Azərbaycanda yeni roman: Detektivdə inqilab

Azərbaycanda yeni roman: Detektivdə inqilab
9 iyun 2021
# 14:03

Kulis.az Əminə İbrahimlinin Vüsal Aydının "Dr. Səid - İkinci ruhun kölgəsi" romanı haqqında yazısını təqdim edir.

Depressiya və intiharlar yaşadığımız dönəmin həyəcan siqnalı ilə yaşanan dünyəvi bir problemi olduğundan gənc yazar Vüsal Aydının “Dr. Səid” trilogiyasının ilk iki kitabı dərhal diqqətimi cəlb etdi. Nə gizlədim, həm maraq, həm də tərəddüdlə kitabları əlimə alarkən öz həyatına sui-qəsd edən insanlar haqqında hansı detektiv əsəri oxuduğumu xatırlamağa çalışdım...

Üstəlik, Vüsal Aydın imzası da tanış imza deyildi və ümidlə əlimə aldığım çox gənc yazarın kitabını təəssüf hissi ilə tamamlamağım heç də az olmayıb. Hələ detektiv əsərlərdə də bir çox oxuculardan fərqli olaraq, mənim sadəcə hadisələrin mexaniki şəkildə bir-birinin ardınca düzülüb sonra da böyük sirrin açıldığı məşhur kitabları belə sevə bilmədiyim hallar olub... Çünki mən şəxsən bir oxucu kimi gərgin və sirli cinayət hadisələrinin ciddi mənəvi-psixoloji problemlərlə qovuşduğu və onların bir-biri ilə vəhdətdə kulminasiyaya çatıb birlikdə açılmasını və tamamlanmasını və bu gedişdə yazıçının öz oxucusunun mənəvi aləminə mütləq toxunuşunu hiss etmək istəyirəm. Üstəlik, əsəri oxuduqdan sonra, müsbət və ya mənfi planda təsvir olunmasına baxmayaraq, uzun müddət yadda qalan xarakterlərin olmasını istəyirəm...

Kitablarda sevdiyim və önəm verdiyim cəhətlərdən biri də oxuduğum əsərdə hadisə və qəhrəmanlardan hər hansı bir səbəblə ayrılarkən fikrimin onun yanında qalması, tezliklə qəhrəmanlarımın yanına - onların ayrılmağa məcbur qaldığım dünyasına dönməyimin fikrimi məşğul etməsidir.

Elə bu fikirlərlə də: “Görək, Vüsal Aydın nə deyir ?”- sualı ilə kitabı açdım....

Çox keçmədən kitabdan aldığım güclü təəssüratı həm ağlımda, həm də qəlbimdə hiss etdim: ayrılmaq istəməyəcəyim bir əsərdi bu... Müxtəlif yerlərdə müxtəlif səbəblərdən baş verən intihar və ya cinayət hadisələrini, bu hadisələri törədən, hadisələrin qurbanları olan və ya onları araşdıran fərqli obrazları müxtəlif mənbələrdən başlayan və böyük bir ümumi məcrada - dr. Səidin hadisələrin gedişini araşdırma prosesində qovuşdurub oxucunun təsəvvüründə onları bütövləşdirən bu romanda yazıçının yüksək intellekti, bədii sözə və detallara məsuliyyəti, təxəyyülü və mənəvi aləmi oxucunu valeh etməyə bilmir.

Etiraf edim ki, hadisələrin gedişində və xarakterlərin onlardakı rolunda, eləcə-də öz mənəvi-psixoloji vəziyyətlərində hər hansı bir uyğunsuzluq, məntiqsizlik çox vasvası oxucu olduğumdan dərhal əsərə və müəllifə münasibətimi dəyişir...

Əsəri bitirib onun haqqındakı fikirlərimi sistemləşdirəndə məmnuniyyətlə Vüsal Aydının iki cilddən ibarət bir əsərində belə bir şey yaşamadığımı düşündüm. Yazıçının hadisələrin, obrazların sistemindəki güclü məntiqi, obrazların mənəvi aləmləri, onların xarakterlərində və hadisələrin gedişindəki psixoloji məqamların təsviri, onların mahiyyətinə enərək oxucusuna inandırıcı bir şəkildə təsvir etmək bacarığını çox təqdir etdim və ürəkdən sevindim doğrusu...

Əsərdə xeyli intihar və cinayət hadisələri var, ancaq yorucu həddə deyil, sona qədər hadisələrin dramatizmini və oxucu intizarını saxlaya bilmək məharəti də Vüsal Aydının düz yolda olduğunu göstərir. Belə bir istedadlı yazıçımızın ədəbiyyatımıza gəlişi çox sevindiricidir. Vüsal Aydın kimi yazarlarımız həm ədəbiyyatımızın nailiyyətidir, həm də bizim oxucu qazancımızdır. Çünki ixtisasca müəllim olduğumdan bu cür intellekti və mənəvi dəyərləri olan gənclərimizin olması məni çox sevindirir.

Əsərin təqdir etdiyim ən gözəl cəhətlərindən biri də intiharlardan və sui-qəsdlərdən bəhs edən “Dr. Səid” romanının oxucunu pessimist deyil, pozitiv ruha kökləməsi və ondan ağır düşüncələrlə ayrılmasına qətiyyən yol verməməsidir. Bir çox intihar hadisələrinin əslində cinayət olduğunu sübut edən dr. Səidin əsərdəki bütün gərgin dramatik hadisələrin üzərindən qırmızı xətt kimi keçən “...bütün intiharlar cinayətdir! Qurban və qatil eyni adam olsa belə!” fikri də bu dünyəvi problemlə bağlı depressiyaya düşən insanlara və ümumiyyətlə, cəmiyyətə verilən dəqiq bir ismarıcdır.

Son olaraq, kitabı, bədii mütaliəni, xüsusilə detektivləri sevən bütün oxuculara Vüsal Aydının “Dr. Səid” trilogiyasını oxumalarını tövsiyə edir və onları romandan gözəl bədii zövq alacaqlarına əmin edirəm.

# 2795 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #