Bir şəklin tarixçəsi - Sona Nuriyeva

Sona Nuriyeva

Sona Nuriyeva

13 dekabr 2021
# 19:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sona Nuriyevanın “Bir şəklin tarixçəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yaşıllıqlar qoynunda yaşını kimsənin hələ bilmədiyi qocaman bir kənd var. İlk baxışda bu kənd çox sakit görünür. Elə bil burada bütün təbiət mürgüləyir. Lakin bu uzaqdan belə görünür.

Deyilənə görə, vaxtilə bu kənddə Mustafa adlı bir bənna yaşayırmış. O öz işinə məsuliyyətlə yanaşırmış. Çox dəqiq və bacarıqlı olduğu üçün hamının hörmətini qazanıbmış. Onun tikdiyi evlərə kənddə, demək olar ki, bu gün də rast gəlinir. Belə evlərdən birində Marina adlı bir qadın yaşayır. Onun yeganə oğlu polis işçisidir. Gəlini isə mərkəzi xəstəxanaların birində həkim işləyir.

Onlar hər gün olduğu kimi bu gün də səhər tezdən işə getmişdilər. Ölkədəki koronavirus epidemiyası ilə əlaqədar gücləndirilmiş iş rejimi həkim və polisləri öz vəzifələrinə daha məsuliyyətlə yanaşmağa vadar etmişdi. Buna görə də, onlar səhər tezdən evdən çıxır, axşamlar gec qayıdırdılar.

Gözəl bir yaz səhəri idi. Marina xala və onun kiçik nəvəsi Sənubər səhər yeməyini yedilər. Sənubər süfrəni yığışdırdı, otağı səliqəyə saldı. Sonra isə kitab-dəftərini açıb imtahanlara hazırlaşmağa başladı.

Marina xala yavaş-yavaş o biri otağa keçdi. Səliqə ilə yığılmış kitabların arasından şəkilli albomu götürdü. Divanda əyləşdi, gənclik və tələbəlik illərinin yadigarı olan şəkillərə baxmağa başladı. Təsadüfən bir şəkil albomun səhifələri arasından sürüşüb yerə düşdü. Sənubər tez əyilib şəkli götürdü. Kənarları saralmış şəkil qızın diqqətini cəlb etdi. O da nənəsinin yanında əyləşdi. Şəkildə ağ xalatlı həkimlər üzlərini maska ilə örtmüşdü. Şəkil Sənubərin diqqətini çəkdi.

- Nənə, bu nə şəkildi belə?

Sənubər şəklin arxasını çevirdi. Şəklin arxasında “1960-cı il, Moskva” yazılmışdı.

- Nənə, bu şəkildə sən də varsan? – deyə, Sənubər maraq dolu baxışlarla nənəsinə baxdı.

Nənə bir müddət gözlərini şəkildən ayıra bilmədi. Nəhayət, - Bəli, bax, bu mənəm – deyə, gülümsədi və damarları çıxmış əli ilə sağ küncdə dayanan qıvrımsaçlı, bəstəboy qızı göstərdi.

- Bəs niyə hamınız maskadasız? - deyə Sənubər yenə nənəsinə baxdı. Nənə şəkli əlinə aldı, dərindən köks ötürdü və dedi:

- Qızım, o vaxtlar mən gənc idim. 25 yaşım vardı. Tibb Universitetini bitirdikdən sonra mən təkmilləşmə kursu keçmək üçün Moskvaya getdim. İki il Moskvada həm oxudum, həm də poliklinikaların birində işlədim. Bax, bu yanımdakılar da poliklinikanın işçiləridir. Yaxşı yadımdadır, yeni il ərəfəsi idi. Səhər mən işə gəldim. Professorun otağında bir nəfər xəstə vardı. Professor mənə xəstə ilə əlaqədar olmağı tapşırdı. Öyrədim ki, bu xəstə rəssam Aleksey Kokorekindir. O, gecə Dehlidən Moskvaya qayıtmışdı. Təyyarədə özünü pis hiss etdiyi üçün səhər poliklinikaya gəlmişdi. Professor ona zökəm diaqnozu qoydu. Xəstə üç gün sonra yenidən professorun yanına gəldi. Dərmanların heç bir təsir göstərmədiyini söylədi. Vəziyyəti daha da pisləşmiş, bədəni səpmişdi.

Mən o gün işdən tez çıxıb kitabxanaya getdim. Tibbi kitabları araşdırarkən bir şəkil gördüm. Alekseyin səpkiləri də həmin şəkildəki xəstənin səpkilərinə bənzəyirdi. Bu qara çiçək səpkisi idi. Mən tez dəftərcəmdə qeydlər apardım və yenidən poliklinikaya qayıtdım. Gördüm ki, xəstəni ümumi palataya yerləşdiriblər. Mən professora xəstənin qara çiçəyə yoluxduğunu söylədim. Amma mənə inanmadılar. Xəstənin vəziyyəti isə getdikcə ağırlaşdı. Bir neçə gündən sonra o dünyasını dəyişdi.

Həmin həftə palatadakı başqa xəstələrdə də eyni simptomlar göründü. Vaksinlər və infeksiyalar üzrə elmi institutun əməkdaşlarını dəvət etdilər. Araşdırma başladı. Araşdırma zamanı məlum oldu ki, bu qara çiçək xəstəliyidir. Rəssam Dehlidə bir brahmanın dəfnində iştirak etmiş və oradakı əşyalara toxunduğu üçün xəstəliyə tutulmuşdu. Həkimlər əl-ayağa düşdülər. Tez bir zamanda rəssamın ailə üzvləri, iş yoldaşları, tələbələri, bütövlükdə poliklinika karantinə alındı. Təkcə xəstələr deyil, bütün tibbi heyət də izolyasiya edilib müayinədən keçirildik. Moskva və Moskva ətrafında qrip əlaməti ilə gələn bütün xəstələri xüsusi nəzarətə götürdülər. Sağlam insanlar isə peyvənd olundu. Hətta onda belə deyirdilər ki, “Moskvada az qala bütün ölüləri də peyvəndləsinlər.” Bax, qızım, bu şəkil həmin illərin yadigarıdır. Mən karantində olduğum müddətdə sağlamlığın, azadlığın insan üçün nə qədər qiymətli olduğunu anladım.

Marina xala şəkli ehtiyatla alboma yerləşdirdi, sonra albomu bir kənara qoyub yenə söhbətinə davam etdi.

Həmin müddət ərzində nəinki həkimlər, tibb işçiləri, polis orqanları da əzmlə çalışırdılar, hətta gərgin iş rejiminə cəlb olunmuşdular. Bütün bu fədakarlıq müsbət nəticə verdi, tezliklə xəstəliyin yayılmasının qarşısı alındı. Xəstəliyə yoluxanların sayı heç 50 nəfərə çatmadı. Mən peyvənd olunanların arasında idim, ona görə də, yoluxmamışdım. Fevralın ortalarına yaxın artıq “qara çiçək kabusu” bitmişdi. Ölkədə vəziyyət sabitləşdi. Karantin rejimi bitdi. Həyat əvvəlki axarına düşdü.

Bir gün səhər professor məni yanına çağırdı. Otaqda bir neçə həkim, iki tibb bacısı və mənim kimi bir neçə təcrübəçi də vardı. Həkim ayağa durdu, mənə yaxınlaşdı və əlini çiynimə qoydu. Yaxşı yadımdadır, mənə dedi ki, bu azəri qızı xəstəliyi araşdırıb məlumat verəndə mən ona inanmadım, hətta güldüm də. Amma inanıram ki, Marina gələcəkdə yaxşı həkim olacaq. Mənə etimad göstərib bir neçə il poliklinikada saxladılar. Mən böyük professor və həkim heyəti ilə birlikdə çalışdım. Bu mənə sonrakı fəaliyyətim zamanı böyük təcrübə qazandırdı.

Qızım, vaxt-vaxtdan dünyanın hər yerində insan həyatı üçün təhlükəli xəstəliklər törənir. Bu təkcə səhiyyəyə deyil, təhsilə, iqtisadiyyata, mədəniyyətə və başqa sahələrə də öz təsirini göstərir. Səhiyyəmizin belə güclü inkişafına baxmayaraq, XXI əsrdə də biz koronavirus təhlükəsi ilə üz-üzə durduq. Buna səbəb gigiyenanın pozulması, hərəkətsizlik, düzgün qidalanmamaq, immunitetin zəifləməsidir.

Bayaqdan bəri nənənin söhbətinə diqqətlə qulaq asan Sənubər, nəhayət, dilləndi:

- Nənə, keçən əsrə nisbətən bu gün bütün dünyada koronavirus pandemiya halını alıb. Lakin bu infeksiyaya qarşı aparılan mübarizə daha güclüdür.

Nənə başı ilə nəvəsinin dediklərini təsdiqlədi:

- Əlbəttə, artıq iki aya yaxındır ki, sən ata-ananı çox az görürsən. Belə ata və anaların əməyinin nəticəsidir ki, ölkəmizdəki vəziyyət bir çox inkişaf etmiş ölkələrdən daha yaxşıdır. Gəl biz də hər gün televiziya kanallarında eşitdiyimiz qaydalara əməl edək. Tez-tez əllərimizi sabunlayaq. Zəruri hallarda evdən çıxaq. Küçədə, marketdə başqa insanlarla aramızda məsafə saxlayaq. Tibbi maska və əlcəklərdən istifadə edək. Əslində bütün bunlar bizim sağlamlığımız üçündür.

Daha çox yoluxmanın qarşısını almaq üçün dövlətimiz hər cür tədbirlər görür. Küçələr yuyulur, ictimai yerlər dezinfeksiya edilir. Bax, qızım, bir müddətdir ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq məktəblər də bağlanıb. İndi imtahanlara hazırlaşmaq üçün boş vaxtın daha çoxdur. Sən də gələcəkdə həkim olacaqsan. Xəstələrin qeydinə qalacaqsan. Həkimlərə təkcə epidemiyalar zamanı deyil, həmişə ehtiyac var. Amma yadında saxla ki, hansı sənət sahibi olursan ol, işinə məsuliyyətlə yanaş. Çünki əsl insan məsuliyyətli olduqda ürəklərdə məskən sala bilir.

# 2483 dəfə oxunub

Müəllifin son yazıları

# # #