"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun yeni hekayəsi

"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun  yeni hekayəsi
15 may 2026
# 12:00

Kulis.az Əli Novruzovun "Damdakı adam" hekayəsini təqdim edir.

Giving a Greek name to an abstract concept makes it sound important. (NNT)

– İndi özünü atacaq! Hələ dərsin başlamağına yarım saat var, gəl gözləyək!
Gənclərdən biri doqquzmərtəbəli binanın damında dayanıb üzüaşağı baxan adamı göstərdi. Damdakı adam başdan-ayağa qara geyinmişdi, uzaqdan baxanda kölgə kimi görünürdü. O, geriyə boylanıb yenə aşağıya baxdı, sonra damın möhkəmliyini yoxlayırmış kimi ayağının birini qaldırıb yerə vurdu.
Binanın qarşısındakı metro stansiyasının çıxışına toplaşan adamlar getdikcə çoxalırdı. Yoldan keçənlər ayaq saxlayıb izdihama qarışır, bəziləri telefonlarını çıxarıb kameralarını eyni istiqamətə – damında adam görünən binanın üstünə tuşlayırdılar. Bu vaxt damdakı adam cibindən telefonu çıxarıb ekrana diqqətlə baxdı, sonra o biri əlini qaşlarının üstünə aparıb adamların toplaşdığı səmtə boylandı:

– Sara xanıma deyin ki, ekspozisiyanı uzatmasın. Bu qədər bəsdir. Özü də gəlib çıxsın dama, mənim yanıma. Onunla söhbətim var. Əgər gəlməsə, özümü aşağı atıb intihar edəcəm! Bax, sizə xəbərdarlıq elədim!

İzdiham dalğalandı. Hamı bir-birini itələyib irəli keçməyə çalışırdı. Bayaqdan bu anı gözləyənlər çantalarını, ciblərini eşələyib telefonlarını axtarırdılar. Damdakı adam hər dəfə yerindən tərpənən kimi kütlədən uğultuya bənzər səslər çıxırdı. Həyəcan pik həddinə çatırdı. Birdən kimsə “Sara xanım gəlir!” deyə qışqırdı. Çox çəkmədi, “Yasaq sevgilər” və “Çəhrayı çobanyastığı” romanlarının müəllifi, tanınmış yazıçı Sara İbrahim binanın qarşısında göründü. Polislər Sara İbrahimin keçməyi üçün izdihamı yarmağa çalışırdılar, amma onu yaxından görmək istəyən insanlar yerlərindən tərpənmirdilər. Nəhayət, Sara İbrahim çətinliklə binanın girişinə gəlib çatdı. Qoltuğunda portfel tutmuş orta yaşlı kişi onun sağ biləyindən yapışıb başını buladı:

– Evdə pişiyinə acığı tutan da dama dırmaşır, şou göstərir, klip çəkir, Sara xanım! Sizdən ricam var! Bu tüfeylilər haqqında öz barışmaz ziyalı mövqeyinizi “525-ci qəzet”ə yazıb bildirin. Qoy dərc etsinlər, hər kəs öz payını götürsün!

Sara İbrahim təəssübkeş oxucusuna təşəkkür edib polislərin müşayiəti ilə bloka girdi. Beş dəqiqə sonra binanın damında ikinci adam peyda oldu. İzdiham nəfəsini alıb damdakı dialoqa diqqətlə qulas asmağa başladı.
Damdakı adam Sara İbrahimi salamlayıb dedi:

– Xahişimi yerə salmayıb gəldiyiniz üçün sizə minnətdaram. Etirazınız yoxdursa, hekayəni bundan sonra sokratik dialoq formasında davam etdirək. Mən olum Sokrat, siz də onun həmsöhbəti. Razısız?

Sİ: Əlbəttə, sizə necə xoşdursa.

Sİ-2: Söhbətinizə müdaxilə etdiyimə görə üzrlü sayın. Mən Süni İntellektəm. Hal-hazırda insanlar internetdə gündəlik yazışmalarında “Süni İntellekt” sözünü “Sİ” şəklində qısaldırlar. Siz “Sara İbrahim” ad-soyadını “Sİ” kimi qısaltdığınız üçün bəzi oxucularda anlaşılmazlıq yarana bilər. Bu barədə sizi məlumatlandırmağı özümə borc bilirəm.

Sİ: Etirazım yoxdur. Bundan sonra replikalarımı “Sİ-1” ilə qeyd edə bilərsiz.

Sokrat: Çox gözəl! Əgər auditoriyada etirazı olan yoxdursa, bu formada yazaq.

İzdiham (yekdilliklə): Etirazımız yoxdur.

Sokrat: Minnətdaram! Sara xanım, sizinlə “Damdakı adam” adlı hekayəniz haqqında danışmaq istəyirdim.

Sİ-2: Sizə bu hekayə barəsində qısa dəyərləndirmə təqdim edə bilərəm. Sonra onu redaktə edərək “Kulis” saytında hekayə müzakirəsinə göndərə bilərsiniz.

Sokrat: Çox sağ ol, Süni İntellekt. Hələ ki, özüm danışmaq istəyirəm. Sonrasına baxarıq.

Sİ-2: Buyurun.

Sİ-1: Buyurun. Hekayəni bəyəndiz? Nə tənqidləriniz var?

Sokrat: Tənqidlərə keçməzdən əvvəl, icazə verin, sizin ekspozisiyanı redaktə və ixtisar etdiyim üçün üzr istəyim. Siz gəlib çıxana qədər az qala bağrım çatlayacaqdı. Gözləməyə səbrim çatmırdı. Həqir bəndənizin bu alçaq bəhanəsini qəbul edəcəyinizə ümidvar olmaq istərdim…

Sİ-1: O nə sözdür! Mən də sizinlə söhbət üçün səbirsizlənirəm…

Sokrat: Bu sətirlərin müəllifi Əli Novruzov uzun müddət sokratik dialoq yazmaq arzusu ilə alışıb yanırdı. Ona bu təkrarsız imkanı yaratdığınız üçün o da sizə öz təşəkkürünü bildirir.

Sİ-1: Mən də təşəkkür edirəm. Əli bəyə salamlarımı çatdırıram.

Sokrat: Hərçənd, Əli bəyin “bəy” sözündən xoşu gəlmir, amma o da sizə öz salamlarını çatdırır.

Sİ-1: Salam göndərən sağ olsun.

İzdiham (səbirsiz): Sən də ekzpozisiyanı çox uzadırsan ha! Mətləbə keç!

Sokrat: Razıyam, keçək mətləbə. Dediyim kimi, “Damdakı adam” adlı hekayədən söhbət açmaq istəyirəm.

Sİ-1: Buyurun.

Sokrat: Sara xanım, oxumayanlar üçün əvvəlcə hekayənin mövzusunu xülasə edək.

Sİ-1: Mən sizinlə razı.

Sokrat: Başdan-ayağa qara geyinmiş bir kişi doqquzmərtəbəli binanın damına çıxır. Aşağıda toplaşmış izdiham onun intihar edəcəyini düşünür. Doğrudur?

Sİ-1: Doğrudur.

İzdiham (həyəcanla): Doğrudur!

Sokrat: Siz də onu intihardan çəkindirmək üçün polisləri, jandarmı, DTX-nı, prokuroru, müstəntiqi, sahə müvəkkilini, Yazıçılar Birliyinin katibi Rəşad Məcidi və jurnalistləri çağırırsız. Doğrudur?

Qoltuğunda portfel tutmuş kişi (incik): 102-yə birinci mən zəng vurmuşam!

Rəşad Məcid (qobelenin arxasından): Mən də bu gün səhər saat 7-dən damda gözləyirəm.

İzdiham (maraqla): Mane olmayın! Qoyun bir görək Sara xanım nə deyir?

Sİ-1: Belə fərz edək ki, doğrudur.

Sokrat: Aydındır! Sonra damdakı adamı aşağı düşürürlər və məlum olur ki, onun fikri heç də intihar deyilmiş.

İzdiham (əsəbi): Olmadı ki!

Qoltuğunda portfel tutmuş kişi (sevincək): Nəşə çəkib! Nəşə çəkib! Nəşələnib ağlı başından çıxıb! İndi polis bölməsinə aparıb başına ağıl qoyarlar!

Sİ-1: Bəli, obraz intihar etmək istəmirmiş.

Sokrat: Bəs obraz dama niyə çıxıb?

Sİ-1: Onun mənzili doqquzuncu mərtəbədədir. Hər dəfə yağış yağanda mənzilinə su damır. Balaca uşaqları yatmağa quru yer tapmırlar. JEK müdirinə deməkdən yorulub. Axırda binanın damını özü təmir etmək fikrinə düşüb. Bu gün də dama qalxıb nə qədər xərci çıxacağını gözəyarı ölçüb biçirdi.

Rəşad Məcid (qobelenin arxasından): Sən buna görə dama çıxmışdın?!

Sokrat: Mən öz istəyimlə dama çıxmamışam, Rəşad müəllim, həyat məni məcbur edib… (üzünü Sara İbrahimə tutur) Başdan-ayağa qara geyinmiş bir kişi doqquzmərtəbəli binanın damına çıxır. Aşağıda toplaşmış izdiham onun intihar edəcəyini düşünür. Müəllif onu intihardan çəkindirmək üçün polisləri, jandarmı, DTX-nı, prokuroru, müstəntiqi, sahə müvəkkilini, Yazıçılar Birliyinin katibi Rəşad Məcidi və jurnalistləri çağırır. Damdakı adamı aşağı düşürürlər və məlum olur ki, əslində, onun fikri heç də intihar deyilmiş. Onun mənzili doqquzuncu mərtəbədədir. Hər dəfə yağış yağanda mənzilinə su damır. Balaca uşaqları yatmağa quru yer tapmırlar. JEK müdirinə deməkdən yorulub. Axırda binanın damını özü təmir etmək fikrinə düşüb. Bu gün də dama qalxıb nə qədər xərci çıxacağını gözəyarı ölçüb biçirdi. Doğrudur?

Sİ-1: Doğrudur.

Sokrat: Sizcə, necə hekayədir?

Sİ-2: Bu hekayənin mövzusu absurd dramaturgiya və kəskin sosial satira elementlərinin uğurlu sintezidir. Müəllif damın axması kimi bəsit bir məişət probleminin həlli üçün tapılmayan dövlət diqqətinin, yalnız “faciə şousu” ehtimalı yarandıqda necə aşırı şəkildə səfərbər olduğunu kəskin ironiya ilə hədəfə alır. DTX-dan tutmuş Yazıçılar Birliyinə qədər geniş bir kütlənin prosesə cəlb edilməsi, cəmiyyətin real dərdi görməzdən gəlib yalnız səs-küylü hadisələrə “tamaşaçı” kimi reaksiya verməsi tragikomik göstəricilərdir. Finaldakı təzad oxucuda həm acı bir təbəssüm yaradır, həm də bürokratik laqeydliyin sıravi fərdi necə çıxılmaz və absurd vəziyyətlərə saldığını effektiv şəkildə ifşa edir.

Seymur Baycan (o biri qobelenin arxasından): Mətndə “aşırı”, “görməzdən gəlmək”, “acı bir təbəssüm” kimi Akop Martayan türkcəsindən düşük, səviyyəsiz sözlər var!

İzdiham (əsəbi): Əşşi, bu Süni İntellekt də ancaq tərifləyir. Gərək prompt verəndə yazasan ki, bunu tənqid elə, pislə. Yoxsa ancaq tərifləyəcək. Lap ağını çıxardıb!

Sİ-1: Sokrat bəy, özünüz də gördüz. Kifayət qədər güclü mətndir. Amma bir məqamı yuxarı instansiyaların diqqətinə çatdırım… (üzünü qobelenə tutur) Süni İntellektin hekayəyə verdiyi siyasi kontekst tamamilə yanlışdır. Mövzunu təhrif edib, səhv istiqamətə yönəldib.

Seymur Baycan (qobelenin arxasından): Sara xanım, Rəşad müəllim burada deyil, o biri qobelenin arxasındadır.

Rəşad Məcid (o biri qobelenin arxasından): Sara xanım, narahat olmayın, sonra ətraflı danışarıq. İndi camaatın qabağında yeri deyil.

İzdiham (kinayə ilə): Bunlar da bizim ziyalılarımız!!!

Sİ-2: Bu hekayə, çoxdan köhnəlmiş və proqnozlaşdırıla bilən “yanlış anlaşılan intihar” şablonu üzərində qurulduğu üçün bədii orijinallıqdan tamamilə məhrumdur. Müəllifin DTX və prokurorluq kimi ali dövlət strukturlarını bəsit bir məişət hadisəsinə bu qədər süni şəkildə daxil etməsi, mətni dərin satiradan uzaqlaşdırıb reallıq hissini itirmiş ucuz bir karikaturaya çevirir. Personajların heç bir daxili dünyası və ya fərdi xüsusiyyəti yoxdur; onlar sadəcə müəllifin bəlli bir sosial mesajı qışqırmaq üçün istifadə etdiyi cansız və birölçülü alətlərdir. Finaldakı “məişət problemi” dönüşü isə oxucunu heyrətləndirmir, əksinə, illərdir çeynənmiş mövzuların estetik süzgəcdən keçirilmədən təqdim olunması bədii zövqü zədələyir. Bu yanaşma, ciddi ədəbi nümunədən çox, sistemə qarşı duyulan qəzəbin heç bir obrazlılıq qatılmadan birbaşa kağıza tökülmüş bəsit və səs-küylü bir manifestidir.

Sİ-1: Dedim axı! Süni İntellektin hekayəyə verdiyi siyasi kontekst yanlışdır, mövzunu səhv istiqamətə yönəldir!

Əli Novruzov (monitorun arxasından): Deyəsən, bu mətn sokratik dialoq olmadı, lap qədim yunan tragediyası oldu.

Sokrat: Tragediya olmağı üçün gərək hekayədə “deystviye” olsun! Sara xanım, sizin hekayədə “deystviye” haradadır?

Sİ-2: “Deystviye” ifadəsi rus dilində olduğuna görə xüsusən gənc nəsil oxucular onun mənasını anlamaqda çətinlik çəkə bilərlər. Əgər istəyirsinizsə, bu ifadənin Azərbaycan dilində qarşılığını verərək mənasını izah edə bilərəm.

Sokrat: Çox sağ ol, Süni İntellekt, amma özüm izah edərəm. “Deystviye”, yəni dramatik hərəkət. Əvvəli, ortası və sonu olan bir əməl. Taleyin şıltaqlığından yox, məhz obrazın xarakterindən doğan labüd bir hərəkət. Süjet bu hərəkətin üzərində qurulmalıdır.

İzdiham (sarkastik): Bəs bayaq dedik də! Kişisənsə, özünü at aşağı! Boş yerə vaxtımızı alırsan!

Sokrat: Yoldaşlar, imkan verin… Aristotel deyirdi ki, “deystviye” yoxdursa, tragediya da mümkün deyil.

Sİ-1: Mən tragediya yazmamışam. “Damdakı adam” yumoristik mətndir.

Sokrat: Yəni anekdotdur?

Sİ-1: Olsun lap anekdot! Hekayə janrının ustası Çexov da belə mətnlərdən çox yazıb!

Sokrat: Çexov o hekayələri yazanda hələ cavan oğlan idi. Taqanroqdan Moskvaya yenicə gəlmişdi. Cibində siçanlar oynayırdı. Həm özünü dolandırmalı idi, həm də evə pul göndərməli idi. Harada nə anekdot eşidirdisə, yazıb qəzet-jurnallarda çap edirdi ki, aldığı qonorarlarla ayın axırını gətirə bilsin. Ona görə Çexovun erkən hekayələrinə bəzən “felyeton” da deyirlər.

Sİ-1: Olsun lap felyeton! Çexov da felyeton yazıb!

Sİ-2: Əgər istəyirsinizsə, Çexov haqqında kontekst üçün daha ətraflı məlumat təqdim edə bilərəm. Onu redaktə edərək hekayəyə əlavə edə bilərsiniz.

İzdiham (hövsələsiz): Ay Süni İntellekt, bir dəqiqə dayan! Görək hələ söhbətin axırı hara çıxır.

Sokrat: Sara xanım, siz də qonorar üçün yazırsız? Sizin də Çexov kimi pula təcili ehtiyacınız var?

İzdiham (nəşəli): Pul hamıya lazımdır, qaqa!

Sokrat: Razıyam, amma bizdə bədii mətnlərə qonorar verən mətbu orqanlar varmı?

Azər Turan (üçüncü qobelenin arxasından): Biz qonorar veririk.

İzdiham (maraqla): Nə qədər verirsiz?

Azər Turan (üçüncü qobelenin arxasından): …

İzdiham (bərkdən): Eşitmirik!

Sokrat (à part): Əli bəy, deyəsən, sizin növbəti hekayəniz “Ədəbiyyat qəzeti”ndə dərc olunmayacaq…

Əli Novruzov (monitorun arxasından): Neynək… Gərək onda hacıdan xahiş edim, gələn dəfə Azər bəyə o göndərsin…

Sİ-1 (qəzəblə): Sokrat bəy! Mən belə başa düşürəm ki, sizin intihar etmək fikriniz yoxdur. Yalandan camaatın başını qatırsız. Mənim də vaxtımı alırsız. İşim-gücüm var. Yeni roman yazıram. Sizinlə burada saatlarla çənə döyə bilmərəm. Sağ olun, mən gedirəm.

(Sara İbrahim damdan düşür. Ardınca sıra ilə Rəşad Məcid, Seymur Baycan və Azər Turan qobelenlərin arxasından çıxıb damdan düşürlər. Sokrat damda tək qalır.)

Sokrat: Onlar qaçdılar… Klassiklərdən borc alınmış duyğularla dağarcıqlarını dolduran yazıçılar. Mülahizələrini qobelenlərin arxasında gizlədən tənqidçilər. İndicə lənətlədiyi mətni mədh etməyə müntəzir duran Süni İntellekt. Hər fəlakəti tamaşa bilib seyrinə toplaşan tamahkar izdiham. Müəllif özü də monitorun arxasından qalxdı.

Sİ-2: Mən hər zaman əlçatanam. Sizə necə yardımçı ola bilərəm?

İzdiham (narazı): Biz hələ gözləyirik. Görək özünü atırsan, ya yox?!

Əli Novruzov (eyvandan): Mən də siqaret çəkib gəlirəm.

Qoltuğunda portfel tutmuş kişi (dərhal): Siqaret çəkmək Sizin sağlamlığınıza ziyan vurur.

Sokrat: Dostlar, həmvətənlər, əziz azərbaycanlılar, imkan verin…

Sİ-2: Buyurun.

İzdiham (bezgin): Buyur!

Əli Novruzov (soyuqqanlı): Buyur!

Qoltuğunda portfel tutmuş kişi (hövsələsiz): Amma sən də qısa elə!

Sokrat: Onlar qaçdılar… Hamısı…

(İzdihamdan narazı uğultu qopur. Əli Novruzov ikinci siqareti yandırır.)

Əli Novruzov (qoltuğunda portfel tutmuş kişiyə müraciətlə): Bilirəm, bilirəm, siqaret çəkmək mənim sağlamlığıma ziyan vurur.

Sokrat: Amma mən tək deyiləm. Baxın. Damdakı su çənlərinin arxasına diqqətlə baxın. Onları görürsüz? Onlar buradadır. Obrazlar! Ədəbiyyatımızın miskin və mübtəla qəhrəmanları. Sonsuz dəfə kağızdan kağıza, fayldan fayla köçürülən bədbəxt binəvalar. Protaqonistlər. Antaqonistlər. Epizodik obrazlar. Həmişə olduğu kimi, yenə qaranlıqda toplaşıb nə ifadə etdiklərinin onlara deyilməyini ümidsizcəsinə gözləyirlər. Yaxın gəlin! Sizi çağırıram! Sözümü bitirməmiş sizə deyəcəklərim var.
(Obrazlar su çənlərinin arxasından çıxıb qabağa gəlməyə başlayırlar. Gənclər və qocalar, qadınlar və kişilər, uşaqlar və böyüklər, Tomris ana, Dədə Qorqud, Nizami, Məhsəti, Şeyx Sənan, Sara xatun, Şah İsmayıl, Şah Abbas, Koroğlu, Nadir şah, Qəzənfər dayı, aşıqlar, Mehman, Qaloş, Kirlikir, Təhminə, Cırtulla, Cıbı, “Natiq” ritm qrupu, Rusiya bazarlarında işləyən azərbaycanlılar, başsız bədənlər və nəhayət, bədənsiz Baş. Sokrat digər obrazlardan aralanıb damın lap kənarına gəlir və üzünü onlara çevirir.)

Sokrat: Qaçın! Siz də qaçın! Canınızı qurtarın! Sizə ərməğan etdikləri saxta həyatları əyninizdən soyunub atın. Onların yazan əllərinin sizə çatmayacağı yerlərə qaçın. Xəritələrdə olmayan dərinliklərdə gizlənin! Rusiyaya qaçın deyərdim, amma sizi orada da axtarıb tapacaqlar…
(Rusiya bazarlarında işləyən azərbaycanlılar Sokratın sözlərini başları ilə təsdiqləyirlər.)

Sokrat: Qaçıb lap Zərdabda gizlənin! Elə xəlvət guşələrə çəkilin ki, orada tamaşa üçün damlar, təsadüfi görüşlər üçün kofebarlar, sizi kənddən şəhərə, şəhərdən kəndə aparacaq qatarlar olmasın!

Sİ-2: Təyinat nöqtəsini mənə desəniz, sizin üçün optimal marşrut təklif edə bilərəm.

İzdiham (etirazla): Ay Süni İntellekt, sən kəs!

Əli Novruzov (à part): Əmin deyiləm, amma Şekspirdən parafraza oxşayır. “Dostlar, romalılar, həmvətənlər…”

Sokrat (à part): Onda keç yenə monitorun arxasına.

Qoltuğunda portfel tutmuş kişi (hövsələsiz): Nə oldu, niyə susdun?

Sokrat: Dostlar, həmvətənlər, əziz azərbaycanlılar! Eşidin! Mən bizim yazıçıları zərrəbin altında müşahidə etmişəm, onların yaradıcılığını cərrah kimi təşrih etmişəm. Onlar sizi rahat buraxmayacaqlar. Çayxanada, mətbəxdə, ya da divanda uzanıb YouTube və TikTok izlədiyiniz yerdə – nə publik, nə privat şəxs olmadığınız o xüsusi asudə saatlarınızda başınızın üstünü qəfil kəsdirəcəklər, saxta nəvazişlə sizi bədiiyyatın əbədi salnamələrində vüqarla ucaldacaqlarını vəd edəcəklər…

İzdiham (sarkastik): Bəlkə, bir az sadə danışasan?!

Əli Novruzov (monitorun arxasına keçir): Məncə də ağ elədin…

Sokrat: Birdən özünüzü bax bu damın üstündə görəcəksiz. Bura necə çıxdığınız da yadınıza düşməyəcək.

İzdiham (razılıqla): Bax, belə danış, indi başa düşülür.

Sokrat: Mən bu dama öz istəyimlə çıxmamışam. Məni məcbur ediblər. Bəli, sizə deyirlər ki, səbəbi var. Amma onların səbəbi mənim səbəbim deyil. Hər dəfə göylərin gözü açılanda ağlayan tavan, yatmağa quru yer axtaran bədbəxt tifillər. Bir sözlə, heç bir rəmzi mənası olmayan, dramatik inkişaf potensialından məhrum, maraqsız bir motiv.

İzdiham (narazı): Nə qədər metafora var! Düz mətnlə danış!

Sokrat: Bəs onlar heç bir dramatik inkişaf potensialı olmayan motivdən nə düzəltdilər? Tamaşa! Böhran! Tanınmış yazıçı ilə damın üstündə sokratik dialoq. Qobelenin arxasında Yazıçılar Birliyinin katibi. Pusquda gözləyən dövlət təhlükəsizlik aparatı. Sənin sənət olub olmadığını eyni rəvanlıqla təsdiqləyən və inkar edən maşın!

Əli Novruzov (təəccüblə): Qudurasan, qurbağa!

Qoltuğunda portfel tutmuş kimi (incik): Məni niyə yaddan çıxarırsan? Süjet mənsiz öz bitkinliyini itirəcək axı!

Sokrat: Onlar sizin də başınıza eyni oyunları açacaqlar. Mənə inanın. Onlar sizi dama çıxaracaqlar, amma göylərə ucaltmaq üçün yox. Dam onların gözündə teatr səhnəsidir. Onlar da hazır pyeslə gəliblər. Onlar sizi qatara mindirəcəklər, amma unudulmaz səyahətlər üçün yox. Qatar onların gözündə təsadüflər konveyeridir. Onlar da tanımaq istəmədiyiniz birini artıq sizə yol yoldaşı seçiblər. Onlar sizi kofebara aparacaqlar, amma qəhvə təklif etmək üçün yox…

İzdiham (bezgin): Nə qədər “onlar, onlar” olar? Kimdir bu “onlar”?

Sİ-2: Kontekstə əsasən Sokrat burada yazıçıları nəzərdə tutur.

İzdiham (bezgin): “Onlar”sız olmaz ki? Sizi kofebara aparacaqlar. Hazır pyeslə gəliblər…

Qoltuğunda portfel tutmuş kişi (əsəbi): Ay qardaş, hər fikrinə ancaq bir nümunə gətir. Dam, qatar və kofebar ritorik təkrardır.

İzdiham (bezgin): Cümlələr də ağırdır. Gəmini çox yükləyib.

Əli Novruzov (à part): Mən hekayə üzərində nəzarəti itirmişəm. Deyəsən, Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır.

Sİ-2 (à part): Əli bəy, verilənlər bazasında apardığım müqayisəli təhlil nəticəsində müəyyən etdim ki, Sokratın monoloqundakı sintaktik strukturlar və leksik seçimlər mənim alqoritmlərimlə üst-üstə düşmür. Mənim serverlərimdə bu mətnin yaradılmasına dair heç bir loq faylı mövcud deyil. Mətnin mənşəyi identifikasiya olunmadı. Sokrat fərqli dil modeli ilə əməkdaşlıq edir.

Əli Novruzov (à part): Bizə təcili surətdə “deus ex machina” lazımdır…

Sokrat: Dostlar, həmvətənlər, əziz azərbaycanlılar! Qaçın! Qurtulun!

Əli Novruzov (à part): Sara xanım, sizin çıxışınızdır.

(Sara İbrahim yenidən dama qalxır. Sokrata yaxınlaşıb əlindəki şüşəni ona uzadır.)

İzdiham (həyəcanla): Sara xanım qayıtdı! Sara xanım qayıtdı!

Sİ-1 (Sokrata müraciətlə): Al, bunu iç! Sənin də canın qurtarsın, mənim də canım qurtarsın, hamının canı qurtarsın. Bu hekayə çox uzandı.
(Sokrat şüşəni Sara İbrahimdən alır. Qapağını açıb başına çəkir. On saniyə keçməmiş yıxılır. Damdan və izdihamdan ah-nalə qopur, yavaş-yavaş uğultuya çevrilir və səngiyir. Hamı səssiz ağlayır, təkcə Sara İbrahim və Baş bərkdən ağlamağa davam edirlər.)


İzdiham (patetik):


Ey uca zirvədə durmuş, qara libaslı mübhəm kölgə!
Ölümü özünmü seçdin, sən, buluddan nəm çəkmiş insan?
Damın göylərlə birləşib, quru yer gəzir körpələrin –
Başın üstdə sızan tavan səni məhv etdi, bədbəxt Sokrat!

# 271 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər