Qu quşunun yuvası - Talib İbrahimovun hekayəsi

Qu quşunun yuvası - Talib İbrahimovun hekayəsi
4 avqust 2024
# 15:00

Kulis.az qırğız yazıçı və kinorejissor Talib İbrahimovun "Qu quşunun yuvası" hekayəsini Aslan Quliyevin tərcüməsində təqdim edir.

Həmin gün mən vərdiş elədiyim kimi günəş doğmamışdan xeyli əvvəl yuxudan oyandım. Səssizcə otaqdan sivişib çıxdım, hiss olunmadan dəhlizlə keçib, qapını ehtiyatla taybatay açaraq, təbiətin səsləri ilə gicəllənmiş halda artırmada donub qaldım. Gah tez-tez, hərisliklə, gah da tədricən yalnız uzaqdan nəvazişlə və ismətlə bir-birinə toxunaraq, gah da yenidən bir-birinə toxunmağa tələsərək, təlaşla, bütün gücləriylə budaqları gövdədən qoparmaq ehtirasıyla alışıb yanaraq, yarpaqlar ağaclarda lərzəyə gəlir, otlar güclə eşidiləcək tərzdə, nəfəsini tutaraq xışıldayır, sərçələr şənlənərək səsləri gəldikcə şirin-şirin və fədakarcasına cikkildəşirdilər.

İlahi, bəlkə də mən sübhdən oyanıb, otağın darısqallığından göyün hüdudsuzluğunun altına çıxmaq və artırmada bir anlığa günəş şəfəqləri kimi parlaq sevinclə donub qalmaqdan ötrü yaşayıram. Yalnız bir anlığa. Sonra isə səslərin müxtəlifliyi, səslərin çoxluğu, günəşin ovsunlayıcı hərəkəti və günün sakitcə sona çatması. Sonra isə mənim sabaha qədərki boz, fərəhsiz həyatım. Mən gərginliklə dartınmış boynumu fırlayıb sərçələri təqlid eləyərək cikkildədim. Əlbəttə, mənim səssiz ürəyim və boğazım yalnız yeməyi içəri ötürmək üçün yaradılıb, daha səs çıxartmaq üçün yox, amma sübhün bol səslərinə öz səsini qatmağı təsəvvür eləmək necə də şirindir. Əgər kimsə mənim gücsüz gücənmələrimi görərsə gülməli görünməyim deyə özümü cuşə gətirmədim. Mən sadəcə gülümsədim – mənə belə yaxşı idi.

Arxacı açdım, gecə ərzində yorulub əldən düşmüş qoyunlar həyətə səpələndilər. Mən onları dağın ətəyinə doğru qovdum, adəti üzrə çoban ordan sürünü otlağa aparırdı.

***

Balaca təpənin üstündə iki qoca oturmuşdu, yanlarında qoyunlar otlayırdı. Onlar da sürünü gözləyirdilər. Həmişə olduğu kimi gözlərini mənə zillədilər. Mən baş əydim, baxışlarımı endirdim, onların bütün sonrakı danışıqlarını eşitməyə məhkum edilmiş halda gözləyirdim.

- Salam, əzizim! - qocalardan biri cavab verdi.

- Salam, gözəlçə! - digəri dilləndi.

- Sən necə də şuxsan!

- Ona da olmasa, kimə şirin söz lazımdır...

- Bizim hər birimizə şirin söz lazımdır.

- Ona məxsusən, - ikinci qoca köks ötürdü.

- Niyə? - birinci qoca gözlərini qıydı.

- Onu Allah cəzalandırıb - laldır... Doğrudu, eşidir, amma hər halda dərdi böyükdür...

- Bəs bizim çərənləməyi bacarmağımızın nə faydası var?

- Sən qəribə adamsan...

- İnsanların başına bəla öz dillərindən gəlir, - birinci qoca gülümsədi. - Belə ki, yaxşı düşünsən, onun xoşbəxt adam olduğunu görərsən.

- Sən də belə xoşbəxt olsaydın.

Birinci qoca sözünü deyərkən çeçəyib öskürdü. Sonra onlar səssizcə oturdular, bəd dillərin insanın başına gətirdiyi bəlalar haqqında kədərli xatirələrə daldılar.

- Mən bilirəm sən onunla niyə mehriban rəftar eləyirsən, - birinci qoca hiyləgərcəsinə gözlərini qıydı. Görünür revanş hərisliyi onun qocalmaq bilməyən heysiyyatına rahatlıq vermirdi.

- Çərənləmə!

- Bilirəm. Bilirəm, niyə ah çəkirsən... - birinci qoca mənalı tərzdə sözünü uzatdı.

- Niyə? - ikinci qoca sadəlövhcəsinə soruşdu.

- Sən ona yoldan çıxartmaq istəyirsən! - ikinci qoca qalib halda səsləndi.

- Ox!... Utanmaz it!.. Sən necə belə danışa bilərsən?.. - ikinci qoca hirslə dedi və ayağa qalxaraq kənara çəkilib, nifrətlə tüpürdü.

Artıq sürü yaxınlaşırdı, çobanın səsi, qırmancının şaqqıltısı eşidilirdi. Mən qoyunlarımı sürüyə qoşdum və evə qayıtdım. Bir-birlərindən bir qədər aralıda dayanmış qocalar arxamca boylanırdılar.

***

Mən evə yaxınlaşanda qardaşım Qasım yoncanı çalırdı. O mənə ötəri gülümsədi, mən də ona. Çardağın altına gedib quru çırpılardan sındırdım, ocağa hazırladığım gözlükləri yığaraq kibriti alışdırdım. Çırpılar alovlanıb yanmağa başladı.

Yanan ocağa baxmağı xoşlayıram. Əvvəlcə alışıb yanan çırpılar gücləri tükəndiyindən sanki sönür, amma iki-üç nazik çırpı alovlanır, çırpıların ətrafından qatı tüstü qalxır, sobanın girişini tutur və birdən alov sevincək, qarşısıalınmaz bir güclə çatırdayaraq, sarı-qırmızı rəngli dillərini göstərməyə başlayır, hər şeyə qalib gələn əsl alov. Mənə bu proses həmişə nəyisə xatırladır, amma nəyi – başa düşə bilmirəm.

Birdən ququ quşu quqquldadı. Bir, iki, üç... Sonsuza qədər.

Şəfqətlə və qüssəli bir uzaqlıqda sanki əlçatmayan bir müdrikliyin zirvəsindən artıq açılan səhərə şəfəq saçan günün reallığında diqqətini cəlb eləməyəcək hansısa qüssəli həqiqəti xatırladır. Mən quqquldamağa başladım, əvvəlcə cəsarətsiz halda, utanaraq, amma özümü mənasız insanlıq xüsusiyyətlərindən ayırmadan, tədricən, alışıb yanaraq, fədakarcasına, bütün varlığımla uçmağa çalışaraq, cəld, gözəl, lap elə kəsilmiş budaqların arasındakı özünü ifadə eləməyi də elə nəfəs almaq kimi bir xoşbəxtlik hesab edən quşa dönürəm.

Yəqin ki, kənardan mən ağlını itirmiş birisi kimi görünürəm: yaşı qırxa çatmaq üzrə olan qadın oturub və qatlanmış ayaqlarının üzərində özünü əsdirərək, başını arxaya əyib, ağzını açıb yumur, hələ bir əllərini də quş qanadları kimi yelləyir. Və bütün bu zaman ərzində də səsini çıxartmır!..

Amma neyləmək olar, səsimin tutulması mənim günahım deyil. Kimsə çiynimə toxunur. Boylanıb baxıram. Qardaşım arvadı Rəqiyyə gülümsəyərək mənə baxır. Onun əlində vedrə var.

- Qazanı su ilə doldur! - o dedi.

Mən başımla işarə eləyərək soruşdum: axı nəyə görə?

- Saçını yu. Sonra paltarlarını dəyiş. Qonaqlarımız olacaq...

Mən çiyinlərimi çəkdim: bəs bunun mənə nə dəxli?

- Qonaqlar sənə görə gəlirlər, - Rəqiyyə mənalı tərzdə dedi.

Onun məni lağa qoyduğunu düşünərək gülümsədim. Amma Rəqiyyə mənə qüssəylə baxırdı və deyəsən zarafat eləyənə də oxşamırdı.

- Hansı qonaqlar? - mən baxışlarımla soruşdum.

- Görəcəksən, - o köks ötürdü.

***

Mən geyindirilmiş, keçindirilmiş halda öz otağımda oturmuşdum və həyətə baxırdım. Alma ağacının altında qonaqları gətirən madyan bir ayağını götürüb o birisini qoyurdu. Sobanın üstündə tüstülənən qazanın ətrafında qonşu qadınlar vurnuxurdular, gülürdülər, zarafat eləyirdilər və bu bayram canlanması məni sıxırdı. Mənim üçün burda tək oturub qonaqların nə münasibətlə gəldikləri haqda düşünüb əzab çəkməkdənsə, qazanın yanında olmaq və ya bostana kartofun alağını eləməyə getmək daha asan olardı. Amma Rəqiyyə mənə həyətə çıxmağı qadağan eləmişdi. Otur, - o demişdi, - bu gün orda sənsiz də keçinərlər.

Qapının ağzında Rəqiyyə göründü.

- Gedək! - o dedi.

Biz qonaq otağına gəldik, burda qonaqlar oturmuşdular.

- Otur! - Rəqiyyə dedi və mənimlə yanaşı oturdu.

Üzərinə araq şüşəsi və qəlyanaltı düzülmüş dəstərxanın fəxri yerində qocalar oturmuşdular, qoca arvad və əlli yaşlı kişi.

Onlar diqqətlə mənə baxırdılar. Hamı susmuşdu. Qasım oturaraq üzünü məndən çevirmişdi və belə görünürdü ki, o bunu bilərəkdən eləyir. Sükut uzanırdı, otaqda boğucu bir ab-hava var idi.

- Demək, məsələ belədir, - Qasım öskürərək sözə başladı. - Bu mənim bacımdır. Allah ona hər şey verib: baş da, əl də, amma, - o dərindən ah çəkdi, - dilini alıb. Uşaqlıqda onu it qorxudub və beləcə lal olub... O vaxtdan da mənim sevimli bacım... Eh!.. Hansı həkimlərin və ara həkimlərinin yanına getmədik, hə... - qardaşım ümidsiz halda əlini yellədi.

- Sən artıq yüzüncü dəfədi bu haqda danışırsan! - Rəqiyyə dedi. - İş haqda danış!...

Qoca kişi və qoca arvad başlarını razılıqla tərpətdilər, kişi isə sınayıcı baxışlarını mənə zillədi.

- Bermet! - Qasım dedi.

Mən ona baxdım, o isə qorxaqcasına baxışlarını yayındırdı.

- Bacarmıram! - o Rəqiyyəyə işarə eləyərək dedi. - Sən de!.. Axı sən onun üçün doğma anası kimisən...

- Bermet! - Rəqiyyə dedi və mən ona baxdım. O susdu, sözləri çətinliklə bir-bir seçərək birdən sözə başladı. - Hə, sən özün de! Yoxsa adamlar elə düşünərlər mən baldızımı başımdan eləmək istəyirəm, amma Allah şahiddi, mən yalnız onun xoşbəxt olmasını istəyirəm!..

- Doğrudu, - qoca arvad astadan dedi. - Özün de!

- O hamısını eşidir, - Qasım qonaqlara tərəf döndü. - O quş kimidi.

- Qasım! - Rəqiyyə onun sözünü kəsdi.

- Bermet! Sənin üçün elçi gəliblər, - nəhayət mənim zavallı qardaşım deyə bildi.

Mən yandan qoca kişiyə, bu qoca şəhvətpərəstə baxdım. Bütün həyatım boyu mənim üçün ancaq ağıllarını itirmiş qocalar elçi gəlirlər! Aman Allahım, onlar necə də məni boğaza yığıblar!.. Doğrudanmı mən bundan artığına layiq deyiləm?

Yəqin ki, mənim baxışlarım yaxşı heç nə vəd eləmirdi, buna görə də qoca qurcuxdu və hətta əliylə mənimlə öz arasında bir pərdə çəkirmiş kimi hərəkət elədi.

- Nişanlı o deyil, mənəm! - kişi dedi.

Mən baxışlarımı ona doğru çevirdim. Bir anlığa biz bir-birimizə baxdıq, sonra kişi birdən göz vurdu və əliylə sinəsinə vuraraq baş barmağını yuxarı qaldırdı. Bunu gözləmədiyimdən şaqqanaq çəkdim.

Mənim arxamca digərləri də güldülər.

- Ay axmaqsan! - qoca yüngülcə kişinin kürəyini şappıldatdı. - Lap uşaqsan!..

Başını yırğalayaraq yenə də gülümsədi.

- Nəydi, olmaya sən elə güman eləyirsən o heç nə başa düşmür?! - Qasım özünü təhqir olunmuş hesab eləyirdi. - O hər şeyi başa düşür!...

- Bəyəm mən nəsə dedim? - kişi günahkar halda dilləndi.

- Onda nəyə görə sən dərhal onunla belə eləyirsən? - Qasım barmaqlarını aralayaraq tərpətməyə başladı.

- Hə, mən özümü itirdim... Onlar kimi necə danışmaq lazım olduğunu bilmədim, - kişi özünə haqq qazandırdı.

- Bəlkə sən onu ələ salmağı qərara aldın? - Qasım əl çəkmirdi.

- Bağışlayın məni, mən axmağı, - kişi başını aşağı saldı.

- Bir halda axmaqsan, onda nəyə görə...

- Qasım! - Rəqiyyə qardaşımı dümsüklədi.

- Gəlin gəlinin sağlığına içək! - qoca qədəhi qaldıraraq onları tələsdirməyə başladı.

Hamı qədəhini qaldırdı və tələsik içdilər. Kişi bir qurtum da içmədən qədəhini süfrəyə qoydu.

- Bəs sən niyə içmirsən? - Qasım soruşdu. - Bəlkə gəlin xoşuna gəlmir?

- Çox xoşuma gəlir, - kişi qürurla cavab verdi.

Mən minnətdarlıq hissiylə ona baxdım və baxışlarım onun baxışları ilə qarşılaşanda tutuldum.

- Onda axıra qədər iç! - Qasım əmr elədi.

- Hörmətli qaynım, siz televizora baxırsız? - kişi soruşdu.

- Hə, nə olsun?

- O olsun ki, əgər içərsənsə uşaqların alasəfeh olarlar. Ya siz bacınız uşaqlarının alasəfeh olmalarını istəyirsiz?

- İstəmirəm!...

- Düz də eləyirsən!.. Mən də elə düşünürəm. Hörmətli qaynım, mən əvvəllər ərköyünlük eləyərdim, belə deyim də, bu araqciyəzlə həddimi aşardım... Amma evlənməyi qərara alan gündən dilimə bir damcı da vurmamışam!.. Artıq yarım ildir. Mən istəyirəm, - kişi mənə doğru boylandı, - bizim sağlam və ağıllı uşaqlarımız olsun.

Mənim sanki qulaqlarım tutulmuşdu. Uşaqlar... Mənə imkansız görünən arzum. Mən hələ də həyəcandan titrəyirdim.

- Mən hələ sənin qaynın deyiləm, - Qasım tərslik eləyirdi. - Sən elə güman eləyirsən məni bu madyanla satın aldın, bu idbar madyanla?!

Qasım həyətdə dayanan madyanı göstərdi.

- Qasım! - Rəqiyyə qışqırdı və qonaqlara doğru döndü. - Siz bizi bağışlayın, əziz elçilər! Adam kimi adamdır, amma içdimi, idarəolunmaz olur! Çərənləyir, ağzına nə gəldi danışır...

- Boş şeydi, - qoca dedi, - biz hamımız eləyik.

- Mənə vəkil lazım deyil! - Qasım adaxlıya tərəf döndü. - De görüm səni orda necə...

- Asan, - kişi yavaşdan dedi.

- Asan, de görüm sən nəyə görə lalla evlənməyi qərara aldın?

- Bütün həyatım boyu dilsiz-ağızsız qadınla evlənməyi arzulamışam.

- Amma o tamam danışmır.

- Daha da yaxşı.

- Yalan deyirsən! - Qasım yumruğunu süfrəyə vurdu.- Birbaşa deyərdin, sənə pulsuz işləyəcək işçi lazımdır!

- Aman Allah, mən səninlə neyləyim?! - Rəqiyyə ucadan səsləndi.

- Səsini kəs! - Qasım arvadının başına çımxırdı, sonra isə Asana doğru döndü, Asanın sirsifəti dəyişmişdi. - Bəlkə mən yalan dedim?

- Hə, - Asan qətiyyətlə dedi.

- Nəyə görə?

- Mən beş nəfərin əvəzinə işləməyə alışmışam. Uşaqlıqdan. Mənə arvad lazımdı, daha qul yox.

Qasım fikirli halda başını aşağı saldı və inamsız halda “hm” dedi.

- O əməkdar şaxtaçıdı. Bir yığın ordeni var, - qocanın səsi eşidildi. - Təqaüdə çıxıb, onlarda təqaüdə tez çıxırlar, aulda elə bir ev tikib ki... Təsərrüfatına hamı həsədlə baxır...

- Bunu mən artıq eşitmişəm, - Qasım dedi. - Sən bağışla, amma anam rəhmətə gedəndə bədbəxt bacımın qayğısına qalmağı mənə vəsiyyət eləyib... Nə qədər əlimin altındadır, kimsə ona barmağını toxundura bilməz! Amma o indi ərə gedir və mən də bilmək istəyirəm, kimə gedir, bu adam nəyə görə onunla evlənməyi qərara alıb? Mən bunu bilməliyəm də?

- Hə, - xeyli sükutdan sonra Asan dedi. - Mən danışaram...

- Sən bir də bağışla, - Qasım dedi. - Özün də başa düşürsən, əgər o belə olmasaydı, mən bu sualları verməzdim...

- Başa düşürəm, - Asan onun sözünü kəsdi.

Qasım günahkar halda məni qıyqacı süzdü.

- Bu on-on beş il əvvəl olub, - Asan sözə başladı, - mən məzuniyyətdəydim və bir dəfə necə oldusa atla sizin aulun içindən keçib gedirdim. Birdən qeyri adi gözəlliyi olan gənc bir qız gördüm. Qız vedrəylə su aparırdı və ayaq saxlayıb mənə yol verdi. Mən qızı nəzərdən keçirtmək üçün atı saxladım, qız tutuldu və qıpqırmızı oldu, baxışlarını yerə dikdi, mənimsə ürəyim sıxıldı, - o öskürdü, bir qədər susdu, sanki davam eləməyə dəyərmi deyə düşünürdü, sonra sərt şəkildə başını dik tutdu. - Hə, hə, mənim ürəyim sıxıldı və mən düşündüm - aman Allahım, bu qadın hansı xoşbəxt oğlanın qismətinə düşüb, hansı xoşbəxtin! Mən həmən adama hədsiz qısqanırdım, hədsiz... Sonra mən öyrəndim ki, qız laldır və heç vaxt ərdə olmayıb. Mən qıza yazığım gəldiyindən az qala ağlayacaqdım və ürəyimə elə bil tikan sancıldı. Nəyə görə, mən düşündüm, nəyə görə minlərlə qadının, qadının yox, hətta itin, bəd və dəyərsiz itin belə ona sadiq olan əri, erkəyi var, onunsa yoxdu? Elə o vaxtdan da bu arzu ürəyimi deşir, həmən gənc qızı xatırlayıram və o tikan ürəyimi deşir.

O daha nəsə dedi, mənsə ürəyim yerindən çıxmasın deyə əlimi sinəmə sıxıb ayağa sıçradım və qaçaraq otaqdan çıxdım. Həyətə can atırdım, amma ordan kobud qadın səsləri gəlirdi və dönüb öz otağıma girdim. Özümü divanın üstünə atdım. Mən özümdə deyildim. Ürəyim mator kimi vururdu, hər yerdə hiss olunurdu. Dizlərimdə, divanın arxasından bərk-bərk yapışmış barmaqlarımın ucunda və hətta mənə elə gəlirdi ki, divan da möhkəm zərbənin taktları altında titrəyir. Üzümü soyutmaq üçün əlimlə üzümü tutdum, amma barmaqlarım da istiydi. Yalnız yandırırdı.

Sonra güzgüyə yaxınlaşdım, qocalmağa başlayan sifətimə xeyli baxdım. Qırışlar, yorulmuş heyvanın gözlərindəki kədər. Ah! Yəqin bu kişinin gözəl ürəyi var idi və o çox qəribə adamdı. Amma deyəsən səfeh adama oxşamırdı, qəribə adamdı. Əlbəttə, kim tərəddüd eləmədən deyərdi ki, mən qeyri adi gözəlliyi olan qızam? Ha-ha-ha! Çiynimə toxundular.

- Gedək! - Rəqiyyə dedi. - Uşaq kimi otaqdan qaçırsan...

Mən gözüm yaşarıncaya qədər hədsiz pərt olaraq, başımı yırğaladım.

- Gedək!.. Onlar sənin sözünü gözləyirlər. Ona gedəcəksən, ya da getməyəcəksən. İstənilən halda mən səni sevirəm!

Rəqiyyə məni öpdü.

***

Biz iki təkərli arabada gölün sahilinə yaxın olan yolla gedirdik. Mən xeyirxah, sevimli Rəqiyyənin mənim üçün yığdığı çamadanlarla və yüyənlə yanaşı ətirli otun üzərinə uzanmışdım və ovsunlanıbmış kimi gölün mavi, zərif səthinə baxırdım. Mən dünyada bunca gözəllik olduğunu və bu qədər çox suyun bir yerə yığıldığını heç vaxt təsəvvür eləməzdim və sanki onu fincanla sonsuza qədər dağ vadisinə tökmək olardı.

Asan yüyəni buraxaraq irəliyə baxır və astadan oxuyurdu:

Mənim taqətdən düşmüş qəlbim, sənsiz yaşaya bilmir,

Yorulmadan, gecə və gündüz hər yerdə səni axtarır.

Sən günəşin şəfəqi kimisən, göydə ulduz kimisən,

Əlimi yelləyib gedə bilmirəm, yüyənim sənin əlindədir.

Asan son sözləri oxuyanda mənə doğru döndü. Mən gülümsədim. Aman Allahım, nəyə görə mənə belə xoşbəxtlik qismət elədin? Hətta ən ağlasığmaz arzularımda belə nə vaxtsa qüruba enən günəşin şəfəqləri altda heyranedici dərəcədə gözəl olan gölün sahili ilə öz ərimlə yanaşı gedəcəyimi və ərimin indiki kimi nəvazişlə gözlərimin içinə baxıb məhəbbət haqda mahnı oxuyacağını təsəvvür eləməzdim.

- Gözəldir? - Asan soruşdu.

Mən başımla təsdiqlədim, sonra öz sevincimi izhar eləməyimdən narazı qaldığımdan qollarımı geniş açdım, sanki bu intəhasız genişliyi qucaqlamaq istəyirdim.

- Mənim evim… bizim evimiz lap gölün sahilindədir.

Mən sevinclə qaşlarımı endirdim.

- Hə, lap gölün sahilində! - mənim sevindiyimdən bəxtiyar olaraq ucadan səsləndi. - Bostanın lap qurtaracağında. Bu…ux! Balıq şappıltı ilə üzdü!.. Təsəvvür eləyirsən?!

Mən başımla təsdiqlədim, sifətim dalğın bir təbəssümdən işıqlandı. Asan arabanı kəndlərarası dar yola döndərdi.

- Mənim auluma axşam gedərik, - o dedi. - Dedi-qodu istəmirəm... İndisə gedək, gölə baxarsan, əl-üzünü yuyarsan. Yaxşımı?

Sifətim sevincdən işıqlanmış halda başımla təsdiqlədim.

***

Biz qumun üzərində oturmuşduq, ayaqlarımızın altında dalğalar şappıldayırdı. Onlar elə bil canlıydılar. Məndə belə hiss vardı ki, sanki böyük və güclü birisi məni əlinə götürüb yüksəklərə-yüksəklərə qaldırmış və ehtiyatla nağılın içinə endirmişdi.

- Arvadım savadlı idi. Mühəndisdi, - Asan dedi. - Doğrudu, əvvəlcə buna görə elə də lovğalanmırdı, hər halda mən ondan beş-altı dəfə çox qazanırdım, sonra onu rəhbər işə irəli çəkdilər və beləcə yüksəlməyə başladı!.. Bütün bunlar hardın çıxdı? Hə, onu irəli çəkdilər, mən belə düşünürəm, işinə görə yox, qəşəngliyinə görə... Ağına-bozuna baxmadan mənə xəyanət edirdi!.. Əlbəttə, mən onu yaxalaya bilməmişdim, həm də necə yaxalayasan?.. Amma hər şey göz qabağındaydı. Düşmənimə belə həyatı arzulamıram!.. Rəhbərlikdə öz arvadlarını qısqanan kimi onu bir-birlərinə qısqanırdılar!.. Allah eləməsin paytaxtdan hansısa vəzifəli şəxs təşrif buyursun, qarşılayan yüksək çinli adamların arasında birinci cərgədə o olacaqdı, ax sənin ananı! Mənsə özümü axmaq yerinə qoymuşdum, neyləyə bilərdim - üç oğlum var idi, bir-birinin ardınca olmuşdular, onları ata bilməzdim axı. Onu ata bilərdim, bəs onları necə atım? Onlara deyə bilməzdim ki, sizin ananız qəhbədir... Onu utandırmağa cəhd eləyirdim, necə deyim sənə, elə əl-ayağını dağıdırdı, belə məlum olurdu hər şeydə günahkar mənəm. Özümü ən axırıncı insan yerinə qoyaraq beləcə bütün həyatımı yaşadım, hərçənd ki, adamlar arasında hörmət, izzət görürdüm, necə olmuş olsa da əməkdar şaxtaçı idim! Amma mühüm olan başqalarının səni necə qəbul eləmələri yox, sənin özünün özünü necə qəbul eləməyindir. Elə deyilmi, hə? Bircə təsəllim bu idi, oğlanlarım böyüyürlər, yaraşıqlı, ağıllı…

Asan susdu. Arıq boğazında xirtdəyinin necə çətinliklə hərəkət elədiyi aydın görünürdü. Mən ona baxdıqca əzab çəkirdim. Mənim əzizim, mən düşünürdüm, sən hansı əzablara düçar olubsan, sən ən yaxşı, ən xeyirxah insansan. Mən sənin üçün ölməyə hazıram, sənin böyük ürəyin üçün - axı indiyə kimi heç kim, heç kim nəinki mənimlə evlənməyə razı olmuş, heç beləcə insan kimi söhbət də eləməmişdi…. Mənim əzizim!.. Asan köks ötürdü.

- Oğlanlarım böyüdü. Anaları kimi onlar da mənə nifrət eləyirdilər. Anaları onlar üçün nəfəslikdəki işıq idi, mənsə kötük! Mən təqaüdə çıxdım və düşündüm. Allahım, bax budur, mən bütün ömrümü yaşadım və onu həyət iti kimi yaşadım, öz şəxsi evimdə həyət iti kimi! Axı nəyə görə, nəyə görə mən özümü belə amansız cəza ilə cəzalandırıram?!

Asan dərindən ah çəkdi və sözünü bitirdi. - Bax, üç ildir onlardan bir səs-səda yoxdur, onlar məndən imtina elədilər, mən də onlardan…

O mənə baxdı və diksindi.

- Bermet, sənə nə oldu?!

Mən hıçqırdım, ağladım və üzümü əllərimlə örtdüm. Mənə nə olmuşdu, bilmirəm, adətən mən diqqət eləyir, hıçqırmamağa çalışıram, bunun qulağımı necə ağrıtdığını bilirəm.

- Ay səni, sərçəciyəz! - o mənim başımı sığallayaraq gülümsədi. - Həyatımda ilk dəfədi kiminsə mənə yazığı gəlir! Yoxsa hamı tələb eləyirdi... Di bağışla məni, daha danışmayacağam... Mən bunu qəsdən, sənin mənə yazığın gəlsin deyə... Görürsən mən necə hiyləgərəm?!

Mən göz yaşları içində gülümsədim.

- Mən çox hiyləgərəm! - o şənlənərək ayağa sıçradı. Ağız-burnunu əyərək hansısa anlaşılmaz bir rəqs eləyirdi, görünür məni əyləndirdiyini güman eləyirdi.

- Oh, mən necə də hiyləgərəm, necə də hiyləgərəm ki, özüm-özümü heç vaxt aldada bilmirəm!

Mən bu qəribə kişiyə baxırdım, qürub göyün yarısını qıpqırmızı alov rənginə bürümüşdü, ləpələr isə kövrək ağ daraqlar şəklində köpüklənirdi və mən həyatımda heç vaxt olmadığım kimi şad və sakit idim. Asan təngənəfəs olub oturdu.

- Gedək? - məndən soruşdu.

Mən başımla təsdiqlədim.

- Sən necə də gözəl insansan! - o dedi.

Mənim baxışlarım dumanlandı.

- Sən ot kimisən, - o dedi. - Ot kimi iddiasız və ot kimi təmənnasız. Mən səni incitməyəcəyəm, bax, özün də görəcəksən…

Mən gözlərimi yumaraq ona qulaq asırdım və birdən alışıb yanan sobada alovun nəyə oxşadığını başa düşdüm. Əvvəlcə iki-üç çırpı oğrün-oğrun alovlanır, sonra üçüncüsü və budur alov qarşısıalınmaz halda şölələnir! Bu qarşısıalınmaz alov mənim ürəyimə oxşayırdı! Mən büsbütün alovlanıb yanırdım.

Mən ehtiyatla onun əlini sığalladım.

***

Mən iki nəfərlik enli çarpayıda uzanmışdım və gərgin halda gecənin səslərinə qulaq asırdım. Sükut qulaq dəlirdi, yalnız arada hardasa it hürürdü, bir də həyətdə quzu mələyirdi.

Qapı çırpıldı və yaxınlaşan addım səsləri eşidildi. Mən gecə işığını söndürərək başımı odeyalın altında gizlədim.

- Bermet! - Asan pıçıltı ilə çağırdı.

Mən susmuşdum və tərpənmirdim. Nəfəsimi tutaraq donub qalmışdım. Asan addımlarını ehtiyatla ataraq çarpayıya yaxınlaşdı. Oturdu.

- Bermet! - o bir daha pıçıldadı.

Mən nəfəs almağa qorxurdum. O odeyalı qaldıraraq uzandı və mən çox soyuq olan ayağın ayağıma toxunduğunu hiss elədim. Diksindim, amma tərpənmədim, hətta qımıldanmadım da. O mənimlə yanaşı uzanmışdı, demək olar mənə toxunmurdu, sonra odeyalı başımdan qaldırdı.

- Boğularsan!

Mən arxamı ona çevirdim. O mənim çiyinlərimi, sinəmi sığallayırdı.

Sanki məni elektrik cərəyanı vururdu, amma mən başımı hərləndirən, hədsiz dərəcədə şirin olan bu həzzdən inildəməmək üçün özümü ələ aldım. Titrəyərək yalvarış dolu baxışlarımı yuxarı qaldırıb ona baxdım.

- Qorxma! - o mehribancasına dedi. - Axı mən sənin ərinəm, başa düşürsən, qanuni ərinəm!

Mən gözlərimi yumdum. O məni öpdü. Mən hiss elədim ki, huşumu itirirəm. O ləzzətli vəhşi isə hey sığallayır və öpürdü.

- Qorxma!.. Bu qorxulu deyil… Başa düşürsən, bu lazımdı, di deyək, alma yemək kimi, şirəli almanı, hər şey də bütün bundan keçir, hər şey, rəhbərdən tutmuş axırıncı avaraya qədər… Bu hətta yaxşıdır. Şirindir, dünyada ən şirin şeydir!.. Başa düşürsən? - o qızğınlıqla pıçıldayırdı. Mənsə ölümcül dərəcədə utanaraq, üzülmüş halda başımı bulayırdım.

- Bunsuz uşaq olmaz. Başa düşürsən?.. Mənsə qız istəyirəm! Gözəl və ağıllı qız, daha o düdəmələr kimi yox! Başa düşürsən? Sakitləş!... Bax belə!.. Afərin!.. Ağıllı qız!..

Mən ağrı hiss elədim, ani olaraq, payız milçəyi sancarkən keçirdiyim ani ağrıya bənzər və nəsə iri və isti - yəqin günəş şüası beləcə özünə yol tapır, daha doğrusu damdakı deşikdən qaranlıq saraya düşür, - mənə daxil oldu, sanki ilk anda məni bütünlüklə, boğazıma qədər doldurdu. Hətta nəfəs almaq da çətin idi. Nəfəsim kəsilmiş halda gözlərimi geniş açmışdım və Asanın əzabdan dəyişmiş sifətini görürdüm, o aşağı yuxarı hərəkət eləyir, gözləri iki qara ulduz kimi işıldayır, sanki dağa dırmaşırmış kimi nəfəs alırdı.

- Gözlərini yum! - o pıçıldadı. - Mən bu mələk gözlərinə baxmaq istəmirəm! Yum! Bu işlə məşğul olanda hamı belə eləyir…

Mən gözlərimi yumdum və adamı kor eləyən günəş işığında yaşıl otların üzəriylə bir-birlərini qovaraq, gah ağlayan, gah gülən, gücsüz ayaqlarını yerə döyən uşaqları gördüm.

Mən artıq nəsə möhkəm və isti şeyin içimi sona qədər dolduraraq içimə daxil olmasına və az qala içimdən çıxmasına dözürdüm və birdən başa düşdüm ki, o nə vaxt ki, içimdən çıxmaq istəyir, mən onun içimdən tamam çıxmasını heç istəmirəm və buna görə də özümü cəld irəli verdim ki, onu qarşılayım, yenidən içimi doldursun və hər dəfə də onunla qarşılaşmaq üçün acgözlüklə tələsirdim, çünki bu mənə əvvəllər heç vaxt hiss eləmədiyim xoş bir hiss bəxş eləyirdi.

- Afərin! - o qızğınlıqla pıçıldadı.

Tərifdən ruhlanaraq mən bütün gücümlə cəhd eləyirdim, amma sanki içimdə bir bomba partlayışı hiss elədim - az qala huşumu itirəcəkdim, - bədənimin hər bir hissəsinə hər tərəfdən yandırıcı qığılcımlar sancılır, mənim yazıq bədənimi titrəməyə məcbur eləyirdi. Mən movuldayaraq ağzımın suyunu ətrafa sıçradırdım. Ovuclarım, üzüm, mənim rahatlanan bütöv bədənim isti olmuşdu, sanki isti gündə günorta çağı birbaşa günəşin yandırıcı şüaları altında uzanmışdım.

- Ağıllı qız! - Asan üzümdən öpərək pıçıldadı.

Mən gözlərimi yumaraq uzanmışdım. Bu şirin partlayışın əsəri keçmişdi və mən utanırdım.

- Mən əminəm, bizim qızımız olacaq, - Asan pıçıldadı.

Mən əllərimlə üzümü örtdüm. Yuxuya gedərkən günəş işığına qərq olmuş yaz çəmənliyində balaca bir qızı görürdüm, qız qəhqəhə ilə gülərək mənə doğru qaçırdı:

- Ana….a!..

***

Mən yuxudan oyananda bütün otaq birbaşa pəncərədən süzülən günəş şüalarına qərq olmuşdu. Günəş doğana qədər yatdığıma heyrətlənmişdim. Həyatımda heç vaxt belə möhkəm yatmamışdım. Ayağa sıçradım, yüngül, cəld idim, o uzaq yeniyetməlik illərimdə olduğu kimi və hətta özüm də buna heyrətləndim ki, sanki uzun illər ərzində səhərlər yuxudan əzgin halda oyanmamışdım. Güzgüyə yaxınlaşdım, güzgüdən mənə diqqətlə baxan qadını mən də diqqətlə nəzərdən keçirməyə başladım. Bu mən deyildim, hansısa başqa bəxtəvər, gözəl qadın idi! Doğrudu, illər onun sifətində öz izlərini qoymuşdu, amma hər halda o gözəl qadındı… Mən dilimi bu qadına göstərdim, o da mənə. Mən gülümsədim, o da gülümsədi…

***

Mən güzgünün yanında dayanmışdım, pəncərədən isə Asanın süpürgə ilə həyəti süpürdüyünü görürdüm. Cəld geyindim, ona kömək eləmək üçün çıxmaq istəyəndə incik, oynaq qadın səsi məni saxladı.

- Təbrik edirəm sevimli arvadınla birlikdə!

- Sağ ol, - Asan cavab verdi.

Pəncərədən boylandım, dolu bədənli gənc qadındı, əlini belinə vurmuşdu, istehzalı gülüşlə Asana baxırdı, Asansa ona əhəmiyyət vermədən həyəti süpürürdü. Mən özümü daldaya verdim.

- Cavan arvadına yazığın gəlir?!

- Ona necə də yazığım gəlməsin. O yeganə…

Gənc qadın “hm” deyərək dayanmışdı, karıxıb qalmışdı, sonra nəhayət dilləndi:

- Deyirlər sənin bu arvadın laldır?

- Düz deyirlər, - Asan sakit halda cavab verdi. Görünür onun bu sakitliyi qadını özündən çıxartdı.

- Axmaq! - qadın qışqırdı. - Aulda sənin arxanca hoppana-hoppana gələcək nə qədər cavan, normal, əli-ayağı yerində olan dul qadın var, sənsə gedib dünyanın o başından lalı gətirdin? Ya bəlkə sənə mənlə olmaq xoş gəlmirdi?

- Yavaş! - Asan pıçıldadı. - Sənin ərin, uşaqların…

- Nə olsun?

- Di onlarla yaşa.

- Ax sən!

- Mən də insan kimi yaşamaq istəyirəm. Bütün həyatım boyu özgə arvadlarının arxasınca qaçan deyiləm… Axı mənim ömrüm qüruba gedir…

- Mən bilirəm sən nəyə görə lalla evlənibsən! - gənc qadın qalib səslə səsləndi. - Bilirəm!

- Bu mənim işimdir.

- Sən! - gənc qadın nəşəli bir sevinclə ləzzət alaraq döşəyirdi. - Sən öz mədəni arvadının acığına evlənibsən! Sən ondan qisas almaq istəyirsən!

- Yum ağzını! - Asan sifətini bozardaraq qışqırdı. - Qulaq as əzizim, xoşluqla rədd ol, get!

- Oh-oh! Nə yaman qorxdum!

Bununla belə gənc qadın astadan deyinərək həyəti tərk elədi:

- Nankor it, it, it!

- Dayan! - Asan onu səslədi.

- Nə lazımdı?

- Gəl sən məni bağışla, - Asan ona qaşqabaqlı halda baxırdı və onun duruşundan qadının qarşısında alçaldığı hiss olunurdu.

- Allah bağışlasın.

- Bilirsən, sən mənim arvadıma elə də…

- Tapmaca deyirsən?

- O eşidir, dilini dinc qoy!

- Onun eşitməsi necə də gözəldir! Demək, ona sənin qoçaqlıqlarını eşimək səadəti qismət olacaq! Ha-ha-ha!

- Səfeh!

Asan qəzəblənmiş halda süpürgəni fırlamağa başladı.

Biz alma ağacının altında oturub səhər yeməyini yeyirdik. Asan elə hey məni nəzərdən keçirirdi, hələlik mənim əbədi sükutuma alışa bilmirdi.

- Bura sənin xoşuna gəlir? - nəhayət o soruşdu.

Mən başımla təsdiqlədim. Əvvəlcə sadəcə başımı tərpətməklə, sonra isə sevinclə, ona necə sevindiyimi göstərməliydim, mənim sadəcə başımla təsdiq eləməyimi o soyuq rəftar kimi qəbul eləyə bilərdi. Danışa bilən adamların fikrincə, ifrat lazım olmayanda biz lalların fikrini astadan, etinasız bildirməyə haqları yoxdur.

- Bax, göl ordadır!

Mən gördüyümü işarə elədim. O gülümsədi. Bu da bizim bütün söhbətimiz. Mən onu məyus eləməkdən hədsiz qorxurdum. Di neyləyə bilərdim?! Evdəki kimi oxuyum və rəqs eləyim? Amma orda mənim əzizlərim Qasım və Rəqiyyə var idi, onlar məni sevir, bir uşaq kimi münasibət bəsləyirdilər. Onlar məni ərköyün eləmişdilər və mən orda hər cür uşaq hərəkətlərinə yol verə bilərdim. Bəs o bunu necə qəbul eləyərdi? Mən cürətsiz halda və günahkarcasına onu süzürdüm, bir halda belə darıxdırıcıdırsa neyləmək olar…

- Nuş olsun!

Həyətə bir qarı girdi, dünənki elçiydi. O bardaq gətirmşdi.

- Əyləşin, xala! - Asan hədsiz sevindi.

- Mən sizə süd gətirmişəm, - qarı dedi və bardağı stolun üstünə qoydu. Mənim yanağımdan öpdü. - Necəsən, əzizim?

Mən düşünmədən baş barmağımı irəli verdim. Qadın pıqqıldadı. Asan da qəhqəhə ilə güldü. Onları sevinclə nəzərdən keçirərək mən də sevinclə, amma özümü saxlayaraq güldüm. Allah eləməmiş başım qızışardı, onda mənim gülüşüm qaqqıltıya çevrilərdi.

- Allah eləsin sizdə həmişə yaxşı olsun! - qarı deyib fikrə gedərək susdu, sonra köks ötürdü və sifətini olduqca qayğılı bir ifadə almış halda davam elədi. - Asan möhkəm kişidir, təmizdir, əlləri qızıldır, əlindən hər iş gəlir, yalnız Allah ona xoşbəxtlik göndərməyib. Onu bu mədəni ilan məhv elədi…. Roza…

- Xala! - Asan xəbərdarlıq edici tərzdə dilləndi.

- Mən artıq yüz ildi sənin xalanam! Bəlkə aldadıram?.. Olmaya sən Bermetlə iki gün yaşamaq istəyirsən?.. Qoy hər şeyi bilsin.

- Mən ona hər şeyi danışmışam.

- A…a, onda başqa məsələ… - qarı dodaqlarını çeynədi, görünür nəyisə xatırladı, sonra çaparaq - onun danışıq tərzi belə idi - əlavə elədi. - A…a, bax mən sənə nə demək istəyirdim!.. Bax özünü bu qonşu qadından gözlə!

- Xala, sən özündən nələr uydurursan?

- Mən nə danışdığımı bilirəm.

- Sən nəyi bilə bilərsən?

- Bütün aul bilir! Bircə onun ərindən başqa. Sənsə utanmaz, onun ərini içirdirsən, özünsə… Tfu! Gözlərim səni görməsəydi! Hələ bir danışır da, sən nəyi bilə bilərsən! Mən hər şeyi bilirəm! Axmaq deyiləm!

- Xala, bəsdir!

Asan əzab çəkərək qarıya baxırdı.

Mənim ona yazığım gəlirdi. Ona işarə və hərəkətlərlə göstərdim ki, qonşu qadını gördüm, o Asana yaraşmır və nə olacaq, olacaq, qərara aldım zarafat eləyim. Belə qurtardım ki, guya mən o qonşu qadından yüz dəfə yaxşıyam və indi Asan hətta qonşu qadına tərəf boylanmayacaq da. Onlar mənim zarafatımı ciddi qəbul eləsinlər deyə gülümsədim də. Onlar gərgin bir maraqla mənim hərəkətlərimə baxırdılar.

- O nə deyirdi? – qarı Asandan soruşdu. – Sən heç olmaya onun dilini başa düşürsən?

- Bəs necə! Çox gözəl başa düşürəm.

- O nə deyirdi?

Mən mühüm bir görkəm alıb izah eləməyə başlayan Asandan gözlərimi çəkmirdim.

- O deyirdi qonşu qadından çox yaxşıdır və sən nahaq yerə məni söyürsən, çünki mən bütün bizim vilayətdə ən yaxşı adamam.

Mən güldüm, əllərimi bir-birinə vurdum, özümü azad və qandalları açılmış birisi kimi hiss eləyirdim, özümü mənim əzizlərim Qasımın və Rəqiyyənin yanında olduğu kimi ərköyün uşaq hesab eləyirdim.

- Bu doğrudu ki, sən hamıdan yaxşısan, - qarı ah sçəkdi. – Adam kimi adamsan, deməsən də aydındı. Bəs o hardan bizim vilayəti tanıyır…

Qarı təsirlənmiş halda mənə baxırdı, Asan isə gülürdü.

- Əssəlamü əleykum! Səni bütün qəlbimlə təbrik eləyirəm Asan qardaş!

- Evinizin ruzisi, bərəkəti əskik olmasın!

Ucadan təbrik eləyərək həyətə yaşlarını müəyyən eləmək mümkün olmayan kişilər daxil oldular: biri arıq və gözəl, o birisi isə gombul və eybəcərdi.

Kişilər stolun arxasına keçdilər və stolun üstünə bir şüşə araq qoydular.

- Buna görə də gəldik, Saykap bacı, çünki Asan qardaşı hamıdan çox sevirik! - Arıq kişi dedi və Asana göz vurdu.

- Biz araqla gəlmişik, sizi ruhlandırmağa! – gombul əlavə elədi və arağı qədəhlərə süzdü.

- Mən içmirəm, - Asan qaşqabağını töküb dedi.

- Biz özümüz içərik. Sizin və sizin arvadınızın, gözəllikdə tayı-bərabəri olmayan qadının sağlığına! – arıq dedi və qırğı gözlərini mənə dikdi.

- İçin və çıxın gedin! Əl-ayağa dolaşmayın, bəs qədər işimiz var, - Saykap xala mənə tərəf dönüb dedi. – Gedək mənimlə qab-qaşıq gətirək. Adam çox olacaq, sizinki bəlkə də bəs eləməyə…

- Xala, bəlkə toy lazım deyil? – Asan dedi. – Hər halda biz cavan deyilik…

Mən də işarəylə Saykap xalaya toyun lazım olmadığını bildirdim.

- Lazımdı, - Saykap xala inadla dedi. – Adamların xeyir-duası olmadan həyatınızda xeyir tapa bilməzsiniz. Sən evinə inək yox, arvad gətirmisən, - erkən gələn qonaqlara tərəf döndü. – Sizsə yığışın! Biz qayıdanda iziniz-tozunuz burda olmasın!

***

Yarım saatdan sonra Saykap xala ilə mən qədəhləri və boşqabları qucağımıza alaraq bizim həyətə girəndə ucadan gələn sərxoş səslər eşitdik.

- Ay sən Asan qardaş! Ay afərin!.. Sən igid yox, super igidsən!..

- Yox, o bakirə qızların super ovçusudur!

- Bakirə qızı şaqqıldadıb sındırmaq üçün super ovçuya verdilər!

Mən özümü evin küncünə verdim və donub qaldım. Alma ağaclarının arasına çəkilmiş paltar asılan ipdən qanlı döşəkağı asılmışdı və arıqla gombul üzlərini qanlı döşək ağına doğru döndərərək araq içirdilər. Mən cansız adam kimi qabları yerə buraxdım, neyləyəcəyimi bilmirdim, yerə girməyə belə hazırdım.

- Gəlin mən sizi qucaqlayım! – arıq əllərini silərək mənə tərəf cumdu. – Həyatımda ilk dəfə canlı bakirə qız görürəm. Toxunmaq olarmı?!

- Mən sənə toxunaram! Rədd olun, köpəklər!

Saykap xala süpürgəni götürərək gombulla arığın üzərinə cumdu, onları vuraraq həyətdən qovdu. Hələ də dairəvi stolun arxasında oturan Asanın yanına qaçdı:

- Nədi, ağlını itiribsən?

- Nəyə görə mən ağlımı itirmşəm?

- İçdin?

- Nəyə görə də içməməliyəm?

- Ah, axmaq, qoca axmaq, di mən səninlə neyləyim?!..

Asan ona əhəmiyyət vermədən qədəhi aşırdı, sifətini büzüşdürdü.

Mən cəld alma ağaclarına doğru qaçdım, döşəkağını ipdən qopardıb hara gəldi qaçmağa başladım.

***

Yalnız gölün sahilində özümə gəldim. Ağlayaraq və heç nə görməyərək qarşıma baxırdım. Bilmirəm nəyə görə, ancaq mən hədsiz dərəcədə incimişdim. Mən bilirdim ki, gənc qızlar ər evinə bakirə gəldikləri ilə çox öyünürlər, düşən hər fürsətdə bunu digərlərinin də nəzərinə çatdırmağa tələsirlər. Bu onlarda bütün digər ləyaqətləri ilə birlikdə aşkarca həyati üstünlükləri idi. Mənə isə ağır gəlirdi. Mənmi heç kimə lazım olmayan bakirəliyimlə fəxr eləməliydim? Bakirəliyim mənim indiyə kimi yaşadığım əlil həyatımın şəhadətnaməsi idi. Gözlərim önündə qanlı döşəkağı və dişlərini ağardan, iyrənc gülüşlə gülən gombul və arıq yellənirdilər…

Üfüqlərə qədər sakit və əbədi su idi. Bu ucsuz-bucaqsız suda bütün günahları bağışlaya bilən elə bir rəhmdillik, sakitlik və etibarlılıq var idi ki, mən tədricən sakitləşirdim. Çömələrək oturdum və əlimi suya saldım.

- Bermet! Ay…y Bermet! – hardasa yaxınlıqda Saykap xalanın səsi eşidildi.

Mən geri boylanmadan suyu ləpələndirməyə davam eləyir və alışıb yanan sifətimi soyudurdum.

***

Günəş dağ zirvələrinin arxasına əyilirdi, amma səma hələ aydın və işıqlı idi. Alma ağaclarının arasındakı bütün yaşıl çəmənlik boyu stolların üzərinə örtülmüş dəstərxanlar dünənki qonaqlıqdan qalmışdı. Mən qabları tələsik çardağın altına yığırdım ki, sonra yuyum. Sərxoş Asan dəstərxanlar boyunca səntirləyərək gəzişirdi.

- İndi bu toy adlanır?... Murdarlar! İçdilər, tıxışdırdılar və əkil… Mənim zavallı arvadıma kömək eləsəydilər barı… Mənim sevimli arvadıma…

O yarımçıq bir şüşə tapdı və içindəkini stəkana süzdü. Mən dayanıb ona baxmağa başladım. Baxışlarımızı toqquşdu.

- Sənin sağlığına! – o dedi. – Daha içməyəcəyəm.

Mən üzümü çevirib boşqabları çardağın altına daşımağa başladım. Qazanın qapağını qaldıraraq suyu barmağımla yoxladım. Sonra sobaya odun qoydum. Alovun sönməməsinə nəzarət eləyirdim.

Çirkli qabları aparmaq üçün növbəti dəfə bağa qayıdanda Asan artıq tamam sərxoş idi. O ağlayırdı.

- Roza! – o qışqırdı. – Sən nəyə görə mənim həyatımı məhv elədin?! Axı mən səni sevirdim, ölüm qabağı sonuncu udumluq hava kimi sevirdim!

O hıçqırıqlardan boğulurdu. Mən yerimdəcə donub qalmışdım və ona baxırdım. Ürəyim sıxılırdı. O nəhayət məni gördü.

- Bura gəl! – məni çağırdı.

Mən də varlığımı heyrət və ağrı sarmış halda nə ölü kimi ölü, nə də diri kimi diri ona yaxınlaşdım. O mənim əlimdən yapışdı və gözlərimin içinə baxaraq sifəti əzablardan, ümidsizlikdən eybəcərləşmiş halda qızğınlıqla və hərarətlə danışmağa başladı:

- O nə vaxt evə gəlirdi, mən hiss eləyirdim, başa düşürdüm ki, kiminləsə olub. Başa düşürsən, olub. Onların bu dəstəsində həmişə harasa gedirdilər. Gah əkin-biçinə, gah yığma-mığmaya, gah təbliğata-məbliğata, gah da hansısa axmaq bir işə, sanki adamlar onlarsız keçinə bilməzdilər. O mənim başa düşdüyümü anlayırdı. Di gəl azacıq işarə eləyən kimi qancıq elə qışqırırdı, elə bil ətini kəsirdilər, özünü təhqir olunmuş hesab eləyir, demək, sifətimə, sifətimə vurur, vururdu.

Mən iyrənc adamsa, onu öldürmək əvəzinə, bu şillələri sevirdim! Bir də! Bir də! Üzümü yandırır, ax necə də yandırır, ax necə də şirindi! Şirin…di! Sonra mən onun vuran əllərini öpür və məni bağışlamasını xahiş eləyirdim və elə bil o məni bağışlayırdı. Amma soruşuram, məni nəyə görə bağışlamalıydı?! Ona görə ki, mən bu pozğun adamların sevimli arvadımla yatmalarına icazə verir və buna göz yumurdum?! Ax necə də ağrıdır…

O mənim əlimi buraxdı və büzüşdü, sanki birdən içini dartıb çıxartdılar. Ağlamağa başladı.

- Ah, Roza, Roza, sən nədən ötrü məni cəzalandırdın?! Sən nəyə görə məndən oğlanlarımı aldın?! Mən yer üzündə tək qaldım! Tək!

Mən dözülməz ağrıdan qışqırmamaq üçün hər iki əlimi ağzıma saldım.

Donquldayan və hıçqıran Asana bir xeyli baxdım. Mən onun indiyə qədər də keçmiş arvadı Rozanı sevdiyini başa düşdüm.

Amma mən onu sevirdim və heç nə məni sevgimdən döndərə bilməzdi. O, adamların arasında yeganə adamdı ki, məni almışdı, məni insan kimi dəyərləndirmişdi və hər nə olmuş olsa belə onun yanında olacaqdım.

Mən ona kömək eləmək istəyirdim. Amma necə eləməyi bilmirdim. Ürəyim parçalanırdı.

***

Kartofların alağını eləyirdim və varlığıma fərəhsiz düşüncələr hakim kəsilmişdi.

- Bermet! – məni səslədilər.

Başımı yuxarı qaldırdım. Yaxınlıqda, bostanın kənarında at belində Kərim atanı, elçiliyə gələn həmən qocanı gördüm.

- Asan hardadır?

Mən çiyinlərimi çəkdim.

- Hələ də içir?

Mən başımı aşağı salıb köks ötürdüm.

- İncitmir ki?

Mən başımı ağır-ağır yırğaladım, sanki sərt hərəkətdən başımın yerindən qopacağından ehtiyat eləyirdim.

- Ürəyinə salma! O içməyi atacaq, sonra uzun müddət dilinə bir damcı da vurmayacaq. Başqaları hər gün zəhərlənirlər… mən onunla danışaram… Ah, Allahım, mən neyləyə bilərəm? – artıq qoca sakitcə ah çəkdi. Mən susurdum.

Kərim ata bir də ah çəkdi, sonra hirslə atını qamçılayıb getdi.

***

Axşam mən çarpayıda uzanıb səssizcə ağlayırdım. Hətta burnumu çəkməyə də qorxurdum. Bu burun çəkmə gecənin yumşaq səssizliyini özünün xoşa gəlməz səsiylə qorxudur, dağıdırdı.

Sərxoş səslər eşidilirdi. Mən diksindim və özümü ələ alaraq qulaq verməyə başladım.

Dəhlizdə işıq yandı, sonra ayaq səsləri eşidildi, sanki saysız-hesabsız ayaq səsləriydi və kimsə dedi:

- Divana birbaşa!

Təngənəfəs adamların töyşüməsi, yıxılan bədənin boğuq tappıltısı.

- Ağırdı!

- Buqay!

- Gedək! Nəydi?

- Gəl onun bakirəsini əldən keçirək, hə?

- Sən nə danışırsan?

- Hə nəydi? Normaldı. O mənim arvadımı eləyirdi, mən də onun arvadını. Bununla da hesablaşacağıq.

- Yox!

- Gedək! Təsəvvür eləyirsən, getdik! – və hm…m! Ha-ha-ha!

- Bəs oyanarsa?

- Top da atılsa oyanmaz.

***

Yataq otağının qapısı səssizcə açıldı, içəri işıq zolağı düşdü. Mən divardan dekorativ qamçını götürdüm. Ağır, möhkəm, yaxşıca sarınmış qamçıydı.

- Tap, tap, tap!

İki tutqun kölgə mənə tərəf sürünürdü.

- Sən nəsə görürsən?

- Hə. Birinci mən!

Mən gecə işığını yandırdım, qamçını başımın üzərinə qaldırdım. Arıq və gombul işıqdan gözləri qamaşmış halda mənim çarpayımın yanında donub qalmışdılar. Arıq şalvarının aşağı salmışdı. Qolaylanıb qamçını onun çılpaq arxasına vurdum. O ətini kəsirmişlər kimi qışqırdı və arxaya, qapıya doğru sıçradı. Gombula toxunub onu yerə yıxdı və onlar yıxıldılar. – lap sənin ananı! – onlardan kimsə söydü.

Mən onları qamçı ilə rəhmsizcəsinə qamçılayırdım.

- Lazım deyil!.. Biz zarafat eləyirdik!..

- Mən sənə dedim axı lazım deyil!

Vəhşi bağırtılarla digər otağa qaçdılar. Mən də onların arxasınca. Evləndikdən sonrakı bütün incikliyimi, nifrətimi bu zavallılardan çıxırdım.

- Nə olub? – Asan ayağa sıçradı, ifadəsiz gözlərini silir, ayaqları üstə inamsız halda səntirləyirdi. Arıq və gombul onun yanından sivişərək həyətə qaçdılar.

***

Mən onların arxasınca qaçdım – nəhəng ayın işığı altında dayandım və özümə gəldim. Arıq və gombul yoxa çıxdılar, yaxınlıqda itlər kəsik-kəsik hürürdülər.

Ay mənə müdrikcəsinə və qüssə ilə baxırdı. Bəlkə də tənə ilə. Birdən mənə nəsə oldu. Taqətim çəkildi və mən diz çökərək qızğınlıqla işarə ilə danışmağa başladım:

- Ey müdrik və xeyirxah ay! Yalnız sənin məni eşitməyə və başa düşməyə hövsələn çatar. Çünki insanlar danışa bilmək bacarıqları ilə qürur duyurlar, mənə isə həmişə anlaşılmayan olmaq kimi miskin bir qismət yazılıb… Mən sevirəm. O, dünyadakı insanların ən yaxşısıdır! O isə indiyə kimi də öz arvadını sevir. Ey, müdrik və xeyirxah ay, elə elə ki, o məni qovmasın!

Ay mənə sakit və etinasız halda baxırdı, mən evə doğru tələsdim.

***

- Vur! Döy məni! – mən otağa girəndə Asan pırtlaşıq başını mənim qabağıma əyib dedi. Mən ona baxırdım. Ona işarə və mimikaların dili ilə nə deyə bilərdim. Mən yalnız ona baxa və gözlərimlə danışa bilərdim. Bu gözlər isə deyirdi – mən səni sevirəm, mənə ağırdır, dözülməz dərəcədə ağırdır ki, sən ən yaxşı insansan, amma özün özünü qiymətləndirə bilmirsən. Əgər sənin sərxoşluğa qurşanmağının səbəbi mənəmsə, mən gedərəm. Mən hər şey eləyərəm. Təki sənə yaxşı olsun.

Aslan baxışlarını endirdi.

Onun yanından keçərək öz otağıma getdim.

***

Mən artırmaya ayaq basdım və dayandım. Asan arxası mənə tərəf qollarını geniş açaraq yoncanı dəryazla çalırdı. Dəryazı var gücü ilə fırlayaraq gedir, özündən arxada yol kimi enli bir zolaq qalırdı. Onun necə işləməsinə baxmaq məni sevindirirdi. Neçə gündən sonra ilk dəfə gülümsədim. Rahatlanmış və şən halda. Neçə gündən sonra ilk dəfə olaraq sərçələrimin qayğısız cikkildəşmələrini eşitdim və ilk dəfə günəşin alovlu qanadlarını dalğa kimi üfüqlərə sərdiyini gördüm. Sərçələri yamsılayaraq cikkildədim və şənlənmiş halda sobaya doğru qaçdım.

***

Günəş artıq yüksəyə qalxmışdı, Asan isə yorulmaq nə olduğunu bilmədən elə həmən gücüylə və ölçülü addımlarıyla tarla boyu addımlayırdı. Mən alçaq, dairəvi stolun üzərinə çayniki, stəkanları, boşqabları, qaşıqları qoydum və Asanı çağırmağa qaçdım.

Mən tarlayla gedir, təzə biçilən otun adamı sərxoş eləyən qoxusunu ciyərlərimə çəkir və gülümsəyirdim. Asana yaxınlaşdım. O mənə fikir vermədən çalırdı. Mən onun qarşısında, birbaşa sıx otluqda dayandım. O mənə çatmağa bir neçə metr qalmış başını yuxarı qaldırdı. Çal! – mən gülüşümlə işarə elədim. O gülümsəmədən başını yırğaladı. Gedək səhər yeməyinə! – mən işarə elədim. O, dəryazı yerə qoydu, mənə baxmadan yanıma gəldi, biçilmiş yerlə gəlirdi.

Mən pərt oldum, ay səfehəm ha, yoncanı tapdalayıram, sıçrayıb biçilmiş yerə çıxdım. O dayandı və qaşqabaqlı halda torpağa baxmağa başladı. Onun əlindən yapışdım. O məni nəzərdən keçirtdi. Onun baxışları əzgin, özünü günahkar hiss eləyən birisinin baxışlarıydı. Mən işarə eldim ki, o yaxşıdı, afərin ona ki, qısa müddətdə bu qədər otu biçib. O gülümsədi.

- Sən yaxşısan, - o dedi. – Məni bağışla, qoca axmaq, səni incitdim.

Mən sadəlövhcəsinə və xoşbəxtcəsinə gülümsəyərək başımı yırğaladım.

- Mən daha içməyəcəyəm, - o qətiyyətlə dedi və mənə baxdı. Mən onun ağır əlini qaldırıb ovcundan öpdüm. O əlini çəkmədi, yalnız necəsə qəribə baxışlarla bir müddət mənə baxdı. Sanki onun mənə yazığı gəlirdi. Yox, mən onun gözlərindən ürəyinin döyüntülərni oxudum, özgə heç nə.

***

Axşam otaqda tək oturub televizora baxırdım, Asan isə həyətdə dolaşırdı, qoyunları yerbəyer eləyirdi. Televizorda hansısa opera gedirdi.

Ucaboylu və bəzənib-düzənmiş qadın bir xeyli öz qüssəli və tənəli mahnısını oxuyurdu, kişi isə özünə haqq qazandırmağa çalışır, əllərini irəli uzadır, diz çökür, ayağa qalxır, ora-bura qaçırdı. Həyəcanla, sifətindəki əzablı ifadəylə, yaşlı gözləriylə. Yenidən qeyri adi dərəcədə gözəl olan qadın səsi sel kimi axıb tökülür və kişi isə avaralanmağına son qoyub, yerində donub qalırdı.

Mən operanın təsiri altına düşmüşdüm və özüm də hiss eləmədən ayağa qalxdım, özümü müğənni qadına oxşadaraq, onun mimika və işarələrini təkrar eləyərək oxumağa başladım. Birdən ekrandakı müğənni qadın kimi təkəbbürlə dönüb susanda – indi kişi oxumalıydı – Asanı gördüm. O müğənnini təqlid eləyərək oxuyur, əlini mənə uzadırdı. Daha doğrusu o da səsini çıxartmadan ağzını açırb yummağa başladı. Mən titrədim, amma özümü əlçatmaz hesab eləməyə davam elədim, müğənni qadın kimi. Sonra müğənni qadın oxumağa başlayanda mən də oxumağa başladım, Asan isə kişi müğənni kimi qüssəli görkəm alaraq donub qaldı. Beləcə biz bir-birimizi əvəz eləyərək oxuduq. Doğrudu, iki dəfə Asan unudaraq səsini çıxartdı, amma mən sifətimi turşudaraq qulaqlarımı sıxdım və o da yadına salaraq səssiz oxumağa başladı.

Nəhayət biz ekrandakı kişi müğənni ilə qadın müğənni kimi qucaqlaşaraq donub qaldıq. Ürəklərimiz elə ucadan döyünürdü ki, ekrandan gələn alqış səsələrini belə batırırdı.

***

- … Bir ilə yaxın xəstəxanada yatdı, indi isə evdədir, - oğlan Asana baxaraq susdu.

- Gəzir? – Asan soruşdu.

- Yox. Əlil arabasıyla hərəkət eləyir, bu da şəkli, - oğlan daxili döş cibindən fotoşəkli çıxardıb stolun üzərinə qoydu. Asan hətta şəklə doğru belə baxmadı.

- Çay süz! – Asan boş stəkanı götürüb mənə uzatdı.

- Mən artıq toxam, sağ ol, çox dadlıydı! – oğlan mənə gülümsədi. Onun çox cazibədar sifəti var idi.

- Sən bunu mənə xəbər vermək üçün gəldin? – Asan soruşdu.

- Yox.

- Onda nə üçün?

- Necə olsa, sən mənim atamsan.

- A-a, yadınıza düşdü?

- Mən onsuz da unutmamışdım.

Onlar bir-birlərini süzərək susdular. Mən həyəcanla onları seyr eləyirdim. Ata və oğul idilər, amma yad adamlar kimi danışırdılar.

- Bəs sən necə yaşayırsan? – Asan sanki yumşalmış halda soruşdu.

- Müxtəlif cür.

- Bu cavab deyil.

- Hm… Az əmək haqqı ilə bizim zamanda necə yaşamaq olar?

- Bəs arvadın neyləyir, sərinlənir?

- Ata, sən uşaq kimisən! O anama baxır. Anam tamamilə köməksizdir, mən indicə sənə bu haqda danışdım!

- Bəs uşaqların necədir? – bir qədər fasilə verəndən sonra Asan soruşdu.

- Xəstələnirlər. Bronxit… Bura, gölün sahilinə gətirməyi arzulayırdım, amma pulu hardan tapasan…

- Mənim də pulum yoxdur, - Asan onun sözünü kəsdi.

- Mən səndən pul istəmirəm.

- Onda danışma!

- Yaxşı, - oğlan itaətlə razılaşdı və mənim ürəyim sıxıldı. Allahım, kasıblıq bizi necə itaətkarlaşdırır.

- Bəs sən onu Bolatın yanına niyə göndərmirsən? Onun cəmi-cümlətanı bir oğlu var, həm də mənzili də genişdir…

- Onun arvadı anamı evinin kandarından belə buraxmır.

- Aydındı. Bəs Daniyar?

- O özü yataqxanalarda gün keçirdir…

- A-a, - Asan uzun-uzadı ah çəkdi və birdən hirsləndi. – Sən nəydi, məni silkələməyə gəlibsən?! İş heyvanınız yadınıza düşdü? Mən hər şeyi sizin üçün qoydum! Evi, maşını, hər şeyi, hər şeyi, sonuncu qəpiyinə qədər! Sizdən lüt-üryan çıxdım! Amma siz məni burda da tapdınız! Quyruğunuz qapı arasında qalanda yadınıza düşdüm!

- Ata!

- Hə, hə, haçan buranız yanmağa başladı, xatırladınız! - Asan stolun üstündən şəkli götürüb kənara fırıldatdı. – Ürəyimi yumşaltmaq üçün şəkil gətirib!

- Ata, özünə gəl!

- Onu əlillər evinə ver, əyər çətindisə! Yedizdirirlər, içizdirirlər, ona daha nə lazımdı?!

- Əlvida! – oğlan ayağa qalxdı və həyətdən çıxıb getdi.

- Əlvida! Məni də rahat buraxın! Qocalığımda heç olmaya yaşamağa imkan verin!

Mən qulaqlarım tutulmuş, yarımcan halda oturmuşdum. Bu mənim üçün çox qorxunc idi.

***

Sonra Asan harasa getdi. Axşamın özünə qədər ürəyimə qarışıq fikirlər damaraq onu evdə gözlədim. Sonra Saykap xalagilə getdim.

- Görməmişəm. Sən narahat olma! Qayıdacaq, hara gedə bilər! Sən onu məftun eləyibsən, - dedi və mehribancasına gülümsədi.

Mən tutuldum və ürəyim möhkəmcə çırpındı. “Eləyə bilsəydim”, - deyə düşündüm.

- Elədi ki, var, - Saykap xala sanki ürəyimdən keçənləri oxuyaraq dedi. – Mən ki görürəm. İndi o ölən gününə qədər sənin donunun ətəyindən yapışıb qopmayacaq…

Sonra mən o biri tərəfdəki qonşumuzgilə getdim. Həyətdə arıq oturmuşdu və kətməni saplayırdı. Məni görüb üzünü çevirdi.

- Bəlkə arvadların yanında veyllənir? – arığın arvadı fikrini dedi.- Qoca olmağına qocadır, amma diribaşdır! Onun şalvarından iki əlli yapış.

Öz həyətimizə qayıtdım. Bağdan Asanın atdığı şəkli tapdım. Diqqətlə şəkli nəzərdən keçirtdim. Şəkildəki əlli yaşlarında olan dolu bədənli gözəl bir qadındı. Əlil arabasında oturmuşdu və qürurla mənə baxırdı. Mən şəkli xalatımın cibinə qoydum.

Nəhayət özümü itirmiş halda Asan üçün baxmağa gölün sahilinə getdim. Artıq qaranlıq düşürdü, dalğalar güclərini toplayaraq səs-küylə sahilə doğru gəlirdilər. Birdən Asanı gördüm. Qaya parçasının üstündə oturmuşdu, qaya eyni ilə pencəyinin rəngində olduğundan onu dərhal görə bilməmişdim.

Mən onun yanına qaçdım. O arxası mənə, üzü gölə tərəf oturmuşdu, oturmuş, başını çiyinlərinə qısmışdı. Mən onun yanına qaçanda o qımıldanmadı. Mən qorxdum – onun çuxura düşmüş gözlərində necə də bir kədər vardı. Cürətsiz halda onun ayaqlarının yanında oturdum və əlimi dizinin üstünə qoydum. O təbəssümlə dodaqlarını azacıq araladı, ancaq bundan onun sifətində əzablı bir ifadə yarandı.

Mən cibimdən onun arvadının şəklini çıxartdım və işarə ilə başa saldım ki, onu bura gətirmək lazımdı. Asan diksindi, gözlərini mənim gözlərimə, əllərimə, dodaqlarıma zillədi. Mən yenə də göstərdim ki, onu gətirmək, mütləq gətirmək lazımdı. O mənə qəribə, hansısa özgə baxışlarla baxaraq susdu. Mənsə uğur qazandığımı hiss eləyərək bir daha göstərdim ki, nəvələrini də öz yanına gətirməlisən, qoy onlar gölün sahilində möhkəmlənib bərkisinlər və qışda öskürməsinlər…

Biz bir-birimizə baxırdıq və quşlar kimi bir-birimizin gözlərini diqqətlə oxumağa cəhd eləyirdik. Başa düşürdüm ki, təklifiim onun ürəyincə olub, sifəti əvvəlki tək anlaşılmaz olsa da, işıqlanmışdı.

Mən sahildəki qumluqda rəqs eləyirdim, əgər o bədbəxt arvadını və nəvələrini gətirərsə necə xoşbəxt olacağımı bütün gücümlə göstərməyə çalışırdım.

Elə rəqs eləyirdim, sanki mənim yaşayıb yaşamamağım bundan asılı idi.

Nəhayət nəfəsim kəsildiyindən dayandım və yerimdə donub qalaraq sual dolu baxışlarımı ona dikdim.

- Yaxşı, - o dedi və dodaqlarında azacıq da olsa təbəssüm hiss olundu. – Sərcəcik, ot saplağı…

***

Mən sevincdən titrəyərək ona lap yaxınlaşdım, məhəbbətlə gözlərinin içinə baxdım.

- Gətirəcəksən? – şadlanaraq gözlərimlə soruşdum.

Birdən nəsə qorxunc bir hadisə oldu, onun sifəti ağrı tutmalarından dəyişməz hala düşdü, bir neçə an bundan əvvəl gözlərində işaran mərhəmət hissi sanki nifrətə dönüb ildırım kimi çaxdı. Mən yerimdə səntirlədim.

- Yox! – o ayağa qalxaraq dedi. – Allah onu alçaqlığı üçün cəzalandırıb, mənsə Allahdan mərhəmətli deyiləm. Allahdan yaxşı olmağa haqqım yoxdu.

İçimdə hər şey bir-birinə qarışdı. İnamsız halda ona baxırdım, hələ də ümid eləyirdim ki, o əslində düşündüyünü demir. Amma onun sifəti, gözləri amansız idi, bir göz qırpımında insanı dəyişmişdilər. Mən onun əllərindən yapışdım.

- Yox. Mən onu gətirməyəcəyəm, - o sakit danışmağa çalışaraq dedi.

Mən özümü ağlamaqdan güclə saxlayırdım, onun mənim dilimi bilmədiyini unudaraq işarə eləyirdim ki, sən allahdan yaxşısan. O məni başa düşdü.

- O bütün həyatı boyu sənin və mənim kimi axmaqların hesabına yaşayıb! – nifrətlə və hiddətlə qəhqəhə çəkdi. – O hər cür alçaqlığı eləsin, amma əvəzində ona yaxşılıq eləsinlər! O bircə damcı da minnətdarlıq eləmədən, başqalarının yaxşılığı hesabına yağışın altında çimməyə vərdiş eləyib! Qoy heç olmaya bircə dəfə əzab çəksin! Bəlkə başqalarının necə əzab çəkdiklərini başa düşdü, hə?! Allah neylədiyini bilir!

Sarsılmış halda ona baxır və onu tanıya bilmirdim, bu özgə, kinli, qəddar adamdı. Başqa bir insanın bədbəxtliyinə belə sevinmək günah idi. Mən işarə elədim, o sənin uşaqlarının anasıdır, nəvələrinin nənəsidir.

- O qəhbədir! – gözlərini ağardaraq nifrətlə dedi.

Mən onu görməmək üçün gözlərimi yumdum.

- Başa düşdün?! Qəhbədir! – o getdikcə daha da azğınlaşırdı. – O yaşadığı murdar həyatı boyu elədiklərinin əvəzini alıb!

Özüm də bilmədim bu necə alındı, mən onun sifətinə bir şillə vurdum. Sonra qulaqlarım tutulmuş halda, ürəyim parçalanmış halda ağlayaraq sahil boyunca qaçdım.

***

Mən çarpayıda uzanmışdım, yaşamaq istəmirdim. Çöldə gecə idi və axıra qədər çəkilməmiş pərdənin küncündən ay və ulduzlar içəri boylanırdı, qızılı göy boşluğunun rəngi qaçmış tutqun fonunda ağacların təpələri görünürdü.

Asanın həyətdə necə gəzişdiyini eşidirdim. Siqaret çəkir, öskürür, yenə gəzişirdi, nəhayət evə keçdi.

Mən tamam sıxılmışdım, ilan kimi qisas almaqdan həzz alan bu yad adamla görüşməkdən qorxurdum.

- Bermet! – o çağırdı.

Cavab vermədim, daha doğrusu harda olduğumu bircə qımıldanmaqla belə biruzə vermədim. O işığı yandırdı. Mən qorxu içində ona baxırdım.

- Bermet! – o titrək səslə dedi və mənə doğru addımladı.

Mən qorxudan movuldayaraq onun əlindən çıxdım və o biri otağa qaçdım, bura qaranlıq idi. Küncə qısıldım.

- Bermet! – o qorxmuş halda qışqırdı və mənim arxamca qaçdı.

Mən movuldayır və var gücümlə onu özümdən uzaqlaşdırmaq istəyirdim, o isə məni qucaqlayaraq sakitləşdirməyə cəhd eləyirdi.

- Bermet, qorxma! Bu mənəm! Sakit ol, sərçəciyəzim!

Mən movuldayır və onu özümdən uzaqlaşdırırdım. Birdən o məni buraxdı və hıçqırdı.

- Məni bağışla! Mən əclafam! Bağışla!

Daha çox qorxaraq mən divana sıçradım.

- Bağışla! Mən yaşamağa haqqı olmayan birisiyəm, kinli və kiçik adamam! Bağışla! - o dizləri üstə mənə doğru iməklədi və qarşımda elə baş əydi ki, alnı döşəməyə dəydi.

- Məni atma! Əgər sən məni atıb gedərsənsə, mən ölərəm! – o ağlayırdı.

Sonra başını mənim qıçıma söykədi və ağladı, elə bərkdən ağlayırdı ki, iri cüssəsi titrəyirdi, adətən toyuğun başını ani bir hərəktlə üzüb atandan sonra o beləcə pırtıldayır. Mənim ona hədsiz dərəcədə yazığım gəlirdi və mən də ağlamağa başladım. Sonra özümə gələrək onun başını, çiyinlərini sığallamağa başladım, onun ürəyini tutmaq və saxlamaq istəyirdim, belə qüssənin və peşmançılığın şiddətindən ürəyinin dözməyib yerindən qopacağından qorxurdum.

***

Sübh tezdən mən Asanı yola salırdım. Onun əlində almayla dolu səbət var idi. Onunla yanaşı cəld, yüngülcə addımlayırdım, mənə elə gəlirdi qollarımı açaramsa quş kimi uçaram.

O məni öpdü və avtobus dayanacağına doğru getdi. Mən dayanıb onun arxasınca baxırdım. Yola düşən enişdə o dayandı. Gülümsədi. Cavabında mənim gözlərim parıldadı. Sonra onu təqib elədim, o dönüb təpənin arxasında yox olana kimi və yalnız bundan sonra, o tamami ilə gözdən itəndən sonra öz bağıma qayıtdım. Qu quşu quqquldayırdı. Sevgi və fərəhlə, mənə elə gəlirdi, bu səs balaca quşun səsi deyildi, sadəcə olaraq büllur səhərin ürəyinin vurmasının, döyünməsinin səsiydi. Mən öz rəfiqəmə züy tutdum. Fədakarcasına.

Səhərə və həyata görə mən də bu quş kimi sevinirdim. Mən quqquldayırdım.

# 1681 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #