"Azərbaycan dili və ədəbiyyat müəlliminin yaxşı söz sırası ilə yazdığı pis əhvalat" - Müzakirə

"Azərbaycan dili və ədəbiyyat müəlliminin yaxşı söz sırası ilə yazdığı pis əhvalat" - Müzakirə
15 fevral 2024
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Qəşəm Nəcəfzadənin "Qulam əmimin toyu" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Azad Qaradərəli:

Azad Qaradərəli - Xeyrat - Yeddinci hissə

"Hekayədən çox, etnoqrafik etüd kimi gəldi mənə.

Vaxtilə radionun "Bulaq" verilişi vardı, bilmirəm, indi də varmı, yoxmu, bax, o veriliş üçün bu mətndən yaxşi bir süjet çıxartmaq olar.

Qəşəm bəy şair kimi özünü təsdiq etmiş imzadır, fəqət nəsr bir qədər fərqlidir. Yazıçı manerası, xüsusən, nəsr poetikasi fərqlidir. İllah da hekayə janrı. Məncə, belə mətnləri qələmə almaqda fayda var, amma hekayə adıyla deyil. Məsələn, xatirə ədəbiyyatı kimi, memuar yarpağı kimi təqdim etmək olar".

Sevinc Elsevər:

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

"Oxunaqlı, şirindilli hekayə idi. Özü də elə bil bunu yazmamısan, danışmısan. Yəni elə bil dinlədim, oxumadım. Bu mənada da maraqlıydı. Bilirik ki, Qəşəm müəllim tərəkəmədir, kənd adamı olub. Xeyli spesifik söz işlədib hekayədə. Tərəkəmə həyatını əks etdirən dadı-duzu yerində mətndir. Sadə, el dilində, iddiasız və gözəl".

Rasim Qaraca:

"Mənə görə, "Qulam əmimin toyu" hekayə janrının tələblərinə cavab vermir. Bu mətni təqribən "Bulaq" verilişi üçün elat həyatından yazılan maraqlı etüd adlandırmaq olar. Hekayə olması üçün konstruktivliyə, mərkəzi hadisəyə, personajların xarakter cizgilərinin əlavə edilməsinə ehtiyac var - adı çəkilən qəhrəmanların heç bir yadda qalmır, obrazları yayğındır. Sovet romantikası üslubunda yazılıb, təhkiyə əkrəməylislivari bayram əhval-ruhiyyədədir. Əsl sovet yazı nümunəsi kimi dövrün yalnız yaxşı tərəfləri göstərilib, acı reallıqlar öz əksini tapmayıb.Baba hər qabağına çıxana 10 erkək bağışlayır - bu inandırıcı deyil, çünki sovet kolxoz-sovxoz sistemində, özəl mülkiyyətin qadağan olduğu zamanlarda kəndlilərin belə imkanları olmayıb. "Mezim-forte" bənzətməsi yersizdir. Ümumən, mətnin dili yaxşıdır, etnoqrafik təsvirlər mükəmməldir".

Cavid Zeynallı:

"Sözün açığı, əvvəl inanmadım ki, Qəşəm Nəcəfzadə kimi istedadlı adam belə tərəkəmə əhvalatı ilə oxucu qarşısına çıxar. Azərbaycan dili və ədəbiyyat müəlliminin yaxşı söz sırası ilə yazdığı pis əhvalatdır. Nə demək istəyib, niyə yazıb, nədən üzə çıxarıb? Bilmirəm. Başqa heç nə".

Alpay Azər:

Bir göz qırpımında - Alpay Azərdən yeni novella

"Sadə, əla, koloritli, necə deyərlər, duzu, istiotu, kəkotusu yerində olan dadlı bir hekayə. Kənd nəsrinə lağ edən, “bu nəsrin vaxtı keçib” deyən istedadsız, ya istedadı olanlar bu hekayəni oxuyub görsünlər ki, sadə kənd həyatından, el adətlərindən artıq, yamaq kimi görünən detal vermədən, necə gözəl bir hekayə yazmaq olar. Bir də, çoxdandır, məni qəhqəhəylə güldürən hekayə oxumamışdım, bu hekayədəki nənənin qarğışları belə məni xeyli güldürdü. Bir texniki nöqsan var ki, bəlkə də, buna heç nöqsan demək olmaz. Əsərdəki hadisəni danışan on yaşlı obraz əgər ağzı yava, xəbərçi idisə, onu niyə elçiliyə aparmışdılar? Məntiqlə problem yaranmasın deyə, onu evdə qoymalıydılar. Hekayənin bircə bu yeri mənə qaranlıq qaldı..."

# 2384 dəfə oxunub

Müəllifin son yazıları

# # #