Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutdu

Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutdu
17 aprel 2023
# 17:20

Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddə Tarixi Turon Kitabxanasında Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub.

Kulis.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Turon Kitabxanasında yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib. Eyni zamanda qonaqlar kitabxananın repressiya qurbanlarına həsr edilmiş muzeyi ilə tanış olublar.

Turon Kitabxanasının böyük akt zalında davam edən tədbirdə kitabxananın direktoru Dildora Abduazizova “Şuşa günləri” tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib. Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, xalqlar arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkədə ilk dəfə olaraq keçirilən “Şuşa günləri” tədbirləri haqqında məlumat verib və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair layihələrin keçiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələri, türk xalqları arasında mövcud həmrəylik və qardaşlıq münasibətlərini qeyd edib.. O, Azərbaycan- Özbəkistan ədəbi əlaqələrindən bəhs edərək, belə tədbirlərin keçirilməsinin vacib əhəmiyyət daşıdığını bildirib. Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun həyata keçirdiyi çoxsaylı layihələr haqqında söz açıb. O, ötən il Fond tərəfindən Türkiyənin Bursa şəhərində başladılan və bu il Özbəkistanda davam edən “Şuşa günləri” layihəsinin önəmini vurğulayıb.

Mərasimdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışaraq, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitindəki rolundan bəhs edərək, azərbaycanlı şairə Natəvanın özbək şairəsi Nadirabegimin yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının sərgilədiyi qardaşlıq münasibətlərindən danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları və Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib.
Tədbirdə Özbəkistan Respublikasının Yazıçılar İttifaqının sədr müavini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, Xurşidbanu Natəvan haqqında sənədli filmin ssenari müəllifi Ülviyə Heydərova Xurşidbanu Natəvanın həyat və yaradıcılığından, onun irsinin tanıdılmasının vacibliyindən və özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitabı haqqında dair öz təəssüratlarını bölüşüblər.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və yaradıcılıq Məktəbinin şagirdlərinin ifasında Azərbaycan musiqisi, Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universiteti tələbələri tərəfindən Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

# 882 dəfə oxunub

Müəllifin son yazıları

# # #