Azad iradə hara getdi? - Motivatorlar, kouçlar, kapitalist istismarçılar

Azad iradə hara getdi? - Motivatorlar, kouçlar, kapitalist istismarçılar
18 yanvar 2024
# 09:00

Kulis.az Simran Qədim "GTTM+B" adlı yeni yazısını təqdim edir.

Birinci hissə

Şəxsiyyətimiz necə formalaşır? Həyatımız, doğrudan, öz əlimizdədir, yoxsa bu, sadəcə, motivatorların, kouçların, kapitalist istismarçıların təbliğ etdikləri bir uydurmadır, mifdir? Həqiqət harada gizlənib, çaşdırıcı fikirlərin arasında kimə inanmalıyıq?
Mövzu ilə bağlı müxtəlif nəzəriyyələr olsa da, konkret cavab yoxdur. Əvvəlcə, şəxsiyyətimizin necə formalaşmasından başlayaq. Kimliyin yaranmasına hədsiz çox faktorlar təsir edir. Saysız faktorların arasında isə olduqca mürəkkəb, qarma-qarışıq əlaqələr var. Onlar həm bir-birindən asılıdırlar, biri digərinə təsir göstərir, həm də bir-birini kompensasiya edirlər, biri zəif olanda digərləri onu əvəzləməyə çalışır (bu barədə ətraflı izah olacaq).
Bəs kimliyi yaradan əsas faktorlar hansılardır?

Gen

Şəxsiyyətin formalaşmasında rol oynayan təməl faktor genlərdir. Nə qədər ədalətli olsa da, olmasa da, DNT kodları bütün həyatımıza yön verir. Sağlamlığımızdan tutmuş, davranışlarımıza, seçimlərimizə qədər hər sahədə genlər söz sahibidirlər. Alimlər bildirirlər ki, beyindəki biokimyəvi proseslər xeyli dərəcədə məhz onlardan asılıdır. DNT adlı “təlimat kitabı”nda yazılanlar son nəfəsimizə qədər bizi tək qoymur.
Genlər hər kəsə fərqli xüsusiyyətlər bəxş edir. Müxtəlif xüsusiyyətlərə malik insanlar qruplar yaradıb milyon illər boyunca sağ qala biliblər. Əgər genlərimiz yararsız olsaydılar, təbiətin ağır sınaqlarından keçib bu günə kimi gəlməzdilər. Yaxud da, belə deyək, bu gün daşıdığımız genlər yalnızca təbiətin ağır sınaqlarından keçənlərdir (yararsız genlər ya sıradan çıxıblar, ya da mutasiya edib təkmilləşiblər). Odur ki həyatda emosional, çılğın insana da yer var, təmkinli, sakit adama da. Eqoizm də faydalıdır, altruizm də. İntrovertlik (təkliyə meyillilik) də, ekstravertlik (sosiallığa meyillilik) də.
Bir nüansa da diqqət yetirək: insan özü nə genlərinə görə məsuliyyət daşıyır, nə də doğulanda hansı sağlamlıq durumunda olmağına görə. Uşağın sağlamlığındakı problemlərlə bağlı təqsirkar axtarırıqsa, bu ancaq başqaları ola bilər: valideynlər, mühit, cəmiyyət, səhiyyə sistemi...
Fərz edək ki, uşaq hələ ana bətnində olanda nikotinə, alkoqola və ya narkotikə məruz qalıb. Bəlkə də, əvvəl-əvvəl, yəni kiçik yaşlarda həmin amillərin fəsadları gözə çarpmayacaq. Amma sonradan bunlar onun sağlamlığına, psixologiyasına mütləq təsir göstərəcək (əlbəttə, təsirin forması və dərəcəsi fərqli ola bilər). Məsələn, davranış pozğunluqları göstərən fərdin birbaşa özünü günahkar saymaq doğru deyil. Ən azı neyrobioloji baxımdan xətalıdır. Elmə görə, bu cür yanaşma əsla dəqiq, obyektiv ola bilməz.

Tərbiyə

Milyon illər boyunca hər kəsə müxtəlif xüsusiyyətlər vermiş genlərin bir çoxu bugünkü şərtlərə uyğun gəlmir, mürəkkəb strukturlu sosial həyatda çatışmazlıq kimi görünür. Sırf onların diktəsi ilə davrananlar cəmiyyətdəki tarazlığa, sabitliyə təhlükə yaradırlar. Axı genlərimiz ömrünün 99%-ni (təbii ki, hesablama dəqiq deyil) savannalarda keçirib, meqapolislərdə yox. Əgər hər şeyi onların ixtiyarına buraxsaydıq, milyon-milyon toplaşıb sivilizasiyalar qura bilməzdik. İndi nə dövlətlər vardı, nə də millətlər. Yenə əvvəlki kimi, ən çox 100-150 nəfərlik (təbii ki, bu hesablama da dəqiq deyil) dəstələrlə savannalarda yaşayırdıq.

Əlbəttə, qədim əcdadlarımız da uşaqlarına nəsə öyrətməyə, tərbiyələndirməyə çalışıblar. Amma Daş dövrü ilə müqayisədə indi vəziyyət başqadır. Bu gün uşaq tərbiyəsi deyəndə cild-cild kitablar yada düşür. Şəxsi təcrübələrinə, uzaqbaşı, primitiv ənənələrə söykənən əcdadlarımız sosiologiya, psixologiya, fəlsəfə haqda nəsə bilirdilərmi?

Əslində, tərbiyənin məqsədi insanları bəlli çərçivələrə salmaq, mühitə uyğunlaşdırmaqdır. Tərbiyə sayəsində genlər qismən cilovlanır, cəmiyyətdəki harmoniyanı qorumağa yönələn şərti reflekslər yaranır. Digər tərəfdən, unutmayaq ki, dəyərlər sistemi də cəmiyyətlə birgə dəyişir, daim özünü yeniləyir. Odur ki zamanın reallıqlarını, dünyanı daha yaxşı anlayan, həmçinin uşaq psixologiyasından xəbərdar olan valideynlər övladlarına daha yaxşı tərbiyə verirlər.

Təhsil

Uşaqlar həyatla az-çox tanış olub ilkin şərti reflekslərə yiyələnəndən sonra bağça və məktəblə təhsilə qədəm qoyurlar. Əlbəttə, təhsil sistemi təkcə elmi biliklərlə kifayətlənmir, həm də tərbiyə prosesini davam etdirir. Aldığımız biliklər tədricən şəxsiyyətimizi formalaşdırır, beynimizdə müəyyən dünya modeli yaranır.

Tədris zamanı müxtəlif kimliklər aşılana bilər: elmi, dünyəvi, dini, milli kimliklər... Təhsilin beyində necə bir dünya modeli formalaşdırması çox böyük əhəmiyyətə malikdir. Bizə həyata hansı pəncərədən və nə qədər geniş perspektivdən baxmaq öyrədilir? Elmi, dünyəvi, dini, milli kimliklərdən hansına nə dərəcədə üstünlük verilir?

Təhsilin məzmunundan əlavə, keyfiyyəti, necə tədris edilməsi də vacibdir. Təhsil nə qədər geniş kütlələrə və beyinin nə qədər dərin qatlarına toxunursa, kimliyin formalaşmasına bir o qədər çox təsir edir. Cəmiyyətin bəlli hissəsinə səthi verilən təhsil düşündüyümüz qədər silinməz izlər qoya bilməz (adətən, azlıq çoxluğu yamsıladığından çoxluğun təhsil almaması (yaxud da zəif alması) azlığa da təsir göstərir).

İstənilən halda təhsil insanlara həm kiçik yaşlardan, həm də sistemli şəkildə – uzun illər ərzində təsir göstərdiyinə görə çox əhəmiyyətlidir. Təhsilin heç olmadığı, ya da primitiv səviyyədə olduğu keçmiş dövrlərlə müqayisədə isə bu əhəmiyyət get-gedə artır.

Mühit

Bizim əsas bioloji xüsusiyyətlərimizdən biri də ətrafdakıları yamsılamağımız, mühitə uyğunlaşmağımızdır. Necə ki dünyaya gələndən genlərin, tərbiyənin, hətta lap kiçik yaşlardan şəkilli jurnallarla, cizgi filmləri ilə təhsilin təsirinə məruz qalırıq, eləcə də mühit bizə öz təsirini, təzyiqini göstərir. Hər kəs hansısa çevrədədir, istər-istəməz, ətrafdakılardan müsbət-mənfi nələrsə götürür. Bu gün influenserlər – yutuberlər, blogerlər də var. İnfluenserlər artıq yaxınlarımızdan daha yaxındırlar.

Digər tərəfdən, mühit deyəndə təkcə çevrəmizdəki insanları yox, həm də çevrəmizin özünü nəzərə almalıyıq (Tarzanın meymunlarla yanaşı, cəngəlliyə uyğunlaşması kimi). Sakit balıqçı qəsəbəsi ilə adamların qarışqa kimi qaynaşdığı səs-küylü meqapolis fərqlidir. Reklamlarla hər an diqqətimizi oğurlamağa çalışan modern dünya da işığın, qazın, internetin olmadığı ucqar kənd həyatı ilə eyni deyil.

İş orasındadır ki, yaşa dolduqca mühitdəki fərqlilikləri müəyyən qədər anlamağa başlayırıq, az-çox seçim imkanımız yaranır. Gen, tərbiyə və ilkin təhsildə rolumuz olmasa da, bəlli yaşdan sonra dostları, influenserləri, yaşadığımız məkanı özümüz müəyyənləşdirə, ən azı buna cəhd edə bilərik.
(Konkret nə vaxtdan sərbəst qərarlar verməyə başlamağımız mübahisəli mövzudur. “Azad iradə”dən bəhs edəndə buna toxunacağıq. Hələlik bir şeyi yadda saxlayaq: insan səhv etdiyini bilsə də, mühitin təsirinə düşməyə meyillidir. Xüsusən də gənclər. Çünki hissi davranışları tənzimləyən prefrontal korteks (ön beyin) 20-23 yaşadək hələ tam formalaşmır)

Bəxt

Əvvəlcə, aydınlaşdıraq: bəxt deyəndə nəyi nəzərdə tuturuq? Əgər söhbət bizdən qətiyyən asılı olmayan səbəblərdən gedirsə, bəli, kimliyin formalaşmasında bəxt başlıca rol oynayır. Hətta gendən, tərbiyədən, təhsildən, mühitdən də qabaq.
Hansı genlərə sahib olmağımız, valideynlərimiz, onlardan aldığımız tərbiyə, məktəb, müəllimlər, sinif yoldaşları – heç birini biz seçmirik, hamısı bəxtimizə düşənlərdir. Belə bir söz də var: coğrafiya taledir (diqqət: bu ifadə yalnız müəyyən konteksdə keçərlidir).
Əgər bəxt deyəndə həyatımız boyunca qarşılaşdığımız təsadüfləri nəzərdə tuturuqsa, yenə də bəli, kimliyin formalaşmasında bəxtin rolu var. Amma birinci yox, sonuncu sıradadır (təbii ki, sıra məsələsi məcazi xarakter daşıyır, bunu heç kəs dəqiq deyə bilməz).

Gəlin həlledici hadisələri – tam təsadüfən avtomobil qəzasına düşüb şikəst qalmağı, lotereyada milyon dollar qazanıb (tutalım, bileti də özümüz almamışıq, hədiyyə veriblər) zəngin olmağı istisna edək. Bu zaman bəxtimizin gətirib-gətirməməsi xeyli dərəcədə bizdən asılıdır.
Bəxt, əslində, təsadüfdür, təsadüflər də ehtimallara söykənir. Doğru addımlar xoş, yanlış addımlar isə bəd təsadüflərin ehtimalını yüksəldir. Necə deyərlər, işi şansa buraxma! Hansı addımları atacağımıza, xoş və bəd təsadüflərin ehtimallarına necə təsir göstərəcəyimizə gəlincə, burada sadalanan digər faktorlar rol oynayır: gen, tərbiyə, təhsil, mühit.

Bəxtimiz (həm bizdən asılı olmayan, həm də asılı olan) həyatımızı istiqamətləndirir. Həmin istiqamətlərdə qazanılan təcrübələr, biliklər yaddaşa həkk olunur, şəxsiyyətə təsir göstərir. Sırf təsadüfən lotereyada milyon dollar udmağımız bizi fağır kasıbdan harın zənginə çevirə bilər. Tez-tez sağlam mühitlərdə fırlanmağımız bəxtimizə savadlı və xeyirxah bir dost çıxarar. Dostun öz biliyini, dünyagörüşünü, vərdişlərini xəsislik etmədən bizimlə bölüşməsi kimliyimizə dəyər qatar, tədricən başqa adam olarıq.

...Beləliklə, gen, tərbiyə, təhsil və mühit amilləri bəxtlə birləşəndə (GTTM+B) şəxsiyyətimiz formalaşır. Bəs bu 5 faktorun arasında hansı əlaqələr var?

Onlar bir-birindən necə asılıdırlar, bir-birini necə kompensasiya edirlər? Digər tərəfdən, əgər kimliyimiz GTTM+B formulu ilə yaranırsa, “azad iradə” hara getdi? Belə çıxır ki, motivatorlar, kouçlar, kapitalist istismarçılar haqsızdırlar, həyatımız öz əlimizdə deyil? Yəni doğrudanmı hər şey məhz determinizmə – səbəb-nəticə əlaqəsinə bağlıdır?

Bütün bu suallara yazının növbəti hissələrində cavab axtaracağıq...

# 1201 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #