Yazı işi – Henri Millerin essesi

Henri Miller, amerikalı yazıçı

Henri Miller, amerikalı yazıçı

28 may 2022
# 12:00

Kulis.az Ağaddin Babayevin tərcüməsində amerikalı yazıçı Henri Millerin “Yazı işi” essesini təqdim edir.

Əvvəlcə mən müqavimət göstərdim. İddia edirdim ki, bu yola həqiqəti yazmaq üçün çıxmışam və Allah-təala köməkçim olacaq. Elə bilirdim ki, həqiqəti yazıram. Amma sonradan başa düşdüm ki, bunu etmək iqtidarında deyiləm. Və mütləq həqiqəti əks etdirmək səlahiyyəti, ümumiyyətlə, heç kimə verilməmişdir.

Mən o yazıçılardanam ki, uzun illər keçəndən sonra belə hadisələri təsvir etməyi bacarıram. Doğrudur, elə hadisələr var ki, onlarla mənim aramda nə az, nə çox – düz 20 illik bir məsafə fərqi var. Ümumiyyətlə, yazıçı kimi mən ötən dövrlərə vaxtaşırı müraciət edirəm. Yazı masasının arxasına keçərkən tez-tez dəftərçəmdəki qeydlərə boylanıb baxıram.

Mənə gəlincə, əsas odur ki, işə həm ruhən, həm də cismən girişməyi bacarasan. Yazarkən sözlər ağ vərəqlərin üzərinə krandan axan su kimi süzülməlidir. İfadə edəcəyim sözlər nə qədər çox fikrimdə dolaşırsa, bir o qədər də ətli-qanlı olur. Bu, həm də daxili kompressiyanın (sıxılmanın) nəticəsidir. Nədən başlamalı? Necə başlamalı? Əksər adamlar təmiz kağız vərəqlərinə baxmaqla səcdəyə dururlar. Bu, hər kəslə baş verə bilər. Bu, eləcə də boş kətana baxmağa bərabərdir. Mən sürrealistlərin kəşf etdikləri “sirrin” üstünü aça bildim; əsas mahiyyət ondan ibarətdir ki, sadəcə hər şey haqqında, başqa sözlə desək, ağlına gələn bütün fikirlər, nə demək istədiyin müəyyənləşməyincə oturub yazasan. Sonra isə bütün yığılıb qalan zir-zibilləri məhv edirsən. Şəxsən mən yorulana kimi, ya da mövzunu sona çatdıranacan yazıram. Amma heç vaxt beynimin tükənmə nöqtəsinə çatmasına imkan vermirəm. Bir dəfə yaxşı dərs aldım. Düz 45 səhifə yazandan sonra tamam yorulub taqətdən düşdüm. Bax, məhz həmin gündən bəri gümrahlığı saxlamağa səy göstərirəm. Hovuz da eynən bu cürdür, onu heç vaxt qurutmursan, uzun müddətdən sonra onu yenidən doldurursan. Mən, necə deyərlər, artıq yükdən xilas olmaqla səhərisi gün yenidən olan-qalan fikirlərin üzərində işləməkdə davam edirəm. Bax, ümumilikdə iş metodum bu cürdür. Əlbəttə ki, tez-tez mövzudan kənara çıxıram. Bir də görürsən ki, konkret nə barədəsə yazmağa başladığım vaxt qəfildən hansısa digər bir mövzu məni ağuşuna alaraq ardınca çəkib aparır. Ən başlıcası ona çalışıram ki, fikrin rəvanlığını qoruyub saxlayım.

Digər yazıçılarla müqayisədə mövzunu inkişaf etdirmirəm. Şübhəsiz ki, mənim yanaşmam kinossenaristin yazı tərzindən müqayisəli dərəcədə fərqlidir. Kinossenarist arzu olunan nəticəni əldə edənədək çox düşünüb-daşınır. Məni isə son nəticə əsla narahat etmir. Mühüm olan odur ki, yazıram. Həm də məsələ onda deyil ki, mən yaradıcılıq prosesinin ən qaynar çağında yazmışam. Həyatım məhz yazmaqdan ibarətdir. Ən başlıca şərt prosesdir. Son nəticədə nə yazmağımın elə də mühim əhəmiyyəti yoxdur. Çox vaxt bu, axmaq, ziddiyyətli, absurd görünsə də, sonuncu xüsusiyyət ümumiyyətlə məni narahat etmir. Bundan zövq almışammı? Daxilimdə yığılanları ortaya qoya bilmişəmmi? Bax, ən mühümü olan budur. Və əlbəttə bilmirəm ki, məni idarə edən nədir. Halbuki, bu, həqiqətən də çox vacibdir. Mənimlə digər yazıçılar arasında fərq ondan ibarətdir ki, onlar nəyin bahasına olursa-olsun baş-beyinlərindəki fikirləri xərcləyib qurtarmağa çalışırlar. Mən isə aşağıda, günəş kələfi ətrafında, fikrimdə, şüurumda yığılıb qalanları hər cür üzə çıxarmağa səy edirəm. Parisdə yaşayan dostum Alfred Perlenin çox qeyri-adi iş metodu var. O, saatı yazı masasına qoyaraq özünə deyir: “Mən qırx beş dəqiqə işləmək niyyətindəyəm”. Elə ki, qırx beş dəqiqə ötüb keçdi, Alfred, hətta fikir yarıda qalsa belə, qələmi yerə qoyur. Mən də dostum kimi dəfələrlə yazmağı yarıda saxlayaraq abzasın ortasında dayanmışam.

Elə bilirəm ki, bu metod bu gün bir çox yazıçıları qıcıqlandıra bilər. Onlar fikirləşərlər: “Bəs sabah mən bu fikrə yenidən nə cür qayıda bilərəm?” Amma deyim ki, məni bu, heç vaxt narahat etmir, çünki qənaətimcə, təhkiyənin ipini itirmək heç cür mümkün deyil. Məsələ yalnız fikrin gedişini bərpa etməkdədir. Mən isə hər hansı fikri unudacağıma görə heç vaxt narahatçılıq hissi keçirmirəm. Heç nə heç vaxt unudulmur. Fikri unutmaq isə ümumiyyətlə mümkünsüzdür.

Onu da deyim ki, mən həmişə kitab redaktorlarına nifrət etmişəm. Heç bir redaktora öz kitabımı redaktə etməyi icazə vermirəm. Mənim qənaətimcə, əksər redaktorlar uğursuz yazıçılardır. Onları ümumiyyətlə dinləmək, ya da hansısa məsələ barədə fikir mübadiləsi aparmaq niyyətində heç vaxt olmamışam. İstəmirəm ki, kimsə kitabım üzərində özünün təkmilləşdirməyə dair sınaqlarını həyata keçirsin. Müşahidələrim deməyə əsas verir ki, gənc yazıçının kitabı redaktorun xoşuna gələ bilər, amma belə olan təqdirdə yazıçı kitabının müəyyən yerlərində dəyişikliklər aparmağa məcbur edilir. Beləliklə, əlyazma düzəliş aparan nəşriyyat işçisinin əlinə düşür. Bəs onda kitab çapdan çıxandan sonra onun həqiqi müəllifinin kim olduğunu necə bilək?

Belə vəziyyətlə yalnız Amerikada üzləşmişəm. Amma Avropada heç bir redaktor heç vaxt kitabım barədə hər hansı bir fikir yürütməyə cürət etməyib. Yeri gəlmişkən onu da qeyd edim ki, hamıdan çox jurnal redaktorları küylüdürlər. Görürsən ki, soruşurlar:”Sizə elə gəlmirmi ki, bu abzası burada deyil, orada qoymaq yerinə düşərdi?”. Mən isə cavab verirəm:”Yox, mən sizin kimi düşünmürəm. Necə varsa, elə də qoyun qalsın. Əks təqdirdə yazımı geri qaytarın”. Avropalı müəllifləri belə axmaq söhbətlərlə bezdirmirlər. Amerikada isə biz hər şeyi təkmil səviyyəyə qaldırmağa çalışırıq, amma mükəmməllik səviyyəsi satış maraqlarının səviyyəsi ilə eyni tutulur. Burada ortabab oxucuların maraqlarını təmin etməyə çalışırlar. Hesab edirlər ki, adamlara nəyin lazım olduğunu bilirlər. Belə vəziyyətdə əlbəttə ki, samanı taxıldan ayırmaq müşkül məsələdir.

Bəzi oxucu və tənqidçilər belə hesab edirlər ki, yazıçı və insan kimi mənim aramda müəyyən təzadlar mövcuddur. Axı, bir insan kimi onlar heç vaxt məni tanımayıblar! Fikrimcə, kitablarımda özümü qədərincə xarakterizə etmişəm. Özümü hərtərəfli insan kimi qələmə verməyi xoşlayıram, yox, əgər kimsə bunu hiss etmirsə onda bu, onun öz günahıdır. Mən hər cür danışıq tərzini bacarıram. Lazım gəldiyi təqdirdə hətta küçə dilində də danışıram.

Fikirləşmirəm ki, yazıçı olub-keçən hadisələri yaddaşında yenidən yaşadığı təqdirdə özünü yaxşı hiss etsin. Mənə elə gəlir ki, o, bu hadisələri ağ vərəqlər üzərinə köçürdüyünə görə çox sevinir. Məhz keçmişi yada salmaqdan daha çox onu canlandırmaq bacarığı səni xoşbəxt edə bilər. Fikrimcə, xatirələr ikinci dərəcəlidir. Hər halda bu, mənim üçün belədir. Nailiyyət qazanmaq prosesi məni yaman sevindirir. Ən azından, mənə belə görünür.

Əvvəlcə müqavimət göstərdim. İddia edirdim ki, bu yola həqiqəti yazmaq üçün çıxmışam və Allah-təala köməkçim olacaq. Elə bilirdim ki, həqiqəti yazıram. Amma sonradan başa düşdüm ki, bunu etmək iqtidarında deyiləm. Və mütləq həqiqəti əks etdirmək səlahiyyəti ümumiyyətlə heç kimə verilməmişdir. Bu, mümkün olmayan şeydir. Buna sizin “mən”iniz mane olur. Mənə elə gəlir ki, həqiqət qeyri-adi bir şeydir, adamın barmaqlarının arasından sivişib aradan çıxır. Onu tutub saxlaya bilmirsən. Bəlkə də sən onu sakitlikdə, özünlə üz-üzə dayandığın vaxtda tutasan. Amma belə məqamlar çox nadir hallarda ələ düşə bilir. Elə fikirləşirəm ki, biz hamımız özümüz özümüzü aldadırıq. Biz heç vaxt özümüz haqqında formalaşmış reallıqlarla üzbəsurət dayanmırıq.

Dostlarım üçün qələmə aldığım bütün kitabları əl ilə yazmışam. Adətən mən, məktublar istisna olunmaqla, bütün olan-qalanları makinada çap edirəm. Əl ilə yazarkən, elə təsəvvür yaranır ki, ədəbiyyat adamından daha səmimiyəm. Makinanın arxasında isə hər şey məndə hamar, rahat alınır. Bu, fortepianonun çalğısını xatırladır. Fikir və düşüncələrimə hansı qaydalarlasa barmaqlar nəzarət edir.

Mən müntəzəm, ritmik həyat sürmək niyyətindəyəm. Ən çox istədiyim isə sülh şəraitində, dinc yaşayıb işləməkdir. Arzu edirəm ki, məni unutsunlar, daha çox sakitlikdə olmaq istəyirəm. Reklam olunmağa isə heç bir ehtiyacım yoxdur. Onlar mənə əzab verir.

# 2746 dəfə oxunub

Müəllifin son yazıları

# # #