Qatıq satan gəlməyib - Üzeyir Əlizadə yazır

Qatıq satan gəlməyib - Üzeyir Əlizadə yazır
22 aprel 2021
# 14:23

İşlər əla gedir.

Öncə kitablarını uzun imzayla, forslu avtoqrafla hədiyyə edən müəlliflər artıq indi qoyduğum şərtlər qarşısında quzuya dönüblər. Mənə deyən gərək, bunu çoxdan elə də...

Hal-qəziyyə belədir. Əvvəllər genələ-genələ özlərini təqdim edib -guya böyük bir yaxşılıq etmək istəyirmişlər kimi özlərini apararaq, təzə çapdan çıxan kitablarını hədiyyə edirdilər. Ən azı gündə bir-iki müəllifin belə bir lovğalığının şahidi olurdum. Üzüm gəlmirdi peşman edib rədd cavabı verəm.

Məcbur olurdum ki, vaxtımdan ayıraraq etika xətrinə də olsa görüşüb, bir neçə təcrübəli, öz işlərinin mükəmməl biliciləri olan, “Ölü ağlama” mükafatı laureatlı arvadların “meyit yola salma“ törəninə layiq görülən kitablarını qəbul edəm.

Açığını desəm o kitabların çoxu sağ-salamat rəfimə gəlib çatmırdı. Ya yolda taksidə qoyub düşürdüm, ya da qarşıma çıxan kiməsə “səxavətlilik” nümayiş etdirərək hədiyyə edirdim. Yadımdan çıxanda da evə gətirirdim. Bir neçə gündən sonra isə müəlliflər zəng vuraraq (guya məni çox istəyən olublar) halımı soruşandan sonra, ”kitabımı oxudunuzmu, necəydi, xoşunuza gəldimi?” suallarına, tərəfimdən “Rəhmətliyin nəvəsi, yadımdan çıxıb taksidə getdi kitabınız” deyimli yaylım atəşi ilə cavab verilirdi. Bu cavabımdan sonra nələr çəkdiklərini bir Allah, bir də mən bilirdim.

Başqa yolum yoxuydu, çox pis bir durumdaydım ki, Allah heç düşmənimin də başına gətirməsin. Hallüsinasiyadan əziyyət çəkirdim desəm bəlkə də inanmazsınız. Kitab rəfimdə müəlliflər tərəfindən hədiyyə olunan kitablara baxanda havalanırdım, ”İlahi, bu boyda boş, mənasız kitabları durmadan oxusam necə yüz ilə oxuyub qurtara bilərəm” qorxusu yuxumu qaçırmışdı. “Zamanı belə mənasızlığa xərcləmək cinayətdən başqa bir şey deyil axı” düşüncəsi bir an belə məni rahat buraxmırdı. Həm də ardı kəsilməyən kitab hədiyyələrinin bolluğu məni qorxutmuşdu. İntihar həddinə qədər gəlib çıxmışdım.

Narahat olub eləməyin, mən də Əzrayıla elə-belə can verən oğul deyiləm. Düşünüb sonda çarəsini tapdım. Madam ki, kiminsə kitabını xətri xoş olsun deyibən qızıl kimi vaxtımı ayırıb oxuyacamsa, onda şərti mən qoyuram. Belə ki, vaxtımı pulla konpensassiya edirəm. Yəni, pul ver kitabını oxuyum. Əsas məsələ də buradan başladı.

İlk olaraq kitabların oxunmasına sərf olunan əməyin , vaxtın, əsəbin qiymətinin necə müəyyənləşdirilməsi barədə xeyli düşündüm. Vaxta görəmi, işarə sayına görəmi, vərəq sayına görəmi?

Düşündüm ki, saata görə qiyməti müəyyənləşdirsəm ədalətsizlik olar. Belə ki, aşağı sürətlə oxuyub çoxlu saat hesabı qazanmış olsam bu müəllifə baha başa gələr. Şərt mənə mənfəətli olsa da, müəllifə zərərli ola bilər. Onsuz da yazıq yaman gündədir: sevinə-sevinə kitab yazıb nə alıcısı, nə də oxucusu var. Mən də bir tərəfdən dərdinin üstünə dərd versəm, “Əri döymüş arvadı, it də tutdu bir tərəfdən” olar. Vicdanım əri döymüş arvadı itə tutdurmaq istəmədi.

İşarə sayı variantı isə qeyri-mümkündür. O boyda işarəni kimdir oturub bir-bir sayan.

Səhifə sayına gəldikdə isə müəlliflər hiyləgərlik edib kiçik şriftlərdən istifadə etməklə bir vərəqi bir səhifəyə sığışdıra bilərlər. Bu da mümkün variant deyil.

Nəhayət, əməyin qiymətləndirilməsinə dair xeyli iqtisadi nəzəriyyələrlə tanış olmaq məcburiyyətində qaldım. Bu nəzəriyyələrdə də tətbiq edəcəyim qiymət qanunlarıma tabe olan heç bir şərtləndirmə ilə rastlaşmadım. Yeganə olaraq rəhmətlik Marksın əməyin ikili xarakterini – istehsalın daimi şərti olaraq faydalı əmək kimi konkret əməyi , insanın fiziki və mənəvi qüvvələrinin məsrəfi kimi isə abstrakt əməyi göstərməsi ağlıma batdı.

Ən yaxşı variantı nəhayət ki, özüm tapdım: kiloya görə . Yəni, kitabın diri çəkisini tərəzidə müəyyənləşdirmək və hər yüz qramının pulla ifadə olunan dəyərini isə iki yüz ABŞ dolları təyin etmək.

Bu qərarımdan xəbərdar olub qorxuya düşən müəlliflər özlərini mənə tapşırtmaq üçün adam axtarışına çıxmağa başladılar. Yaxın dostlarıma özlərini mənə tapşırmalarının xahişinə başladılar. Tərsliyim tutmuşdu, bilirdim ki, hər hansı birinin tapşırığını eşitsəm digərləri də özlərini mənə tapşırtmaq üçün day-dayı axtarışlarını davam etdirəcəklər.

Günlərin birində dostlardan biri xahiş etdi ki, filankəs təzə çap olunmuş kitabını oxumağın üçün sənə hədiyə etmək istəyir, mənim xətrimə onu peşman eləmə, qəbul et. Dedim: “iki dünya bir olsa da qəbul edən deyiləm. Gətirsin tərəzidə çəksin , pulun ödəsin sonra. Mənim vaxtım qızıldır. Üz vurma...”

Sonra üstümə xahiş-minnətə adam göndərdilər ki, onda bir az qiymətini aşağı salsın. Xahişlərini qismən təmin edərək ƏDV-yə otuz ABŞ dolları məbləğində endirim etdim.

Xülasə, zənglər başladı, nə başladı. Kitablarını gətirib diri vəziyyətdə çəkdirib pulunu ödəyib gedirlər. Bəziləri - bazara özləri ilə tərəzi aparan alıcılar kimi - tərəzi də gətirirlər ki, birdən çəkidə onları aldadaram.

Tərəzim köhnə dədə-baba tərəzisindəndir. Şoğəribin çəki daşlarını keçən dəfə hansısa müəllif pencəyinin döş cibinə qoyaraq oğurlayıb aparıb ki, dəmir yığanlara versin. Qınamıram yazığı , öyrəşib də plagiatlığa...

Çəki daşlarının oğurlanması səbəbindən məcbur qalıb daşların yerinə yüz, iki yüz , yarım və bir kiloluq qatıq bankalarından istifadə etməyə başladım. Bəzən müəllif çəkiylə razılaşmayıb dirəşəndə, qatıq bankalarıyla çəki daşlarının eyni çəkidə olduğunu isbat etmək üçün qatığın sıxlığıq və kütləsini anlatmaq məcburiyyətində qalıram.

Düsturu qoyub qabağına anladıram ki, sıxlıq = kütlə: həcm, yəni, ”Ro” bərabərdir ”Em” bölünsün “Ve”-yə. Buradan da kütləni, “Em”-i tapmaq üçün “Ro”-nu “Ve”- yə vururuq. Hər dəfə də kəmiyyətlərin işarələrini “Ro”,” Em”, “Ve” deyib səsləndirdikcə müəlliflər əllərini yerdən-göydən üzüb düşünürlər ki, bu nə müsibətdir axı başımıza gəlir. Bunları izah etdikcə bir gözləri qatıq bankasında, o bir gözləri isə məndə qalır. Bir sözlə bu formula tez-tez tam işlək vəziyyətdə xidmətimizdə durur.

Bəziləri də evdə çəkib hazırın gətirərək , ”buyurun,yeni kitabımdır, filan qədər çəkisi var” deyərək təqdim edirlər. Kitabın adından öncə çəkisini deyirlər. Tapşırmışam ki, bundan sonra çap etdirəcəyiniz kitablarınızın çəkisini kitabın üz qabığında , adınızdan da yuxarıda yazdırın. İçərisi cəhənnəm , heç olmasa kitabın ağırlığı çəkisindən bilinsin.

Deyəsən bu ideyamı nəşriyyatlar da artıq tətbiq etməyə başlayıb. Onlar da kitabların çap xərcini daha digər üsullarla deyil, çəkiylə müəyyənləşdirirlər.

Beləliklə də ədəbiyyat və ədəbi münasibətlər artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. İşlər xeyli asanlaşıb. Eşitdiyimə görə təhlil, tənqid yazıları da artıq qoyduğum qanunlarla işləyir. Daha mənasız, heç kimə lazım olmayan, yalançı araşdırmalara, təhlil uydurmaçılığına gərək qalmayıb. Sadəcə bir cümləylə yazırlar ki, filankəsin kitabı filan kiloqramdı, vəssalam. Özlərini ədəbiyyata araşdırmaçı, təhlilçi kimi yamaq edən təqlidçi diletantlar isə daha isdedadsızlıqlarını ört-basdır etmək üçün dayaz təfəkkürlərinin xətalarını terminlər altında pərdələyə bilmirlər. Uzaq başı milliqramlarla mübahisələndirirlər kitablara olan mövqelərini. Məsələn, hansısa kitabın çəkisində filan milliqrama qədər xətaya yol verılib kimi təhlilçiliklə məşğuldurlar.

Çəkisi az olsun deyibən daha kitabların üz qabığını qalın üzlü etmirlər, ilk vərəqlərində nəşriyyatla bağlı, kitab haqqında olan məlumatları, ön sözləri, yekə-yekə genəlib çəkdirdikləri şəkilləri belə ləğv ediblər. Görün hələ vəziyyət nə yerə gəlib çatıb, avtoqraf da yazmırlar ki, kitabın çəkisi artmasın. Sən demə qələmin mürəkkəbi çəkiyə təsir edirmiş.

Kitabını gətirib ki, filan qədər çəkisi var. Dedim, özündə çıx tərəziyə. Deyir mən niyə? Kitabın üz qabığındakı ayaqüstü şəklini əlimlə, tərəzini isə başımla işarə verirəm. Yəni uzatma, şəklin olduğu üçün öz çəkinin hesabını da ödəməlisən - əttökənliyinin kompensasiyası olaraq.

Bəziləri də kitablarının olmayan mahiyyətini oxucuya pozalı şəkilləri vasitəsiylə sırımaq istəyirlər. Onlara da məsləhət görürəm ki, özünüzü göstərmək istəyirsinizsə onda təqvim kartı hazırlayıb , şəklinizi də ora vuraraq paylayın camaata, bu da olsun ən gözəl özünü göstərmək.

Birinin də ayağı tərəziyə ilişdiyindən qatıq balonlarından biri aşıb yıxıldı kitabının üstünə. Kitab qatıqla bir oldu...

O birisi də soruşur ki, yaxşı qatığa oxşayır, haradan almısan bu qatığı. Deyirəm, tanıdığım bir qatıq satan var, ayda iki dəfə rayondan gətirir. Yalnız ondan alıram, çünki südün üzün yığmır. Üzlü qatıqdır...

... Qatıqları sındırdılar, yedilər, oğurladılar... Bir sözlə ayılıb gördüm ki, qatıqlar yoxdur. Neçə vaxtdır karantinə görə qatıq satan rayondan gələ bilmədiyi üçün qalmışam qatıqsız. Bezmişəm daha zənglərə cavab verməkdən. Zəng vurub soruşurlar ki, niyə kitabımızı qəbul etmirsiniz?

Səbəbini onlara izah etməkdən daha yorulmuşam : “Qatıq satan hələ gəlməyib”.

# 3676 dəfə oxunub

Müəllifin son yazıları

# # #