Aydın Talıbzadə yazır: Onun adı Gülşad...

Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
18 noyabr 2019
# 17:41

Xalq arasında tanınan aktrisa olmasına rəğmən, kafedra müdiri olmasına rəğmən, professor olmasına rəğmən, nənə olmasına rəğmən hələ də uşaqdır, hələ də kuklalarla oynayası ərköyün qızcığazdır, hələ də burnunu dik tutub dünya ilə çiyni üstündən danışan, sözləşən, höcətləşən orta məktəb şagirdidir.

Gülşad xanımla hər dəfə qarşılaşanda məndə belə bir təəssürat formalaşır ki, sanki bu qadın rəhmətlik əri, Azərbaycanın çox dəyərli rejissoru Hüseynağa Atakişiyevin pencəyinin ətəyindən yapışıb ayaqlarını yerə döyə-döyə onu özündən uzaqlaşmağa qoymur; bunu bacarmayanda isə inadkarcasına, bəzən qışqıra-qışqıra, bəzən ağlaya-ağlaya, bəzən də zarıya-zarıya bu hünərmənd kişinin arxasınca düşüb gedir, gedir, gedir və birdən donub məəttəl-məəttəl dünyaya baxır ki, nə Hüseynağa var, nə də pencəyi: hər şey ilğımdır. O zaman Gülşad xanımın əlləri havadan asılı qalır...

Pauza. Bitdimi? Yox.

Məhz elə bu məqamda Gülşad xanım bir aktrisa kimi bu xəyali görüntüyə yadlaşır və başlayır özünə lağ edib gülməyə, gülüb, gülüb qəşş etməyə, qəşş edib xısın-xısın ağlamağa...

Ağlayanda üzünü hamıdan kənara çevirir ki, görməsinlər onu...

Görsələr biləcəklər ki, bir qəbiristanlıq ölmüş arzular dəfn edilib ürəyində...

Hərdən mənə elə gəlir ki, dərd onu boğur. Amma cürət eləmirəm soruşum bu nə dərddir.

Qənbərdən bərkdir, inci çiçəyindən zərif Gülşad xanım: gözü-könlü toxdur, ləyaqət sahibidir, daxilən möhkəm, mərdanə bir qadındır; bu, onun gücüdür; zəifliyi öz şəxsiyyətinə, istedadına gizli vurğunluğundadır.

Gülşad stixiya adamıdır, öz səhvlərini sevir; düşünüb yaşamır, yaşayıb düşünür: əvvəl çılğınlıq eləyib hay-küy qoparır və sonra fikirləşir ki, mən niyə belə elədim. Niyə belə elədiyini fikirləşdiyi anda deyir, "əcəb elədim". Bunu ona dedirdən sinirləridir: əsəbləri ucbatından Gülşad xanım günün günorta çağındaca alışıb yana bilər, kükrəyə bilər, aləmi qatıb-qarışdıra bilər. Amma bununla belə: o, əsəblərini yaxşı "tanıyır", köhnə oyuncaqları kimi "əzizləyir" onları: hətta hansının hansı yaşantıdan, hansı xiffətdən, hansı söz yarasından, hansı nisgildən cücərib sarmaşıq kimi canına dolaşdığını əla xatırlayır.

Gülşadın sinirlərinin bəstəkarı qürurudur: qüruru onun boğazına ur kimi ilişib bu aktrisanın nəfəsinin, danışığının, rəftarının tempo-ritmini müəyyənləşdirir. Bu tempo-ritm bəzən onun həyəcanını, heç kimlə bölüşmək istəmədiyi ağrılarını eyhamlaşdırır, bəzən də davakarlığını, hikkəsini, bəzən də hüdudsuz şadyanalıq içində yaşamaq eşqini... Rusların teatr missioneri Mixail Çexov əgər Gülşadın ifa manerasını görmüş olsaydı, anındaca deyərdi ki, bu aktrisanın bədəninin ağırlıq mərkəzi boğazı ilə damağı arasında olan məsafədədir. Həqiqətən, Gülşad xanım oynadığı personajları boğazından çıxan səs və intonasiyaların energetikasında daşıyır, sanki...

Çöhrəsi qəşəng, səmimi, sadə, hiperaktiv birisidir; həmişə aktrisa Gülşad rolundadır, peşəsini şəxsi həyatından, fərdiyyətindən fərqləndirmir. Onun üçün səhnə ilə həyat bir-birinə bitişib, şəbəkələşib. Hər bir olaya, hər bir insana münasibəti Gülşad xanımın simasında həməncə şəkillənir, gözlərində görünür, mimikasından oxunur, yəni bu qadın heç kimi aldatmır, heç nəyi yalandan oynamır, kiminsə xoşuna gəlməkdən ötrü özünü, üzünü, gülüşünü dəyişmir. Əgər birini bəyənmirsə, birinin davranışından, əqidəsindən, ədasından zəhləsi gedirsə, onunla qarşılaşanda surətindən dərhal "daş asılır". Yox, əgər bəyənirsə, göz bəbəkləri, təbəssümü, bütün varlığı məsum bir qızcığaz kimi şüalanıb şəfəqlənir. Qorxusuzdur: qəfildən qəhrəmancasına davranmağa, bir Fitnə möcüzəsi göstərməyə, yəni öküzü çiyninə alıb dama qaldırmağa, doğru üçün, ədalət üçün, teatr üçün oda atılmağa, düz sözü birbaşa adamın sifətinə daş kimi "çırpmağa" bir fərd kimi təbiətən proqramlaşdırılıb. Təsadüfi deyil ki, qadın rəfiqələri yoxdur; dostları yalnız kişilərdir.

Çox rollarını görməmişəm: mən teatrşünaslığı oxuyanda Gülşad Şəki şəhərində "teatr çıxardırdı" Abbasov Vaqif, Atakişiyev Hüseynağa, Novruzov Cahangirlə birgə, öz sənətçi ruhunu tanımağa, kimliyini, istedadının hüsnünü, aktyorluq qabiliyyətinin həddini, gündəlik həyatda və teatrda nəyə nə qədər dözə biləcəyinin hüdudlarını müəyyənləşdirməyə çalışırdı. Onun Şəkidə hansı rollar oynadığını, əlbəttə ki, bilirəm, amma tədqiqat materiallarının qıtlığı səbəbindən aktrisanın oyun üslubunu, ifa plastikasını təsəvvürdə tam aydın canlandırmaq mümkün olmur. İnformasiya qırıqlarından düzəldilmiş mənzərə isə onu daha çox xarakterlər ustası, amplua ("zirək qadın", "dayə") aktrisası, səhnədə milli koloritin təmsilçisi (xüsusilə, Mirzə Fətəli komediyalarında) və epik teatr üçün səciyyəvi ümumiləşdirmələrə meyillənən sənətçi kimi təqdim edir.

Məhz bu dönəmin Gülşadını macar dramaturgiyası festivalının münsiflər heyəti qadın rolunun ən yaxşı ifaçısı kimi ödülləndirmişdi; məhz bu dönəmin çox cavan Gülşadını Cülyettanın dayəsi rolunda görən əcnəbi bir teatr tənqidçisi aktrisanın həqiqətən də yaşlı bir qadın olduğunu güman etmişdi; məhz bu dönəmin Gülşadını rus teatrşünaslığının rəsmən sayılıb-seçilən simalarından biri Mixail Şvıdkoy "Şəki Teatrının heyranedici ulduzu" adlandırmışdı və bica deyil ki, məhz bu dönəmin Gülşadına 1982-ci ildə əməkdar artist adı verilmişdi.

Onun üstündə, gör, kimlər, kimlər və daha kimlər xalq artisti oldular.

Növbə heç cür Gülşada yetişmədi.

Mənsə onu Şəki Teatrından yox, "Aktrisanın təbəssümü" (1974) sənədli filmində oynadığı kiçik bir epizoddan ("Altı qızın biri pəri" tamaşasının fraqmenti) tanımışdım. O da filmin çəkildiyi tarixdən bir xeyli sonralar...

Həmin filmin Gülşad epizodu: məktəbi təzəcə bitirmiş əsl azərbaycanlı qızı özündənrazı Naxış "ağ göyərçin köynəyi"ndə qısa hörüklərini sinəsinə salladıb, mərci boyda xırda sırğalarını qulaqlarına taxıb, bir əli belində, çiynində səhəng bulağa gedir nazlana-nazlana, ərköyün-ərköyün...

Kənd yolunda Naxış - Gülşad qarşılaşır Nəsibə Zeynalovanın küpəgirən Cəhrə qarısı ilə. Gülşad şümşaddır, gilas ağacına bənzəyir, daşıdığı səhəng kimi enerjilə doludur, tarıma dayanıb, gərgindir, köksündə, sanki odlanacaq barıt gəzdirir. Nəsibə xanımsa sərbəstdir, öz ampluasındadır, kontakta girmir, görmək istəmir Gülşadın gizli həyəcanını, parıltılı badamı gözlərində işıldayan qürurunu, hikkəsini, avtoritetlə bərabər olmaq iddiasını və lütfkar davranışını: yalnız özünün milli folklor koloritində yaratdığı "qarı" maskasını Cəhrə xalanın sosial statusuna uyğunlaşdırıb əla aktyor texnikası nümayiş etdirir. Gülşadın Naxışı isə tərs-tərs baxır Nəsibə xanımın ara qatmaqdan, şeytanlıq etməkdən, quru palçığı divara yaxmaqdan zövq alan Cəhrəsinə... və bu qoca "ifritənin" xasiyyətini düzəltməyin mümkünsüzlüyünü görüncə əlini bir az qədeşyana yellədib yoluna davam edir. Reaksiya epizodun mahiyyətilə üst-üstə düşür, lakin hiss olunur ki, Gülşadla Nəsibə bir-birinə yaddırlar, müəyyən özgəlik məsafəsi saxlayıb ünsiyyət imitasiyası ilə məşğuldurlar, ifa maneralarına görə bir qədər aqressivdirlər.

Niyəsi də bu ki, hər iki aktrisanın xislətində liderlik keyfiyyətləri, ekstrovert əlamətlər barizdir. Hər hansı bir epizod və ya fraqmentdə iştirak edən aktyorların eqosu aşırı dərəcədə yüksələndə mərama, niyyətə, bədii bütövlüyə mütləq xələl gəlir.

Image result for gülşad baxşıyeva

Gülşad xanım, hətta həyatda belə aktrisa olmaqdan bıkmır, usanmır. Dəfələrlə müşahidə eləmişəm o, gündəlik ünsiyyətini də, adi söhbətini də, problemini də öz monotamaşasına çevirməyi xoşlayır. Sanki bütün sənət dünyasına bir daha ismarış göndərmək istəyir ki, baxın, görün, alqışlayın məni, Gülşadam mən, mənəm çox yaxşı bir aktrisa, heç nədən, quru yerdə improvizə köklənib özündən tamaşa yaradan bir aktrisa, janrları virtuozcasına bir-birinə "toxumaq" qabiliyyətinə malik bir aktrisa...

Yox, bu, heç də nərgizliyin, özünəvurğunluğun təzahürü deyil. Bəs onda bu tərz davranış hansı psixoloji motivlərdən qaynaqlanır? Məsələ bu ki, Gülşad xanım teatr və kino aləmində özünü tam gerçəkləşdirə bilməmiş, öz aktrisa şöhrətinin zirvəsini yaşamamış, uğur şəfəqlərində üzüyün brilyant qaşı kimi bərq vurmamış, layiq olduğu tərifi almamış, eşitməmiş bir səhnə ustadıdır. Amma bu, Gülşad xanımın aktyor səriştəsinə, sənətçi məharətinə qətiyyən kölgə salmır. Sadəcə, Azərbaycanda teatr və kino mühiti öz istedadlarını xoşbəxt edə bilmir.

Gülşad xanım sintetik metodla iri planda işləməyi, personajın xarakterindəki hər hansı bir cizgini qabartmağı, hətta bu xüsusda qroteskdən, şişirtmədən faydalanmağı, rəngləri qatılaşdırmağı, bəzən şarj, bəzən də karikatura məkanına adlamağı sevən aktrisadır, yarımtonlar, üstüörtülü sözlər, müəmmalı münasibətlər onu darıxdırır, yorur, təngə gətirir. Nə qədər qəribə səslənsə də, Gülşad xanımın üz plastikasında (qaş, göz və dodaqlar) qəmli Pyerodan nələrsə var. Hərçənd bu qadında "kürən kloun" nişanələrini də tapmaq mümkündür: əgər manejdə çalışsaydı, mən ona "zənbur arısı" ayamasını yaraşdırardım, onu arılar kraliçası kimi geyindirib manejə ekssentrik kimi buraxardım. Çünki bütün zərafətlərilə birgə Gülşad xanım döyüşməyi, neştərləməyi, sancmağı, sözü ürəyindən tikan kimi çıxarıb başqasına batırmağı da bacarır və fürsətini heç vaxt qaçırmır, onu incidənə güzəştə getmir, tənqidi pafosunu heç vədə azaltmır. Bu qadına kimisə və ya nəyisə bəyəndirmək çətin məsələ...

Kinorejissorlar əksərən Gülşad xanımdan komediya filmlərində epizod aktrisası, epizodun energetik nüvəsi və ya komediya vəziyyətinin funksiyası kimi faydalanırlar. Nədən ki, aktrisanın danışıq tərzində, səsində, tələffüz manerasında komediya notları "fırlanır". Mənim fikrimcə, onun mənfi personajları oynamaq potensialı da böyükdür, əgər susarsa, əgər him-cimlə danışarsa, əgər pıçıltıya keçərsə...

Lakin bütün hallarda Gülşadın təbəssümü həmişə sədəf kimi parıldayır, onu qəşəngləşdirir, səmimiləşdirir, bu insanın niyyət xeyirxahlığını eyhamlaşdırır. Düzdür, bu təbəssümün sədəfkimiliyi hərdən neqativi pərdələyən maska da, mənfilik örpəyi də sayıla bilər.

Söhbət örpəkdən düşmüşkən, yaylıq da, kəlağayı da, çarşab da Gülşadı elə gözəl, elə xanım-xatın göstərir ki... Məsələ heç də baş örtüyündə deyil, yaylıq, örpək, çarşab, kəlağayı bəhanədir, məsələ onlarla davranmaq səriştəsindədir.

Hərçənd, fərq eləməz, onsuz da "Hər şey yaxşılığa doğru" (1997)... Kino ustadı Vaqif Mustafayevin çəkdiyi bu qısametrajlı filmin cəmi 15-16 saniyəlik bir epizodunda Gülşad xanım Əbdülqəninin hamilə arvadı rolunda mükəmməl bir şedevrə imza atır, qara paltarı, süst bədəni, keyləşmiş Məryəm ana üzü ilə, inilti içində təkrar-təkrar pıçıldadığı "Əbdülqəni, Əbdülqəni" kəlməsilə bir məmləkətin mental, mənəvi-əxlaqi ənənəsində böyümüş bir qadının yas mərasimi üçün xarakterik tipoloji portretini yaradır, cənazə arxasıyca gedərkən ağı minorunu qəfildən şivən majoruna dəyişib, həyasızlığı hüzn modusunda oynayıb kadr daxilində milli bomba kimi partlayır və bu şivənin, bu qıyyanın xofundan, vəsvəsəsindən Yaşar Nurinin Əbdülqənisi diksinib kəlləsini sink tabuta tarappıltı ilə çırparaq fraqmentə nöqtə qoyur. Gülşad isə bu nöqtəni yenidən üç nöqtəyə çevirir. Bu dəfə, əksinə, şivən majorundan ağı minoruna enib yavaşdan Əbdülqəniyə xəbər göndərir: "Papa gəlməyincə yerdən götürməyin" və inildəyə-inildəyə qayıdır geri. Hüzn izdihamında qadının ağı-şivən-inilti missiyası tamamlandı, sosial rol oynanıldı, hamı gördü ki, Əbdülqəninin yazıq zahı arvadı necə qəm dəryasına batıb!

Bütöv bir filmə bərabər bir epizod! Bir milləti Mirzə Cəlil üslubunda, karnaval dilində danışa bilən, çözə bilən bir fraqment! Gülşad Baxşıyeva ilə Yaşar Nurinin tandemi isə kinofantastika...

Cəmi 15-16 saniyə...

Bundan əvvəl də, bundan sonra da bir xeyli filmə çəkilib Gülşad xanım. Yəni Gülşad Baxşıyeva Azərbaycan sinematoqrafının tərcih etdiyi, peşəkarlığına dəyər verdiyi bir aktrisa... Elə bir aktrisa ki, davranış plastikası, çevik rəftarı, reaksiyası, "diriliyi", energetikası, hiperaktivliyi baxımından kino sənəti üçün müstəsna. Amma buna rəğmən onun gözü həmişə Azərbaycan səhnəsində...

Di gəl ki, artıq bir xeyli müddətdir teatrdan kənardır Gülşad xanım...

Şəkiylə xudahafizləşəndən sonra Hüseynağa bir müddət baş rejissoru olduğu Milli Dram Teatrının aktyor truppasına Gülşadı götürmədi. Hüseynağa orada hakimi-mütləq deyildi ki, mən onu günahlandırım! Hərçənd, Gülşad Baxşıyeva həmin teatrın aktyor truppasının yaraşığı ola bilərdi. Təəssüf ki, orada nə Hüseynağa üçün susamışdılar, nə də Gülşad üçün.

Hüseynağa Gənclər Teatrının bədii rəhbəri olunca isə Gülşad xanım Gənclər Teatrının səhnəsində göründü: Hüseynağa burada öz övladlarının anasına yox demədi: hərdənbir müəyyən rolları ona tapşırdı. Amma nə acınacaqlı bir hal ki, Gənclər Teatrı da Gülşadı heç bir mənada xoşbəxt eləmədi: Hüseynağa öz keçmiş arvadının gözü qarşısında bir daha təzə eşqə mübtəla oldu.

Image result for gülşad baxşıyeva

Bu məqamda köks ötürüb deyirlər ki, "ah, gidi dünya"...

Bir insanın qəlbini neçə dəfə qırmaq olar, yahu?

Gülşad nümunəvi dözüm sahibidir. Onun elə bir dəmir dözümü var ki, əsəblərini hər gün səbr kasasında "çimdirir", "soyudur", "təzədən yerinə asır" və hər şeyi bir daha sıfırdan başlamağa özünü razılaşdırır.

Rəsmən çoxdan ayrılmışdılar: ayrı yaşasalar da, ruhən bir-birlərinə həmişə bağlı qaldılar. Gənclər Teatrı qapadılınca Gülşad xanım da səhnəsiz, teatrsız yaşamağa qismən alışdı. Düzdür, fasilələrlə bəzi tamaşalarda oynadı, amma daha çox tələbələrilə işləyib yaşadı. Mən faktları söyləyirəm, ailə məsələlərinə qarışmıram, heç kimi də qınamıram.

Bununla belə hesab eləyirəm ki, Gülşadın aktrisa taleyində rejissor Hüseynağa Atakişiyev təkcə pozitivdə deyil, həm də neqativdə mövqelənir. Gülşad xanımın bir sənətçi kimi inkişafını məhz o ləngitdi, məhz o yubatdı: çünki aktrisanın yaradıcılıq perspektivlərini planlaşdırmaqdan yayındı.

Hüseynağanın Milli Dram Teatrında vəzifədən getməsindən tam 7 il ötüşüncə Gülşadı ora aktrisa kimi dəvət elədilər, "Fərhad və Şirin" tamaşasında Məryəm rolunu ona tapşırdılar, ancaq, səd heyif ki, Gülşad xanıma, hətta məşqləri belə, başa vurmağa şərait yaratmadılar, aman vermədilər.

Üç il sərasər Milli Dram Teatrının truppasında rol üzü görməyən Gülşadı axırı ki, ixtisara saldılar.

Niyəsi mənə aydındır: çünki Gülşadın adı anadan aktrisa doğulanlar sırasındadır.

Odur ki, Gülşadı qeyd-şərtsiz Gənc Tamaşaçılar Teatrının truppasına götürdülər, bu dəfə və tamaşalarda aktrisadan aktiv şəkildə yararlanmağa başladılar. Mən onun bu səhnədə oynadığı personajlar sırasında bələdçi Arzunu xüsusi qeyd edərdim. Arzu Gülşadın səhnə rolları siyahısında istisna idi, heç kimə bənzəmirdi və bütün teatr ictimaiyyətinə aktrisanın imkanlar amplitudasının genişliyini görükdürürdü. Elçinin eyniadlı romanı əsasında Gənc Tamaşaçılar Teatrında hazırlanmış "Ölüm hökmü" (2000) tamaşasında Gülşad xanım mürəkkəb bir vəziyyətlə qarşılaşmışdı.

48 yaşlı aktrisa Pavlik Morozov "şücaətini" təkrar etmək istəyində bulunan, çeynənmiş həqiqətlərin rəsmiyyətilə buxovlanmış əzbərçi və kommunist şüarçılığının fanatı 10 yaşlı pioner Arzunu oynamalıydı ilk səhnələrdə, sonra isə yüksək siyasi idealların, qəhrəmanlığın ucalığından "dığırlanıb" həyatın dibinə düşmüş, əyyaşlığa yuvarlanmış qatar bələdçisi Arzunu... Burada artıq ruh, ovqat, psixika, yaşantılar və bir-birini əvəzləyən refleksiyalar zənciri ön plana keçirdi.

Aktrisa tamaşa müddətində insan mənəviyyatının bir qütbündən o biri qütbünə adlamalıydı, kardinal şəkildə başqalaşmalıydı və bu zaman seyrçini hər iki Arzunun həqiqətinə inandırmalıydı. Mən "Ölüm hökmü"nə baxarkən bir də gördüm ki, Gülşad xanım öz dərdini, gileyini, sosial ağrısını çıxardıb səhnəyə, öz qəhərini, öz arzularını "araq qədəhinə süzüb personajı ilə birgə içir". Aktrisanın pioner Arzudan zəhləsi gedirdi, şəxsiyyəti alçaldılmış bələdçi Arzuya isə aşırı iltifatla yanaşırdı, onun tənha qadın yaşantılarını özünə yaxın buraxırdı. Tamaşada Gülşad xanımın özü, nitqi, intonasiyaları epizoddan-epizoda kəskin şəkildə dəyişirdi, pioner qızın direktiv rəsmi leksikonu qatarda kupe-kupe gəzib çaypaylayan qadının kobud danışıq manerası ilə əvəzlənirdi. Pioner Arzuykən aktrisa, sanki içinə yığılırdı, balacalaşırdı, sısqalaşırdı, jestlərini sxematikləşdirirdi, qatar bələdçisi Arzuykən isə, əksinə, elə bil böyüyürdü, kökəlirdi, daşırdı, ətrafa dağılırdı, əyyaş, yorğun ədalarını bütün səhnə məkanına proyeksiya eləyirdi. Nəticə etibarı ilə seyrçi səhnədə kommunizm kabuslarının mənən, ruhən məhv etdiyi Arzunu - aldadılmış və təhqir edilmiş bir nəslin taleyini - görürdü. Tamaşa boyunca aktrisa Gülşad Baxşıyeva ayaqüstə alqışlanacaq bir səmimiyyət sərgiləyirdi.

Amma bu uğur müqabilində Gülşadı Gənc Tamaşaçılar Teatrında da çox saxlamadılar: məğrur, acıdil, istedadına və özünə arxayın Gülşad xanımı teatrın "primadonnaları" bəyənməmişdilər, sevməmişdilər və bir özgəsi kimi ünsiyyətin məhrəmlik zonasına buraxmamışdılar. Gülşadı tamaşadan-tamaşaya təriflədikcə truppanın bu xanıma qarşı aqressiyası artırdı: onu heç cür "həzm edə bilmirdilər".

Üç ilin tamamında baxmadılar ki, Gülşad Hüseynağanın keçmiş arvadıdır, baxmadılar ki, Gənc Tamaşaçılar Teatrının repertuarında yeni tipli maraqlı rollar ifaçısıdır, baxmadılar ki, zəngin teatr və kino təcrübəsinə malikdir, baxmadılar ki, bu ərsiz qadının pula ehtiyacı var, götürdülər, onu ixtisara saldılar.

Niyəsi mənə aydındır: çünki Gülşadın adı anadan aktrisa doğulanlar sırasındadır.

Ona görə də Gülşad Baxşıyeva kimi professional bir səhnə sənətçisinin bu və ya digər teatrda ixtisara salınması Azərbaycan teatr tarixinə və teatr ictimaiyyətinə başucalığı gətirməyən bir faktdır.

Gülşad xanım yaşılı-qonur gözlərini tez-tez süzdürür, dodaqlarını bir-birinə kip sıxıb nazik qaşlarını "özündənrazılıq melodiyasında" oynadır. Səciyyəvi mimikalardır aktrisa üçün: xarakterin iç möhkəmliyini göstərir. Gülşad xanım öz personajlarını sevir, ancaq onlarla heç vədə eyni müstəvini paylaşmır: personajlarını hər zaman ipli kuklalar kimi yuxarıdan idarə edir.

Bu kontekstdən yanaşanda həməncə aydınlaşır ki, "Bəxt üzüyü" (1991) filminin zavallı Sarası xarakter etibarı ilə üsyankar Gülşad Baxşıyevadan qat-qat zəif idi, səthi idi, melodram astanasında idi və Gülşad xanımın ara-sıra sezilən ironiyasına tablamırdı. Ona görə bu filmdə Gülşad xanım ortalama "əyyaşın arvadı", "yazıq evdar qadın", "nisgilli cavan ana" standartını ifa eləyirdi, heç nəyi korlamadan, ansamblı pozmadan, Sara ilə özü arasındakı özgələşmə məsafəsini qoruya-qoruya ifa eləyirdi.

Bu filmdən sonra əksər rejissorlar özlərini əziyyətə salmayıb məhz Gülşad xanımdan ana rollarının peşəkar ifaçısı kimi faydalanmağa üstünlük verirlər. Təbii ki, yaşla əlaqədar bu, tam normaldır. Bir vaxtlar Ətayə Əliyeva, sonralar Elmira Şabanova sürəkli çəkilərdi ana rollarına, indi - Gülşad xanım. Odur ki, milli kinomuzda anaların hamısı, sanki gilizdən çıxmış analardır, hamısı eyni tiplidir, ştampdır, qəlibdir. Hərçənd bunda aktrisalarımızın heç bir günahı yox. Çünki əksər filmlərdə Ana rol yox, funksiya olur.

Qəribədir, mən yenə də Gülşad xanımı düşünərkən fikirləşirəm ki, onun istedadı Şəki Teatrı boydadır. Şəki Teatrı Gülşadın teatrıdır və o, bu teatrı daim öz içində yaşadır. Nədən ki, aktrisanın, əgər belə demək mümkünsə, biosu (faktura üstəgəl enerji, üstəgəl sosial-kültürəl ənənə), yəni rola qədərki haləti, başqa sözlə, aktyorluq xəmiri məhz Şəki Teatrında yoğrulub, formatlaşdırılıb, təşkil edilib. Müasir Azərbaycan teatrının problemlərindən biri də budur ki, heç bir rejissor artıq sənətdə öz imzası olan aktyorları yenidən kəşf etmək, tamam fərqli bir yöndə işlətmək əzmində bulunmur, onlardan yalnız müəyyən işarələr kimi faydalanır. Ona görə Azərbaycan teatrının üzərində həmişə bir köhnəlik pərdəsi var.

Mən fikirləşirəm ki, Gülşad xanım Azərbaycan teatrında əla Diana (Lope de Veqa "Nə yardan doyur, nə əldən qoyur" komediyası) oynaya bilərdi vaxtilə... Çünki hər addımı ilə bağlı tərəddüd etmək onun xislətindədir. Bir də ki əlində yelpik tutub oynatmaq çox yaraşardı ona... Axı bir balaca ispan qadınları tipajındadır: cavanlıqda öyrənsəydi, flamenkonu məharətlə rəqs eləyərdi...

Vaxtilə rejissor olsaydım, "Albalı bağı" (A.P.Çexov) pyesini tamaşaya hazırlayarkən Şarlotta roluna Gülşad xanımı dəvət edərdim...

Məncə, onun timsalında bizim teatr bənzərsiz bir Xanuma qazanmaq şansına malik olub vaxtilə...

Vaxtilə rejissor olsaydım, Aristofanın "Lizistrata" komediyasını məxsusi Gülşad xanıma görə tamaşaya qoyardım...

Bir şıltaq Katarina da görə bilərəm mən onda...

Amma bütün bunların hamısı bir yana dursun, Gülşad xanım qız nəvəsi Ləmandan xoşbəxt-xoşbəxt danışanda deyir ki, çox qəşəngdir, Hüseynağanın rus anasına oxşayır...

Nəvəsi xatirədir...

Bu cümlə məni düşündürə-düşündürə daha haralara aparıb çıxarmır ki...

# 5919 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #