Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinə yenidən sədrliyə namizəd olacağını açıqlayıb. Kulis.az məsələ ilə bağlı yazıçıların münasibətini öyrənib. Cavabları təqdim edirik.
Vidadi Babanlı
Yazıçı
- Mən bu məsələlərdə neytral qalmağa çalışıram. Amma nə qədər olar Anarın seçilməsi? Yeni nəfəs gərəklidir.
Məmməd İsmayıl
Şair
Yazıçılar Birliyinin menim haqqımdakı ədalətdən çox uzaq olan məlum "replika"sına mən iki dəfə - 24.09.2017 tarixində qısa və 06.12.2017 tarixində isə çox geniş bir şəkildə cavab vermişdim. Maraqlananlar o cavabları mənim Fb-dəki Mehmet İsmail səhifəmdən tapıb oxuya bilərlər. Son cavabımın sonunda onu da qeyd etmişdim ki, bu, mənim Yazıçılar Birliyinin rəhbərliyi haqqında son fikirlərimdir. Ona görə də orada yazılanları burada təkrar etmək fikrində deyiləm və oradakı fikirlərim bu gün üçün də keçərlidir.
Səfər Alışarlı
Yazıçı
- Bu, o məsələlərdəndir ki, haqqında ciddi danışmaq çox çətindir. Versin də namizdəliyini, biri çox, biri az, nəyi həll edir ki?
Nəriman Əbdülrəhmanlı
Yazıçı
- Anar müəllimin öz istəyidir, özünə rəva görürsə, başqa sözə hacət yoxdur. Əminəm ki, AYB üzvlərinin əksəriyyəti ona səs verəcək. Çünki bizdə böyüyə hörmət var. Birliyin üzvlüyündən 2014-cü ildən istefa vermişəm. Buna görə də ittifaqın təşkilatı məsələləri məni maraqlandırmır. Amma bir məsələ var ki, nəinki otuz il, beş il bir vəzifədə oturmaq da anormal bir şeydir. Çünki atalar deyir ki, su bir yerdə çox qalanda iy verir. Ümumiyyətlə, təşkilatı məsələlərdə yeni ideyaları və layihələri həyata keçirmək üçün tez-tez dəyişiklik olmalıdır. Bizdə istefa vermək və vaxtında vəzifədən getmək mədəniyyəti hələ formalaşmayıb. Bu məsələlərə kənar bir adam kimi münasibət bildirərək demək istəyirəm ki, necə düşünülübsə, elə də olacaq.
İradə Musayeva
Tənqidçi
- Məncə, bu dəfə Anar müəllim zarafat edir. Amma şəxsən mənim üçün artıq AYB adlı qurumun varlığı və ya orada sədrin kim olması əsla maraqlı deyil.
Əgər Anar müəllim 20-25 il əvvəl müstəqillik və azad söz şəraitindən müdrikcəsinə və fədakarlıqla istifadə edib yeni, azad, ciddi ədəbi qüvvələri bu birliyə və onun ədəbi orqanlarına cəlb etsəydi, öz yerinə layiqli namizədlər formalaşdırsaydı, bu gün o möhtəşəm addımın nəticəsinə görə Anar müəllimin qarşısında baş əyərdim. O zaman Anar müəllim AYB və ədəbi-mədəni düşüncə tariximizdə daha böyük iz qoymuş olacaqdı. Amma indi onu yalnız yazıçı kimi qiymətləndiririk. Və ümumiyyətlə, nüfuzundan, mövqeyindən, təcrübəsindən istifadə edib bu ölü, müti ədəbi mühitə təzə hava, təzə nəfəs gətirə bilərdi. Etmədi... Ədəbiyyatda 1937-ci illər yaltaqlığı və qorxaqlığının davam etməsinə göz yumdu, ədəbi mətbuatdan yaltaqlıq və yarınma işbazlığını yığışdırmadı, əksinə onlar üçün münbit şərait yaratdı. AYB-nin Natəvan klubu təmir olundu, lakin orada bir dəfə də ruhi-mənəvi, ədəbi yenilənmə adına polemika, canlı, dürüst diskussiyalar keçirilmədi. Daha çox hallarda miyanə yazarların miyanə tərifçiləri yalan nitqlər söyləməkdə davam etdi. Anar müəllim otağının bircə addımlığında ədəbiyyat adına düzənlənən bu saxtakarlıqlara da əhəmiyyət vermədi. Təkcə “100 illik katiblər” məsələsi sübut etdi ki, Anar müəllim dostlara ədəbiyyatdan daha sədaqətlidir...
XXI əsrdir, dünya 1 əsr içərisində az qala yüz dəfə dönüb, dəyişib, təzələnib və bütün bu intibahi təzələnmələr dünya xalqlarının ədəbi-mədəni düşüncəsində silinməz izlər qoyub və qoymaqdadır. AYB-nin qapıları hamının üzünə açıqdır, amma ora mənə “Repressiya muzeyi” kimi görünür. Bu gün oradakı təhlükəsizliyin özü belə anti-ədəbiyyat missiyalıdır.
Patriarxal bir sükut və inzibati bina assosiasiyası mənim ora ilə bağlı təsəvvürümün daimi və dəyişməz cizgiləridir.
Ola bilər ki, bu mənzərə həyatımızın bütün sahələrində eyni cür təkrarlansın. Elmdə, təhsildə, səhiyyədə və s. Amma bütün zamanlarda bütün ölkələrdə həmişə yeni və həmişə oyaq, azad olan, həmişə mübarizə aparan güc ilk növbədə Ədəbiyyat olub...
Bütün bunlara rəğmən Anar müəllimi nasir kimi çox dəyərləndirdiyimi hamı bilir. Çox yaşasın, AYB-də doyunca sədr olsun və biz də baxa-baxa qocalaq...
Həmid Herisçi
Yazıçı
- Yazıçılar Birliyi bir təşkilat kimi Azərbaycan xalqının tarixi nailiyyətidir. Belə yaradıcı təşkilatlardan xaricdə yoxdur. Varsa da bizim qədər əhəmiyyətli deyil. Bizdə artıq bu təşkilatın özü bir dəyərə çevrilib. Ancaq əlbəttə ki, onun başında duran insanların kimliyi mənim üçün qətiyyən maraqlı deyil. Mən bunu ürəkdən deyirəm. Vallah. Mən Yazıçılar Birliyinin üzvü deyiləm. Əgər marağım olsaydı, mən də istənilən ittifaqa üzv olardım. Biz bilirik, bizim bəzi arkadaşlarımız, silahdaşlarımız gəlirlər, oranın üzvü olurlar. Bütün bunlar mənim üçün deyil. Buna görə yenə də təkrar edirəm, Yazıçılar Birliyinə kimin seçiləcəyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur.
Elçin Hüseynbəyli
Yazıçı
- Anar müəllim namizədliyini versə, dəstəkləyəcəm. Amma kadr islahatlarına ehtiyac olduğunu da düşünürəm.
Rasim Qaraca
Şair
- Münasibətim yaxşıdır. 2 min AYB üzvünü, başda Anar olmaqla ədəbiyyatdan karyera məqsədilə istifadə edən 2 min ədəbiyyat “gənə”sini təbrik edirəm, daha 5 il ədəbiyyatın qanını içib yaşayacaqlar. Divar qurtarandan sonra nə edəcəklər? - bu sual maraqlıdır.
Pərviz Cəbrayıl
Yazıçı
AYB mənimçün heç nə ifadə etmədiyinə görə, sədrinin kimliyi də heç nə ifadə etmir. Hətta özüm olsam belə, heç nə dəyişə bilməz. Mən dəyişərəm bəlkə, AYB dəyişməz.
Aqşin Yenisey
Şair-yazıçı
- O bina Anar müəllimə sözün həqiqi və hüquqi mənasında atasından qalıb. Tamamilə doğru qərardır, Birliyə üzv olmasam da dəstəkləyirəm.
Rəbiqə Nazimqızı
Şair
- Birincisi, onu bəri başdan deyim ki, Anarın, ya qeyrisinin sədr olması qurumda heç nəyi dəyişməyəcək, bunu hamımız bilirik. Ümumilikdə, AYB-nin missiyası məsələsinə yenidən baxmaq lazımdır. Mən düşünürəm ki, bu qurum lazımdır, amma başqa formatda. Bu, başqa sorğunun müzakirə predmeti ola bilər. Konkret suala gəlincə, Anar da, AYB üzvü olan başqa şəxslər də, təbii ki, hüquqi baxımdan namizədliyini verə bilər. Bu da məlumdur. Sadəcə, düşünürəm ki, Anar müəllim ömrünün son illərini daha rahat və sakit yaşaya bilər ki, onun da buna imkanları var. Anar müəllimlə də heç bir şəxsi-qərəzim yoxdur, amma onun AYB sədri kimi dünyadan getmək arzusunu başa düşmürəm. Ola bilər, acığa eləyir, ola bilər, belə məsləhət görürlər, deyə bilmərəm. Ümumilikdə, məni bu məsələ az maraqlandırır, çünki yenə təkrar edirəm, AYB-nin sədrinin dəyişməsi yalnız kosmetik məsələdir. Qurumun bütün strukturlarına, fəaliyyət arealına, onun məqsəd və vəzifələrinə yenidən baxmaq lazımdır.
Varis
Yazıçı
Ədəbiyyatımızın ağsaqqalıdır, əgər özündə yenidən ədəbiyyatın başında durmaq gücü və həvəsi hiss edirsə, niyə də yox, qoy versin namizədliyini. Namizədliyini vermək onun müstəsna hüququdur.
Azad Yaşar
Şair-tərcüməçi
- Vallah, "Bu xəbər tamam gözlənilməz oldu" desəm, hər halda yalan səslənər. Ötən onillər boyu bu xəbəri dönə-dönə eşitdiyimiz üçün ona heç muştuluq da düşmür. Ancaq onilliklərin ardından boylanıb baxsaq, yazarlarımızın əksəriyyətinin ötən dövrdə mal, mülk, ad, deputatlıq və mənzil uğrunda necə aşındığını, gözdən düşdüyünü aşkar görərik. Yenə də onlarla müqayisədə Anar özünü necə vardısa, elə də qoruyub saxlayıb. Bu, yaxşıdır, yoxsa pis, onu da deyə bilmərəm. Bir də ki, AYB üzvü olmadığım və andeqraund ədəbiyyatını təmsil etdiyim üçün belə seçimlərdə, sıravi xalq kimi, mənim də şəxsi rəyim zatən nəzərə alına bilməz.
Şəhriyar del Gerani
Şair
- Düzü, mən inanmıram Anar müəllim bu dəfə də namizədliyini versin. O, ciddi adamdır, özünü gözdən-könüldən salmaz.
Cavid Zeynallı
Yazıçı
- Burada qeyri-adi hansı hal var ki? Mən hələ ötən seçkilərdə bilirdim ki, Anar yenidən namizədliyini verəcək, seçiləcək və növbəti 5 il üçün sədr olacaq. Məsələ bu qədər sadə, aydın və təəccübsüzdür. Gülümsəyək, müdrikləşək, böyüyək, təəccüblənməyək.
Emin Piri
Şair
- Xalq yazıçısı mənim yaşım qədər AYB sədridir. Bu, öz yerində. Gəncliklə bağlı islahatlar təyinatla bağlıdır, seçimli nümayəndəliyə aidiyyatı yoxdur. Ona görə də hüquqi baxımdan nədəsə qınaya bilmərik. Məncə, Anarın üzərinə daha çox getdikcə o daha da vəzifədə qalmaq istəyəcək. Yaxşı bilir ki, onu tərifləyənlərin bir çoxu o vəzifədən gedən kimi sözlə onu linç edəcəklər. Allah bilir, nələr qoşacaqlar. Səbəbi bunda görürəm. Sırf maddi olduğunu düşünmürəm, kifayət qədər vəzifədə olub və s. Səbəb Anarçün canıyananlıq edənlərin, o, vəzifədən çıxdıqdan sonra yamanlıq edəcəyi qorxusudur. O, bunları çox gözəl bilir.
Anarın yenidən sədr olmasının əleyhinə deyiləm. Nə də AYB-nin ləğv edilməsini istəmirəm. AYB-də struktur dəyişikliyi lazımdır ki, o yoxdursa sədrin kimliyi o qədər də önəmli deyil. Yazarlığa aid qurumlarda sırf o ruha aidiyyatı olanlar işləməlidir. Bu halda, heç olmasa ədəbi vicdanları olur, yoxsa elələri var ki, heç bir ədəbi iddiası yoxdur, amma ticarətlə məşğuldur. Anar onları təmizləsin, struktur dəyişikliyi aparılsın, ikiəlli dəstəkləyərəm.
Müqayisə etsək, Azərbaycan dilinə yad, ayağı asfaltdan başqa bir şey bilməyən sədrliyə iddialı “qlamur”lardansa Anarı daha çox dəstəklərdim. O “qlamurlar” gəlsə Anara rəhmət oxuyacağıq.
Xatırladaq ki, yazılı sorğumuza Xalq şairi Sabir Rüstəmxanlı sükutla, tərcüməçi Seyfəddin Hüseynli “əla” işarəsi ilə cavab verib. Şairlər Səlim Babullaoğlu və Fərid Hüseyn isə sualımıza cavab verməkdən imtina edib.