələrini açıb, noxud boyda giləsi olan dolu döşlərindən lifçiyini çıxartdım. Filmlərdəki kimi stolun üstündə olan jurnalları əlimlə yerə itələyib, qızı stola uzatdım.

Öpüşəndən sonra ayağa qalxıb, Yelenanın minet eləməyini istədim. Tərəddüd eləsə də, razılaşdı. Onun dizləri əzilməsin deyə, stulun başından Anna müəllimin gödəkçəsini yerə atıb, stula oturdum. Birdən ayağımın altında qalan, sən demə, bayaqdan səssizcə bizi izləyən pişiyin quyruğunu necə tapdaladımsa, elə bildim, onunla sevişirəm. Elə miyoldadı, sanki zorlanan qadındı. Çığırtısı aləmi götürdü. İkimiz də dik atıldıq. Bir andaca bütün ehtirasım öldü, ürəyim ağzımın içində döyünməyə başladı. Yelena dik atılıb, köynəyinin qabağını əli ilə bağladı.

Şalvarım ayağımda ora-bura vurnuxan pişiyə baxıb, nə olduğunu başa düşməyə çalışanda, göz-gözə gəldik və düşdüyümüz vəziyyətə gözlərimiz yaşarıb, qarnımız ağrıyana qədər güldük. Həmin gün daha heç nə etmədik. Otaqdan çıxıb, qarşıdan gələn Anna müəllimi görəndə, üzündə hər şeyi başa düşmüş ifadə var idi. Yelena başını aşağı salıb, getdi. Mən isə "Sağ olun müəllimə, görüşənədək" deyərək, başımı dik tutub, yanından keçdim.

Koridoru dönəndə pişiyin arxamızca miyoltusunu eşitdim. Geriyə boylananda boş və qaranlıq dəhlizdə zavuç və pişiyi arxamızca baxırdılar.

Zavuçun pişiyi quyruğunu bulayanda, yadıma o vaxt qapını niyə döymədiyim düşdü. Axı heç vaxt belə olmamışdı.

# 1262 dəfə oxunub

Oxşar xəbərlər

Fəxrəddin Manafov yeni seriala çəkildi

Fəxrəddin Manafov yeni seriala çəkildi

16:30 31 yanvar 2023
Ağlım başımda yox, ayağımdaydı

Ağlım başımda yox, ayağımdaydı

10:49 26 yanvar 2023
Aramın arzusu - İlqar Rəsuldan yeni hekayə

Aramın arzusu - İlqar Rəsuldan yeni hekayə

14:20 25 yanvar 2023
Qafqazlı xoruzlar - Müşfiq Şükürlünün yeni hekayəsi

Qafqazlı xoruzlar - Müşfiq Şükürlünün yeni hekayəsi

09:00 24 yanvar 2023
Dəvələr, atlar, şarlar... - Rəvan Cavidin hekayəsi

Dəvələr, atlar, şarlar... - Rəvan Cavidin hekayəsi

15:00 19 yanvar 2023
O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

17:00 18 yanvar 2023
# # #