Ziqmund Freydin əsəri çap olundu

Ziqmund Freydin əsəri çap olundu
30 iyul 2015
# 16:54

Ziqmud Freydin “Bir illüziyanın gələcəyi” kitabı çapdan çıxıb. Kulisin məlumatına görə kitab “Xan” nəşriyyatında çapdan çıxıb.

“Bir illüziyanın gələcəyi”nin tərcüməçisi Araz Gündüz, redaktoru Azad Qaradərəlidir. Kitabı “Kitabevimaz”dan əldə etmək olar. Kitabın tərcüməçisi Araz Gündüz, redaktoru Azad Qaradərəlidir.

Ziqmund Freyd, 1927-ci ildə çap elətdirdiyi “Bir illüziyanın gələcəyi” əsərində özünün yaratdığı psixoanaliz nəzəriyyəsinin köməyi ilə, dini baxışların gələcək inkişaf yolunu izləməyə çalışmışdır. Kitabda araşdırma obyekti olaraq xristian dini təlimi götürmüşdür və bununla bağlı olaraq Freyd oxuyacağınız bu kitabında belə yazır: “Mən buradakı mülahizələrimdə, mədəniyyətin belə dönəmlərindən birində, dinin gəlib çatdığı ən sonuncu formalara daha çox uyğun gələn baxışlar sistemini seçib götürməyə çalışmışam, bu, bizim çağdaş xristian mədəniyyətində oturuşmuş dini baxışlar sisteminə daha çox uyğundur”. Dinin tənqidi ilə barışmayan, onu müdafiə eləyən, eyni zamanda tənqidə dözümlü yanaşmağı bacaran inanclı bir şəxs ilə, elmi biliklərlə yaraqlanmış Freydin dialoqu üzərində qurulmuş əsər çox oxunaqlı və düşündürücüdür.

Kitabdan kiçik parça:

“Mədəniyyətin yürüdülməsi məcburilik olmadan mümkün olmadığı kimi, burada azlığın çoxluq üzərində ağalığı olmadan da keçinmək olmur, bəlli olduğu kimi, kütə həmişə qabalığı və uzağı görə bilməməsi ilə “seçilir”, habelə, öz ehtiraslarını cilovlamaqdan və ağlabatan arqumentləri dinləməkdən boyun qaçırmağa yönəlik olur və kütlənin içində olan ayrı-ayrı fərdlər biri-birini özbaşınalığın, başıpozuqluğun və əxlaqsızlığın yayılmasına şirnikdirirlər. Onlar yalnız çəkindikləri və başçılığını qəbul elədikləri bir sıra seçkin adamların təsiri ilə mədəniyyətin yaşaması üçün zəruri olan ağır əməyə qatlaşmağa və öz ehtiraslarını cilovlamağa razılaşırlar. Bu başçılar doğrudan da yaşam gerçəklərini anlamaqda üstün biliklər yiyəsi olan, öz ehtirasları üzərində ağalıq eləməyi bacaran insanlardırsa, onda işlərin yaxşı yönə gedəcəyini düşünmək olar. Ancaq onlar daima, özlərinin təsiredici nüfuzlarını itirmək qorxusu altında yaşayırlar və öz başçılıqlarını qoruyub saxlaya bilmək üçün onların kütləyə elədikləri güzəştlər kütlənin elədiyi güzəştlərdən artıq da ola bilər, bununla da onların missiyası uğursuzluqla sonuclana bilər, elə buna görə də, əllərində hakimiyyət toplanmış bu insanların yalnız kütlədən asılı olmadıqda nəsə böyük işlər görə biləcəyi bəllidir. Sözün qısası, adamların arasında çox geniş yayılmış iki özəllik: könüllü olaraq əməyə qatlaşmaq istəyinin olmaması və ağıla arxalanan arqumentlərlə onları öz ehtiraslarından çəkindərməyin mümkünsüzlüyü, mədəniyyətin yaşaya bilməsi üçün məsuliyyət daşıyan insanların bəlli ölçülərdə zorakılığa əl atmasına gətirib çıxarır.

Mənim bu dediklərimə qarşı çıxan, onları dananların da ola biləcəyini anlayıram. Mənə deyə bilərlər: “Mədəniyyətin gerçəkləşməsindən ötəri zorakılığın tətbiqini doğrultmaq üçün burada adamlarda olduğu deyilən yaramaz özəllikləri doğuran elə bu mədəniyyətin yaratdığı qurumlardır, elə buna görə də, bu adamlar belə acıqlı, qisasçı və özünəqapanmış olublar. Sevgiyə arxalanmaqla tərbiyə olunan, dərin düşünməyi bacaran, erkən yaşlarından mədəni dəyərlərə alışdırılan yeni nəsil yetişdirilsə, onlar mədəniyyətə başqa cür yanaşacaqlar, onda doğmalıq tapacaqlar, öz ehtiraslarını könüllü olaraq ona qurban verəcəklər, ürəklə əməyə qatlaşacaq və bu mədəniyyəti qoruyib saxlamaq üçün öz yaramaz ehtiraslarını da cilovlaya biləcəklər. Onlar bunu məcburiyyət olmadan eləyəcəklər və onlara başçılıq eləyən insanlardan çox az fərqlənəcəklər. İndiyədək heç bir mədəniyyət insan kütləsinə belə özəlliklər aşılaya bilməyibsə bunun niyəsi bu mədəniyyətlərdən heç birinin insanları uşaqlıq çağlarından başlayaraq gərəkli yöndə formalaşdırcaq qaydaların yarada bilməməsi ilə bağlıdır”.

Təbiət güclərinə yiyələnməyin indiki səviyyəsində mədəniyyətin bu sayaq qurula bilməsi, ən azından indilikdə, ağlasığmaz görünür; soruşmaq olar, gələcək nəsilləri, deyilən kimi, sevgi ilə tərbiyə edəcək yararlı, güvənli, umacaqsız və sayı yetərincə olacaq bu başçıları haradan tapaq?; bu deyilən məqsədi gerçəkləşdirmək üçün yenidən, özü də qorxunc görünən bir ölçüdə, məcburilik tələb olunur. Belə bir planın insan mədəniyyətinə çox böyük töhfələr verə biləcək böyüklüyünü danmaq olmaz. Bu planın qurulmasında insan psixologiyasına bələdlik də özünü göstərir və onun çox güclü ehtiraslarla doğulduğu, uşaqlıqda aldığı tərbiyənin bu ehtirasları biryolluq yönləndirib qurtardığı da göz önündə tutulur. Ancaq insanın tərbiyəsinin bəlli sərhədlər tanıması belə bir mədəni inkişafı da məhdudlaşdırmış olur. Burada yalnız yozumlara axalanıb mülahizə yürütmək olar və belə bir mədəni ortamın yaradılması ilə insan kütləsinin yuxarıda göstərdiyimiz iki özəlliyinin aradan qalxacağını və bununla da onu yönətməyin çətinliklərinin bütünlüklə ortadan çıxacağını yəqinliklə demək mümkün deyildir. İndiyədək belə bir sınaq keçirilmədiyindən onun nə ilə qurtaracağını da demək çətindir. İnsanların bəlli bir kəsiminin, anadangəlmə qazandığı, xəstəlik həddində olan özəlliklərinin və ölçüyəgəlməz ehtiraslarının olması, nə olursa olsun, onların toplumdakı qayda-qanunlara yağılıqla yanaşmasını aradan qaldıra bilməyəcəkdir, ancaq bugünkü mədəni dəyərlərə qarşı çoxluqda olan kütləni azlığa çevirmək olsaydı, onda olduqca böyük bir irəliləyiş əldə eləmək olardı və burada qazanılması mümkün olan çox böyük uğurlara çata bilərdik.”

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #