Düşdük torpaq altına – Zəlimxan Yaqubun şeirləri

Düşdük torpaq altına – <span style="color:red;">Zəlimxan Yaqubun şeirləri
11 yanvar 2016
# 21:00

Kulis Xalq şairi Zəlimxan Yaqubun şeirlərini təqdim edir.

Mənim poeziyam

Sevginin dadında,

Sevdiyim qadında,

Ruhun qanadında

tapmışam səni.

Gözümün yaşında,

Bağrımın başında,

Elin yaddaşında

tapmışam səni.

Əriyən yağımda,

Kədərli çağımda,

Nəmli yanağımda

tapmışam səni.

Arzuda, diləkdə,

Kəfəndə, bələkdə,

Tanrıda, mələkdə

tapmışam səni.

Qəlbimin ahında,

Misramın şahında,

Haqqın dərgahında

tapmışam səni.

Qaçqınlıq

Bu necə ömürdü, bu necə gündü,

Köhləndən aralı, yəhərdən qaçaq.

Meh başa həsrətdi, şeh də ayağa,

Düşmüşük axşamdan, səhərdən qaçaq.

Hanı o gülyanaq, o gül dostlarım,

Mənim can dostlarım, könül dostlarım.

Yanağı kül olmuş, a kül dostlarım,

Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.

Hərəmiz bir səmtə, bir yerə qaçdıq,

Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.

Kənddən baş götürüb şəhərə qaçdıq,

Qorxuram indi də şəhərdən qaçaq.

Gələcəyəm

Gələcəyəm, gözlə məni,

harda olsam gələcəyəm,

Qohum kimi, qonşu kimi,

qardaş kimi gözlə məni.

Bir-bir yada salacağam,

nələr olub, nələr keçib,

Ömür kimi, tarix kimi,

yaddaş kimi gözlə məni.

Sən özünü məndən ayrı

nə yetim bil, nə arxasız.

Arxa kimi, dayaq kimi

sirdaş kimi gözlə məni.

Həyatına gələmməsəm

ölümünə gələcəyəm,

Məzarımın başındakı

bir daş kimi gözlə məni.

Heyf

Dünyanın ən ətirli

gülütək sevdim səni,

Heyf, hansı bağçada

solmamış bir gül qaldı?

Alışan ocaq kimi

bağrıma basdım səni,

Heyf, həmin ocaqdan

bircə ovuc kül qaldı.

Bütün sevdiklərimiz

qara torpağın malı,

Nə sevilən baxışlar,

nə sevən könül qaldı.

Qəbirdən gələn səs

Dünyada ən rahat yer

qəbir evidir ancaq.

Vardı bir can borcumuz,

borcu verdik qayıtdıq.

Başımıza qaxmasın

xərcimizi çəkənlər,

Canımız bahasına

xərci verdik qayıtdıq.

Endik torpağın üstən,

düşdük torpaq altına.

Qalanı təslim etdik,

bürcü verdik qayıtdıq.

# 1253 dəfə oxunub

Müəllifin son yazıları

# # #