Milli dəyərlər şairi - Mahir Cavadlının yazısı

Milli dəyərlər şairi - Mahir Cavadlının yazısı
10 fevral 2021
# 10:30

Kulis.az Mahir Cavadlının “Mətbuatımıza hünərlə gələn Ramiz Duyğun” yazısını təqdim edir.

O zaman ölkəmizdə yeganə televiziya kanalı olan Azərbaycan Televiziyasında ciddi senzuradan yayınmaq heç də asan deyildi. “Söz azadlığımızı” sovet ideologiyasına uyğun “tənzimləyənlər” hər sözün, hər kəlmənin sətiraltı mənasını araşdırmaqda peşəkar idilər. Məhz belə bir çətin dövrdə nə az, nə çox, düz 17 il “Hünər” verilişi mavi ekran qarşısına saysız-hesabsız seyrçi toplaya bilmişdi. Verilişin aparıcısı polkovnik rütbəli hərbi həkim, eyni zamanda gözəl nitqi, məntiqli fikir və açıq düşüncələri ilə cəlb etməyi bacaran şair, tərcüməçi Duyğun təxəllüslü Ramiz Məlikov idi.

O nəslin nümayəndələri bu insanı yaxşı xatırlayır. Onun hər bir verilişi maraqla gözlənilirdi. Çünki, II Dünya Savaşına yollanan 700 minədək azərbaycanlıdan yarısı geri dönməmişdi. Bəzilərinin, elə Ramiz Duyğunun yaxın qohum-əqrəbalarından bir neçəsinin məzarları da məlum deyildi. Məhz bu verilişin, xüsusən aparıcının sonsuz təşəbbüsləri və yorulmaz axtarışları nəticəsində bu qanlı müharibədə iştirak etmiş 13 minədək azərbaycanlının məzarı tapılmışdı.

Sonradan müstəqil Azərbaycan Respublikasında iki güc strukturunun - Müdafiə Nazirliyinin və Sərhəd Qoşunları Mətbuat Xidmətinin rəhbəri olur. Eyni zamanda, “Xalq Ordusu” və “Sərhəd” qəzetlərinin baş redaktoru kimi hərbi jurnalistikamızın əsasını qoyur. Ramiz müəllim bu vəzifələrdə çalışmaqla müasir Azərbaycanın ordu quruculuğunda və sərhəd xidmətinin formalaşmasında müstəsna xidmətlər göstərir.

Gallery

Onun rəhbərliyi ilə hərbi jurnalist ordusu yetişir və bu gün döyüşən mətbuatımızın ön sıralarında məhz Ramiz Duyğunun yetirmələri dayanır desək, səhv etmərik. Hazırda silahlı qüvvələrimizin müxtəlif qoşun növlərinin istifadəsində olan hərbi nizamnamələr və bir sıra hüquqi normativ sənədlər ötən əsrin sonlarında məhz Ramiz Duyğunun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə tərcümə olunaraq tərtib edilib.

Polkovnik Ramiz Məlikov misraları od-alov saçan milli dəyərlər şairidir. Onun döyüşkən misraları Azərbaycan oğullarını ən çətin məqamlarda səfərbər olmağa çağırıb, ən çətin sınaqlarda yüksək milli-mənəvi və psixoloji hazırlığa malik olmağa sövq edib. O, gənclikdən mübariz bir şair kimi ədəbiyyat aləmində, bir hərbçi kimi hərb meydanında özünü təsdiq etməyi bacarıb, yaşının bu ahıl çağında da söz sərkərdəliyini şərəf və ləyaqətlə yerinə yetirir.

Müvafiq qurumlar tərəfindən istedad və bacarığı gərəyincə dəyərləndirilməsə də, Ramiz müəllim ruhdan düşmür, bədii yaradıcılığını uğurla davam etdirir. Onun son illər qələmə aldığı vətənpərvərlik mövzusunda şeir və poemaları çox az sayda şair və yazıçıya müəssərdir. Ramiz Duyğun yaradıcılığı - istər indiyədək işıq üzü görmüş poeziyası və tərcüməsi, istərsə də çapa hazırlayıb nəşrini gözlədiyi əsərləri iki əsr Azərbaycan ədəbiyyatında dərin iz salmışdır və gələcək nəsillərə ərməğan olmağa layiqdir.

Ramiz Duyğun ötkəm olduğu qədər mülayim, ciddi olduğu qədər səmimi, tələbkar olduğu yol göstərən və məsləhət verəndir. Azərbaycanı canı qədər sevir, azərbaycançılığın, türkçülüyün, turançılığın qatı tərəfdarı və əqidəli daşıyıcısıdır. Yeni yaş təqvimini də olduğu kimi qarşılayır, dönməz və dəyişməz, saf qəlbli, duyğulu Ramiz Duyğun kimi!

# 1365 dəfə oxunub

Müəllifin son yazıları

# # #