Kulis.az filologiya elmləri doktoru Pərvanə Bəkirqızının "Uşaqlığımın nağılı, gəncliyimin kədəri və 2020-nin payızı" yazısını təqdim edir.
Bizim – uşaqlığı və gəncliyi sovet totalitar cəmiyyətində keçmiş bir nəslin XX əsrin sonlarında yaşadığı hissləri sətirlərə tökmək çətindir. Bizə öyrədilən tarixlə unutdurulan tarix arasında qalan gəncliyimiz bir-birin ardınca Ermənistandakı soydaşlarımızın öz minillik dədə-baba yurdlarından çıxarılması, 20 Yanvar, Xocalı və Qarabağ faciələrini yaşadı. Xalqlar dostluğu haqqında oxunan nəğmələrin, şeirlərin qara niqabı altından kor xislətlər baş qaldırdığı zaman görünənlərin, beynimizə həkk edilənlərin bir ilğım olduğunu anladıq. “Müsəlmanın sonrakı ağlı” düz 70 il sonra da düşmənini tanımadı, ta ki, o özünü və üzünü göstərənəcən. Yaddaşımızın humanizmə və ədalətə olan inamı xainliyi, naqisliyi, təəssüf ki, heç hifz etməmişdi. XX əsrin əvvəllərini, 40-cı illərin erməni siyasətini unutduq ki, 80-ci illərin sonunda yenə eyni məkrlə üz-üzə qalıb, Qarabağı və ətraf rayonları itirdik...
Bu hadisələrə qədərsə uşaqlığımın yay ayları idi Qarabağ. May ayının son günlərini səbirsizliklə gözlərdik. Üzü dağlara yol alan, irəlilədikcə nəfəsimin genişliyə qovuşduğu anı düz doqquz ay gözlərdik. Bu həmin zamanlardı ki, boynumuza bağladığımız pioner qalstuku, yaxamıza taxdığımız komsomol nişanı ilə də qürurlanırdıq. Amma qoca babamın nağıllarındakı Ərzurumun gədiyini də xəyalımda canlandırırdım.
Genetik yaddaşımız yaxın yaddaşımızla açıqdan-açığa qarşı-qarşıya gəlmir, amma özünü doğma xalqımın şirin bayatıları və dastan hekayətləri ilə qoruyub saxlayırdı. Bakıdan dağlara uzanan yollar sadəcə babamıza və nənəmizə aparan yol idi və heç də çətin deyildi. Çətini Bərdəyə çatmaqdı, sonrası dağlardan gələn meh kimiydi. Ağdamı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq asan idi. Bu yerlərin sehrinə düşməyəninsə qəlbinə güvənmək olmazdı.
Sonralar “Xortdanın cəhənnəm məktubları”nı oxuyanda hiss etdim ki, o getdiyim və bu son otuz ildə gedə bilmədiyim yolların hər qarışına bələd olmamışam. Bələd olsaydım, Əbdürəhimbəy kimi ən kiçik yaşayış məskəninin də tarixçəsini yaddaşıma hörərdim. Bugünkü ağlımla keçmirdim o yollardan. Sadəcə, gözəlliyinin sehrinə düşdüyüm məkan idi Qarabağ. Zamansa yaddaşlara iri bir qıfıl vurub dağ çaylarına atmışdı. Amma o çayın kənarında Şeytanın balası da məəttəl qalmışdı bu dünyanın işlərinə; o da bizim kimi bilmirdi ki, özü burda, quyruğu uzaqda olan böyüyü hansı kələfin ucunu dolaşdırırdı.
Hələ 90-cı illərə çox vardı, Laçına çatmaqsa dolayları keçəndən sonra göz açıb yumana qədərdi...
Qarabağsız, Ağdamsız, Qubadlısız, Kəlbəcərsiz, Zəngilansız, Cəbrayılsız, Laçınsız yaşadığımız otuz ilə yaxın bu zaman kəsiyi bizdən nə apardı deyə düşündükcə Aşıq Ələsgərin “Arsız aşıq elsiz necə yaşadı?” sualını da xatırladığım çox oldu. Bir məqamsa dəyişmişdi; milli tarix yaddaşımızın alt qatlarından “Qan ilə dəstəmaz alıb, yürü namaza gedəlim” çağırışı için-için boy atırmış...
Odur ki, “Qarabağ Azərbaycandır!” nidası beynimizdə, düşüncəmizdə elektroşok təsiri yaratdı...
2020-nin yayı ötüb, artıq qızıl payızıdır. Qarşıdan qış gəlir, amma uşaqlığımın yay tətilindəki kimi, Ağdamı, Əsgəranı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq, dolaylardan boylanan Laçına tez bir zamanda çatmaq istəyim var. Bambaşqa duyğularla, bambaşqa düşüncələrlə...
Addım-addım geri alınan torpaqlarımız, sevinc hissinə qarışan kədərimiz, itkilərimiz, gəncliyinin baharında, payızda əbədiləşən, Haqq yolunda savaşaraq yüksək şəhadət mərtəbəsinə çatıb əbədiyyətə qovuşmuş övladlarımız son nəfəslərində “Qarabağ Azərbaycandır!” dedilər.
Xalqımıza, millətimizə bu şan-şərəf, ləyaqət və qürur dolu günləri yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və o çətin sədləri qanı bahasına aşmış şəhid oğullarımızın əziz xatirəsinə dərin minnətdarlıq duyğuları ilə...
Qarabağ Azərbaycandir!