#

“Universitetlərdə imtahan olmasın!”

“Universitetlərdə imtahan olmasın!”
29 yanvar 2013
# 15:08

Leyla NƏNƏ

Bəzi universitetlərdə semestr imtahanları yeni bitdi, bəzilərində hələ də davam edir. Sual isə budur: Universitetdə imtahan olarmı? Özü də bir semestrdə bir fəndən iki-üç dəfə. Sistemin bəxş etdiyi tələbə ləhcəsi ilə desəm: “1 ara imtahanı, bir final və ya 2 ara imtahanı, 1 final.”

Təhsil, onu istəyən hamının haqqıdır. Amma təhsil sistemindəki çatışmazlıqlar adamı tələbə etməyə peşman edir. Öyrənməyin imtahanımı olar? Universitetdə imtahan olmaz, bu, çox absurddur.

Bir çox ölkələrdə də imtahanlar ara və final imtahanlarından ibarətdir. Amma universitetlərdə günümüzdəki imtahan sistemi normaldırmı, ümumiyyətlə imtahan olmalıdırmı?

Öyrənmək ehtiyacdır, öyrətməksə cəhalətdən xilas desək, xilasın, ehtiyacın imtahanımı olar? Bir tələbəni hər semestrdə iki-üç dəfə imtahan etməyin mənası nədir? İndiki zamanda bir tıkla istənilən məlumat əlinin altında olur. Online kitabxanalardan tut, online mənbə sifarişinə qədər. Günümüzdə bəzi universitetlərdə dərslər belə online keçilir. Belə bir dövrdə, hər şeyə az-çox çarə tapılan, asanlaşdırılan dövrdə hələ də imtahan olması, özü də belə sistemlə...

İmtahanlar nəsə öyrədirmi sualının isə cavabı belədir: Heç nə öyrətmir. Əksinə, vaxt aparır və əlavə öyrənəcəyimiz bilgilərin vaxtından oğurlayır – İmtahana hazırlıq həftəsi, imtahan həftəsi, imtahandan sonrakı həftə. Hamısı da stress dolu!

Universitetdə öyrədilənlər tələbəni oxuduğu sahənin aparıcısı etmir. Sahənin aparıcısı olmağa, gələcəkdəki statusunu təyin etməyə bələdçilik edir. Əgər tələbə özünü təhsil aldığı sahədə yetişdirmək istəyirsə, ona universitetdə aldığı bilgilər onsuz da yetməyəcək. Universitetdə ona sadəcə sahəsinin əhatə etdiyi bilgilər sistemləşdirilmiş şəkildə, proqram çərçivəsində verilir və bundan sonrası tələbənin öz seçimidir - o, ya müxtəlif mənbələrdən istifadə edib, özünü yetişdirəcək, ya da universiteti sadəcə baxış bucağına görə istifadə edəcək.

İmtahanlar dərs sayına görə olur. Bəzən fərqli fənlərin imtahanları eyni gündə olur. Bu da bir gündə imtahanların sayını hətta 4-ə çıxardır. Sonra da tələbədən öyrənməyi tələb edirlər. İmtahanlar zərərlidir. Tez-tez olan imtahanlar isə ümumiyyətlə zərərlidir. Tələbə məcburdur bu imtahanlardan keçmək üçün məsuliyyətli tutulduğu mövzuları bal xatirinə əzbərləsin. Beləcə imtahandan keçir, amma bildiyi nə olur? Heç nə! Bir rus aforizmində deyildiyi kimi: “İmtahanlar bizə ancaq bir-iki günlük nəyisə bilməkdə kömək olur.” Sonra imtahanın fəsadları davam edir; tələbə imtahandan keçmək üçün əzbərlədiyi mövzuları öyrənməli, onları yenidən araşdırmalı olur. Bu da o deməkdir ki, imtahanlar tələbənin vaxtını oğurlayır.

İmtahanlar üçün əzbərlədiyi mövzuları indi araşdırmaq yerinə, başqa mövzu araşdırıb, öyrənə bilərdi məsələn. O imtahan mövzularını isə, imtahan daha gec olsaydı və ya olmamış olsaydı, tələbə əzbərləməyəcəkdi, öyrənəcəkdi. Öyrənmək üçün isə araşdırmaq lazımdır, bunun üçün zaman, zaman üçün isə şərtlər, sistem yaxşı olmalıdır ki, bütün daşlar yerinə otursun, daşlar bir - birini əvəz etməsin. Tələsik, sadəcə anı qurtarmağı öyrədir belə sistem, başqa heç nə.

İşə, magistratura və doktoranturaya qəbul üçün əlbəttə imtahan edilsin, çünki bunlar akademik səviyyə göstəriciləridir. Əgər bir adam sahəsinə uyğun işə girmək üçün lazım olan imtahandan keçə bilmirsə, o zaman da işə götürülməsin, eyni zamanda magistraturaya və doktoranturaya.

Universitet isə giriş, alışdırma mərhələsidir. İstəyən hamının haqqı var ki, universitetdə ən pis halda professorlardan dərs götürsün. Universitetdə yetişib, gələcəyini planlasın. Universitetdən məzun olmaq üçün imtahanla ola bilər, aldığı diplomu haqq etsin deyə. İndiki sistemin sağını-solunu yontayanda ortaya belə əcaib, qarışıq, alışmadığımız sistem çıxır.

Müəllimlər imtahan həvəskarıdırsa, müzakirə günləri seçsinlər və həmin günlərdə öyrətdiklərini tələbələrlə müzakirə edib, fikir alış-verişində bulunsunlar. Belə etmək tələbələrə bilmədiklərini də öyrədəcək. Nəinki imtahandakı kimi iki-üç günlük əzbərlə anı qurtarmağı, əzbərlə imtahandan bal almağı. Bilirəm, sistemin bu vəziyyətdə olmasına müəllimlər günahkar deyil.

Amma tələbələrin suçu nə? Bir də deyir, dəmiri isti-isti döyərlər. Doğrudan da insanları universitetlər sistemə uyğun yetişdirirlər. Hər yerə tələsən, hər zaman sağlamlığı şübhəli olan rəqabətlə keçən, həyatın dadını sistemin şərtlərinə görə yaşamağa çalışan insanların neçəsi öləndə, ürəklə, lap içdən “Yaşadım!” deyə biləcək? Kiminsə bunu deyəcəyinə inanmıram. Belə sistemlə, şairin dediyi kimi, bizi yaşamaq deyil, bu təlaş öldürəcək.

İndi bizə imtahansız universitet utopik görünür. Amma bu sistemdə bir dəyişiklik lazımdır. Deyirlər ki, “bəs bildiyinizi kim ölçəcək? Hər şey bir-birinə qarışar”. Hə, dəyər. Çünki sistem belə qurulub. Məsələləri bu sistemin şərtləri daxilində dəyərləndirəndə türklər demiş, hər şey ərəb saçına dönür. Amma bu gərəksiz, əzbərçi, zərəri xeyrindən çox olan imtahanlar nəyə lazımdır? Yeddi fərqli universitetdə çalışan müəllimdən bu imtahan sistemi barədə soruşmuşam. Onlar da narazı olduqlarını bildiriblər. Amma heç kim etiraz etmir. Mənim də bu imtahanlara qarşı hələ ki, tək təklifim imtahan yerinə müzakirələrin olmasıdır.

Amma müzakirələrdə qiymətləndirmə olmayacaq. Çünki öyrənmək lazımdır, əzbərlətmək yox. Hamımız bilirik ki, imtahanların testlə, ya da klassik olması, hələ o imtahanların şəffaf olması mənasına gəlmir. Bəli, test imtahanı yazılı imtahana nisbətən daha asandır. Amma şəffafdırmı? Əlbəttə, yox. Bəs yazılı imtahan? Əlbəttə yox. İmtahanda nəzarətçilərin sayından asılı olmayaraq mütləq 3-4 nəfər tələbə olur ki, hansısa yolla köçürmə edir.

Dərslərin birində elə bu imtahan sistemindən danışdıq. Müəllimimiz də belə sistemi bəyənmədiyini deyirdi. Daha sonra dedi ki, şifahi imtahanlar ən şəffaf imtahan olur. Amma bunu etməyə imkanımız yoxdur. Bir dərsi, həmin dərsi təkrar öyrənənlərlə birlikdə təxminən 300-320 nəfər tələbə girir və bu halda çalışırıq ki, bacardığımızı edək. Klassik yazılı imtahan götürən müəllim belə tələbələrin çoxluğundan imtahanını testə çevirib, imtahanı testlə edir. Bu imtahan sistemi çox bərbaddır.

Ümumiyyətlə imtahanların olması çox absurddur. Başqa bir şey, yeni sistem lazımdır, amma nə, amma necə? Bəzən görürük ki, sistemə, rüşvətə etiraz edib müəllimlər istefasını verir. Amma belə vicdanlı müəllimləri itirməkdənsə onları qazanmaq lazımdır.

Tanpınar deyir ki, yeni ilə gözəlin fərqini bilmək lazımdır. Hər yeni gözəl olmaz, amma hər gözəl həm də yenidir.

# 3198 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #