"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

Abbas Abdulla, şair

Abbas Abdulla, şair

4 sentyabr 2026
# 12:30

Bu gün tanınmış şair Abbas Abdullanın anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Etiraf" şeirini təqdim edir.

Nə vaxtsa ürəyim yadımdan çıxıb,
Hardasa, kiminsə yanında qalıb.
Evə qayıtmışam, gülüm, ürəksiz
Üzümə baxmısan səssiz-səmirsiz,
Buludtək boşalıb-dolub gözlərin,
Titrək dodağına donub sözlərin:
“Beləmi əzizlər sevən-sevəni”
Bağışla məni.

Gözümü bir qızın gözündə görsən,
Bir anlıq günahı özündə gör sən –
Qoruya bilmirsən niyə sən məni?!
Geriyə qaytarmaq istəsən məni,
Amandır, amandır, dönüb mən olma!
Sən allah, sən allah, deyingən olma,
Tez-tez yada salma olub-keçəni
Bağışla məni.

Bilsən ki, gedirəm, uzaqdır səfər,
Mənsiz mənli olmaq öyrən birtəhər
Evə-eşiyə də bağlan ürəkdən.
Unuda bilsəm də mən səni hərdən
Bir cüt qız balamı unudammaram –
Arzunu, Aydanı unudammaram.
Nolar gülərüzlə qarşıla məni,
Bu etirafımda çox gecikmişəm
Bağışla məni...

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər