Teatrımızda homoseksualizm davası-MƏQALƏ

Teatrımızda homoseksualizm davası-MƏQALƏ
21 iyun 2016
# 15:41

Son günlərdə Azərbaycan teatrı ətrafında gedən söhbətlər bəzi aktyorları, aktrisaları, rejissorları və teatrşünasları qıcıqlandırır. Bu, normaldır. Çünki Nuranə xanım Dadaşovanın teatr haqqında yazdığı yazı gəncliyin etiraz qığılcımı idi. Yaşlı nəsil, xüsusən də sovet ənənələrini davam etdirən, AzTv lüğətindən seçmə sözlərlə pafoslu çıxışlar edən teatr adamları bu etirazdan qorxuya düşdülər. Qorxdular ki, artıq etiraz etməyə başlayan bu gənclik yaxın zamanda özünün yenilikləri, uğurları ilə gələcək teatra və köhnəlik simvolu olan, bir addım da inkişaf edə bilməyən həmin aktyorları, aktrisaları, rejissorları, teatrşünasları əlinin arxası ilə itələyəcək bir kənara.

Buna hirslənənlərdən biri də teatrşünas Anar Bürcəliyev oldu. Nə şəxsiyyəti, nə də yaradıcılığı haqqında heç bir məlumata sahib olmadığım Anar Bürcəliyev teatr haqqında yazdığı iki yazı ilə öz barəsində kifayət qədər təsəvvür yarada bildi. Həm Nuranə xanım Dadaşovaya cavab yazısından, həm də mənə verdiyi cavab yazısından məlum oldu ki, Anar Bürcəliyev tipik azərbaycanlı teatrşünasdır. Hansı ki, belə teatrşünaslar öz yazılarında bir sıra şöhrətli, vəzifəli aktyorları, aktrisaları, rejissorları tərifləyib, “şirinlik” almaqla dolanırlar. Deyə bilmərəm, Anar Bürcəliyev bu tip yazılarla nə qədər dolana bilir, amma onu deyə bilərəm ki, yazı səviyyəsi bundan yuxarı deyil.

Deməli, Nuranə xanım Dadaşova teatr haqqında bir yazı yazır. Daha sonra Anar Bürcəliyev onun yazısına cavab ünvanlayır. Çox keçmir ki, mən də bir yazı ilə teatr haqqında gedən bu qızğın müzakirəyə qoşuluram. Elə bu əsnada Anar Bürcəliyevin sözü tükənir. “Aşığın sözü bitəndə “dalay-dalay deyər”, məsəli, bu teatrşünas da “dalay-dalay” deməyə başlayır. Teatr haqqında olan müzakirə qalır bir kənara və hörmətli Anar Bürcəliyev mənim romanlarımdan danışmağa başlayır. Yazır ki: “2012-ci ildə ədəbiyyata “Fahişə mələklər” romanı ilə gələn, 2014-cü ildə “Günahdır səni sevmək ” romanı ilə Azərbaycanda homoseksuallıq və homofobiyanı geniş təbliğ edən bir şəxs bu gün Azərbaycan teatrının inkişaf mexanizmlərindən necə danışsın və bu uğurlardan necə bəhs etsin?”

Elə bu əcaib cümlədə teatrşünasın bəsit həyati bilgilərdən və teatr tarixi haqqında məlumatlardan nə qədər yoxsul olduğu görünür. Əlbəttə, belə bir düşüncə sahibi və belə yoxsul biliklərə malik biri mənimlə teatrı, ədəbiyyatı müzakirə edəcək heç sonuncu adam da deyil. Odur ki, bu yazıda Anar Bürcəliyevlə hansısa mövzunu müzakirə etməyəcəm. Lakin öz bildiklərimi ona da öyrətməyə çalışacağam ki, bir də belə utancverici səhvlərə yol verməsin.

İlk növbədə, mən homofobiyanı heç vaxt təbliğ etməmişəm. Əksinə, bunu həmişə qəti şəkildə pisləmişəm. Görünür ki, Anar Bürcəliyev homofobiyanın nə olduğunu bilmir. Nəzərinə çatdırım ki, homofobiya homoseksuallığa qarşı kəskin aqressiya, nifrət və qorxudur. Homoseksuallığı təbliğ etməyə gəlincə, Anar Bürcəliyev öyrənməli və bilməlidir ki, homoseksuallıq ideologiya deyil, təbliğ olunsun. İkincisi isə hörmətli teatrşünas öyrənməli və bilməlidir ki, insan alverindən, yaxud homoseksuallıqdan əsər yazmaq, teatr haqqında danışmağı, yaxud bu teatrın sözdə inkişaf mexanizmlərindən bəhs etməyi əngəlləmir. Ümumiyyətlə, bunların bir-birinə nə dəxli var ki? Görünür, Anar Bürcəliyev bilmir ki, ədəbiyyata, incəsənətə, xüsusən də teatra böyük töhfələr vermiş saysız-hesabsız homoseksual şəxsiyyətlər var və nəhəng ədiblərin əksəriyyəti homoseksuallıq mövzusunda əsərlər yaradıblar.

Dünyaca məşhur yazıçı və dramaturqlardan Markez de Sad, Uolt Uitmen, Oskar Uayld, Tenessi Uilyams, Marsel Juando, Konstantin Konstantinoviç, Somerset Moem, Salvador Novo, Marsel Prust, Andre Jid, Alfred Duqlas, Mişel Fuko, Petro Aretino, Federiko Qarsia, rejissor və teatr nəzəriyyəçilərindən Ediz Qreq, Jan Kokto, Alfred Jarri, Pier Paulo Passolini, aktyorlardan Rok Hudson, Yan Makkellen, operetta, opera və balet bəstəkarlarından Ziqfred Vaqner, Pyotr İliç Çaykovski və qardaşı Modest İliç Çaykovski, Reynaldo Han, Frederik Loy, Jan-Batist Lyulli, üstəlik, həm elmə, həm də mədəniyyətə xidmət etmiş Leonardo da Vinçi və saymaqla bitməz neçə-neçə şəxsiyyətlər homoseksual olublar. Axı bir teatrşünas bunları bilməli idi. Onu da bilməli idi ki, Platon, Plutarx, Mikelancelo, Heynrix von Kleist, Nikolay Qoqol, Şekspir, Kristofer İşervud, Onore de Balzak, Bertolt Brext kimi dahilər homoseksuallıq mövzusunda əsərlər yazıblar.

Maraqlıdır, görəsən, Anar Bürcəliyev düşünür ki, bu sadaladığım şəxsiyyətlər də ədəbiyyata zərbə vurublar və onlar teatr haqqında danışa bilməzlər? Azərbaycan teatrının inkişafı bir yana qalsın, məncə, Anar Bürcəliyev bir fərd kimi inkişaf etməyib. Çünki bu qədər şəxsiyyətlər haqqında məlumatı olmayan, onların məlum mövzuda əsərlərini də ədəbiyyata zərbə hesab edən insan, ümumiyyətlə, inkişafdan danışa bilməz.

Bir də ki, Anar Bürcəliyev iddia edir ki, mən Nuranə xanım Dadaşova ilə bir yerdə təhsil almışam, dostam və bu səbəbdən onun müdafiəsinə qalxmışam. Deməliyəm ki, mən Nuranə xanımla bir yerdə təhsil almamışam, hətta, bizim real həyatda ünsiyyətimiz olmayıb. Mən əsaslı bir iddianın, söylənən həqiqətin müdafiəsinə qalxmışam. Bu həqiqət qarşısında susan, əsaslarla cavab verə bilməyən Anar Bürcəliyev isə mövzunu yayındırıb, homoseksuallıq və insan alveri mövzulu əsərlərdən yazmağa başlayıb.

Cavab yazısında yeganə tutarlı əsası rejissor İradə xanım Gözəlovanın uğurudur ki, həmin rejissoru da mən öz yazılarımda dəfələrlə Azərbaycan teatrı üçün yenilikçi adlandırmışam. Amma təkcə İradə xanım Gözəlova bəs edirmi? Biz illərlə teatr deyəndə Nicat Kazımovun “Pəri Cadu”sunu düşünmüşük. Çünki bundan başqa teatrımızın heç bir uğuru olmayıb. Son illərdə Mehriban xanım Ələkbərzadənin “Qatil”, “Qatarın altına atılan qadın”, İradə xanım Gözəlovanın “Kimdir müqəssir”, “999-cu gecə” tamaşalarından başqa bir fərli-başlı tamaşa yoxdur teatrlarımızın repertuarında. Bölgə teatrlarından isə heç danışmağa dəyməz. O teatrlar öz repertuarları ilə birlikdə çoxdan ölüb-gediblər. Budurmu bizim inkişaf?

Ümid edirəm ki, bu yazı ilə Anar Bürcəliyev ədəbiyyat və teatr haqqında bir sıra yeni bilgilər toplaya biləcək. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Amma bu cür adamlar gəncliyə nəsə öyrətməyə çalışmasınlar. Çünki gənclik onlardan qat-qat çox bilir və hətta gənclik onlara hələ çox şeyləri öyrədəcək.

Orxan Bahadırsoy

# 1996 dəfə oxunub

Müəllifin son yazıları

# # #