“Vay-Vay! Çox dəhşətli xəbər oldu!” - Əkrəm Əylislidən Fikrət Qoca haqda ürək parçalayan sözlər

“Vay-Vay! Çox dəhşətli xəbər oldu!” - Əkrəm Əylislidən Fikrət Qoca haqda ürək parçalayan sözlər
5 may 2021
# 14:05

“Vay-vay. Bu mənim üçün çox dəhşətli xəbər oldu!”

Bu sözləri Xalq şairi Fikərt Qocanın ölüm xəbərini bizdən eşidən yazıçı Əkrəmn Əylisli söyləyib. O daha sonra bir az zaman istəyərək Kulis.az-la təəssüratını bölüşüb.

“Biz çox yaxın dost olmuşuq. Özü də ən çətin vaxtların dostu idik. Bu elə vaxtlar idi ki, necə deyərlər, ac da olurduq, çoxlu sıxıntılarımız da olurdu. Amma bir yerdə idik. O sıxıntılar, o müsibətlər bizi bir-birimizdən aralaya bilmirdi. Həmişə bir-birimizi tapırdıq, axtarırdıq. Fikrətin ölüm xəbəri mənə Əli Kərimin öldüyü günü xatırlatdı. Yadıma gəlir, “Gənclik” nəşriyyatında baş redaktor işləyirdim. Qəfildən Əli Kərimin ölüm xəbərini eşitdim. Əli Kərimin itkisi elə bir itki idi ki, dünyada hər şey var olacaq, amma Əli Kərim bir də heç vaxt olmayacaq. Fikrətin ölüm xəbəri də məni bu cür sarsıtdı. Fikrətlə mənim saya-hesaba gəlməz xatirələrim var ki, bunları deməklə bitirmək olmaz. Onunla birlikdə dönə-dönə Ağdaş meşələrini gəzmişik. Əylisdə, Moskvada uzun müddət bir yerdə olmuşuq. Sonra Türkmənistana birlikdə getdik. Bu barədə “Əylisdən Əylisəcən” kitabımda yazmışam. İndi daha ağır günlər yadıma düşür. Ancaq o günlərin içində biz çox nikbin idik. Gecə saat 12-də, ay işığında Fikrətlə bir yerdə Kür çayını o başından, bu başına üzüb keçmişik. Belə xatirələri unutmaq heç cür mümkün deyil. İndi sizdən bu xəbəri eşidəndə Fikrətin əmilərindən birinin rəhmətə getdiyi vaxt yadıma düşdü. Biz onun yasına Fikrətin doğulduğu kəndə getdik. Orda bir qoca qarı var idi. Yas mərasimində o, bir bayatı dedi. O bayatını indi də yadıma salanda, tüklərim biz-biz olur. Bayatı beləydi:

Ay mənim yaşdı gözüm,
Gün düşdü, çaşdı gözüm.
Baxdım səni görmədim,
Gözümdən düşdü gözüm.

Bu bayatını yadıma salanda, Fikrət yadıma düşür. İndi də yadıma düşdü. Və mənə elə gəlir ki, Fikrət gedəndən sonra bu bayatı hələ uzun müddət ürəyimdə yaşayacaq. Çox dəhşətli, poetik bir bayatıdır. Allah rəhmət eləsin. Əlacım, gücüm bir bu sözə çatır. Çünki həqiqətən də hədsiz həyəcanlıyam.”

Əkrəm müəllim son zamanlar aralarında olan inciklikdən də danışıb:

“Bu gün o söhbətləri yadıma salmaq istəmirəm. Çünki mən onu Yazıçılar İttifaqına gələndə itirdim. Görün, neçə illər keçib. İndi baş verənləri açıb ağartmaq belə ağırdır. Adam istəmir. Ona görə, onu itirdim ki, mən bayaq sizə dedim, “Əylisdən Əylisəcən” kitabımda böyük xatirələr var. Orda mən yazmışam ki, ədəbiyyat adlı sürüşkən gözəlin, sürüşkən fahişənin yolunda mən çox dostlar itirdim. Yəni, onu demək istəyirəm ki, Fikrətin Yazıçılar Birliyinə gəlməyi ilə onun açıq sözlü ədəbiyyata xidməti bitdi. Onda mən ondan ayrıldım. Ürəyimiz onunla çoxdan ayrı idi. Amma bugünkü hadisədən, Fikrət gedəndən sonra ürəyim onunla təzədən birləşdi. Çox ağrılı, dəhşətli hisdir bu. Ən ağır, ən ac günlərimizdə bizim ürəyimiz bir yerdə idi. Amma sonra ürəyim ondan getdi. Çünki, gördüm ki, onun ürəyi artıq ədəbiyyatdan, ədəbiyyata xidmət eləməkdən dönüb, eyni zamanda, məndən də dönüb. Sonralar da o mənim haqqımda ağır, yoldaşa, dosta yaraşmayan sözlər dedi. Amma bu gün hamısından keçirəm. Hər şeydən keçirəm...”

# 5081 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər