55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır
30 oktyabr 2026
# 17:00

Britaniyalı rejissor Ken Rasselin 1971-ci ildə çəkdiyi “The Devils” filmi yarım əsrdən artıq davam edən senzura tarixindən sonra yenidən böyük ekrana çıxır.

Kulis.az xəbər verir ki, ekran əsərinin rejissorun nəzərdə tutduğu versiyası 4K texnologiyası ilə bərpa olunaraq oktyabrın 30-dan Böyük Britaniya və İrlandiyada kinoteatrlara təqdim edilir.

Oliver Rid və Vanessa Redqreyvin baş rollarda oynadığı film XVII əsrdə Fransada baş verən hadisələrdən bəhs edir. Ekran əsərinin mərkəzində cadugərlikdə ittiham olunan keşiş və onun ətrafında yaranmış dini isteriya dayanır. Film kilsə ilə dövlət arasındakı münasibətləri, hakimiyyətin insan həyatına müdaxiləsini və kütləvi manipulyasiyanı sərt şəkildə tənqid edir.

“The Devils” ilk nümayişindən etibarən mübahisələr yaradıb. Dini mövzulara münasibəti və açıq təsvirlərinə görə uzun müddət senzura problemləri ilə üzləşib. Bəzi səhnələri müxtəlif versiyalarda kəsilib, nəticədə rejissorun tam yaradıcı niyyətini əks etdirən variantın geniş auditoriyaya çatması mümkün olmayıb.

Yeni 4K bərpa orijinal neqativlər əsasında hazırlanıb. Layihə Ken Rasselin özünün 2004-cü ildə hazırladığı montaj variantını əsas götürür. Bu, filmin rejissorun arzuladığı formada ictimaiyyətə təqdim olunan ilk rəsmi versiyasıdır.

Ekran əsəri bu gün də dini fanatizm, kütləvi psixologiya və hakimiyyətin zorakılığı haqqında çəkilmiş ən sərt filmlərdən biri hesab olunur. Onun yenidən nümayişi yalnız nostalji deyil, kino tarixində senzuranın yaratdığı problemlərə də diqqət çəkir.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər