Anar, Əkrəm Əylisli, Seymur Baycan ağlayan uşağı necə kiridərdilər?   

Anar, Əkrəm Əylisli, Seymur Baycan ağlayan uşağı  necə kiridərdilər?   
28 oktyabr 2021
# 09:00

Kulis.az Zamin Hacının “Ağır su və ya qatıq bankasının ağzındakı məsələ” yazısını təqdim edir.

Deyir bir nəfər rəhmətə gedir, gəlir durur cənnət-cəhənnəmin yol ayrıcında. Mütəxəssislər araşdırırlar, çoxlu günahı tapılır, lakin Allah bağışlayandır, bunu dərhal, isti-isti cəhənnəmə basmaq istəmir, soruşur:

“Bəlkə haçansa nəsə savab iş də görmüsən?”

Adam uzun-uzadı fikirləşir, yadına heç zad düşmür. Birdən sevinclə yerindən hoppanıb deyir:

“Xatırladım! Bir dəfə dilənçiyə iyirmi qəpik vermişəm!”

Allah-təala təəssüflə başını bulayıb qapıdakı mələyə tapşırır:

“Bunun iyirmi qəpiyini qaytarın, cəhənnəm olsun”.

Bu pritça hələlik dursun burda, sizə nəql eləyim Nils Bordan.

Bor müəllim danimarkalı ünlü fizik olmuşdur, nüvə araşdırmaları xüsusən tanınır.

İkinci dünya savaşı zamanı alman faşistləri Nils Boru Danimarkadan oğurlayıb atom bombası qayırmaq üçün işlətmək fikrinə düşür, Bor qaçır İsveçə. Ordan isə Britaniya kəşfiyyatı gizli yollarla Boru aradan çıxarır. Belə rəvayət edirlər ki, Uinston Çörçill (yəqin bunun kim olduğunu yazmağa ehtiyac yoxdur – milli kinomuzda indiqo kostyum geyinən həmin adamdır) Nils Boru hərbi nəqliyyat təyyarəsində Britaniya adalarına aparan kəşfiyyat qrupuna belə tapşırıq veribmiş:

“Əgər uçuş zamanı alman qırıcıları izinizə düşsə, təyyarəni aşağı endirməyə çalışsa, lyuku açın, Nils Boru göydən yerə atın. Onun ölməyi bəşər üçün sağ qalıb almanlara işləməsindən daha xeyirlidir”.

Uçuş uğurla bitib, Nils Bor isə bu gizli tapşırığın ikinci hissəsindən sonralar xəbər tutub, Çörçilldən bərk inciyibdir.

Ancaq Nils Borun həmin əhvalatını bizim gündəmə calaq eləyən detalı hələ indi yazıram. Ağır su deyilən bir maddə var. Təxminən hesab eləyin ki, normal suda iki hidrogen atomu bir oksigen atomuyla birləşirsə, burda hidrogenin üçündən istifadə olunur. Ya da hidrogenin ağır izotopu işlənir – nəsə qəliz məsələdir. Bu ağır su nüvə reaktorlarında istifadə olunur, atomun parçalanması zamanı neytronları udur, qırağa buraxmır.

Loru dildə desək, nüvə reaksiyasının qabını ağır su ilə doldururlar. Xülasə, Nils Borun İsveçdəki evində bu ağır sudan varmış, alim onu şampan butulkasında saxlayırmış.

İngilis kəşfiyyatçıları Boru “oğurlayıb” aparanda alim deyir, soyuducudan o butulkanı da mütləq götürün. Götürüb gedirlər, Londonda baxırlar ki, səhv salıblar, əsl şampanı aparıblar, ağır su qalıb soyuducuda. Bir də təzədən dəstə göndərilir və sairə.

İndi mən fikirləşirəm ki, görəsən Çingiz Abdullayev aeroportda o ağlayan uşağa ağır su versə axırı necə olardı?

Əslində qorxulu bir şey deyil, ağır sudan yüz qıram içəndə adam keflənir, yerişini-duruşunu itirir.

Yazının bu yerində müxbirimiz vasitəsiylə görkəmli Azərbaycan yazıçılarına bir sual ünvanladım:

“Haçansa ağlayan uşağı necə kiritmisiniz? Xahiş edirik münasibətinizi açıqlayasınız. Əvvəlcədən təşəkkür edirik, kənd camaatı demişkən, minnətinizə görə diqqətdarıq”.

Anar (AYB sədri)

“Bir dəfə “Sahil” bağından ofisə girəndə qapıda üç gənc şair gördüm. Ağlayırdılar. Onlara üzvlük bileti verdim, sakitləşdilər”.

Rəşad Məcid (AYB sədrinin müavini)

“Mən nənəsinin yanında ağlayan uşaq görəndə su alıb nənəsinə verirəm, adətən uşaq da kiriyir”.

Aqşin (şair)

“Hələ sənin Çingizdən aldığın suyu içib ağlamağın var. Ümumiyyətlə, su deyə bir şey yoxdur, su tənhalığın təbiətdə yoludur, qadınlar isə kişilərin axırına çıxmaq üçündür”.

Seymur Baycan (yazıçı)

“Siz heç xarici uşaqların ağlamağını görmüsünüz? Onlar su içmək istəyəndə bunu özləri əldə edir. Ancaq bizim uşaqlar sudan ötrü burnunun suyunu axıdır”.

Əkrəm Əylisli (yazıçı)

“Mən yuxuda erməni uşağın ağladığını gördüm, onu kiritmək üçün nar verdim”.

Hüseynbala Mirələmov (dramaturq)

“Uşaq ağlayanda onun nənəsini sığallamaq lazımdır”.

Şərif Ağayar (Kulis.az saytının müdiri)

“Nənəsinin yanında ağladı, hava limanında Dronqonu gördü, içdiyi su dastan oldu”.

Şərif bəyin “Tərsinə fırlanan zərrəciklər” hekayəsini də tərslikdən təzəcə oxumuşam və orda fizika alimin başına daş düşməyindən bəhs olunurdu.

Hələ bu harasıdır, uşaq dünən məktəbdən gəlib görün nə deyir:

“Ata, fizika dərsində yoxlama gəlmişdi, mexaniki hərəkətin tərifini soruşdu, mən də dedim. Ancaq Alim bilmədi, kəkələyirdi. He-he”.

Deyirəm, a bala, adam sinif yoldaşının savadsızlığına, dərsi bilmədiyinə gülməz. Ona su verər, kömək edər. Və sairə və ilaxır – mənim belənçik ağsaqqal məsləhətlərim kəm olmur, maşallah.

Ancaq birdən ağlıma gəlir ki, dərsi bilməyən uşağın adı Alim idi axı!

Koqnitiv dissonans budur yəqin. İş burda da bitmir. Qatıq satan kişinin bankanın ağzına vurduğu kağız dərslikdən vərəqdir. Orada belə misal verilib:

“Bakı-Ankara-London reysi ilə uçan təyyarə saat 11-də Bakıdan Ankaraya uçdu və 2 saatdan sonra Ankarada oldu. Təyyarə 2 saat 30 dəq. Ankarada dayandıqdan sonra oradan Londona uçdu və bundan 2 saat 15 dəq. sonra Londonda oldu. Təyyarə nə vaxt Londona çatdı?”

Fısqırıq. Təyyarə Londona çatsaydı nə vardı? Görürsən camaat qalıb hava limanında, ağlaşma-şivən.

Mən sizə deyim, vaxt gələcək Çingiz Abdullayevin adını mesenat kimi Hacı Zeynalabdin Tağıyevin yanına yazacaqlar. Biz buna doğru gedirik. Ekoloji fəlakət, su qıtlığı-filan...

Hələ bəziləri Azərbaycan yazıçılarından böyük ürək umur. Ölün elə. Umsuq olun. Bunlar, üzvlərindən birinin vaxtilə yazdığı kimi, bir-birinin başını istəyən adamlardır. O uşaq da güman edirəm qarın ağrısına, tifə, yatalağa, koronavirusa yoluxmuşdur.

Əslində dəyərlərdən-zaddan danışmağın mənası yoxdur. Qatıq bankasının ağzındakı vərəqin fotosunu yazıya əlavə edirəm. Bəlkə bəziləri inanmaz deyə.

Halbuki, bu yazıda heç bir xəyal ürünü yoxdur, türkün sözü.

Zamin Hacı,
Foto müəllifindir

# 8742 dəfə oxunub

Oxşar xəbərlər

"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

12:00 22 noyabr 2025
"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

17:30 21 noyabr 2025
"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

16:00 21 noyabr 2025
Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər