Qələbədən sonra nələr olacaq? - Şərif Ağayar yazır...

Qələbədən sonra nələr olacaq? - Şərif Ağayar yazır...
10 noyabr 2020
# 11:22

Sən demə, Böyük qələbə bizə elə yad bir varlıq deyilmiş. Onu uzun illər görməsək də, tanımasaq da, bizə çox tanış imiş. Hava fişəngləri, səs-küy, musiqi, alqış sədaları, siqnal səsləri və al-mavi bayraqlarla gəlişi necə də doğmadır. Çünki o, Azərbaycanın öz övladıdır, onun şücaətindən, mətanətindən və mərdliyindən doğulan övladı...

Hamı küçələrdədir. Qaçqınlar yaşayan qəsəbələrdə Azərbaycan və Türkiyə bayraqları altında böyük bir şadyanalıq düzəldiblər. Musiqi, rəqs, ağlayan kim, gülən kim, fit çalan kim... Adamlar eyvanlara çıxıb şənlik cavanlarını alqışlayır, yaşlılar kənarda durub baxır. Gah gülür, gah ağlayır, gah da əl çalırlar.

Maşınlarda sallaşıb bayraq yelləyən cavanlara baxanda adamın ürəyi üzülür. Bu saat yıxılacaqlar deyirsən. Amma heç kimə heç nə olmur. Yol polisi də çox müdaxilə eləmir. Həm də necə etsin? Bir deyil, beş deyil... Onlar da sevinir, təbii və adamların bu böyük sevincin dadını çıxrmasına icazə verirlər. İnşallah heç bir qəza-filan baş verməz.

Böyük binalarının çox zaman susan divarlarından bayraqlar sallanır, bəzən adamlar pəncərədən qışqırır: “Qarabağ Azərbaycandır!” “Nida işarəsi” deməyə ehtiyac qalmır. Səsdəki qətiyyət o nidanı əvəz edir və bu gün bu söz daha da inandırıcı səslənir. Çünki, doğrudan da belədir. Əvvəl bu ifadə ideya-fikir yükü daşıyırdısa, indi reallığı əks etdirir.

Bəzi küçələrdə adamlar üçrəngli bayrağı iki tərəfindən tutub havaya qaldırıblar, maşınlar bayrağın altından keçir. Baş əyir, ehtiram və etimad göstərir.

Maşınlar da müxtəlif səsli siqnalları, yanıb sönən işıqları ilə sevinc ifadə edir. Ağaclar səsə diksinib yuxudan oyanır.

Rastlaşan bütün tanışlar salamdan əvvəl bir-birinə gözaydınlığı verir. Hamının çöhrəsində indiyədək görmədiyimiz aydın bir məmnunluq, toxtaq bir sevinc var.

Təbii ki, qələbə nidaları Şuşanın alınma xəbəri ilə yüksəlməyə başladı. Bu qələbənin qeyd-şərtsiz müəllifi Ali Baş Komandan Şuşa müjdəsini “Şəhidlər xiyabanı”ndan verməklə çox böyük addım atmış oldu. Sanki bu xəbər ərazi bütövlüyümüz uğrunda canından keçən qardaş-bacılarımıza da verilirdi. Məzarınızda rahat yatın - deyilirdi, qanınız yerdə qalmadı, amallarınızı həyata keçirdik.

Bunun ardınca insanların Şəhidlər xiyabanına – Vətənin ən müqəddəs guşəsinə axın-axın adamlar getdi. Əllərdə bayraq, dillərdə dua. Məzar daşlarından boylanan şəkillərə utana-utana baxan adamlar bu dəfə qəddini şax saxlamışdılar. Şəhidlərə - bizim üçün özünü fəda edən seçilmiş Allah bəndələrinə borcumuzu qaytarmışdıq. Hüzurlarında alnıaçıq dayanmağa haqqımız vardı.

Heç şübhəsiz, biz möhtəşəm tarixi günlər yaşayırıq. Əslində, bu günləri Qarabağ konfliktinin başlandığı son 30 illə dəyərləndirmək onun əhatə dairəsini və tarixi əhəmiyyətini azaltmaqdır. Azərbaycan torpaqlarına qarşı qəsbkarlıq etmək siyasətinin yüz illərlə yaşı var. Biz xanlıqlar zamanından indiyəcən itirə-itirə gəlmişik və heç vaxt itirdiyimizi geri almaq imkanımız olmayıb. Son 200 ildə ilk dəfədir ki, Ana vətənimiz Böyük qələbə duyğusunu yaşayır. Bu gün müstəqilliyimizin ən böyük qarantı olan ərazi bütövlüyümüz təmin olunur.

Şuşanın alınması təkcə bir müharibə gerçəyi, döyüşün qələbə ilə nəticələnməsi deyildi. Bununla həm də mənəvi ucalıq qələbə çaldı, haqq-ədalət yerini tapdı. Ərazisi işğalda olan bütün millətlərin içinə ümid qığılcımı səpələndi.

Şuşa sadəcə bir strateji şəhər deyil, mədəni və mütərəqqi gələcəyimizin müjdəsidir. Musiqimizin, mədəniyyətimizin, kreativ düşüncəmizin yeni mərhələyə qədəm qoymasıdır.

Diqqət etsəniz, xanlıqlar dönəmindən üzübəri yaranan bütün şeirlərimiz, mahnılarımız, dastanlarımız çox kədərlidir. Ümumi bir bədbinlik, inamsızlıq havası var bu əsərlərdə. Yalnız SSRİ dövründə nikbin şeirlər yazılırdı ki, bu da xalqın əhvalını ifadə etməyən yalançı sevinc idi. Və bütün sənət dünyamıza çökən bu dekadans ruh dövrümüzə qədər gəlib çıxdı, torpaqlarımızın işğalı ilə ömrü bir az da uzandı.

Baxın, Nizami Gəncəvinin həyat eşqi, insanlığa və ədalətə inamı nə ilə şərtlənirdi? Təbii ki, intibah dövrü ilə. İntibah dövrü isə Atabəylər kimi böyük, güclü bir dövlətin varlığına söykənirdi. Məhəmməd Füzuli dövrü isə fərqli idi. Azərbaycan torpaqlarında müharibələr gedir, cəmiyyətdə ümumi bir bədbinlik hökm sürürdü. Ona görə, Füzuli şeirində kədər, ağrı daha güclüdür və ədalətin bu dünyada təntənəsinə inam azdır.

Eyni təcrübə Azərbaycanın Çar Rusiyasının işğalına məruz qalmasında da, Birinci dünya savaşında da, İkinci dünya savaşında da, 90-ların qanlı-qadalı hadisələrində də bizi müşayiət etdi. Necə deyərlər, qan ağlayan qələmimiz kirimədi. Müstəqillik kimi böyük nemətə sahib olsaq da faciələr arda-arda gəldi.

İndi isə vəziyyət tamam dəyişib. Şuşanın alınması ilə Azərbaycan Böyük qələbəsinə qovuşub və inkişaf edən güclü dövlət kimi özünü göstərib. Bundan sonra biz mədəniyyət sahəsində Nizami ənənələrinin güclənməsini müşahidə edəcəyik və yaradılan nümunələrdə Azərbaycan qüdrəti, qələbəsi hiss olunacaq.

Güclü və qalib gələn ölkənin hər bir vətəndaşı güclü və qalibdir.

Torpaqların azadlığının və qələbənin cəmiyyətin digər sahələrinə təsiri də danılmazdır. İqtisadiyyatdan tutmuş təhsilə, tibbə, elmi-texniki tərəqqiyə qədər...

Böyük qələbə ilə yeni epoxa başlayır.

Bundan sonra bizi yalnız zirvələrə qalxan işıqlı yollar gözləyir.

Daimi olsun!

Azərbaycan xalqının gözü aydın olsun!

# 3113 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #