"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri
27 oktyabr 2026
# 15:30

Kulis.az Gülxani Pənahın şeirlərini təqdim edir.

Gecədir

Gecədir... bütün canlı varlıqlar,
cansız varlıqlar yuxuya gedib.
Sükut ağalıq eləyir...
Dayanmışam eyvanda
yerə baxıram, göyə baxıram...
Ulduzlar hərəkətdə,
ulduzlar sayrışır.
Düşünürəm bəlkə də
sayrışan bu ulduzlar
yerdə keşiyimizi çəkir
biz yatanda...
Yelpiklə yelləyirlər,
dərd-bəlanı qovurlar üstümüzdən...
Qovurlar qüssəni
gecələr toran görən gözümüzdən...
Bəlkə də səhv edirəm,
bəlkə də heç belə deyil...
Biz yatanda onlar oyaq olur.
Yerin ağuşuna düşməmək üçün
göylərə dayaq olur...
Onlar da bizlərdən qoruyurlar
özlərini.
Ona görə çəkmirlər gecələr
üstümüzdən
gözlərini.
Nə bilim, yaxşı deyiblər:
“Gecə fikir, gündüz fikir,
Nə ev yıxır, nə ev tikir...”
Fikirlərim kimi ulduzlar da
gecələr qarışıq görünür...
Qırmızı, yaşıl, sarı, ağ –
ulduzların rəngləri qarışır bir-birinə...

Gecə keçir, yatmaq lazımdır,
gedim girim yerimə,
yuxuma haram qatmayım.
Ulduzlar saf olur çox,
onlara böhtan atmayım,
çünki xeyirxah olur ulduzlar...
Göylərdə milyonlarla ulduz var.
Onların bizə pisliyi dəymir,
bizim isə dəyir.
Dünyanın ən zərərli
silahlarını yaratmışıq,
Ölkələri oda-alova,
tüstüyə qərq etmişik.
Xaraba qoymuşuq Yer kürəsini,
qalaktikanın nizamını pozmuşuq...
Dərs olmur bizə,
Başımıza uçmağa az qalıb,
yıxmışıq göyün evini,
Dünyanın dirəklərini laxlatmışıq...
Bir gün o dirəklər yata bilər,
Ulduzlarım, Günəş, Ay belə
bata bilər, yoxa çıxar
Yer kürəsi kimi.
Bilirik bunu,
amma dinmir ulduzlar,
qisasını almır bizdən.
Nələr olmur Yer kürəmizdə.
Taleyini bizə tapşırıblar,
qarışmırlar işimizə.
Vurdurmurlar insanları bir-birinə.
Bizdən xəbərdardır onlar,
Bilirlər özümüz özümüzə
bəsik yaxşılıqda, pislikdə.
Bizə oxşaya bilməz
onlar heç zaman tərslikdə.
Onlarda Napalyon, Hitler,
Dara, Firoon, Stalin yoxdur,
Onlarda Zöhrə var,
onlarda nizam-intizam,
saflıq, dürüstlük var.
Ona görə Yaradan
utanıb əməlimizdən
səbətlə göndərib yerə.
Düşmən çıxmayaq göylərə,
pisi də özümüzün, yaxşısı da.
Qarışmırlar işimizə
gecələr baxsalar da
sayrışaraq
gözlərimizə...


Ağartma saçını

Nə tez ağarmısan qara saçını,
Qırx yaşa çatmamış, gülüzlüm, sonam?
Gəl bölüş mənimlə ağrı-acını,
Görməyim gözündə nə çən, nə duman.

Gizlin sızıldama, gizlin ağlama,
Ağartma saçını, ağartma gülüm,
Hicrana sən məni yoldaş eyləmə,
Qoyma dərd içində mən ömür sürüm.

Ağ saçın önündə yüz yol dolmuşam,
Söylə ki, səninlə xoş keçib ömrüm,
Demə ürəyinə dəyən olmuşam,
Köksümə dağ basma, başına dönüm!

Ağ saçın önündə göz yaşı tökən,
Ürəyim istəmir qocalsın yarı.
Sən allah, ağartma saçını erkən,
Sənsən səadətim, dövlətim, varım.

Qəflət yuxusundan qəlbini oyat,
Qocaltma özünü, gülüm, amandır.
Sənə vəd eylədim qayğısız həyat,
Qayğısız yaşamaq, vallah, yalandır...

Səni yaşatmağa çalışmışam mən,
Eşqin ürəyimdə nurlu çıraqdır.
Demə, ağ saçınla barışmışam mən,
Denən ki, qocalıq, bizdən uzaq dur!

Sən demə saçlarım bir bəyaz qardır,
Sən allah söylə ki, qocalmamışam.
Sənin ağ saçların mənə bir dağdır!
Səni yaşatmağı bacarmamışam?!..

Şairlər bəxtsiz olur...

Şairlər bəxtsiz olur,
belə eşitmişəm.
Bəxtiyar şairlər də az olmayıb,
bunu görmüşəm.
Düyünə düşməyən tale sahibi şairlər
başqa cür yaşıyır, qardaş.
Sözünü qazanc edə bilir,
yaşamağın yolunu bilir,
Bulanıq sudan da,
lilli çaydan da
“duru” çıxa bilir,
“Yağışlar”dan da islanmır,
quru çıxa bilir,
Görə-görə gəlmişəm bu yaşıma...
Bütün şairlər bəxtsiz olmur...
Söz mülkünün
sultanı ola bilməsə də,
Sarayların, villaların
sultanı ola bilir.
İstəyəndə həbəş, rus, gürcü,
moltanı ola bilir...
Dinini də dəyişə bilir-
azad dünyada yaşayır axı...
Belə şairlər var,
bəlkə də əvvəllər də olub...
Azmı olub bir-birini satanlar,
donos yazanlar?
Sözünə min bir don geyindirən,
orden, medal alanlar,
“Tarixlərdə qalanlar”?
Dost boynunu cəllad qılınc altına
qoyanlar?
Olub, olub, indi də var...
Amma Allahdan diləyim var,
olmasın innən belə.
Malı-mülkü cəhənnəm,
Beləsinə qələm verməsin Allah,
söz verməsin Allah!
Beləsinə üz verməsin Allah!

Möhür

Bu Möhür ki var,
vəzndən yüngül,
qiymətdə ağır olur,
çox ağır olur...
Bu Möhürlər qəlbinə də
fərman verir,
insan oğlunun,
bəli, qəlbinə də,
İstəsə hökm edir Rəbbinə də...
Haqqa qılınc çəkir, susur önündə O da.
Bu Möhür önündə
nə qədər günahsız insanlar
qalır darda...

Bütün Möhürləri dəyişmək olur,
Ürəyə vurulan Möhürü yox!

Möhürlərin zəhmi çox ağır olur...
Möhür var
dünyanı ayağının altına döşəyir,
Möhür var
şiş kimi səni şişləyir,
Tökür diri gözlü qanını,
İstəyəndə alır canını,
istəyəndə əfv edir.

Möhürlər də
ədalətli, ədalətsiz olur,
Möhürlər də səhv edir...

İnsan taleyinə vurulan
möhürlər...
Bir Möhür də Yaradanın
əlindədir...
Olumun da möhürü var,
Ölümün də möhürü var!
Ölüm Möhrü vaxtsız vurulmasın,
insan ömrünə...

Yarımçıq qalmasın
arzular, diləklər...
Fəlakətdir, bəladır
möhürlü diləklər...

İçindəyəm

Gecələri yuxusuz, gündüzləri dalğın...
İçindəyəm həyat dolu bir nağılın...
Göydən üç alma düşdü;
biri sənin, biri mənim...
Nağıl dolu bir dünya
ömrümə çıxıb qənim...
Arzuları yığıb gətirir önümə...
Qanad verir arxasınca uçum...
Əsrarəngiz göyləri qucum...
Bir anda dünyanın
o başına gedim, qayıdım...
Əlçatmaz nə var,
ruhən onu əldə edim...
Gözümü açım, yumum...
Baba Dərviş, Xıdır İlyas, Xızır Nəbi
çatdırsın diləyimə...
Taxtı-tacı gətirsin ayağıma...
Yağ töksün yanmayan çırağıma...
Zülməti önümdə nura boyasın...
İstəklərinə çatdırıb, nağıllarda uyutsun...
Nağıl nağıldır,
həyat da həyat!
Bunları seçə bilirsən...
Amma, amma bu nağıllar o qədər şirindir,
Nə onu tərk edə bilirsən,
nə ondan keçə bilirsən...
Nağıl ömrünün bir parçası...
Nağıl ömrünün bir hissəsi...
Nağıllar aldada-aldada
yaşadır hər kəsi...
Göydən üç alma düşdü;
biri sənin, biri mənim...
Nağıl var ömrə bəzək,
Nağıl var ömrə qənim...

Ümidlə yaşa ki...

Qızım Bahara…

Baxışı yollara dikilən balam,
ümidsiz yaşamaq nəyinə lazım?!
Ümidlə yaşa ki, sabaha inamın olsun.
İnamın sevincin qəlbimə yazım.
Yollar uzaq olub, özüm yanında...
Ruhumu səninlə
göndərmişəm mən…
Arayıb axtarmaq içindən keçir...
Taleyin çarxını döndərmişəm mən...
Sən harda, mən orda
getdiyin gündən...
Yuvam da, qəlbim də
sənin yanında...
Doğmaya sevgiylə
böyümüsən sən...
Ana məhəbbəti sənin canında...
Sübhətək yatmıram, narahatam mən...
“Yorğanın üstündən düşübmü görən?
Düşübsə kim örtər,
qaldırar yerdən?!
Üşüyə bilərsən, soyuqlayarsan...
Kim baxar yatağa düşdüyün zaman?!
Əlim də çatmayır ay aman... aman...”
Beləcə, sübhədək fikirlər məni
sərsəm dalğalartək gah atır, tutur...
Gah da ki, içimə saldığı bəla
canımı, qəlbimi yaman qurudur...
Mən nələr çəkirəm söyləmirəm ki...
Yazmaq da artırır
qəmi-qüssəni...
Arada dənizlər, okeanlar var,
Götürüb o taya atmışam səni...


İsa tapdın?

Gecədir, sakit bir gecə...
Hardasa “İsa-Musa”
bir-birini çağırır, sorur:
 “İsa tapdın?”
 “Musa tapdın? ”...
Yadıma düşür xatirələr...
uşaqlıq həyatım...
Pəncərəmizin önündəki
alma ağacına arabir gecələr
bir quş qonurdu,
oxuyurdu.
Anam hirslənib
səsini qaldırırdı:
“Zəhrimar, bayquş yenə gəldi” –
Atırdı əlinə keçən
Ayaqqabıdan birinin tayını
arxasınca...
Sonra da deyinirdi...
Əl açıb üzü qibləyə
nəsə oxuyurdu,
nəsə diləyirdi...

Bayquş fikrimdə pis quş idi...
Qonduğu yeri xaraba qoyur – deyirdilər...
Sonralar gülürdüm anama.
Atam köhnə damın yanında
bir imarət qurdurdu ki,
gəl görəsən...
Geniş işıqlı pəncərələri,
Anam demişkən;
Futbol oynaya biləcəyimiz
geniş eyvanlar...
Saray kimi evlər...
yadıma düşürdü, o bayquş...
Onu böyüyəndən sonra
heç görmədim, heç...
Ağlıma gəlirdi ki,
anamın duaları çatıb Allaha...
İtirib bu quşu ilim-ilim...
Belə düşünürdüm, nə bilim...
Çox keçmədi o vaxtdan...
Rüzgar əsdi, sərt bir rüzgar.
Yurdumda indi bayquş kimi
“bədheybət” qonşu var...
Yıxdı xanimanımızı,
qurutdu sularımızı...
Dost-düşməni seçəmmədik...
Bayquş bəlkə də bunu deyirmiş.
Süleyman bilir quş dilini,
biz bilməmişdik.
Sən demə, deyirmiş
qoruyun özünüzü,
yurdunuzu bu dığalardan...
Yoxsa xaraba qalacaq,
Bu bağa gəlib bayquş qonacaq
bayquş ulayacaq,
...Otuz ilə yaxındır
gecələr qulağıma
yurdumda ulayan
bayquşun səsi gəlir,
içimi dəlir...

2016


Su

Su!
Ölü su, Diri su!
Damcıları narın-narın,
inci-inci, diri su!
İlahinin neçə-neçə
möcüzəsindən biri, su!
Sən nəyə qadir deyilsən,
Bu dünyada
heç bir şeyə əyilməyən,
diz çökməyən,
Fatehləri belə
bir qurtumun önündə
diz çökdürürsən, əyirsən.

Su!
Sən həyatsan,
Sən varlıqsan.
Sənsiz həyat olarmı heç!
Dünya belə qalarmı heç!?
Təbiətin bəzəyi su!
Özəyi su!
Qətrən düşən yerdə cansan!
Ölüləri dirildənsən!
Diriləri öldürənsən!
Sən ey mənim ömür payım!
Can sirdaşım,
Hər anım su!
Milyardların yaşam eşqi,
arzusu,
Nəyə qadir deyilsən sən!
Çirkabları təmizləyib
aparansan!
Hirslənəndə, coşanda
Yeri-göyü
məhvərindən qoparansan.
Sakit-sakit axan da sən!
Köpüklənib qalxan da sən!
Öldürsən də, diriltsən də,
Çox haqlısan, baxanda sən.
Haqq didarı görmüş susan!
Üstündə var Tanrı haqqı!
Dünya aləm su içində,
Qurusu az, sulusu çox.
Dirisi az, ölüsü çox..
Yerə, göyə bəla gəlsə,
Səndən gələr.
Qəzəbin də qorxuludur,
gülüşün də.
Göydən yerə yağmağın da,
Yerdə asta yerişin də!
Çalxalanan okeanlar,
Dənizlərsən!
Damcı-damcı yığılaraq
bir ümmansan,
Öz gücünə bələdsən sən.
Ona görə bu dünyada arxalısan,
nəyə isə gümanın var...
Sənin dinin, imanın var.
Saflıq sənin xislətində,
ona görə böyüklük də
qüdrətində
Su, su, su...
Ölü su,
Diri su!

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər