Kulis.az Mirmehdi Ağaoğlunun Xocalı rayonunun Pirlər kəndindən reportajını təqdim edir.
Ömür elə başdan-başa yarışdı,
Oğulların səngər-səngər vuruşdu.
Bu torpağa qəhrəmanlar qarışdı,
Qarışığın bir adı da Vətəndir.
Şəhriyar Del Gerani
PROLOQ
Yaxın çevrəm yaxşı bilir. Qarabağın azad edilmiş ərazilərinə səfərlər zamanı oradakı qədim məbədləri görəndən sonra içimdə belə bir arzu baş qaldırmışdı: qismət olsa, nə vaxtsa Xocalının Pirlər (Xramort) kəndinə səfər edib dağdakı qədim monastırı ziyarət etmək (Allaha min şükür ki, deyəsən, arzumun gerçəkləşməsinə bir şey qalmayıb!)
Təkcə ona görə yox ki, bu qədim alban abidəsidir. Həm də ona görə ki, birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Natiq Qasımov düz beş gün bu kilsəyə sığınmış, təkbaşına düşmənə müqavimət göstərmişdi.
Ermənilər də axırda kilsəni ala bilməyəcəklərini görüb Xocalı əsiri olan müəllimlərdən birini yollamışdılar ki, gedib oradakı əsgərlərimizə desin, təslim olsunlar, yoxsa kəndin sakinlərini qıracaqlar. Həmin müəllim ağ bayraq qaldırıb kilsəyə girəndə təəccüblənir. Görür, bu qədim, uçub-dağılmış abidənin içində cəmi bircə adam var - NATİQ QASIMOV. Beş gündür, döyüşçü yoldaşları ölüb, beş gündür, kilsədə çarmıxa çəkilib - təkbaşına, ac-susuz müdafiə olunur. Bundan sonra Natiq kilsənin damına sancdığı Azərbaycan bayrağını da götürüb təpədən enir. Düşmən dinc əhalini öldürməsin deyə, təslim olur. Ermənilər görəndə ki, neçə gündür, arıq bir azərbaycanlı oğlan təkbaşına onları silahının ucuna dolayıb pərt olurlar...
Əlbəttə, Natiqdən qisasları ağır olur. Onun başına nə oyun açıblar, bilmirik.
Natiq Qasımov indiyə kimi itkin sayılır. Bəzi versiyalara görə, ermənilər acıq çıxmaq üçün onu doğrayaraq öldürüblər.
Kilsənin divarlarında, yaxınlıqdakı xaçdaş-xaçkarlarda ermənilərin sözdə öz müqəddəslərinə (?) atdıqları güllələrin izləri hələ də qalır. Açıq muzeytək bu kilsə o dəhşətli döyüşün-mühasirənin izlərini özündə qoruyub saxlayır.
Bax mən ona görə Natiqin narahat ruhunun dolaşdığı bu kilsəni, bu şücaət meydanını, bu qəhrəmanlıq rəmzini ziyarət etmək istəyirəm. Gedib Natiqin şücaəti, ruhu qarşısında baş əymək üçün!.. Bir azərbaycanlı kimi məndən ötrü bu, dünyanın ən müqəddəs ziyarəti olardı...
1 oktyabr 2023
GÖRÜŞ
Vədələşdiyimiz kimi ANAMA əməkdaşları ilə Əsgəran qalasının qarşısında görüşürük. Yolumuz Xocalı rayonunun Pirlər - 1999-cu ilə kimi Xramort adlanıb - kəndinədir. Kəndin qurtaracağında dağda yerləşən alban kilsəsinə qalxasıyıq.
ANAMA əməkdaşları Bərşadla Elçinin müşayiəti ilə Pirlər kəndinə gəlirik. Kənd sərt qayalıqları olan dağda yerləşir. Dağın döşünə yayılmış evlərin əksəriyyəti dağılıb, quru divarları qalıb. Yalnız yamaclardakı evlərdə həyat əlaməti olub. Dağları görən kimi gözümüz alban kilsəsini axtarır.
“O kilsə dağdadır, kəndin içində deyil. Dağlara, qayalara yaxşı-yaxşı baxaq”, - deyirəm.
Maşınlarımız kənd meydanında dayananda da ANAMA əməkdaşlarına izah verirəm:
“Biz gərək dağa qalxan yolla kənddən çıxaq. Oxuduqlarıma görə, kilsə kənddən, təxminən, 2 km aralıda dağda yerləşir”.
“Yaxşı, bu yolla gedək”, - Bərşad kənddən çıxan kələ-kötür yolu göstərir.
“Siz də yaxşı-yaxşı baxın, kilsə dağda olacaq”, - mən də öz növbəmdə tövsiyə edirəm.
AXTARIŞ
Zənn edirdim, alban kilsəsini asanlıqla tapacağıq - kəndin yuxarısına qalxan kimi kilsə görünəcək. Sən demə, sadəlövhlük eləmişik. Kilsəni axtara-axtara Fərrux kəndinəcən gedib, sonra yenidən Pirlər kəndinə qayıtmışıq.
Burada maşınlardan enib dağa aparan yol axtara-axtara evlərin arası ilə yoxuş boyu yuxarı qalxırıq.
Ot basmış yaşıl yoxuşla bir xeyli qalxıb evləri geridə qoyuruq. Gəldiyimiz cığır bitir. Buradan sonra dağa qalxmaq üçün ya gərək min bir zülmlə, palçığa bata-bata dərəyə düşüb sonra təzədən dağa dırmaşasan, ya da sərt qayaların üstü ilə, ağacların, kolların arası ilə keçib sürüşkən, yaş, bəzi yerlərdə buzlu, palçıqlı torpaqla dağa dırmaşasan.
İrəlidə hündür dağ görünsə də, kilsə gözə dəymir. Xeyli aralıda dağın şiş ucu boylanır. Əgər kilsə o dağın kəlləsi tərəflərdə, yaxud buradan görünməyən büküklərindədirsə, oraya gedib çıxmaq müşkül olacaq.
İkinci Qarabağ müharibəsi bitəndən sonra internetdə Qarabağdakı xristian məbədlərini araşdıra-araşdıra bir erməni yutuberin Pirlərdəki kilsə barədə çəkdiklərinə baxmışdım. Kilsənin divarlarındakı güllə nişanlarını göstərərək müharibə vaxtı orada döyüşlərin getdiyini demişdi. Başa düşmüşdüm ki, bu həmin məbəddir - Qarabağ döyüşçüsü Natiq Qasımovun beş gün ac-susuz erməni silahlılarından müdafiə etdiyi kilsə. Elə o vaxtdan da buranı ziyarət etmək istəyi içimdə oyanmışdı. Lakin o vaxt hələ lokal anti-terror tədbirləri baş verməmiş, Pirlər kəndi də digər ərazilərimiz kimi nəzarətimizə keçməmişdi.
Erməni yutuberin videosunu tapıb Bərşada göstərirəm:
“Bu yoldur, onlar da burdan çıxıblar”.
Belə məlum olur ki, buradan dağa bir yol var.
“Neyləyək, çıxaq?” – Bərşad soruşur.
Fotoqrafımız İlkinlə operatorumuz Arifə baxıram. Onlar da məndən cavab gözləyir.
“Çıxaq - deyirəm - qəzamız mübarək”.
ZƏVVARLAR
Bərşadla Elçin bizdən qabaqda gedir, yoxuş-eniş, dərə-qaya, kol-kos demədən dağa dırmaşırlar. Mən artıq təngnəfəsəm. Möhkəm tərləmişəm, ayaqlarım sözümə baxmır, toqquşsam, üzüaşağı yumalanacağam. Məndən arxada isə İlkindir, ondan da arxada Arif, birinin əlində fotoaparat, o birində videokamera, yəni kifayət qədər yükləri var. Mənə isə yalnız mikrofonu veriblər.
Gah seyrək, gah da sıx kolların arası ilə qalxırıq. Təxminən, 20 dəqiqədir, yol gəlirik, amma mənə elə gəlir ki, bir saatdan çoxdur. Hələ ki, heç nə görünmür. Deyilən nöqtəyə qalxmaq üçün nə qədər getməliyik? Tərslikdən də düzünə qalxmaq mümkünsüzdür, dağı dolama – ziqzaq cıza-cıza çıxırıq, bu da yolu uzadır.
Dağa çıxdıqca ürəyimə bəd-bəd fikirlər gəlir. Birdən deyilən yerə çatanda kilsənin orada olmadığını, yaxud daha yüksəklikdə, keçilməz yerdə olduğunu görsək, necə? Hava qaralana kimi kilsəni tapıb çəkə biləcəyikmi? Əliboş dönməkdən qorxuram. Onun üçün canımı dişimə tutub var qüvvəmlə dırmaşıram. Arabir gödəkcəmə ilişən tikanlı kollara, qarlı cığırlara, otlu, sürüşkən yollara baxmayaraq...
“Ayı izidir bu” – Bərşadla Elçinin danışığını eşidirəm.
“Ayə, bizi qorxutmayın”, - aşağıdan onlara səslənirəm, eyni zamanda, həyəcanla sağa-sola baxıram.
“Bıçaq da götürmədim - Bərşad əvvəl yoldaşına gileylənir, sonra bizə toxtaqlıq verir - Gəlin, az qalıb”.
“Bircə o qalmışdı, qabağımıza ayı çıxsın, ayı da çıxsa, hər işimiz düzələcək”, - ucadan deyirəm ki, uşaqların kefi açılsın. Yaman da kef açmağım var. Düzü, nə İlkin, nə də Arif arıq canları ilə ayını veclərinə alırlar, fikirləri daşıdıqları kameralardadır. Buracan gəlmişik, bundan sonra bizi heç nə yolumuzdan çəkindirməz. Tövşüyə-tövşüyə gedirik, ləhləyirik, dilimiz ağzımızdan çıxır, yenə də mətin addımlarla irəliləyirik!
Avtomobilin, təyyarənin olmadığı dövrlərdə zəvvarlar Həcc ziyarəti üçün aylarla yol gedərdilər. Nuhun gəmisinin Ağrı dağında quruya çıxdığına inananlar oranı görmək üçün min cür məşəqqətlə dağa çıxırlar; buzlu, qarlı yollardan keçirlər. Babadağa da ancaq fiziki hazırlıqlı, güclü inancı olan zəvvarlar qalxa bilir. Görünür, Natiq Qasımovun dayandığı ucalığa çatmaq üçün biz də çətinliklərdən keçməliyik. Bütün müqəddəs ziyarətlərin yolu keşməkeşlidir.
“Nə qədər qalıb?” - ANAMA əməkdaşlarını səsləyirəm.
“Bir şey qalmayıb - Bərşad deyir, üstəlik, məni tənbehləyir də - Kolların arası ilə niyə gəlirsən, cığır var da, oradan gəl”.
Cığır dediyi sısqa bir dağ çayının yatağıdır. Hazırda içindən arabir yağış, ərimiş qar suları axır.
MÜJDƏ
“Kilsəni gördüm, gəlin”, - Bərşadın sevincli səsi eşidilir.
“Dəqiq kilsədir?” - dağa çıxa-çıxa aşağıdan Bərşadı səsləyirəm. Öz gözlərimlə görməsəm, inana bilmərəm.
“Hə də, dam kimi yerdir, üstünü ot basıb”, - Bərşaddı.
“Əla, gəlirik”, - deyirəm.
Bütün gücümü toplayıb son məsafəni də təkcə ayaqlarımın deyil, əllərimin də yardımı ilə dırmaşıram. Sonuncu yüksəkliyi də geridə qoyub yayla kimi bir yerə çıxıram. Uzaqdan kilsənin damı görünür. Az qalıb, uzağı 500 metr... Məsafə qısaldıqca tövşümə və hisslərin cövlanı artır.
ŞÜCAƏT
Kilsəyə çatırıq. Sonunda arzuma qovuşuram! Qarabağ döyüşçüsü Natiq Qasımovun ermənilərdən müdafiə elədiyi kilsənin önündə dayanmışıq! Heç dəyişməyib. Onun son günlərini lentə köçürən və bununla da, şücaətinin əbədiləşməsinə öz töhfəsini verən italyan fotoqraf və jurnalist Enriko Sarsininin kadrlarında necə idisə, erməni yutuberin kanalında necə görmüşdümsə, o cür də qalıb. Şərq və qərb divarlarında dağıntıları nəzərə almasaq, ümumi görünüş olduğu kimidir. Bu, haqqında yazılan məlumatlara görə, təxminən, 17 metr uzunluğunda, 7 metr enində, şərqdən və qərbdən bir pəncərəsi, cənub tərəfdən isə qapısı və müxtəlif ölçülü iki pəncərəsi olan alban kilsəsidir. Ermənilər qapının üzərindəki “1800” yazısına əsasən, kilsənin XIX əsrdə tikildiyini iddia etsələr də, altar-mehrabın üstündəki pəncərənin tağına hörülmüş xaçdaş abidənin 12-13-cü əsrlərin məhsulu olduğunu göstərir. Bu məqamı ermənilər də məcburən təsdiqləyir.
Kilsənin daşlarına toxunuram, qapı yerinin ətrafında divarlardakı güllə izlərinin üstündə əlimi gəzdirirəm. Mənim üçün bu Allah evinə gəlmək xüsusi ritualla təm-təraqlanıb; əllərimi güllələnmiş divarlarda gəzdirməli, içəri keçib Natiq Qasımovun beş gün nəfəs aldığı kilsənin havasını sinədolusu ciyərlərimə çəkməli, altarın qarşısında dayanıb 30 il intizarında olduğumuz, minlərlə igid övladımızı yolunda şəhid verdiyimiz Qarabağı xalqımıza nəsib etdiyi üçün Allaha dua etməliyəm.
Kilsənin alçaq qapısından daxil oluram. İçəri buz kimi soyuqdur, hündür tağlı sütunlarla möhkəmləndirilmiş sarı əhəngdaşından divarlar bəzi yerlərdə nəmli və kiflidir. Şəkillərdə gördüyüm kimi, kilsənin qövsvarı, üstü torpaq örtüklü daş tavanı iki yerdən uçub, biri o birindən nisbətən böyük iki dəlik meydana gəlib. Zəmini torpaqdır. Altar-mehrabın hər iki yanında kiçik otaq var. Bura keşişlərin dini qiyafələrini geyinmək üçün hücrələrdir, lap dəqiqi qədim albanlarda ölüləri buradan götürürlərmiş, kişiləri sağ, qadınları sol hücrədən. Kilsənin qədim alban abidəsi olmasını təsdiq edən başqa məqam isə altarın alçaq olmasıdır. Bayırdan iri görünsə də, kilsə içəridən çox kiçikdir.
Natiq Qasımov burada müdafiə olunan zaman ermənilərin Əsgərandakı hərbi dəstələrinə tərifli strateq-hərbçiləri Vitali Balasanyan başçılıq edirmiş. İçəridə gəzinirəm, pəncərədən çölə boylanıram. Nə var buranı almağa? Bapbalaca yerdir. Nə əcəb ermənilər kilsənin bayırla yeddi təmas nöqtəsinin birindən - pəncərələr, qapı, tavandakı dəliklər - içəri sıza bilməyiblər?
DÖYÜŞ
1971-ci ildə Gədəbəydə anadan olan Natiq Qasımov Qarabağ müharibəsi gedən vaxtı ailəsi ilə Mingəçevirdə yaşayırmış. Əsgərlikdən təzə gəlmiş cavan oğlan hər dəfə dostları ilə görüşəndə söhbətlərinin əsas mövzusu cəbhədəki vəziyyət imiş. Müharibəyə yollanmaq istəyirmiş. Xocalı faciəsinin kadrlarını efirdə görəndən sonra Natiq daha Mingəçevirdə qala bilmir, ailəsinə vida məktubu yazıb gizlicə cəbhəyə yollanır. Həmən vaxt Pirlər kəndi və kilsə ətrafında şiddətli döyüşlər gedirmiş. Nədən ki kilsənin yerləşdiyi yüksəklikdən Ağdam ovuc içi kimi aydın görünürdü. Buranı tutacaqları təqdirdə ermənilər Ağdamı da hədəfə alacaqdılar.
Natiq cəbhəyə gələr-gəlməz aldığı ilk əmr döyüşçü yoldaşları ilə birgə kilsəni götürmək olur. Şiddətli döyüşlər başlayır. Kilsəyə sığınan 6 döyüşçü bir müddət sonra düşmən gülləsinə tuş gələrək şəhid olur. Tək qalan Natiq Qasımov nə götürdükləri mövqeyi tərk edib qaçır, nə də təslim olur. Kilsənin içində özü üçün əlverişli döyüş mövqeyi qurur, elə görüntü yaradır ki, guya yoldaşları ölməyib, onunla birgə vuruşurlar. Döyüş filmlərinə baxanlar üçün bundan sonra baş verənləri təsəvvür etmək çətin deyil; Natiq gah qapıya, gah da pəncərələrə düzdüyü silahlara tərəf qaçır, düşmənə atəş açaraq onları həm aldadır, həm də qorxudaraq kilsəyə yaxın düşməyə qoymur.
MÜHASİRƏ
Beş gün, düz BEŞ GÜN Natiq Qasımov bu şəkildə təkbaşına müdafiə olunur və komandirinin ona tapşırdığı mövqeyin düşmənin əlinə keçməsinə imkan vermir. Bu beş gün ərzində Natiq nə çörək yeyir, nə su içir...
Vitali Balasanyanın dəstəsi isə dörd tərəfdən kilsəni mühasirəyə alır. Avtomatlarla, qumbara ilə məbədə hücum edirlər. Amma hər dəfə hücumları məğlubiyyətlə yekunlaşır. Ermənilər elə zənn edirlər ki, içəridə bir batalyon adam var. Görünür, buna görə də, misal üçün, elə damdanca kilsənin içinə sızmağa qorxurlar. Görəndə ki, onların təsəvvürüncə içəridəkiləri məğlub etmək mümkün olmayacaq, alçaq bir hərəkətə əl atırlar. Əsgəranda əsir saxlanılan Xocalı sakinlərindən 22-ni gətirib, onların içindən Cəfər adlı müəllim vasitəsilə içəri xəbər yollayırlar. Təslim olmasa...
Mənim bildiyim qədəri ilə, həqiqi hərbçilər arasında belə qayda var: düşmənin göstərdiyi qəhrəmanlığa, şücaətə ehtiramla yanaşmaq. Bu nüans Lev Tolstoyun “Hərb və sülh” romanında mükəmməl təsvir olunub. Ermənilərsə nə şücaət bilirlər, nə də qəhrəmanlıq... Öyrənəndə ki, Natiq Qasımov dəlikli-deşikli balaca bir kilsədə sərasər beş gün ermənilərin tərifli strateq-hərbçisini təkbaşına məğlub edib, qisasları amansız olur...
Ermənilər Natiqi itirirlər... Onun ailəsinə, yaxınlarına, bizə - Azərbaycan xalqına ayrılıqların ən ağırını yaşatmaq üçün: itkinlik ağrısı, bir ömür gözlərini yoldan çəkə bilməmək dərdi.
Deyilənə görə, Natiq kilsənin içində balaca sipər qazıbmış. Ermənilər hər dəfə qumbara atanda o çuxura girirmiş. Gözlərim həmən o çuxuru axtarır. Tapa bilmirəm. Görünür, Natiq adlı yaramızı unutdura bilməyən illər o çuxuru rahatlıqla doldurub.
Kilsənin divarları ilə yanaşı, ətrafdakı xaçdaşlarda da şiddətli döyüşlərin əlamətləri, güllə izləri qalır.
QADIN
Gündüzləri başa düşürəm, görəsən, Natiq gecələri dörd-dövrə düşmən içində necə tab gətirirmiş? Kilsənin damındakı dəlikdən görünən bir parça göy üzündə yaşamağa, həyata səsləyən uzaq ulduzlar görünəndə, tənhalıqdan havalanmağa gələndə, susuzluqdan dodaqları çatlayanda, aclıqdan mədəsi sancanda onun ürəyinə təpər verən, dizlərinə taqət gətirən, iradəsini, dözümünü, cəsarətini bülöv daşı kimi itiləyən hansı qüvvə imiş?
Natiq yuxularına tez-tez yaşıl donlu bir qadının girdiyini anasına danışarmış. Hətta o mistik, yuxu qadın Natiqi bir neçə dəfə bəladan da xilas edibmiş. Görünür, kilsədə beş gün tək qalan Natiq, əslində, tək deyilmiş, o yaşıl donlu qadın beş gün boyu ana qayğısı ilə onu mühafizə edibmiş. Məhz təxəyyülündə yaratdığı o mistik obraz sayəsində Natiq mətinliyini qoruyub, 21 yaşlı arıq bir oğlan onu əhatə edən onlarla düşməndən zərrə qədər çəkinməyib, heyrətamiz dərəcədə dəyanət nümayiş etdirib... Kim bilir?! Bəlkə, ermənilər əsirləri öldürməklə hədələməsəydilər, Natiq daha beş gün duruş gətirərmiş... Bəlkə, daha çox.
Damdakı dəliyin kənarından içəri su damcılayır. Qalın divarların ətraf aləmdən təcrid etdiyi içərinin səssizliyini pozan bircə bu həmahəng düşən su damcılardır. Bir azdan biz gedəcəyik, kilsə yenidən özünün səssizliyinə qovuşacaq. Yalnız göz yaşı kimi aramla tökülən su damcıları Natiq Qasımovun nigaran ruhu üçün nəğmə oxuyurmuş təki məbədin ilahi səssizliyini pozacaq. Sanki adi bir gəncin misilsiz igidliyi - mərdliyi qarşısında ermənilərin göstərdiyi namərdliyə ağı deyərək...
BAYRAQ
...Natiq təslim olub kilsədən çıxarkən bayrağı da özü ilə götürür – neçə gün kilsənin damında dalğalanan Azərbaycan bayrağını. Heyvanat aləmindən bəhs edən sənədli filmlərdə gördüyümüz, yaralı şirin ətrafında var-gəl edən kaftar sürüsü kimi günlərdir, kilsənin həndəvərində dövrə vuran ermənilər bayrağı gözləri qarşısında təhqir etməsinlər deyə... Özü düşmədən bayraq düşməsin deyə...
Natiq üçrəngli bayrağın Pirlər kəndinin yüksəkliyindəki kilsənin üstündə daim dalğalanması üçün vuruşmuşdu. İstəyinə çata bilməsə də, ondan sonra gələn oğullar Natiqin yarımçıq qalan arzularını gerçəkləşdirdilər. Artıq o bayraq bütün Azərbaycanda dalğalanır.
32 il sonra qoruduğun kilsəyə yenə azərbaycanlılar gəlib, Natiq! Bu dəfə “əsir” xəbəri ilə yox, Qarabağın əsarətdən qurtulması müjdəsi ilə. Daha ruhun şaddır!
Kilsəni tərk edirik. İçimdə hüdudsuz hüzur var. Bayaqkı yorğunluğumdan əsər-əlamət qalmayıb. Vətən müharibəsindən sonra içimdə gəzdirdiyim ən böyük arzularımdan birini gerçəkləşdirmişəm, daha necə olmalıyam?! Gəlib Natiq Qasımovun şücaət göstərdiyi, qəhrəmanlıq etdiyi bu rəmzi meydana çıxmışam. Onun ruhu qarşısında borcumu yerinə yetirmişəm. Elə bilirəm, dünyanın ən müqəddəs ziyarətgahını təvaf eləmişəm.
Torpaq ona görə müqəddəs deyil ki, sənindir. Torpaq ona görə müqəddəsdir ki, ora minlərlə igid qardaş-bacının - şəhidlik məqamına çatıb müqəddəsləşmiş - ata-babanın qanı tökülüb. Torpağı torpaq edən tərkibindəki elementlər, minerallar deyil, həmin o qandır – ŞƏHİD QANI. Torpağı torpaq edən üzərində gəzən igidlərin göstərdikləri şücaətdir, qəhrəmanlıqdır. Torpaq məhz o zaman müqəddəsləşir, bir xalqın sələflərindən alıb xələflərinə ötürdüyü əmanətə çevrilir. 21 yaşlı bir gəncin müharibəyə gələr-gəlməz ilk əməliyyatdaca tapşırılan mövqeyi göz bəbəyi kimi qoruyub, özünün şücaəti, qəhrəmanlığı, mərdliyi sayəsində olduğundan qat-qat yüksək mərtəbələrə ucaldıb yüksəltdiyi Pirlər kəndindəki bu müqəddəs məbəd kimi... Mən deyərdim, NATİQ MƏBƏDİ kimi!
EPİLOQ
Kilsənin içində divardan erməni hərbi forması asılıb. Yerə qoyulmuş hərbi-sanitar xərəyinin içindəki yeşiklərdə isə avtomat gülləri var. Beş-altı yeşik də divarın dibinə yığılıb. Kilsədən bir qədər aralıda isə göy brezentlə örtülmüş post var. Zənnimcə, Birinci Qarabağ müharibəsindən sonra Pirlər kəndinin üstündəki bu yüksəklik daha öz əhəmiyyətini itirib və ermənilər kilsə postunu tərk ediblər. Çünki yuxarıda vurğuladığım erməni yutuber kilsəyə səfər zamanı orada post olduğunu göstərməmişdi. Görünür, ermənilər Vətən müharibəsindən sonra səksəkə içində yenidən buradakı postu “dirildiblər”, kilsəni də anbar kimi istifadə ediblər. Bura kənddən çəkilən təzə işıq və telefon rabitə kabelləri də belə deməyə əsas verir. Kənddə cığırın kənarında gördüyümüz yerə tələsik atılmış hərbi-sanitar xərək də posta sursat daşımaq üçün imiş.
Pirlər yüksəkliyindən Ağdam ovuc içi kimi görünür. Yəqin, anti-terror əməliyyatından bir müddət əvvəl bu postda dayanan separatçı ermənilər Ağdamın inşasına qibtə ilə baxırmışlar. Bir vaxtlar ermənilərin daşına kimi dağıdıb daşıdıqları xəyalət şəhər indi gündə bir bina bitirir, hər gün əvvəlkindən daha sürətlə qurulur, yaradılır. Eyni xoşbəxt tale Pirləri, Əsgəranı, Xocalını, Xankəndini - bütün Qarabağı gözləyir. Ermənilər isə yenə qibtə ilə baxacaqlar, bu dəfə sərhədin o üzündən...
P.S. Səfər zamanı göstərdikləri köməyə görə ANAMA rəhbərliyinə, o cümlədən, Xaliq Zülfüqarova, əməkdaşlar Bərşad Rəşidzadəyə, Elçin Babayevə, Nicat Əhmədova, Elnur Rüstəmova təşəkkürümüzü bildiririk.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP