Laçında tamaşa nümayiş olundu

Laçında tamaşa nümayiş olundu
12 iyul 2023
# 13:41

Laçın şəhərinə köçmüş sakinlər üçün iyulun 11-də Şuşa Dövlət Musiqili Teatrının təqdimatında “Lənkəran xanının vəziri” komediyası nümayiş olunub.

Kulis.az xəbər verir ki, Bakıdan uzun yol gələn truppa tamaşa meydançası kimi qurulmuş çadırda dekorlarını quraraq publikanın qarşısına xüsusi sevinclə, ruh yüksəkliyi ilə çıxıblar. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən ən kövrək anları yada salıb.

Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin və taleyin hökmü ilə düz 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.

M.F.Axundzadənin məşhur komediyasının qəhrəmanları tamaşaçıları xeyli güldürüb.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva müasir şəhər kimi dirçəlmiş Laçının qısa müddətdə Qarabağın sənət, elm, yaradıcılıq mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb, doğma yurda qayıdanların, xüsusilə də balaca sakinlərin asudə vaxtının, mədəni istirahətinin təşkili üçün Laçını abadlaşdıran Bakı Abadlıq Xidmətinin müxtəlif maraqlı layihələr həyata keçirmək niyyətində olduğunu deyib.

Qeyd edək ki, mayın 28-dən etibarən, Laçına Böyük Qayıdışın başlandığı qısa müddət ərzində şəhərdə Qurban bayramı münasibəti ilə konsert, “Laçın” müstəqil teatr studiyasının “Arzular bağı” tamaşası, Şuşa Dövlət Musiqili Teatrının səfəri və uşaqlar üçün kiçik dərnəklərdə müxtəlif əyləncələr təşkil edilib. Mütəmadi keçirilən tədbirlər sırasında ən yaxın zamanda Azərbaycan teatrının məşhur rejissor və aktyor heyətinin qatılacağı “yay məktəbi” layihəsi işə başlayacaq.

525-ci qəzet

# 2694 dəfə oxunub

Müəllifin son yazıları

# # #