Sabir Rüstəmxanlı: "Ona həbsxana yaraşmır" - Əjdər Ol haqqında

Sabir Rüstəmxanlı:  "Ona həbsxana yaraşmır" - Əjdər Ol haqqında
17 avqust 2023
# 14:55

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və tanınmış nümayəndəsi, şair – publisist, yazıçı – dramaturq Əjdər Olun 65 illik yubileyidir.

Bu münasibətlə onun qələm dostlarınının ürək sözlərini təqdim edirik.

Anar:

“Əvvəla, Əjdər Ola tezliklə azadlığına qovuşmasını arzu edirəm. Arzu edirəm ki, növbəti yaşlarını ailəsinin, dostlarının, onu sevənlərin əhatəsində keçirsin. Azadlıqdan böyük nemət yoxdur. Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Onun zəngin yaradıcı fəaliyyəti olub”.

Sabir Rüstəmxanlı:

“İstərdim ki, 65 yaşını azadlıqda qeyd etsin. Ona ən böyük arzum budur. Əjdər Ola həbsxanada yatmaq yaraşmır. Şair dostumuzdur, gözəl yazıçıdır. Xeyirxah insandır, yüzlərlə adama yaxşılığı keçib. Hansı şərtlər onu vadar edib deyə bilmərəm, hər halda öz iradəsinin nəticəsi deyil ki, o, indi cəza çəkir. Təbiət etibarilə ədalətli, dürüst biridir, onu belə tanıyıram. İnanıram ki, böyük bir günah sahibi deyil. 65 yaş ciddi rəqəmdir. İnsan gərək öz ailəsinin, övladlarının yanında olsun. Amma harada olmasından asılı olmayaraq onu təbrik edirəm, can sağlığı arzulayıram. İnşallah tezliklə aramıza qayıtsın”.

Seyran Səxavət:

“Bütün ürəyimlə, qəlbimlə ona azadlıq arzu edirəm. Allah tezliklə qapısını açsın. Əjdər Ol qapının o üzündə yox, bu biri üzündə olmalı adamdı. Çox şey demirəm. Birini arzulayıram ki, həyata keçsin. Çox şey istəyəndə yuxarıda deyirlər ki, bu, çox şey istəyir. Ən vacibi azadlıqdır. Bu, varsa, qalan bütün şeylər də bunun içində olacaq. Düzdümü?!”

Aqil Abbas:

“Yenidən ailəsinə, dostlarına, ədəbiyyata qovuşmasını istəyirəm. Dostumuzdur, istedadlı qələm əhlidir, gözəl insandır. Nə arzu etmək olar?! Yalnız xoş günlər...”

Rəşad Məcid:

“Əjdər Ol peşəkar yazıçıdır. Onun duzlu , koloritli portret hekayələri çox maraqla qarşılanıb. “Lo” romanı ötən əsrin 80-ci illərindən bəri baş verən hadisələrin bədii xronikası kimi azsaylı dəyərli əsərlərdəndir. Əjdər Olun gözəl şeirləri var; insan ovqatının, taleyinin bədii əksi bu şeirlərdə qabarıq təsvir olunur. Onun vətənpərvərlik şeirləri aktyorlarımızın dilinin əzbəridir, əksər tədbirlərdə səsləndirilir, oxucularda qürur və zəfər duyğuları oyadır. Əjdər müasir ədəbi-prosesi formalaşdıran, ona yön verən ədiblərimizdəndir.

Çox təəssüf edirik ki, Əjdər Ol bu ad gününü azadlıqda qarşılamır. Mən bizim dəyərli şairimizi, yazıçımızı təbrik edirəm, sağlamlıq arzulayıram. İnanıram ki, dəyərli əsərləriylə yenə bizi heyrətləndirəcək”.

Xatırladaq ki, Əjdər Ol — (Cəbiyev Əjdər Feyzulla oğlu) 1958-ci il avqustun 17-də Hacıqabul rayonunda anadan olub.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc edilib.
Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na (2010), Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” (2011) mükafatına layiq görülüb. 2012-ci ildə Ankarada Mahmud Kaşqarlı Beynəlxalq hekayə yarışmasının qalibi olub. 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk Dünyasına Üstün Xidmət" mükafatı ilə təltif edilib.
Əjdər Olun "Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2005), "Son məktub” pyesi Azərbaycan Dövlət Milli Dram Teatrında (2007), "Kimyagər” Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (2014), "Biri vardı, biri yox” pyesi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2015) səhnələşdirilib. Bütün səhnə əsərlərinə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib.
Əllidən çox kitabın müəllifidir. İndiyədək onun kitabları Türkiyə, Polşa, İran, Gürcüstan, Almaniya və Rusiyada çap olunub.

Demokrat.az

# 3611 dəfə oxunub

Müəllifin son yazıları

# # #