Atalarımızın səhvi – Şərif Ağayar yazır...

Atalarımızın səhvi – Şərif Ağayar yazır...
29 noyabr 2019
# 11:24

Polyak rejissor Kşiştof Kieslovskinin televiziya üçün çəkdiyi “Dekaloq” adlı silsilə filmləri var. Hər film Musa peyğəmbərin məşhur on hökmündən birinə aid edilib və az qala bütün dünyanın ehkam kimi qəbul etdiyi hökmlər modern insanın həyatında yenidən dəyərləndirilir.

Rejissor demək istəyir ki, misal üçün, “Öldürmə!” söyləmək asandır. Dünyada heç bir normal adam əksini söyləməz, lakin həyatın elə məqamları olur, hər kəs məhz “Öldür!” əmrini verə bilir. “Dekaloq” hardasa, necəsə Trierin “Dogvill”i ilə səsləşir. Tamaşaçı birdən-birə filmin baş qəhrəmanının qanqster atasına qoşulub bütün qəsəbəni uşaqlı-böyüklü, itli-pişikli qırıb-çatmaq qərarı verir.

Deməyim nədir; hər şey və hər kəs zamanın tələblərinə uyğun yenidən dəyərləndirilə bilər və bu, əslində belə də olmalıdır.

Bizim də bəzi filmlərimizdə bu ideya zəif də olsa keçir, ancaq daha çox toplumun sovet məfkurəsinə uyğunlaşdırılması istiqaməti müşahidə olunur. Ona görə, bu mövzuda adı gedən filmlərlə müqayisə üçün konkret nəsə tapıb deyə bilmirəm.

Yenidən dəyərləndirməyə məruz qalan ən ciddi nüanslardan biri də hökm şəklində deyilən fikirlərdir. Çağımızın böyük alimi və yazarı Umberto Eko deyirdi ki, imkanım olsa, bütün fikirlərimin qarşısına “Bəlkə” sözünü əlavə edərdim. Belə bir düşüncə ilə eyni dövrdə hökmlər vermək, ehkamlar elan etmək bir az da gülməlidir.

Misal üçün, “Ot kökü üstə bitər” deyirik. Doğrudurmu? Ot başqa harda bitə bilər ki? Doğrudur! Hətta dərindən fikir versək, o qədər doğrudur ki, bunu deməyə ehtiyac qalmır. Bəs, nə dərəcədə ehkamdır? Heç bir dərəcədə. Çünki yaxşı valideynə layiq övlad haqqında deyilən bu söz yaxşı valideynə layiq olmayan övlad haqqında özünün tamam əks mənasında işlədilir: Oddan kül törəyər.

Beləliklə, çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır. Demək, ehkamlar yox, situasiyalar daha çox haqlıdır.

Didaktika ilə dolu şeirlərimiz də bu gün öz funksionallığını itirib və demək olar, heç bir işə yaramır. Siz hər hansı şeirdə qeyd olunan nəsihəti eşidib onu həyatına tətbiq edən adam gördünüzmü? Belə bir adam görsək, ona qəribə baxarıq. Bir az da başdan o söz hesab edərik. Çünki zamanın xarakteri fərqlidir.

Əlbəttə, insanın həqiqətə münasibəti dəyişə bilməz. Əsl insan onu anlamalı, başa düşməli, qəbul etməli, yeri gələndə anlada da bilməlidir. Sadəcə bir incə məqam var ki, həqiqət özü situasiyalara uyğun dəyişə bilir.

Ədəbiyyatda, ümumən sənətdə ən çox dəyişən, zamanını keçirən müəllifin müdrik pozasıdır. Yaradıcılıq müdriklikdən ayrılıb. Yazan-yaradan adam müdrik olsa belə müdriklik etməməli, yaxud özünü müdrikliyə qoymamalıdır.

Müəllif mətnindən kənar durmağı bacarmalıdır.

Sufi-panteist düşüncəmizdə maraqlı bir bənzətmə var.

Sual olunur: Tanrı dünyanın harasındadır?

Cavab verilir: Yağ südün harasındadırsa, orasında.

İlk baxışdan südün içində yağ yoxdur, lakin yağ süddən əmələ gəlir. Demək, konkret heç bir yerində olmamaq şərti ilə hər yerindədir. Laməkanlıq da məkansızlıqdan çox hər yerdə olmaq anlamına gəlir.

Tanrı kainatın, yağ südün harasındadırsa müəllif əsərin orasındadır.

Heç bir yerində deyil, lakin hər yerindədir.

Zamana asanlıqla təslim olan və həyat situasiyaları qarşısında aciz qalan didaktik pozadan xilas olmağın yeganə yolu budur.

# 5213 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər