45 funta satılan tablo necə 450 milyon dollarlıq rekord qırdı? - Taleyini təsadüflərə borclu əsərlər

Taleyini təsadüflərə borclu əsərlər

Taleyini təsadüflərə borclu əsərlər

27 iyul 2026
# 15:00

Kulis.az Şahanə Müşfiqin "Taleyini təsadüflərə borclu əsərlər" yazısını təqdim edir.

Məncə, sənət əsərlərinin də taleyi insan taleyinə çox bənzəyir. Elələri var ki, yarandığı gündən şöhrət qazanır, sarayların, sərgi salonlarının, muzeylərin divarlarını bəzəyir, haqqında araşdırmalar aparılır, kitablar yazılır. Elələri də var ki, əsrlərlə sükut içində yaşayır. Toz basmış çardaqlarda, nəm zirzəmilərdə, kənd evlərinin divarlarında, hətta mətbəx sobasının üstündə səbrlə kəşf olunacağı günü gözləyir…

İncəsənət tarixinin ən qəribə paradokslarından biri də budur: bəzən milyonlarla dollar dəyərində olan şah əsərlər sahiblərinin gözündə adi bir köhnə şəkildən fərqlənmir. Onların həqiqi dəyərini isə illər, bəzən əsrlər sonra təsadüf üzə çıxarır.

Sənət tarixçiləri belə hadisələri "itmiş şah əsərlərin ikinci həyatı" adlandırırlar. Maraqlıdır ki, bu kəşflərin əksəriyyəti laboratoriyalarda yox, tamamilə gündəlik həyatın içində baş verir. Evin satışı zamanı çağırılan hərracçı, damdan axan su, köhnə mebelin daşınması və ya təsadüfən diqqət çəkən bir fırça izi... Bəzən yüzilliklərin sirrini məhz belə kiçik hadisələr açır.

Əlbəttə, hər köhnə tablo böyük sənət əsəri hesab oluna bilməz. Lakin tarix göstərir ki, bəzən dünyanın ən qiymətli rəsmləri məhz heç kimin qiymət vermədiyi yerlərdə gizlənib.

Mətbəxdəki möcüzə

2019-cu ilin yayında Fransanın Kompyen şəhərində yaşayan yaşlı bir qadın evini satmağa hazırlaşır. Digər insanlar kimi o da köhnə əşyalarının qiymətləndirilməsi üçün hərrac mütəxəssisini evinə dəvət edir. Divarlarda illərlə asılmış köhnə tabloların içində kiçik, təxminən 26 santimetrlik dini mövzulu bir rəsm də vardı. O, mətbəxdə, sobanın üstündə asılmışdı. İllərlə yeməyin buxarına, tüstüyə və yağ qatına məruz qalmışdı. Ev sahibi onu sadəcə köhnə dini təsvir hesab edir, hətta mənşəyini rus ikonaları ilə əlaqələndirirdi.

Lakin hərracçı Filomen Volf tablonun qarşısında dayananda qəribə bir hiss keçirir. Rənglərin dərinliyi, fiqurların quruluşu və qızılı fon ona adi dini rəsmdən daha qədim bir əsərlə üz-üzə olduğunu düşündürür. Əsər Parisdə ekspertiza üçün incəsənət mütəxəssisi Erik Türkənin laboratoriyasına göndərilir. İnfraqırmızı analizlər, ağac panelinin yaşı, piqmentlərin tərkibi və üslub müqayisələri nəticəsində sensasion nəticə ortaya çıxır. Sən demə, bu əsər XIII əsrin böyük italyan ustası Çimabuenin (Cimabue) "Məsihin məsxərəyə qoyulması" ("Christ Mocked") adlı tablosu imiş.

Çox qısa zamanda bu kəşf təkcə yüksək qiymətinə görə deyil, həm də sənət tarixindəki əhəmiyyətinə görə böyük hadisə sayıldı. Çünki Çimabuenin bu günə qədər cəmi təxminən on beşə yaxın əsərinin mövcud olduğu qəbul edilir. O, Avropa rəngkarlığında orta əsr ikonalarından daha canlı və insani təsvirə keçidin əsas simalarından biri hesab olunur. Hətta məşhur rəssam Cottonun (Giotto) müəllimi kimi tanınır.

Əsər 2019-cu ilin oktyabrında hərracda 24 milyon avroya satıldı. Bu isə orta əsrlərə aid rəsm əsərləri üçün rekord qiymətlərdən biri idi. Sonradan Fransa hökuməti onun ölkədən çıxarılmasını qadağan etdi, "milli sərvət" elan etdi və 2023-cü ildə əsər Luvr Muzeyi tərəfindən alındı.

Açıklama yok.

Çardaqdakı sirr: Karavaccionun itmiş şah əsəri tapılıbmı?

Bəzən bir damdan axan yağış suyu da sənət tarixini dəyişə bilir.

2014-cü ildə Fransanın Tuluza şəhərində yaşayan bir ailə evlərinin damında yaranmış problemi aradan qaldırmaq üçün çardağa qalxır. Uzun illərdir açılmayan qaranlıq məkanda toz içində böyük bir tablo diqqətlərini çəkir. Kətanın üzərində son dərəcə dramatik səhnə təsvir olunmuşdu: Yəhudi qəhrəmanı Yudit qılıncla Assuriya sərkərdəsi Holofernin başını kəsirdi. Qan, işıq, kölgə, insanların sifətindəki vahimə... Hər detal qeyri-adi ustalıqla işlənmişdi.

Əvvəlcə ailə bunun adi köhnə dini rəsm olduğunu düşünür. Lakin ekspertlər əsəri araşdırmağa başlayanda bütün sənət dünyası ayağa qalxır. Çünki bu tablo XVII əsrin dahi italyan rəssamı Mikelancelo Merizi da Karavaccionun iki əsrdən çoxdur itmiş hesab olunan "Yudit Holofernin başını kəsir" kompozisiyasının ikinci versiyası ola bilərdi.

Karavaccio rəssamlıq tarixində inqilab etmiş sənətkar idi. O, müqəddəsləri mələk simasında yox, küçədə gördüyü insanlar kimi çəkirdi. Onun əsərlərində işıq sadəcə işıq deyil, taleyin özü idi. Qaranlıq isə bəzən günahı, bəzən qorxunu, bəzən də ölümü təmsil edirdi. Bu üslub sonralar "kjaroskuro" – işıq və kölgənin dramatik qarşıdurması kimi sənət tarixinə düşdü. Məhz buna görə Tuluzada tapılan əsərdəki güclü işıq-kölgə oyunu mütəxəssisləri heyrətləndirmişdi. Lakin bundan sonra sənət tarixinin ən böyük mübahisələrindən biri başladı.

Bir qrup ekspert tablonun Karavaccionun öz fırçasından çıxdığını iddia edirdi. Digərləri isə onun ən istedadlı davamçılarından biri olan flamand rəssamı Lui Finsonun işi olduğunu düşünürdü. Maraqlıdır ki, Finson Karavaccionun bəzi əsərlərinə sahib olmuş, hətta onları köçürmüş rəssam idi. Buna görə də iki ustanın üslubunu ayırmaq son dərəcə çətin idi.

İllərlə rentgen analizləri aparıldı, piqmentlər öyrənildi, kətanın lifləri müqayisə edildi. Ancaq bu gün də yekdil qərar yoxdur. İndinin özündə də rəsmin müəllifi ətrafında mübahisələr davam etməkdədir.

2019-cu ildə tablo hərraca çıxarılmalı idi. Sənət bazarında onun qiymətinin yüz milyonlarla avroya çata biləcəyi deyilirdi. Lakin son anda naməlum kolleksiyaçı əsəri şəxsi qaydada satın aldı və hərrac ləğv edildi.

Beləliklə, o həyati sual hələ də cavabsız qalır: Doğrudanmı həmin çardaqda Karavaccionun itmiş şah əsəri gizlənmişdi? Yoxsa dünya sənət tarixi növbəti böyük yanılğının astanasından keçdi? Bəzən elmin də cavab tapa bilmədiyi suallar olur. Bu əsərin sirri də məhz ondadır. O, təkcə çəkildiyi günün deyil, XXI əsrin də ən müəmmalı tablolarından biri olaraq qalır.

Açıklama yok.

Dünyanın ən bahalı tablosunun ikinci həyatı

Əgər sənət tarixində "yenidən doğulan rəsm" anlayışı varsa, bunun ən məşhur nümunəsi şübhəsiz ki, "Salvator Mundi"dir.

Bu gün onun adı dünyanın ən bahalı tablosu kimi çəkilir. Amma XX əsrin ortalarında heç kim ona bu gözlə baxmırdı.

1958-ci ildə Londonda keçirilən bir hərracda əsər cəmi 45 funt sterlinqə satılmışdı. O vaxt hesab olunurdu ki, bu, Leonardo da Vinçinin yox, onun şagirdlərindən birinin çəkdiyi zəif surətdir. Tablo o qədər bərbad vəziyyətdə idi ki, üzərindəki qalın boya qatları və uğursuz bərpalar orijinal fırça izlərini demək olar ki, tamamilə gizlətmişdi.

Yarım əsrdən çox zaman keçəndən sonra amerikalı sənət tacirləri onu yenidən əldə etdilər. Restavrator Dianne Modestini aylarla, sonra isə illərlə əsərin üzərində çalışdı. Boya qatları ehtiyatla təmizləndikcə sanki başqa bir rəsm ortaya çıxmağa başladı. Ən böyük diqqət çəkən detal isə İsanın gözləri və sağ əlindəki şəffaf kristal kürə idi. Leonardonun insan anatomiyasını, işığın sınmasını və optikanı dərindən bilməsi bu xırda detallarda özünü göstərirdi.

2011-ci ildə London Milli Qalereyasında keçirilən sərgidə əsər ilk dəfə Leonardo da Vinçiyə aid əsər kimi nümayiş etdirildi. Bu, böyük sensasiya yaratdı. Ancaq mübahisələr bununla bitmədi.

Bu gün də bir sıra sənət tarixçiləri hesab edirlər ki, əsərin böyük hissəsi Leonardonun emalatxanasında işləyən şagirdlər tərəfindən tamamlanıb. Digərləri isə əsas kompozisiyanın və ən mühüm hissələrin məhz ustanın özünə aid olduğunu müdafiə edirlər.

Mübahisələrə baxmayaraq, 2017-ci ildə "Salvator Mundi" hərracda 450,3 milyon dollara satıldı və dünya rəsm tarixinin ən yüksək qiymətə satılan əsərinə çevrildi.

Bu hekayənin ironiyası ondadır ki, bir vaxtlar dəyərsiz hesab edilən, toz içində qalmış bir tablo sonradan bəşəriyyətin ən qiymətli sənət əsəri kimi tarixə düşdü.

Açıklama yok.

Müəllifini əsrlər sonra "xatırlayan" tablolar

İncəsənət tarixində elə əsərlər də var ki, onların taleyi itib tapılmaqdan da qəribədir. Onlar heç vaxt yoxa çıxmayıblar. Muzeylərin divarlarından asılıblar, kataloqlara düşüblər, sərgi salonlarında nümayiş etdiriliblər, minlərlə insan onlara baxıb, haqqında düşünüb. Amma hər dəfə yanlış adın altında.

Sənət tarixində buna atribusiya deyilir – yəni əsərin həqiqi müəllifinin müəyyən edilməsi. Bu proses bəzən on illərlə, hətta əsrlərlə davam edə bilir. Çünki rəssamın imzası silinmiş, tablo sonradan bərpa olunmuş, yaxud ustanın emalatxanasında şagirdləri ilə birlikdə işlənmiş olur.

XX və XXI əsrlərdə inkişaf edən texnologiyalar – rentgen çəkilişləri, infraqırmızı reflektoqrafiya, piqment analizləri və ağac panellərinin yaşını müəyyən edən elmi üsullar – sənət tarixinin ən böyük sirlərindən bəzilərini açmağa imkan verdi. Boyanın altındakı ilkin eskizlər, rəssamın sonradan dəyişdirdiyi kompozisiya, hətta fırçanın hərəkət istiqaməti belə alimlər üçün "imza" rolunu oynamağa başladı.

Beləliklə, muzeylərdə illərlə "naməlum müəllif" adı altında nümayiş etdirilən bəzi əsərlər öz əsl müəlliflərinə qovuşdu. Digərləri isə əksinə, məşhur rəssamların yaradıcılıq siyahısından çıxarıldı. Bu, sənət tarixinin hələ də tamamlanmamış bir kitab olduğunu göstərir. Hər yeni texnologiya həmin kitabın növbəti səhifəsini açır.

Bir tablonun dəyərini nə müəyyən edir?

Bu hekayələrin hər biri oxucuda eyni sualı yaradır: bir rəsm əsərinin qiyməti onun çəkildiyi boya, istifadə olunan kətan, yoxsa müəllifin adı ilə müəyyən olunur? Əslində isə həqiqi dəyər bunların heç biri deyil. Bir əsəri qiymətli edən onun bəşəriyyətin yaddaşında tutduğu yerdir. Karavaccionun çardaqdan tapıldığı iddia olunan tablosu milyonlarla avro dəyərindədir deyə maraqlı deyil. Maraqlıdır, çünki o, bizi dörd əsr əvvəl yaşamış bir insanın düşüncəsi ilə üz-üzə qoyur. Çimabuenin mətbəxdə asılan əsəri bahalı olduğuna görə yox, Avropa rəssamlığının doğuluşuna işıq saldığı üçün qiymətlidir. "Salvator Mundi" isə rekord məbləğə satıldığı üçün deyil, bir vaxtlar heç kimin fərqinə varmadığı bir əsərin sonradan bütün dünyanın diqqət mərkəzinə çevrilməsi ilə fərqlidir. Yəqin incəsənətin ən böyük paradoksu da məhz budur ki, əsərin özü dəyişmir, dəyişən insanın, cəmiyyətin ona baxışıdır.

Burada əsas məsələ diqqətdir. Çünki həmin rəsmlərin hamısı illərlə eyni yerdə idi. Onlar özlərini gizlətmirdilər. Sadəcə, heç kim onlara doğru gözlə baxmırdı, bəlkə də baxa bilmirdi.

Həyat da buna bənzəyir. Bəzən ən böyük istedadlar, ən dəyərli insanlar, ən qiymətli fikirlər də öz "çardağında" görünməz qalır. Onların üzərini zamanın tozu örtür, gündəlik həyatın səs-küyü onları görünməz edir. Sonra bir gün təsadüfən kimsə dayanır, diqqətlə baxır və anlayır ki, qarşısındakı adi bir əşya, sıradan bir insan deyil, illərlə gözdən qaçmış xəzinədir.

Ona görə də sənət tarixinin bu qəribə hekayələri bizə ən əsası baxmağı öyrədir. Səthi deyil, dərindən baxmağı. Çünki bəzən bir şah əsərlə köhnə bir tablo arasındakı yeganə fərq, ona baxan gözün hazırlığı olur.

Bəlkə də dünyanın hələ kəşf edilməmiş ən böyük şah əsəri elə bu gün hansısa kənd evinin divarında, köhnə sandığın dibində və ya qaranlıq bir çardaqda öz növbəsini gözləyir. Və bəlkə də tarix yenə təsadüf adı verdiyimiz kiçik bir hadisə ilə dəyişəcək.

# 78 dəfə oxunub

Oxşar xəbərlər

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

15:30 27 iyul 2026
İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

15:04 27 iyul 2026
Yapon yazıçı Keyqo Hiqaşino vəfat etdi

Yapon yazıçı Keyqo Hiqaşino vəfat etdi

14:00 27 iyul 2026
Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı oldu

Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı oldu

13:51 27 iyul 2026
Şakira Dünya Çempionatı mahnısının gəlirlərini uşaqlara bağışlayacaq

Şakira Dünya Çempionatı mahnısının gəlirlərini uşaqlara bağışlayacaq

12:22 27 iyul 2026
Alla Puqaçova niyə əsa ilə gəzir?

Alla Puqaçova niyə əsa ilə gəzir?

11:10 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər