Böyümür ölü uşaqlar - Günün şeiri

Böyümür ölü uşaqlar - Günün şeiri
28 oktyabr 2020
# 15:12

Son günlər Ermənistanın Azərbaycanın sivil sakinlərinə qarşı törətdikləri terror hücumlarının qurbanları arasında, təəssüf ki, uşaqlar da var. Ötən gün Bərdəyə atılan mərmi nəticəsində həlak olanlardan biri 8 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır. Uşaqların öldürülməsi tarix boyu ədəbiyyatdan qırmızı xəttə kimi keçib. Bu tip faciələrdən romanlar, şeirlər yazılıb. Kulis.az böyük türk şairi Nazim Hikmətin 1956-cı ildə qələmə aldığı "Qız uşağı" şeirini təqdim edir. Şeir Xirosimanın bombalanması nəticəsində dünyasını dəyişən 7 yaşlı qıza həs olunub.

Mənəm qapıları döyən,
Qapıları döyən bir-bir.
Görünə bilmərəm daha
Ölülər gözə görünmür.

Xirosimada ölmüşəm,
Keçib üstümdən on bahar.
Yeddi yaşlı qızam hələ,
Böyümür ölü uşaqlar.

Saçlarım alışdı əvvəl,
Sonra gözlərim qovruldu.
Bir ovuc külə çevrildim
Külüm havaya sovruldu.

Demirəm, tutun əlimdən,
Gedək mənə nəsə alaq.
Noğul belə yeyə bilmir
Kağız kimi yanan uşaq.

Döyürəm ki, qapıları
Əmilər imza versinlər;
Öldürülməsin uşaqlar.
Noğul da yeyə bilsinlər.

Tərcümə: Sərdar Amin

# 4856 dəfə oxunub

Müəllifin son yazıları

# # #