Babəkin mis qədəhi, Afətin güzgüsü, sənətkar ruhları dolaşan dəhlizlər - “Azərbaycanfilm”dən reportaj

Babəkin mis qədəhi, Afətin güzgüsü, sənətkar ruhları dolaşan dəhlizlər - “Azərbaycanfilm”dən reportaj
24 yanvar 2025
# 21:00

Kulis.az Ramilə Qurbanlının "Azərbaycanfilm"dən reportajını təqdim edir.

Kino ki var...

Yeni layihənin adını belə qoydum, bir az çox işlənmiş olsa da, kinoya ən uyğunu budur, “Bəyin oğurlanması” filminin ssenari müəllifi Səməndər Rzayevin dili ilə yerində və koloritli işlədilib. Bu layihədə kinonun kadr arxasında olan cəfakeş insanlarından və kinoya çəkilən cansızlardan söhbət açacam. Başlayaq, qalanı bəlli olacaq.

Soyuq dəhlizlərin hərarəti

Divar boyu kino rəssamlarının müxtəlif filmlərə çəkdikləri eskizlər asılıb. Maraqlı əsərlərdir, baxırsan və hansı filmin eskizi olduğunu tapıb uşaq kimi sevinirsən.

Qarşısında durduğum “Nəsimi” filminin eskizidir, ondan sonrakı da “Qaynana”nın. Adama elə gəlir ki, divarlardan asılan yalnız bu eskizlər deyil, onların ətrafından böyük kino sənətkarlarının simaları boylanır. Ələsgər Ələkbərov, Adil İsgəndərov, Rza Təhmasib, Həsən Seyidbəyli, Həsən Məmmədov, Həsənağa Turabov, Leyla Bədirbəyli, Nəcibə Məlikova və o baxışların müşayiəti altında onların izləri qalan dəhlizləri keçib dəfələrlə müxtəlif obrazlarda kinoya çəkildikləri pavilyona daxil olursan.

Bir vaxtlar bu dəhlizlər, həmin pavilyon qələbəlik olardı, hər addımda tanış insanları fərqli qrimlərdə görərdin. Hələ də o səs-küy, o qaynar həyat adamın qulağında səslənir, gözləri qarşısında canlanır.

Bu gün də kinostudiya yenə öz həyatını yaşayır, amma zaman axarında bir qədər baxışlar, yanaşma dəyişib. Həmin mühit, həmin pavilyon, həmin dəhliz, otaqlar, sadəcə zaman-zaman bir nəsli başqa nəsil əvəz edir.

Burda elə insanlar var ki, ömrünün yarıdan çoxunu kinostudiyada işləyib, ən xırda işdən başlayıb, bəziləri yüksəlib, bəziləri isə elə həmin balaca işlə kifayətlənib. Yetər ki, kinostudiya mühitində olsun. Kinoya belə bağlanıblar. Onlar üçün kinostudiya məbəddir, ocaqdır, ikinci evləridir. Çoxdur burda belə adamlar.

Əslində, kinostudiyanın özünə məxsus qoxusu var, burdakı hava yalnız bura məxsusdur, həm də o havanı hər kəs duya bilmir. Bunun üçün gərək havan o havaya yaxın olsun. Onda dediyim o qoxunu da duyacaqsan.

Öz aləmimdə bu düşüncələrlə gəlib geyim və rekvizit sexinə çatdım. Yəqin artıq bəlli oldu, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındayam.

Danışan əşyalar

İçəri girəndə sanki tarixə səyahət edirsən, ona əlinlə toxunur, bir qədər köhnəlik qoxan doğma ətrini hiss edirsən.

Burda nələr yoxdur...

O nələrdən əvvəl həmin bu varidatı qoruyub saxlayan, onlara çürüyüb xarab olmasın deyə, qulluq edən Əziz Məmmədovdan danışacam.

Gəlişimizi görüb tez öz otağına keçib, üst paltarını soyunur, saçına daraq çəkir, rəssamdır axı, gözəllik, zövq əhlidir. Onun otağı isti olsa da, rekvizit sexi soyuqdur. Sizə soyuq olar, Əziz müəllim-deyirəm. Yox-deyir, olmaz, belə yaxşıdır.

Sexə gedən yolda onu tuturam sorğu-suala. Danışır ki, rekvizit aləmini ona etibar edəndə rəhbərliklə şərt kəsib ki, kinodan ayrılmamaq şərti ilə burda da işləyə bilərəm, mən rəssamam. Onunla razılaşıblar. Əslində, kino rəssamıdır.

Kinoya 21 yaşından gəlib, tələbə vaxtı. Bu da 1976-cı ilə təsadüf edir.

Kinostudiya elan verib ki, rəssama ehtiyac var. Rəngkarlıqda oxuyurmuş, elanı görüb gəlib kinostudiyaya. Əvvəl rəssam köməkçisi, sonra dekor rəssamı və quruluşçu rəssam işləyib. Qaydaya görə bu mərhələləri keçməlisən. 1985-ci ildən quruluşçu rəssamdır. 55-ə yaxın filmin eskizini cızıb. Əksər tarixi filmlərimiz onun fırçasından çıxıb. İndi 70 yaşı var.

Cavidanın kürkü, sehirli xalatın ulduzu

Sexə girəndə qapının ağzında adamı “Babək” filmindən Cavidan qarşılayır, daha doğrusu, Cavidanın qiyafəsi, geyim və rekvizit sexindəyik axı, başqa nə qarşılaya bilər. Əziz Məmmədov həvəslə geyimlərin tarixindən bəhs edir. Hansının kimin əyninə biçilməsindən danışır: “Materialları çox yaxşıdır ona görə də uzun illər ötməsinə baxmayaraq rəngi də solmur”

“Qətl günü” filmində qəhrəmanın geyindiyi qiyafəni Özbəkistanda tikdirmişik deyir. Niyə Özbəkistanda, Azərbaycanda dərzi yox idi?

Deyir Özbəkistanda o vaxt sovet ittifaqında ən böyük fabrik fəaliyyət göstərirdi: “Onların mədəniyyət nazirliyinin tabeliyində olan fabrikdə yalnız kino teatr üçün paltar və ayaqqabılar tikilirdi”.

“Nizami” filmi üçün geyimlər də orda tikilib. Bir çox filmlərimizdə lazım olan çəkmələr ayaqqabılar Özbəkistandakı həmin fabrikin məhsullarıdır.

“Sehirli xalat” filmində münəccimin xalatını görən kimi tanıyıram. Filmi 1964-cü ildə Əlisəttar Atakişiyev çəkib. Hələ də xalatın ulduzları parıldayır. Dərhal yadıma həmin sehirli xalatın özü düşür, soruşuram.

Deyir ki, sehirli xalat Film fondunun muzeyində saxlanılır.

Arada Əziz müəllimi yenə özü ilə bağlı danışdırıram. “Babək”, “Nizami”, “Qətl günü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” və sair kimi filmlərin rəssamı olub. Deyirəm hansı rejissorla işləmək rahat idi hansı ilə heç işləmək istəmirdiniz?

Rejissorların namını vermir amma deyir ki Tofiq Tağızadə, Eldar Quliyevlə işləmək çox rahat idi, çünki onlar rəssama öz fikirlərini reallaşdırmağa imkan yaradırdılar.

Bunlar da maskalardır. Biri mənə çox tanış gəldi. Tanıdım “Qərib cinlər diyarında” filmində görmüşəm. Özüdür ki var.

Dəbilqələr dil açıb danışır. Kuzənin əsli İngiltərə muzeyindədir, film üçün onun nüsxəsi düzəldilib. Nə filmlər görüb bu kuzə. Hansı obrazlar “yaradıb”, ya da ki, elə həmişə kuzə obrazında olub.

Ox qabıdır, bir-neçə formada ox qabları var. Dövrünə görə dəyişir, rəssamlar hazırlayırlar.

Su qabı, səhəng, kuvşin, butafor da həmişə eyni olmayıb, dövrünə görə forması və istifadə yeri fərqlənir.

Maqnitafon 80-ci illərdən söz açır, filmlərdə çox istifdə olunub, hələ də çəkilir.

Qarşımıza bir termo (güzgü ) çıxır, tanış gəlir, amma yada salmaq olmur hansı filmdəndir. Əziz müəllim yenə köməyə çatır. Deyir ilk dəfə “Sevil” filmində çəkilib, 60-cı illərdə. “Sevil” filmində yataq otağı mebeli dəstinə daxil olub. 80-ci ilin əvvəlində isə “Qaynana” filmində Afətin termosu rolunu oynayıb. “Qaynana”nın çıl-çırağını və sandığını soruşdum, dedi sandıq kimdənsə götürülmüşdü, sahibinə qaytarılıb. Çılçıraq isə dekorasiya imiş. Amma rekvizit otağında çıl-çıraq nə qədər istəsən, boldur, hər dövrün öz dəbində.

Bir sıra düzülmüş mis qabın altına lampa yazılıb amma bunlar lampa deyil axı?

“ Lampa deyil, amma onların içində od yandırılıb. “Babək” filmi üçün Lahıcda düzəltdirmişdik, xalis misdəndir. Amma filmdə onlardan həm də şərab içmək üçün istifadə olunub”.

“Cavad xan”ın geyimi də burdadır. Yanında “Uzun ömrün akkordları” filmindən heykəl var, daha doğrusu, heykəlin nüsxəsi.

Sexdən digər tərəfə gedən dəhlizlər də filmlərdən eskizlərlə bəzədilib. Bir az əvvəlki qaynar həyat olmasa da, kinostudiya yaşayır. Bu əlbisələr, rekvizitlər bütün kino şirkətlərinin ümid yeridir. Hərdən düşünürəm ki, bunlar hamısı 101 il müddətində yığılıb, kinostudiya yaranan gündən. Nə qədər əmək sərf olunub, sevgi verilib bu işə. 1923-cü ildə kino fabriki kimi yaranan sənət ocağı indi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adı ilə fəaliyyətdədir.

Keçirik digər rekvizit otağına. Burda çoxlu televizor var. İşləməyəndə yumruqla işə düşən “Vesna”dan tutmuş, indiki televizorlara qədər. “Otel otağı” filmində Akif Əlinin obrazının gizlincə Təbriz dalğasını tutub dinlədiyi köhnə radioya qədər.

Kuvşinlər “Dərvişin qeydləri” üçün sifariş olunub hazırlnıb. Göyçayda düzəldilib.

“Yağını bol elə”

İri mis qazanları görəndə “Böyük dayaq” filmində qonaq qarşılama səhnəsində Şıxəlinin qazanların qapağını açıb, hər yeməyə usta aşpazmış kimi rəy deməyini xatırladım. “Yağını bol elə”. Rəssam təsdiqlədi ki, məhz orda var bu qazanlar, “Dəli Kür” filmində də olub, başqa xeyli, şənlik, toy, yeyib-içmək olan yerlərdə bu qazanlardan istifadə edilib, ya kadrda, ya da kadrarxası.

Mis səhəngi xatırlyarsınız? “Dədə Qorqud” filmində də var, “Dəli Kürd”də də. Çox ağırdır, o vaxtlar görünür qızlarda bu ağırlığı daşıyan çiyin olub.

Saysız rekvizit var. Ayrıca mebel otaqları, baxdığımız isə “Sübhün səfiri” filmində “çəkilmiş” mebel və yellənən kreslo oldu.

Bir sözlə, film çəkən hər kəs “Azərbaycnfilm” kinostudiyasından ona lazım olanı tapa bilir. Bura bir tarixdir, muzeydir, bazadır.

Əziz müəllimlə sağollaşıb həmin nağılvari, munis dəhlizlərlə qayıdıram geri. Qarşıma həyət-bacaın səliqəsinə baxan Elşad çıxır. 7-ci sinifdən burda çalışır, atası, bacısı da burda müxtəlif işlərdə işləyiblər. Çox maraqlı söhbətləri var.

Bütün filmlərin dekorasiyasını düzüb-qoşan, nə desən düzəldən və onları göz-bəbəyi kimi qoruyan Şənol da var. Onlar barədə növbəti yazılarda. Lent.az

# 158 dəfə oxunub

Oxşar xəbərlər

Conni Depp tamaşaçılara müraciət etdi

Conni Depp tamaşaçılara müraciət etdi

18:38 24 yanvar 2025
“Solo gənclik” layihəsi davam edir

“Solo gənclik” layihəsi davam edir

17:54 24 yanvar 2025
Həmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə

Həmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə

17:08 24 yanvar 2025
“Anası gəzən ağacı, balası budaq-budaq gəzər" - Aysunun boşanmasının dərdinə düşənlər

“Anası gəzən ağacı, balası budaq-budaq gəzər" - Aysunun boşanmasının dərdinə düşənlər

17:02 24 yanvar 2025
Dolunay Soysert və Halit Ergenç dindiriləcək

Dolunay Soysert və Halit Ergenç dindiriləcək

16:28 24 yanvar 2025
"Ermitaj"  muzeyi təxliyə olundu

"Ermitaj" muzeyi təxliyə olundu

15:57 24 yanvar 2025
#
#
# # #