Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?
30 oktyabr 2026
# 16:30

Nyu-Yorkda keçirilən hərracda nadir dinozavr skeleti 47,3 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, “Jodi” adı verilən Nanotyrannus skeleti “Sotheby's” hərrac evində satışa çıxarılıb və gözlənilən qiyməti dəfələrlə üstələyib.

Təxminən 67 milyon il əvvəl yaşamış bu dinozavrın skeleti 2019-cu ildə Montana ştatında aşkar edilib. Təxminən 19,6 fut uzunluğunda, 9,5 fut hündürlüyündə olan nümunə öz növünün ən yaxşı qorunmuş skeletlərindən biri hesab olunur.

“Jodi”nin elmi baxımdan maraqlı tərəfi onun uzun müddət Tyrannosaurus rex-in balaca, gənc nümunəsi hesab edilməsidir. Lakin 2025-ci ildə dərc olunan elmi araşdırmalar Nanotyrannusun ayrıca dinozavr cinsi olduğu fikrini gücləndirib. Uzun ön ətrafları, iri caynaqları və dişlərinin quruluşu bu fərqi müəyyənləşdirən xüsusiyyətlərdəndir.

Skelet hərraca 6–9 milyon dollar qiymət aralığında çıxarılsa da, altı alıcının 12 dəqiqə davam edən rəqabətindən sonra 47,3 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmayıb. Bununla da “Jodi” hərracda satılmış ən bahalı ikinci dinozavr fosilinə çevrilib.

Lakin satış elmi ictimaiyyətdə mübahisə yaradıb. Bəzi paleontoloqlar belə qiymətli fosillərin şəxsi kolleksiyalara keçməsinin elmi araşdırmalar və ictimai sərgilər üçün əlçatanlığı məhdudlaşdıracağından narahatdırlar.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər