Bu teatrda hər kəsin hüququ pozulur - Sığınacaqda nə qədər yaşamaq olar?

Bu teatrda hər kəsin hüququ pozulur - Sığınacaqda nə qədər yaşamaq olar?
6 iyun 2024
# 15:29

Kulis.az tələbə-teatrşünas İlkin Tağıyevin Yuğ Teatrı haqqında yazısını təqdim edir.

Deyirlər, binanın da canı var. Yəqin, “binanın daxili enerjisi, atmosferi var, insanın ruhu və enerjisi binanın enerjisi ilə qarışır”, bunu demək istəyirlər. Çoxumuzun rahat olduğumuz, özümüzlə baş-başa qaldığımız bir küncü var. O yer məcazi mənada, kimsənin daxil ola bilmədiyi sakral dünyamızdır. Həmin yerdə biz özümüzü tapırıq, özümüz özümüzə hesabat veririk, dərdləşirik.

Bina bizi dünyadan ayırır, ayrı dünyalara qarışmaqdan qoruyur. Məbədlər, qutsal yerlər olmasa, dinlər uzun zaman mövcud ola bilərmi?

Müsəlman məscidə, xristian kilsəyə, yəhudi sinaqoqa gedir. Bəs bir binasız teatr nə edir? Teatr da canlıdır, ona tamaşaçı, (ona inananlar), bədii heyət (ona ibadət edənlər) lazımdır, olmasa, teatr da yaşaya-yaşaya yoxa çıxa bilər.

Amma və lakin 8 ildir ki, bir teatrı binasından çıxarıb, Kukla teatrının 2-ci mərtəbəsinə, balaca bir məşq zalına göndəriblər.

Onlar Azərbaycan teatrını avanqard üfüqlərə yelkən açıb aparan rejissor Vaqif İbrahiboglunun davamçılarıdı, yəni, yuğçulardır. Yox, onlar ağı-filan demirlər, tamaşa hazırlayırlar, festivallara qatılırlar və yox olmamağa çalışırlar.

Yuğ teatrını novator rejissor Vaqif İbrahimoğlu 1989-cu ildə yaradib. Teatr bir muddət müstəqil teatr kimi çalışıb. Teatrda Fəxrəddin Manafov, Mehriban Zəki, Məmməd Səfa, Vidadi Həsənov, Fərhad İsrafilov, Sona xanım Mikayılova , Gülzar Qurbanova kimi parlaq aktyorlar sənətə ilk addimlarıni atıblar.

1992-ci ildə teatra Dövlət statusu verilir və teatr Haci Fərəculla hamamı adlanan köhnə hamam binasında fəaliyyət göstərir. Bu bina Yuğ üçün sanki tarixin bir hədiyyəsi idi. Çünki binanın quruluşu, akustikası, interyeri Yuğun teatr poetikasına uyğun idi. 2016-cı ildə bu tarixi bina “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarıldı və sökülərək Mərkəzi parkın ərazisinə qatıldı. Yuğ Teatrının heyəti isə A.Şaiq adına Kukla teatrının binasına köçürüldü.

Keçək Yuğ Teatrının bina probleminə, görək, “sığınacaqda” yaşamaq onlara və tamaşaçıya nə kimi təsirlər göstərir. Əvvəlcə bu suallara cavab axtaraq .

1 Bu teatrın mədəni mühitimizdə müstəsna yeri nədir?

2 Yerləşdiyi bina heyətin yaradıcılıq prosesinə nə kimi təsir göstərir?

3 Yuğ teatrı yox olmağa doğru gedir?

4 Tamaşacilar bu problemdən narahatdir?

5 İdeal Yuğ teatrı necə olmalıdı?

6 Bu problem həll olunacaq?

1. Teatr tarixini araşdıran bir çox alimlər teatrın tarixi köklərini ən qədim rituallara bağlayırlar. Yuğ Teatrının adı türk xalqlarının islamdan öncə keçirdikləri yuğ mərasimlərinə işarə edir. Bu mərasimlər döyüşlərdə igidlik göstərib həlak olmuş qəhrəmanın şərəfinə keçirilən dəfn və anma mərasimi idi ki, bu mərasimdə yuğçular (ağıçılar, aktyorlar, rəqqaslar və ifaçılar) həlak olmuş şəxsin həyatından, döyüşlərindən səhnələr göstərir, oxuyur, rəqs edir və ağı deyirdilər.

Yuğ Teatrı az qala hər tamaşasında milli meydan oyun estetikasını, mifik təfəkkür qatını, müasir avanqard teatrın yenilənmiş dil və ifadə texnikasını mənimsəyərək onu yeni dövrün postmodern situasiyasında realizə etməyə uğurlu cəhdlər göstərib. Bu mənada Yuğ Azərbaycanda öz üslubu olan azsaylı teatrlardandı. İbrahimoğlunun psixosof (ruhun hikməti) adlandırdığı bu poetika min illərdən gələn genetik kodları özündə daşıyir. Ondan həm keçmişin, həm də indinin nəfəsi duyulur. Bu poetika teatrın fərqlənmək və orijinallıq cəhdləri deyil, ilk növbədə tamaşaçı üçündür. O, tamaşaçını öz varlığının mahiyyəti, ruhunun hikmətləri ilə üz-üzə qalmağa hazırlaşdırır. Çağdaş mədəni həyatımızda, xüsusən informasiya dövrünün qaçaqovunda əvəzolunmaz bir təcrübədir Yuğ.


2. Yuğ Teatrında illərdir fəaliyyət göstərən, İmadəddin Nəsimiyə həsr olunmuş «Mənəm, mən» tamaşasında oynadığı obraza gorə tənqidçilərin rəğbətini qazanmış aktyor Ziya Ağanın dediyinə görə Yuğ teatrına verilən bu səhnədə işləmək bir aktyor kimi ona çətindir. Çünki bu səhnə məşq üçün nəzərdə tutulub, tamaşa göstərmək üçün yox. Bu səhnənin darlığı, dayazlıgı, hündürlüyün olmamağı, bu səbəbdən projektorların yaxın olmağı, aktyorlar üçün səhnədə əməlli maneələrdir. Nəinki maneə, hətta projektorların çox yaxın olmağı onların sağlamlığına da təsirlər göstərir. Belə ki, həmin rəngarəng işıqlar, saglamlıq cəhətdən onların gözlərinə ziyandır. Ziya bəyin dediyinə görə o, məhz bu səbəbdən, bir müddət gözündən müalicə alıb. Bundan başqa, aktyorun söylədiyinə görə, teatrın qrim otağı da yoxdur, onlar qrimi növbə ilə, bədii rəhbərin otagında edir. Ümumiyyətlə, bütün teatr kollektivi sadəcə 2 otağa yerləşib.

Yuxarıda dediyimiz problemlərin bir qismini eyni ilə teatrın baş rejissoru, Avropanın, Asiyanın və Rusiyanın müxtəlif teatrlarında dəvətlə tamaşalar hazırlamış Mikayıl Mikayılov də dilə gətirdi: “Biz dekorasiyaları yığmağa yer tapmırıq. Hər tamaşa zamanı dekorasiya rekvizitləri dar dəhlizə daşıyır, tamaşa bitəndən sonra həmin əşyaları səhnəyə geri yığırıq. Bunun da, özü böyük bir iş və vaxt aparan əlavə əziyyətdir. Gördüyümüz kimi, binazsızlıq onları hansı əziyyətə salır, ən önəmlisi ruh düşkünlüyü yaradır.

3. Yuğ teatrı bina problemi ona məhvə doğru aparır?

Buna yenə də rejissorun sözləri ilə cavab verk: “Binanın bu qədər balaca olduğu üçün biz ora gəncləri cəlb edə bilmirik. Və zaman keçdikcə, artıq yaşlı nəsil teatrdan uzaqlaşdıqca, ənənə də yox olmağa doğru gedəcək. Həm Yuğun öz spesifikası,poetikası var. Buna yiyələnmək üçün isə gərək o prosesin içində olasan. Sonradan gəlməklə, problemlər hər dəfəsində piramida sistemi kimi böyüyəcək və teatr məhvə doğru gedəcək”. (Bizlər bunu istəmərik yəqin, ey tamaşacilar)

4. Tamaşaçılar şəraitdən narazıdırmı?

Bəli narazıdır, çünki tamaşaçılar zalda oturduğu zaman artıq 3-cu sıradan tamaşanı görə bilmir. Çünki onlara verilən zal buna imkan vermir, 50 nəfərlik zalın 20 nəfəri tamaşanı tam görür, digərləri isə ya ayaq üstündə durur ya da tamaşadan fraqment - səhnələri görür. Zalın tamaşaçılara aid hissəsinin döşəməsi səhnəyə maili deyil və arxa cərgələr səhnəni görə bilmir. Lakin, qabaqda əyləşmiş bəxti gətirən tamaşaçılar da ümumi plandan məhrumdur, onlar ancaq yaxın planaları izləməlidir. Bu, tamaşanın vizual görünüşündən məhrum olmaq deməkdir. Hüquqları pozulan tamaşaçı da haqlı olaraq, narazılığını bildirir. Bu da teatrın tamaşaçi itirməsinə səbəb olur.
5. Yuğ özündə meydan teatrı elementlərini daşıyır və italyan qutusundan fərqlənir. Amma onları gətirib balacadan da balaca italyan qutusuna kobud desək, “tıxayıblar”. Bəs ideal Yuğ səhnəsi necə olmalıdı. Gəlin, bunu bir Yuğ rejissorundan sorusaq. Mikayıl müəllimin düşüncəsinə görə, Yug teatrı meydan teatrı elementlərini daşıdığı üçün, onun səhnəsini tamaşaçı hər tərəfdən izləməlidir: «Bu səhnə elə bir səhnə olmalıdır ki, istədiyin zaman dəyişə bilməlisən. Səhnə elə olmalıdır, ki, onun akustikası, atmosferi, həmin meydan eləmentlərini realizə etməyə imkan versin. Amma bu səhnədə böyük səhnə tərtibatı lazım olan tamaşalarrı qurmaq mümkün belə deyil.»

Qaldı aktyorların məşqdən sonra duş almaq problemi, geyim otağı, paltar sexi, rekvizit problemi… Bunlardan söhbət getmir heç.

Niyəsə, bunların bəxtinə teatrda olmalı olanlardan çox az şey düşüb.

6. Bu problem həll olunacaq?

Yuğçuların dediyinə görə, bu mövzu ilə bağlı əlaqəli qurumlara məktublar yazılıb amma hələ də bir cavab alınmayıb. 8 ildir gözləyirlər. Hər kəs eyni sözü deyir: “Ümidimiz var, bu teatrı yox olmağa qoymayacaqlar. Axı Yuğ Azərbaycanda avanqard, çağdaş teatr sənətinin bayraqdarıdır.”

# 3059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #