"Əziz və dəyərli xalqımız, elimiz-obamız, uzaqda, yaxında yaşayan soydaşlarımız. Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var".
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva sosial şəbəkədə yazıb. Azərbaycanlılara səslənən sənətçi əməliyyat üçün maddi yardıma ehtiyacının olduğunu bildirib:
"Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! İnanıram ki, Azərbaycan musiqisini "Gecələr"siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız. Buna o qədər inanıram ki... Vəsait yığılıb, sağ-salamat qayıtsam, Allahın izni ilə 2 gün Heydər Əliyev sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcəm".