BP Azərbaycanın gənc yazarlarının kitablarını nəşr etdi

BP Azərbaycanın gənc yazarlarının kitablarını nəşr etdi
20 oktyabr 2022
# 19:00

Tarixən böyük inkişaf yolu keçmiş Azərbaycan ədəbiyyatı bu gün də öz ənənələrinə sadiq qalaraq inkişaf edir, yeni-yeni ədəbi qüvvələr, istedadlı gənclər söz sənətimizə dəyərli töhfələr verirlər.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar BP şirkətinin müasir Azərbaycan ədəbiyyatının tanınmış dörd nümayəndəsinin kitablarının təqdimatında bildirib.

“Çağdaş Azərbaycan ədəbiyyatında sevilən, seçilən gənc ədiblər yeni əsərləri ilə oxucuları sevindirirlər. Müsbət haldır ki, bp şirkəti tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza aid çoxsaylı dəyərli layihələrə dəstək vermiş və bu işlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. bp şirkətinin müasir ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin və gənc yazıçılar Ömər Xəyyam və mərhum İkinci Mahmudun kitablarına nəşrinə yardım göstərməsi olduqca əhəmiyyətli addımdır”, - Anar qeyd edib.

Təqdimatda iştirak edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, BP böyük məmnuniyyətlə Azərbaycanın ədəbi irsinin təbliğinə dəstəyini davam etdirir.

“Bundan öncə biz Nizami və Nəsimi kimi dünya poeziyası nəhənglərinin ədəbi irslərinin tədqiqi və təbliği səylərini dəstəkləyən iri layihələr həyata keçirmişik.

Ədəbi gəncliyin yaradıcılığının təbliğinə yönəlmiş bu layihə ilə biz Azərbaycan ədəbiyyatının misilsiz dəyərlərinin gələcəyə ötürülməsi və zəngin ənənələrinin davamlı olması səylərini dəstəkləyirik. Ümid edirik ki, Azərbaycan ədəbiyyatının böyük gələcəyinə bp-nin dərin inamının ifadəsi olan bu layihə Azərbaycanın yaradıcı gəncliyini ədəbiyyatımızın gözəl ənənələrini fəxrlə davam etdirməyə ruhlandıracaq”, - Bəxtiyar Aslanbəyli qeyd edib.

Layihəyə daxil edilmiş kitabların sırasında “Bəyaz ləkə” şeirlər toplusu (müəllif – Fərid Hüseyn) “Özümdən məşhur şeirlər” (müəllif - Şəhriyar del Gerani), “Bizim atalarımız, bizim analarımız” hekayələr toplusu (müəllif – Ömər Xəyyam) və “Yersiz ölüm” hekayələr və roman (müəllif – II Mahmud) yer alıb.

Tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər bir araya gəliblər.

Layihəyə daxil edilmiş dörd kitabın ümumi həcmi təxminən 800 səhifədir. Layihənin ümumi dəyəri kitabların nəşri ilə birlikdə 43 000 manatdan artıqdır.

# 1551 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #